Kənd təsərrüfatında iqtisadi dayanıqlılığı təmin etmək üçün dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilməkdədir

 

Müsahibimiz kənd təsərrüfatı nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Aslan Aslanovdur

 

— Aslan müəllim, qlobal maliyyə böhranı bir sıra ölkələrin iqtisadiyyatında gərginliklər yaratmışdır, dünya iqtisadiyyatı kəskin şəkildə maliyyə itkilərinə məruz qalmışdır. Bunun Azərbaycan iqtisadiyyatına, o cümlədən aqrar sektora nə dərəcədə təsiri olmuşdur?

— Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikasının milli iqtisadiyyatı xarici təhdidlərə effektiv reaksiya göstərmək iqtidarındadır. Məhz bunun nəticəsi kimi, artıq formalaşmış milli iqtisadiyyatımız beynəlxalq münasibətlər sistemini tam mənası ilə əhatə dairəsinə qatmış qlobal maliyyə böhranından, demək olar ki, itkisiz çıxmaqdadır. Bu baxımdan müasir şəraitdə dünyanın siyasi və iqtisadi dairələrində ən çox müzakirə obyektinə çevrilən qlobal maliyyə böhranı bütövlükdə dünya iqtisadiyyatının bütün sferalarını əhatə etməkdədir.

Əsası 2007-ci ilin payızında ABŞ-ın ipoteka banklarının kütləvi şəkildə müflisləşməsi ilə qoyulan maliyyə problemləri sonralar müxtəlif faktorların təsiri altında daha da genişlənməyə başladı. Belə ki, 2007-ci ilin sentyabrından 2008-ci ilin avqustunadək ipoteka banklarının müflisləşməsi zamanı özünü göstərən destruktiv tendensiyalar ilk növbədə ABŞ iqtisadiyyatının maliyyə sektorunu əhatə edirdisə, 2008-ci ilin avqustundan etibarən proseslərə siyasi təsirlər də yetərincə güclü impuls verdi. Belə ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında 5 günlük hərbi münaqişə sanki dünya neft-qaz bazarında siyasi ambisiyaların güclənməsinə gətirib çıxardı.

Artıq məlum həqiqətdir ki, baş verən qlobal maliyyə böhranı nəticəsində ABŞ-ın bank sektoru 3,5 trilyon dollara qədər itkiyə məruz qalmışdır. İstər ABŞ-da və istərsə də dünyanın sənaye nəhənglərində qlobal maliyyə böhranının artıq ilkin dalğası özünəməxsus itkilərlə yekunlaşmaqdadır. Qlobal maliyyə böhranının yaratdığı iqtisadi gərginliklər nəhəng transmilli şirkətlərin resessiyası fonunda ikinci mərhələyə daxil ola bilər ki, bu da son nəticədə dünya iqtisadiyyatının kəskin şəkildə maliyyə itkilərinə məruz qalmasına gətirib çıxara bilər.

Qlobal maliyyə böhranının birinci dalğası ilk növbədə maliyyə-bank sektorunun öz iqtisadi dayanıqlılığını itirməsinə, fiziki və hüquqi şəxslərin bank sektoruna etimadının kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarmışdır. Qlobal maliyyə böhranının birinci dalğasının gedişində daşınmaz əmlakın qiymətinin kəskin şəkildə aşağı düşməsi özünü büruzə vermişdir. Qlobal maliyyə böhranını ikinci dalğası üçün xarakterik olan məqamlar kimi böhranın maliyyə və daşınmaz əmlak sektorundan real sektora, daha doğrusu, istehsal sektoruna transformasiyası müşahidə oluna bilər ki, bu da dünyanın sənaye nəhənglərində iqtisadi tənəzzülün daha da genişlənməsinə gətirib çıxarar.

Qeyd etmək lazımdır ki, qlobal maliyyə böhranı inkişaf etməkdə olan dövlətlərin, o cümlədən dünya bazarına neft ixrac edən ölkələrin sosail-iqtisadi həyatına da təsirsiz ötüşməmişdir. Bu baxımdan yaxın qonşularımızın, o cümlədən Rusiya və Türkiyə iqtisadiyyatının ayrı-ayrı sahələrində meydana çıxan problemlər daha çox makroiqtisadi xarakter almaqdadır. Belə ki, Rusiya Federasiyasında artıq ayrı-ayrı müəssisələrin öz fəaliyyətini dayandırması işsizliyin səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. Bundan əlavə, büdcə gəlirlərinin xeyli hissəsini turizm sektorundan əldə edən Türkiyədə turizm sektorundan daxilolmaların səviyyəsi aşağı düşməkdədir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasətinin hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən siyasi müdrüklüklə davam etdirilməsinin və uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq qlobal maliyyə böhranının birinci dalğasından sosial-iqtisadi baxımdan itkisiz çıxmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, 2008-ci ilin yekunları üzrə dünyanın aparıcı sənaye nəhənglərində əvvəlki illə müqayisədə məhsul istehsalının həcmi aşağı düşsə də, transformasiya prosesinin ikinci mərhələsini uğurla davam etdirən respublikamızda iqtisadiyyatın bütün sahələrində inkişaf meyilləri müşahidə olunmuşdur. 2008-ci ildə əvvəlki illə müqayisədə ən mühüm makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsul istehsalı 13 faizə qədər artmışdır. İqtisadi artım tempi sənaye sektorunda 12 faiz təşkil etmişdir. Ümumiyyətlə, istər sənaye və istərsə də kənd təsərrüfatında iqtisadi artımın təmin edilməsi qlobal maliyyə böhranının fəsadlarının bütövlükdə milli iqtisadiyyatdan yan keçməsinin əyani təzahürü kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, qlobal maliyyə böhranının neqativ təzahürləri ilk növbədə sosial sahədə proqnozlaşdırılan fəaliyyətin məhdudlaşmasına gətirib çıxarır. İnkişaf etmiş ölkələrin praktikasında, o cümlədən ABŞ-da, Yaponiyada, Kanadada, Almaniyada və digər ölkələrdə qlobal maliyyə böhranının ən mühüm sosial fəsadı olaraq infrastrukturun inkişafı ilə bağlı proqramlar təxirə salınmışdır. Təbii ki, bütün bunlar ilk növbədə dövlət büdcəsinin imkanlarının həmin layihələri gerçəkləşdirmək iqtidarında olmaması ilə bağlıdır.

— Aqrar sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyev bir neçə sərəncam imzalamış və Dövlət Proqramı qəbul edilmişdir. Bu istiqamətdə hansı işlər həyata keçirilməkdədir?

— Məlum olduğu kimi, kənd təsərrüfatı və bütövlükdə aqrar sahə iqtisadiyyatın ən mühüm və strateji əhəmiyyətli sahələrindən biri hesab olunur. Bu baxımdan qlobal maliyyə böhranının birinci dalğasının başa çatdığı bir şəraitdə kənd təsərrüfatı və aqrar ərzaq kompleksində iqtisadi artımın təmin edilməsi respublikamızın iqtisadi müvəffəqiyyətinin mühüm tərkib hissəsi sayılmalıdır. Respublikamızda həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatında çoxukladlı iqtisadiyyatın formalaşdırılmasına əlverişli şərait yaratmış, müxtəlif mülkiyyət mənsublu təsərrüfat vahidləri daxili aqrar ərzaq bazarının inkişafında önəmli rola malik olmaqdadır. 2008-ci ilin yekunlarına görə aqrar sahədə 10 faizlik iqtisadi artıma nail olunması kifayət qədər yüksək göstərici hesab oluna bilər.

Təhlil göstərir ki, hətta ən inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da, Almaniyada, Hollandiyada kənd təsərrüfatının 7-8 faizlik illik artımı ümumi iqtisadiyyatda ən yüksək makroiqtisadi nəticə kimi xarakterizə edilir. Xüsusilə qlobal maliyyə böhranı şəraitində respublika iqtisadiyyatının aqrar sektorunda bu göstəriciyə nail olunması dövlətin aqrar siyasətinin müvəffəqiyyətini şərtləndirən ən mühüm amillərdən biridir. Bu baxımdan son illər kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir ki, bu da öz bəhrəsini verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli sərəncamına uyğun olaraq “Aqrolizinq” ASC yaradılmış və kənd təsərrüfatı əmtəə istehsalçılarının maddi-texniki resurslara olan tələbatının ödənilməsində bu qurum əhəmiyyətli rol oynamaqdadır. Ümumiyyətlə, hazırkı şəraitdə kənd təsərrüfatı əmtəə istehsalçılarına büdcə yardımlarının göstərilməsi dövlətin aqrar siyasətinin prioritet istiqamətinə çevrilməkdədir. Bu prosesə kifayət qədər qısa müddət ərzində start verilsə də qeyd etmək lazımdır ki, artıq respublikamızda kənd təsərrüfatı əmtəə istehsalçılarına müxtəlif formalarda yardım göstərilməsi ilə bağlı müəyyən təcrübə toplanılmışdır. İlk növbədə qeyd etmək yerinə düşərdi ki, kənd təsərrüfatına dəstək göstərilməsi ilə bağlı ilkin təcrübənin əsası Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə islahatların sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 22 mart 1999-cu il tarixli sərəncamından sonra qoyulmuşdur. Həmin sərəncama müvafiq olaraq kənd təsərrüfatı əmtəə istehsalçıları, torpaq vergisi istisna olmaqla, qalan bütün növ vergilərdən azad edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə gətirilən və kənd təsərrüfatında istifadə olunan bəzi mallar əlavə dəyər vergisindən azad olunmuşdur.

Kənd təsərrüfatının dövlət tənzimlənməsinin maliyyə mexanizminin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsidir. Kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsi onların yanacaq və motor yağlarından istifadəyə görə sərf etdikləri xərclərin kompensasiya edilməsinə yönəldilmişdir. Kənd təsərrüfatı əmtəə istehsalçılarına maliyyə yardımlarının göstərilməsi aqrar sahənin dövlət tənzimlənməsinin maliyyə mexanizminin mühüm tərkib elementi olmaqla hazırkı şəraitdə kənd təsərrüfatı əmtəə istehsalçılarının maliyyə imkanlarının genişləndirilməsinə və bütövlükdə aqrar sahəyə dövlət qayğısının gücləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamı və onun icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinə dair qaydalar”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrələrin güzəştlə satılmasına dair qaydalar” təsdiq edilmişdir. Bundan əlavə, hökumətin 25 iyun 2007-ci il tarixli qərarı ilə toxumçuluq və tinglik təsərrüfatlarından satılan birinci və ikinci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənişi həyata keçirilir.

Taxıl istehsalının artırılmasının ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində bilavasitə rolunu nəzərə alaraq Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli və 13 iyun 2008-ci il tarixli qərarları ilə buğda və çəltik istehsalçılarına dövlət büdcəsi hesabına hər hektar əkin sahəsinə görə 40 manat əlavə ödəniş tətbiq edilir. Eyni zamanda, Nazirlər Kabinetinin 4 mart 2007-ci il tarixli və 13 iyun 2008-ci il tarixli qərarlarına müvafiq olaraq buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz, meyvə və üzüm bağlarının məhsullarının sığortalanmasına müqavilə üzrə hesablanmış sığorta haqqının 50 faiznin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin edilmişdir.

Qlobal maliyyə – iqtisadi böhranın Azərbaycan sahibkarlığına təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, sahibkarların rəqabət qabiliyyətinin qorunması, onların birbaşa vergi yükünün azaldılması istiqamətində hökumət tərəfindən təsirli tədbirlər görülmüşdür. 2010-cu ildən fərdi sahibkarların gəlirinin vergiyə cəlbedilmə dərəcəsi 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20faizə endirilmişdir. Əhalinin vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən etibarən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmişdir. Bu da regionlarda sahibkarlığın inkişafına və yeni iş yerlərinin acılmasına imkan yaradacaqdır.

— Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının icrası ilə bağlı vəziyyət necədir?

— Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” aqrar sahənin davamlı inkişafının təmin edilməsində mühüm rola malikdir. Dövlət proqramının yerinə yetirilməsi ilə əlaqədar həmin sənəddə cəmi 164 tədbir nəzərdə tutulmuşdur ki, ondan da 101-i kənd təsərrüfatı sahəsi üzrədir. Dövlət Proqramında əsas hədəf kimi 2015-ci il üçün taxılın məhsuldarlığının 32 sentnerə, ümumi istehsalın 2,8 milyon tona, ət istehsalının 340 min tona, süd və süd məhsulları istehsalının 2,4 milyon tona, quş əti istehsalının 80 min tona, yumurta istehsalının 1,3 milyard ədədə, kartof istehsalının 1,12 milyon tona, tərəvəz və bostan məhsulları istehsalının 1,72 milyon tona, meyvə istehsalının 800 min tona, çay yarpağı istehsalının 3 min tona çatdırılması nəzərdə tutulmuşdur.

2008-ci ilin əvvəlində ölkədə taxıl fondunun yaradılması, taxıl biçini mövsümünün mütəşəkkil və yüksək göstəricilərlə başa çatdırılması, ölkənin tarixində rekord miqdarda taxıl yığılması nəticə etibarilə aqrar sahənin təsərrüfat-maliyyə fəaliyyətinə də öz təsirini göstərməkdədir. Taxıl fondunun formalaşdırılması və eləcə də taxıl bazarında qiymətlərin səviyyəsinin sabitləşdirilməsi üçün, fikrimizcə, yerli əmtəə istehsalçılarından taxılın tədarük edilməsi ön plana çəkilməlidir. Təbiidir ki, taxıl fondu keyfiyyətli taxılın tədarükünə üstünlük verir. Qeyd etmək lazımdır ki, respublikamızda fəaliyyət göstərən kənd təsərrüfatı əmtəə istehsalçılarının əksəriyyətində taxıltəmizləyən qurğuların olmaması, eləcə də bu qurğuların əldə edilməsi üçün iqtisadi imkanların məhdudluğu son nəticədə istehsal edilən taxılın təmizlənməsində problemlər yaradır. Hazırda bu məsələ öz həllini tapmışdır.

Son illər dövlət tərəfindən kənd təsərrüfatına göstərilən qayğı və diqqət öz müsbət nəticələrini verməkdədir. Belə ki bu il ölkə üzrə rekord həcmdə dənli və dənli-paxlalılar istehsal edilmişdir. 2009-cu il avqustun 17-dək ölkə üzrə 2810,7 min ton taxıl istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 492,3 min ton çoxdur. Ölkə üzrə taxılçılıqda qarğıdalısız orta məhsuldarlıq səviyyəsi 25,9 sent/ha olmuşdur. Taxılçılıqda ən çox diqqət yetirilən sahələrdən biri ölkənin ərzaq təhlükəsizliyinin əsasını təşkil edən buğda istehsalıdır. Bu il avqustun 17-dək ölkə üzrə 2131,1 min ton buğda istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 460,7 min ton çoxdur. 2009-cu ilin məhsulu üzrə 1092,5 min hektar sahəyə taxıl əkilmişdir ki, bu da 2008-ci illə müqayisədə 229,1 min hektar çoxdur. 2008-ci illə müqayisədə 2009-cu ildə buğda əkin sahəsinin həcmi də 202,6 min hektar artmışdır. 2009-cu ildə taxıl istehsalı üzrə 33 rayonda yüksək iqtisadi göstəricilərə nail olunmuş, o cümlədən məhsuldarlıq səviyyəsi artırılmışdır.

— 2009-cu ildə kənd təsərrüfatının hansı sahələrində artım gözlənilir?

— Son 6 ayda kənd təsərrüfatında iqtisadi artım 6,6 faiz, o cümlədən bitkiçilikdə 9,2 faiz, heyvandarlıqda isə 2,1 faiz olmuşdur ki, bu da MDB ölkələri ilə müqayisədə yüksək göstəricidir. 2008-ci illə müqayisədə 2009-cu ildə bütün təsərrüfat kateqoriyaları üzrə mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı da artmışdır. 2009-cu il iyulun 1-dək ölkə üzrə 2583,7 min baş qaramal, o cümlədən 1248,5 min inək və camış, 8446,8 min baş qoyun və keçi mövcud olmuşdur ki, bu da 2008-ci illə müqayisədə müvafiq olaraq 2; 2,1; 1,6 faiz çoxdur. Eyni zamanda, ölkə üzrə 147,3 min ton ət, 700,6 min ton süd, 614,1 min ədəd yumurta, 13,0 min ton yun istehsal edilmişdir. 2008-ci illə müqayisədə ət istehsalı 1,5 min ton, süd istehsalı 17,2 min ton, yumurta istehsalı 67,9 min ədəd, yun istehsalı 0,3 min ton artmışdır. Heyvandarlıqda damazlıq təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə diqqət yetirilməsi aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikasında lizinq yolu ilə güzəştlə satın alınmış düyələrin təsərrüfatlar üzrə paylanması təmin edilmişdir. 2009-cu il sentyabrın 3-dək təsərrüfatlara 770 baş düyə satılmış, onlardan 535 başı doğmuşdur. Bu praktikanın genişləndirilməsi hazırda diqqət mərkəzindədir.

— Dövlət tərəfindən kənd təsərüfatı istehsalçılarına verilən yardım və subsidiyaların məhsul istehsalının artırılmasında rolu nədən ibarət olub?

— Son illərdə bütün aqrar sahələrdə çalışanlara subsidiyalar verilməkdədir. Son iki ildə toxum satışına görə dövlət və özəl toxumçuluq və tingçilik təsərrüfatlarına subsidiyaların verilməsi təmin edilmişdir. 2007-2008-ci illərdə adı çəkilən təsərrüfatlara 4672,9 min manat məbləğində subsidiya verilmişdir. 2007-ci ildə dövlət və özəl toxumçuluq və tingçilik təsərrüfatlarına 891,55 min manat məbləğində subsidiya verilmişdir ki, onun da 737,35 min manatı taxılçılıq təsərrüfatlarının payına düşür. 2008-ci ildə isə toxumçuluq və tingçilik təsərrüfatlarına verilən subsidiyaların həcmi 4,2 dəfə artmışdır. Taxılçılıq üzrə toxum istehsal edən təsərrüfatlara 2008-ci ildə 3501,5 min manat məbləğində subsidiya verilmişdir.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, respublikamızda kənd təsərrüfatı istehsalının subsidiyalaşdırılması üzrə uğurlu bir praktikanın əsası qoyulmuşdur. Belə ki, dövlət büdcəsindən 2007-ci ildə yanacaq və motor yağlarına görə 42191,4 min manat, buğda səpininə görə isə 20212,1 min manat məbləğində, bütövlükdə isə 62403,5 min manat məbləğində subsidiya verilmişdir. 2008-ci ildə yanacaq və motor yağlarına görə ödənilən subsidiyanın həcmi 53791,6 min manat, buğda və çəltik səpininə görə isə 29680,9 min manat təşkil etmişdir. 2007-ci illə müqayisədə 2008-ci ildə kənd təsərrüfatı əmtəə istehsalçlarına ödənilən subsidiyaların həcmi 1,3 dəfə artmışdır.

Son illər dövlət toxumçuluq, tingçilik və damazlıq müəssisələrində əvvəlki illərlə müqayisədə irəliləyiş əldə edilmişdir. Belə ki, 2009-cu ildə ümumilikdə adı çəkilən təsərrüfatlarda 5931 hektar sahədə taxıl əkini aparılmış, 11171 min ton məhsul istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə istehsal edilən məhsuldan təqribən 2 min ton, 2007-ci illə müqayisədə isə 6 min ton çoxdur. 2009-cu ildə elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatlarında istehsal edilən elit və superelit toxumlarına görə dövlət büdcəsindən ödənilən subsidiyaların həcmi 927,4 min manat, dövlət və özəl toxumçuluq təsərrüfatlarında istehsal edilən I və II reproduksiyalı toxumlara və tinglərə görə büdcə subsidiyalarının həcmi 5 milyon manat təşkil etmişdir. Rusiya Federasiyasından gətirilmiş və özəl toxumçuluq təsərrufatlarında əkilən I reproduksiyalı buğda toxumunun əkin sahəsi 953,8 hektar, məhsuldarlıq səviyyəsi 34,7 sentner, ümumi məhsul istehsalı 3312,9 min ton, ondan kondisiyalı toxum istehsalı 2636,6 min ton təşkil etmişdir.

— Kənd təsərrüfatı məhsullarının ixracı sahəsində vəziyyət necədir? Əsasən, hansı məhsullar ixrac olunur?

— Kənd təsərrüfatı məhsulları istehsalının artımı ixracın həcminin də yüksəlməsinə gətirib çıxarmışdır. Belə ki, əgər 2007-ci ildə 2885,2 min ABŞ dolları məbləğində 1294,4 ton kolbasa və ət konservləri ixrac edilmişdirsə, 2008-ci ildə bu göstərici müvafiq surətdə 4001,6 min ABŞ dolları və 1698,7 ton olmuşdur. 2009-cu ilin 6 ayında isə ölkədən xaricə ixrac edilmiş kolbasa və ət konservlərinin miqdarı 1078 ton, dəyəri isə 6169,7 min ABŞ dollarına bərabər olmuşdur. Eləcə də 2007-ci ildə ixrac edilən bitkiçilik məhsullarının dəyəri 202,7 milyon ABŞ dolları, heyvandarlıq məhsullarının dəyəri isə 12,9 milyon ABŞ dolları olmuşdursa, 2008-ci ildə bu göstəricilər müvafiq olaraq 246,4; 15,1 milyon ABŞ dollarına bərabər olmuşdur. 2009-cu ilin son 6 ayında isə bitkiçilik məhsulları ixracının həcmi 71,8 milyon ABŞ dolları, heyvandarlıq məhsullarının dəyəri isə 8,6 milyon ABŞ dolları təşkil etmişdir. Son illər kartof, tərəvəz, bostan məhsulları, üzüm, meyvə ixracının həcmi əhəmiyyətli dərəcədə artmışdır. Qeyd etmək lazımdır ki, respublikamız dünyanın 85 ölkəsinə ərzaq məhsullarının ixracını həyata keçirir. Son illər ölkədən xaricə ixrac edilən kənd təsərrüfatı və emal məhsullarının həcminin artımı sahənin davamlı inkişafının təmin edilməsinin əsas əlaməti kimi xarakterizə olunmalıdır.

— Kənd təsərrüfatı məhsulları istehsalçılarının yetişdirdikləri məhsulların satışı sahəsində müəyyən problemlər meydana çıxır. Çıxış yolunu necə görürsünüz?

— Bu gün əsas problem istehsal olunan buğdanın satışında yaranan çətinliklərdir. Bu sahədə İqtisadi İnkişaf Nazirliyinin dəstəyini hiss edirik. Bu sahədə daha mükəmməl kömək üçün dövlət və yaxud özəl qurumlar tərəfindən tədarük işini yerinə yetirən xüsusi qurumun respublika səviyyəsində, həm də bir neçə regionda yaradılmasını məqsədəmüvafiq hesab edirik. Bu qurumun yaradılması Azərbaycanda kənd təsərrüfatı məhsullarının intensiv texnologiya ilə yetişdirilməsi məhsul istehsalının kəskin yüksəlməsinə, əhalinin bu sahədə marağının artmasına və güzəranlarının yaxşılaşmasına səbəb olardı.

— İqtisadi böhranın davam etdiyi vaxtda kənd təsərrüfatının iqtisadi dayanıqlığının təmin edilməsi sizi qane edirmi?

— Qlobal maliyyə böhranının zərərli təsirlərinin neytrallaşdırılması baxımından kənd təsərrüfatının iqtisadi dayanıqlılığının təmin edilməsi müasir şəraitdə dövlətin aqrar siyasətinin prioritet istiqamətinə çevrilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatın ən mühüm və strateji əhəmiyyətli sahəsi kimi kənd təsərrüfatında qlobal maliyyə problemlərindən doğan böhranlı situasiyaların neytrallaşdırılması və davamlı inkişafın təmin edilməsi, nəticə etibarilə, makroiqtisadi tənzimləmə vasitələrinin sürətləndirilməsindən bilavasitə asılıdır. Böhranlı situasiyalarda makroiqtisadi tənzimləmə vasitələri ilk növbədə dövlətin inzibati rıçaqları ilə sintez halında kənd təsərrüfatı və onunla qarşılıqlı əlaqədə olan sahələrin inkişafının stabilləşdirilməsinə xidmət edir. Tənzimlənmənin istər iqtisadi, istərsə də inzibati rıçaqları nəticə etibarilə, kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat maliyyə fəaliyyətində zərərlərin, məhsul istehsalının azalmasının qarşısının alınmasına və istehlakşıların sosial ehtiyaclarının ödənilməsinə xidmət edir. Ümumiyyətlə, böhranlı situasiyalarda makroiqtisadi tənzimləmə metodlarının qarşısında duran ən mühüm məqsəd nəticə etibarilə ərzaq bazarında qiymət sabitliyinin təmin edilməsinə əlverişli şərait yaratmaqdan ibarətdir. Bu məqsədlə dövlət tərəfindən istifadə edilən inzibati və iqtisadi rıçaqlar, ilk növbədə ərzaq bazarında bolluğun yaradılmasına istiqamətlənir.

Qlobal maliyyə böhranı şəraitində kənd təsərrüfatında iqtisadi dayanıqlılığın təmin edilməsi xammal istehsalı ilə yanaşı, emal məhsullarının istehsalının artırılması ilə də bilavasitə bağlıdır. Bu baxımdan ərzaq bazarında qiymətlərin səviyyəsinin sabitləşdirilməsi xammal istehsalı ilə yanaşı, eyni zamanda emal sənayesi məhsullarının qiymətlərinin sabitləşdirilməsi ilə də sıx əlaqədardır və həyata keçirilən tədbirlər respublikanın ərzaq bazarında hazır sənaye məhsulları, yəni hazır emal məhsullarının qiymətlərinin səviyyəsinin sabitləşdirilməsinə də istiqamətlənməlidir.

Emal sənayesi, prinsip etibarilə, bazar konyukturuna nisbətən çevik reaksiya verə bilən bir sahədir və emal sənayesində istehsal digər sahələrlə müqayisədə daha çox təşkilati və təmərküzləşmiş prinsiplərə əsaslanır.

— Emal sənayesinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində hansı işlər görülüb?

— 2000-ci ildən sonrakı dövrdə respublikamızın regionlarında yeni emal müəssisələrinin tikilib istifadəyə verilməsi halları artmışdır. Xüsusilə Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) reallaşdırıldıqdan sonra, demək olar ki, respublikamızın əksər regionlarında ət-süd məhsullarının emalı, eləcə də şirə və alkoqolsuz içkilər və alkoqollu içkilər sənayesi sektorunda yeni müəssisələr fəaliyyət göstərməyə başlamışdır ki, bu da nəticə etibarilə həmin məhsulların nəinki daxili bazarda, eləcə də xarici bazara çıxış imkanlarının artırılmasına gətirib çıxarmışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu və digər ölkədə yeyinti və emal sənayesi sektorunun inkişaf etdirilməsi nəticə etibarilə hər bir ölkənin sosial-iqtisadi böhrandan çıxarılmasında və eləcə də davamlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayır. Problemin həlli, başqa sözlə, emal sənayesinin inkişaf etdirilməsi iqtisadi və maliyyə proseslərinin dövlət tənzimlənməsinin gücləndirməsini obyektiv şəkildə tələbata çevirir.

Araşdırmalar göstərir ki, kənd təsərrüfatı və onunla qarşılıqlı əlaqəyə malik olan emal sənayesinin maddi texniki bazasının inkişafına istiqamətlənmiş dövlətin maliyyə resurslarından səmərəli istifadə edilməsi üçün nəticə etibarilə həmin vəsaitlərin xüsusi fondlarda təmərküzləşməsi zəruridir. Dövlətin lizinq fondlarından vəsaitlərin maddi texniki resurslara olan ehtiyacların ödənilməsinə ayrılması, nəticə etibarilə, xüsusi maliyyə resurslarının cəlb edilməsi üçün də mühüm stimul yaradır.

— Torpaqların mühafizəsi ilə bağlı nə deyə bilərsiniz?

— Aparılan araşdırmalar göstərir ki, bu və digər iqtisadi problemlərə və iqtisadi çətinliklərə baxmayaraq aqrar sektorda, o cümlədən kənd təsərrüfatında torpaqların müdafiəsi ilə bağlı texnalogiyaların işlənib hazırlanması zəruridir. Nəzərə almaq lazımdır ki, torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsidir və onun münbitliyinin qorunub saxlanılması, eləcə də torpaqların erroziyasının qarşısının alınması, nəinki məhsul istehsalının artırılması, eləcə də ətraf mühitün mühafizəsi və cəmiyyətdə ekoloji tarazlığın qorunub saxlanılması baxımından mühüm əhəmiyyətə malikdir. Artıq respublikamızda bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələr çərçivəsində torpaqların erroziyasının qarşısının alınması və eləcə də torpaqların müdafiəsi və resurs qoruyucu texnologiyaların tətbiq edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Lakin qeyd etmək lazımdır ki, bu layihələr heç də respublikanın bütün ərazisini və bütün torpaqları əhatə etmir. Odur ki, bu istiqamətdə dövlət və yerli idarəetmə orqanlarının səylərinin əlaqələndirilməsi və bu sahəyə istiqamətlənmiş fəaliyyətin genişləndirilməsi zəruridir. Bundan əlavə, kənd təsərrüfatı əmtəə istehsalçılarının da bu sahədə fəaliyyətinin gücləndirilməsinə ehtiyac vardır.

Qlobal maliyyə böhranı şəraitində kənd təsərrüfatının iqtisadi dayanıqlılığının artırılması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlərin ən mühüm istiqamətlərindən biri kimi, ölkə Prezidentinin sərəncamı ilə “2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilmişdir. Proqramda regionlar üzrə kənd təsərrüfatı və emal sənayesinin dəstəklənməsi də öz geniş əksini tapmışdır. Bu baxımdan arzu edərdik ki, xüsusilə aqrar rayonların icra orqanları tərəfindən proqramın icrası ilə bağlı kənd təsərrüfatının inkişafı prioritet kimi qəbul edilsin.

Möhtərəm Prezidentimiz İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi misilsiz qayğıya cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və aqrar rayonların başçıları kənd təsərrüfatının inkişaf etdirilməsi və ölkənin ərzaq təhlükəsizliyinin davamlı təminatı ilə bağlı bu məsələyə daha ciddi yanaşmalı, onu daim diqqət mərkəzində saxlamalıdır.

 

 

Xalq qəzeti.- 2009.- 30 sentyabr.- S. 4.