Xatırlama
“Hamı üçün eyni şərait nə vaxt
yaradılacaq?..”
Sərlövhəyə
çıxardığımız bu sözlər kinorejissor Lətif
Səfərova məxsusdur. 1952-ci ildə Moskvada kino
işçilərinin Ümumittifaq müşavirəsindəki
çıxışındandır.
Çıxışın mətni daha radikal xarakterlidir. “Mən
əyalət adından çıxış edirəm. Bu əyalət
Bakı kinostudiyasıdır. Əyalət texnika ilə təchiz
olunmur. Buna görə rejissorlar öz fikirlərini
bütövlükdə həyata keçirə bilmirlər.
Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi
studiyalarda olan səviyyədəki texnika ilə film çəkə
biləcəklər.. Deyin, biz tələbə skamiyasında
yanaşı oturmamışıqmı? Niyə bir
parasının hər şeyi var, o birisinin yoxdur... Bizim, nəhayət,
soruşmağa haqqımız var: Hamı üçün
eyni imkanlar nə vaxt yaradılacaq?”. Bəlkə də tənqidi
çıxışı ilə o öz ömrünə qəsd
hazırlayırdı. Necə ki, günlərin birində
öz əlindən açılan tüfənglə intihar
etmişdi. Və bu intiharın səbəbi naməlum qalsa da
onun baş verməsi üçün artıq zəmin
yaranırdı. Bu hadisə 1963-cü ilin 9 dekabr tarixində
baş vermişdi. Ona qədər isə ...
Lətif Bəşir
oğlu Səfərov 1920-ci il sentyabrın 30-da doğulub. Əslən
Şuşalı idi. 7 yaşında ikən rejissor Leo Murun
“Gilan Qızı” (“Tunc ay”) filmində çəkilib. Sonra
yaradıcı heyətlə Bakıya gələn balaca Lətif
studiyada ştata da qəbul olunub. 1928-1931-ci illərdə
“Sevil”, “Lətif”, “Şərqə Yol” filmlərində
uşaq rollarında oynayıb. Ancaq sonradan xəstələnən
Lətif Bərdəyə gəlib. Nəhayət, 1931-ci ildə
Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil
alıb. Yenə Bakıya qayıdıb, əvvəl
studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə
rejissor assistenti kimi çalışıb.
Lətif Səfərov
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru
Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib.
Müharibənin başlaması ona təhsilini davam etdirmək
imkanı vermədiyindən Bərdəyə qayıdıb və
1941-1946-cı illərdə burada müəllimliklə məşğul
olub. 1946-cı ildə Moskvaya qayıdan Lətif kino təhsilini
davam etdirib. 1950-ci ildə isə professional sənətkar kimi
Bakıya dönüb, kinostudiyada fəaliyyətə
başlayıb. O vaxta kimi bizim filmlərə əsasən
Rusiya rejissorları quruluş verirdilər. Lətif Səfərov
Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəldi və
bir çox qiymətli filmlər yaratdı.
Cürətli insan idi Lətif
Səfərov. 1952-ci ildə Moskvada keçirilən kino
işçilərinin Ümumittifaq müşavirəsində
əsl mənada qəhrəmanlıq göstərdi. Bu
çıxış, bəlkə də, Lətifin gələcək
taleyinə ilk zərbə idi. Ancaq o qorxmadan
danışdı, sözünü dedi və əyalət
adından danışan bu gənc kinematoqrafçı öz
üzərinə ciddi məsuliyyət götürdü.
Böyük sənətə
doğru inamla irəliləyən gənc rejissor müəyyən
maneələrlə rastlaşsa da, 50-ci illərin əvvəllərində
bir neçə sənədli filmə quruluş verdi. 1955-ci
ildə ona “Bəxtiyar” filmini çəkmək həvalə
olundu. Bu lentlə o, böyük kinoda ilk filmini yaratdı. Azərbaycanı,
onun incəsənətini çox sevirdi Lətif. Ssenarini
ruslar yazmışdı (Boris Laskin və Nikolay Rojkov). Amma
ssenari nə qədər beynəlmiləl ruhlu idisə, film
bir o qədər milli alınmışdı. O, baş rola Rəşid
Behbudovu dəvət etmişdi. Çünki filmin bəstəkarı
Tofiq Quliyevin lirik mahnıları məhz belə bir müğənninin
rola dəvət olunmasını tələb edirdi. Rəşid
Behbudovun “Arşın mal alan” filmindəki uğuru onun
özünü də kinoya bağlamışdı. Filmdəki
“Zibeydə”, “Qızıl üzük”, “Bakı”
mahnıları dillər əzbəri oldu. Rejissor bu filmdə
həm də çox maraqlı bir aktyor ansamblı yarada
bilmişdi.
“Qızmar günəş
altında”, “Leyli və Məcnun” kimi filmləri ilə Azərbaycan
kinosuna yeni nəfəs gətirən Lətif Səfərov
ekranın estetik funksiyası ilə bağlı nəzəri
görüşlərini müəyyən qədər də
olsa reallaşdıra bildi.
Həmin dövrdə
respublika Kinematoqrafçılar İttifaqının sədri
vəzifəsində işləyən L.Səfərov nələri
istəyirdi? Əslində çox şeylər barədə
düşünürdü. 1958-ci ildə ona etimad göstərib
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri
seçmişdilər. O, kinonu qaldırmaq istəyirdi. Tələbləri
də qəti və dönməz idi: “Yaradıcı adam indi
ya kinematoqrafiyadan getməli, ya da nəyi isə
partlatmalıdır. Kinematoqrafçı kinodan uzaqlaşa bilməz.
Kino onun həyatıdır”. Bu sözləri rejissor 1961-ci ildə
söyləmişdi. Həmin il Kinematoqrafçılar
İttifaqının müşavirəsində daha kəskin
nitq söylədi. Açıq-aşkar deyirdi: “Adamlarla həqiqət
dilində danışmaq lazımdır. Yalan cana doyurub, o dəqiqə onu hiss
edirlər. Xalqa çox uzun müddət və üzəvarı
yalan danışıblar”.
“Koroğlu” filmi üzərində
böyük əziyyətlə işlədi. Çünki
studiyanın imkanları çox məhdud idi. Texnika sarıdan
çətinliklər vardı. Elə müşavirələrdən
birində də deyirdi ki, “Bakı kinostudiyasında heç nə
yoxdur”. Amma Lətif Səfərov bu çətinliklərə
baxmayaraq işləyirdi. Axı bütün canı, qanı
ilə ömrünü kinematoqrafa bağlamışdı.
Kino haqqında danışanda böyük yanğı ilə
deyirdi: “Axı bu da yaradıcılıqdır, kollektiv -
ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət,
havadan asılı yaradıcılıqdır.
Quruluşçu rejissoru divara dirəmək lazım deyil ki, o
da axırda gücdən düşsün, əlini yelləsin”.
Beləcə, bütün yaradıcı ömrünü
kinonun inkişafı uğrunda mübarizəyə həsr
etdi. Çoxlarını da özündən narazı
salırdı. Çünki ətrafındakılara bu cür
tələbkarlıq lazım deyildi.
Bu böyük sənətkarın
tale ağrıları haqqında çox yazılsa da, onun
intiharının səbəbləri hələ də sirr
olaraq qalır. Əlbəttə, gümanlar, şübhələr
çoxdur. Amma o gecənin təfsilatları barədə
müəyyən məqamlara aydınlıq gətirilmişdir.
Jurnalist Nəriman Əbdürrəhmanlı “Şimşəklər
kimi” məqaləsində bu müdhiş hadisəyə
münasibət bildirmişdir: “Dekabrın 9-u saat 2 radələriydi...Güllə
səsiylə hər şey bitdi. ...Səhəri qonşulardan
kimsə güllə səsini şimşək
çaxmasına oxşatdığını demişdi. Deyəsən,
yanılmamışdı...Lətif Səfərov kinoya
şimşək kimi çaxıb gəlmişdi, şimşək
kimi də çaxıb getdi”.
1963-cü ildə o,
Kinematoqrafçılar İttifaqının katibliyindən
çıxarılmışdı. Son narazılıqlar da
1963-cü ilin yanvarında keçirilən
Kinemotoqrafçılar İttifaqının qurultayından
başlamışdı. Və sonu intiharla nəticələndi.
Rejissor öz sənət dostlarını bir olmağa çağırırdı: “Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. Əfsus ki, Lətif Səfərov çox arzularını ürəyində apardı. Bizə isə onun gözəl filmləri yadigar qaldı.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 1 oktyabr.- S. 7.