Söz yaddaşının işığında
Azərbaycan jurnalistikasında əlahəzrət
sözü publisistika mərtəbəsinə ucaltmaq ənənəsi
mövcuddur. Son yüzilliyin qüdrətli publisistlər
pleyadası sözü jurnalistikadan publisistikayadək
ucalmağın inkişaf yolunu dolğun şəkildə əks
etdirir. Əsil mətbuat xadimlərinə yaxşı bəllidir
ki, jurnalistikada günün, publisistikada zamanın nəbzi
döyünür. Hətta tutarlı publisist söz zamanın
da sədlərini aşaraq əbədi yaşamaq haqqı
qazanır. Məhz o zaman “deyılən söz” əsil yadigar,
əbədi yaşaya biləcək ciddi yaddaş materialı
kimi qala bilir.
Yeni dövr Azərbaycan
jurnalistikasının qaynar mühitində formalaşıb
yüksələn təcrübəli mətbuat xadimi Bəxtiyar
Sadıqovun keçdiyi inkişaf yolu sözü publisistika səviyyəsinə
qaldırmağın mükəmməl nümunəsidir. Sözün
məsuliyyətini və şərəfini gərəyincə
dəyərləndirən Bəxtiyar Sadıqovun haqlı qənaətinə
görə “dünya sözlə yaranıb, sözlə
yaşayır, sözlə idarə olunur. Söz ürəyin
açarı, düşüncənin gerçəkliyidir. Elə
ki, sözün yerinə silahlar danışır, onda fəlakət
başlayır”. Bəxtiyar Sadıqovun “Ömrün söz
yadigarı” adlı 30 müəllif vərəqi həcmində
olan kitabı bütövlükdə yetkin, kamil publisist
sözün məsuliyyətinin və şərəfinin
yadigarı və ya abidəsidir. Publisistikanın bu formatdakı ali məqamına
o zaman gəlib çatmaq mümkün olur ki, qələm
sahibi yüksək səviyyədə söz söyləmək
istedadına malik olsun. Bəxtiyar Sadıqovun publisistikası
onun həm söz demək istedadını, həm də
yetkin, iti qələm vərdişlərini geniş ictimaiyyətə
bütün gücü və imkanları ilə təqdim
edir.
“Ömrün
söz yadigarı” kitabı Bəxtiyar Sadıqovun söz demək
istedadı ilə bir sırada həm də onun mövzu
seçmək, konkret fikir, ideya irəli sürmək,
sözü cəmiyyətə çatdırmaq
istedadının uğurlu nümunəsidir. Burası da cəlbedıcıdir
ki, Bəxtiyar Sadıqov bütün məqamlarda - siyasi publisistika
janrında yazılmış məqalələrində də,
“ziyalı sözü, vətəndaş mövqeyi” deyəndə
də, hərbi jurnalistikanın səngər qoxulu ab-havası
ilə yaşayanda da oxucu ilə yadigar qala biləcək səviyyədə
danışa bilir. Aşkar hiss olunur ki, publisistika
yaradıcılığının indiki səviyyəsində
Bəxtiyar Sadıqov üçün mövzu məhdudiyyəti,
sahə müəyyən etmək çətinliyi yoxdur. O, Azərbaycan
cəmiyyətinin diqtə etdiyi bütün mövzularda
yüksək professionallıq nümayiş etdirə bilir.
Bununla belə, fikrımizcə, Bəxtiyar
Sadıqovun yaradıcılığı üçün
siyasi publisistika aparıcılıq təşkil edir.
“Ömrün söz yadigarı” kitabının bir-birindən
fərqli görünən bölmələrinin
hamısında siyasi motiv öndədir. O,
“tarixi yaradanlar və yaşadanlar”dan söz açanda
hansı səviyyədə publisistika nümunələri
yarada bilibsə, vətəndaş mövqeyini ifadə edəndə,
“cəbhədən-cəbhəyə” baş vuranda da, “xalqa
xidmət edən jurnalistika”dan bəhs edəndə də eyni
səriştə ilə müraciət etdiyi mövzunun,
yanaşdığı problemin siyasi mahiyyətini aça
bilmişdir. Müəllifin ən məsuliyyətli sahə olan
siyasi publisistika sahəsindəki başarısı onun digər
istiqamətlərdə olan məqalələrinin siyasi
müstəviyə qaldırılmasını
asanlaşdırır. Beləliklə, Bəxtiyar Sadıqov
yeni dövrün, XXI əsrin siyasi publisistikasını yaradan
ən təcrübəli, yetkin mətbuat adamı təsiri
bağışlayır. Siyasi publisistika üçün səciyyəvi
olan konkretlik, ideyalılıq, aktuallıq, məsuliyyət,
ümumiləşdirmə bacarığı Bəxtiyar
Sadıqovun əsərlərinin başlıca amilidir. Onun
siyasi publısistika janrında yazdıqları təbliğat
məqsədindən qat-qat çox araşdırma
materıalı, zamanı açıqlamaq səyləri, cəmiyyətə
yön vermək meyli ilə seçilir, fərdiləşir.
Buna görə də Bəxtiyar Sadıqovun siyasi publisistika
nümunəsi kimi meydana çıxan əsərləri
asanlıqla geniş oxucu audıtoriyasına daxil olur, oxunur,
izlənilir, yadda qalır. Siyasi publisistikanı bu qədər
oxunaqlı səviyyədə təqdim edə bilmək Bəxtiyar
Sadıqovun nailiyyətidir. Onun siyasi publisistika nümunəsi
olan məqalələrində ilk növbədə şəxsiyyətin
obyektiv və əhatəli siyasi portreti
canlandırılır. Kitabdakı “Milyonların
taleyində əks olunan insan”, “Ən böyük azərbaycanlı”,
“Azərbaycan tarixində vətəndaş, şəxsiyyət
və lider amili” kimi məqalələrində görkəmli
dövlət xadimi Heydər Əliyevin siyasi portretinin dərin
və parlaq cizgiləri Bəxtiyar Sadıqova məxsus
ustalıqla özünün əksini tapmışdır.
Bəxtiyar Sadıqova görə, böyük şəxsiyyətlər
haqqında hər yerindən duran, əlində qələmi
olan hər kəs ucuz və mənasız təbliğata xidmət
edən söz deməməlidir. O, hələ 2002-ci ilin iyun
ayında yazmışdı ki, “müstəqil Azərbaycan
dövlətinin banisi və qurucusu cənab Heydər Əliyevin
belə... təbliğata qətiyyən ehtiyacı yoxdur... Heydər Əliyevin ən yaxşı və ən təsirli
təbliğatı bütün şüurlu fəaliyyəti
boyu ölkəmizin və xalqımızın
firavanlığı naminə gördüyü quruculuq və
yaradıcılıq işlərini konkret faktlar və misallar əsasında
olduğu kimi göstərməkdir”.
Azərbaycan siyasi
publisistikasının ana xətlərini özündə
ehtiva edən bu tezislər onun müəllifinin müasir vətəndaşlıq
publisistikasının keşiyində dayandığını
göstərir. Məhz məsələnin bu cəhəti Bəxtiyar
Sadıqovun siyasi publisistikanın aparıcı xüsusiyyətlərini
daim axtarıb tapmasına, hər dəfə yeni əlavələrlə
zənginləşdirməsinə əsas verir. Buna görədir
ki, onun təsəvvürləri, proqnozları, təqdimatları
nəinki başqa müəllifləri, heç
özünü də təkrar etmir. Maraqlı cəhətdir
ki, Heydər Əliyevlə bağlı seçilmiş
faktların sırasında müəllifin özünün də
taleyinə işıq salan məqamları o, ümumi proseslərin
axarında təqdim etməyi bacarır. Belə
ki, Bəxtiyar Sadıqovun 1969-cu ildə Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsınə qəbul
olunması – “taleyindəki ilk uğuru”, tələbəlik vəsiqəsini
“məhz Heydər Əliyevin ölkədə bərqərar
etdiyi ədalətin sayəsində” qazanması şəxsi məsələyə
ümumi, ancaq çox obyektiv mövqedən
yanaşılma nümunəsidir. Və yaxud,
2002-ci ildə “Azərbaycan” qəzetinin baş redaktoru təyin
edilməsi ilə əlaqədar olaraq ölkə
başçısının rəsmi qəbulunda olarkən
keçirdiyi həyəcanlı anlar görkəmli dövlət
xadiminin görünməyən tərəflərini
aydınlaşdırmağa xidmət edir: “Dünyanın
ən böyük azərbaycanlısı ilə canlı təmasda
olmaq, bəşəriyyətin ən görkəmli dövlət
xadimlərini belə hazırcavablığı, misilsiz
qabiliyyəti ilə heyrətə gətirən ali bir şəxsiyyətin
suallarına cavab vermək məsuliyyətini anlayır,
çox həyəcanlanırdım. Ancaq əbədiyaşar
liderimizin elə xoş, səmimi aurası var idi ki, burada insan
mənəvi rahatlıq tapır, böyük insan,
qayğıkeş millət atası ilə həmsöhbət
olduğumu ilk andan duyurdum. Heydər Əliyev jurnalistikanın ən
mürəkkəb peşə xüsusiyyətləri ilə
bağlı yetərincə məlumatlı idi... Mən həmin
görüşdə Heydər Əliyevdən elə öz
peşəmlə bağlı xeyli tövsiyə, dərs
aldım”.
Kitabdakı bu qəbildən olan
çoxsaylı hadisələr və faktlar ümummilli
liderimizin bioqrafiyasını zənginləşdirməyə
və tamamlamağa xidmət edir.
Nəhayət, Bəxtiyar
Sadıqovun publisistikasında ümummilli liderimiz, görkəmli
dövlət xadimi Heydər Əliyevin siyasi portreti
aşağıdakı kimi fərqli mövqedən
canlandırılmışdır: “Heydər Əliyev
xalqını sevən, gecə-gündüz onun bu günü
və gələcəyi barədə düşünən, həm
də bu yöndə konkret əməli iş görən dahi
idi... Heydər Əliyev hətta hər bir dahi
şəxsiyyətə belə qismət olmayan uzun, mürəkkəb
və mübarizələrlə dolu bir ömür
yaşadı. Xalqına, dövlətinə fədakarcasına
və təmənnasız xidmət nümunəsi göstərdi.
Özündən sonra isə mənalı ömrünü
həsr etdiyi şah əsərini - müstəqil Azərbaycan
dövlətini qoyub getdi. Bu gün
xalqını və vətənini sevənlər, Heydər Əliyevin
əziz xatirəsini müqəddəs və uca tutanlar onun əmanətinə
- doğma Azərbaycanımıza da məhz ən
böyük azərbaycanlımız kimi xidmət etməlidirlər”.
Təcrübəli publisist Bəxtiyar
Sadıqov siyasi mühitin, ictimai proseslərin
gedişatını da özünəməxsus şəkildə,
dərindən və əsaslı surətdə
canlandırır. Daha doğrusu, Bəxtiyar Sadıqovun
publisistikasında Azərbaycan cəmiyyətinin, ictimai
mühitin nəbzi döyünür. “Müstəqilliyimizin
ikinci əsri”, “Müstəqil dövlət quruculuğu
prosesini tarixin yaddaşına olduğu kimi yazaq”, “Müasir
dövrdə Azərbaycanın inkişaf strategiyası”,
“Köhnə müxalifət cəmiyyəti və gəncləri
hara aparır”, “Geriyə doğru irəli”, “Qaçqın
şəhərcikləri siyasi fəaliyyət meydanı
deyil”, “Müharibənin yazılmamış qanunları” kimi hərəsi
ayrı-ayrı vaxtlarda yazılmış, fərqli ovqat
üstündə köklənmiş yazıların
hamısını vahid mövqe birləşdirir. Azərbaycançılıq,
dövlətçilik, vətənpərvərlik, milli-mənəvi
özünüdərk Bəxtiyar Sadıqovun
publisistikasının cövhəridir!
“Ömrün
söz yadigarı” kitabı göstərir ki, Bəxtiyar
Sadıqov Azərbaycan cəmiyyətində baş verən
prosesləri sadəcə izləmir, vahid ziyalı və vətəndaş
mövqeyınin ifadəsi olan mübariz publisistikası
inkişafa mane olanlara, köhnəlmiş sıyasi
baxışları cəmiyyətə sırımaq istəyənlərə, ölkəmizdə
bərqərar olmuş sabitliyi pozmaq cəhdlərinə,
şəxsi mənafeyi ictimai mənafedən üstün
tutanlara barışmaz zərbə kimi səslənir. Bu
sanballı publisistika nəticə etibarilə Azərbaycan cəmiyyətində
baş verən prosesləri güzgüdə olan kimi əks
etdirməklə qalmır, həmişə irəliyə, tərəqqiyə
işıq salır. Bu məqamda Bəxtiyar
Sadıqovun yazılarındakı işıqla, şəxsiyyətindəki,
mövqeyindəki işıq birləşərək cəmiyyət
qarşısında ziyalı borcunun qabarıq ifadəsinə
çevrilir, ölkəmizdə ziyalı sözünün, vətəndaş
mövqeyinin ən münasib, kamil formatına nümunə ola
bilir.
Bu mənada Bəxtıyar
Sadıqovun publisistikası yeni dövr Azərbaycan
publisistikasının yeni nəsli üçün örnək
funksiyasını yerinə yetirir. Artıq çəkinmədən
belə demək mümkündür ki, “Azərbaycan” qəzeti
zəminində müstəqillik dövrü siyasi
publisistıkasının Bəxtiyar Sadıqov məktəbi
formalaşmaqdadır. Onun iti, yetkin qələmi ilə
publisistikada müstəqillik epoxasının Bəxtiyarnaməsi
yaradılmaqdadır!
Bu mənada “Ömrün söz
yadıgarı” kitabı milli publisistikamızın Bəxtiyar
Sadıqov məktəbinin dərsliyidir. Bu kitab dövr etibarilə
Bəxtiyar müəllimin son illərdə
yazdıqlarını əhatə etsə də, səviyyə
baxımından müəllifin geniş yaradıcılıq
imkanlarını, publisistikasındakı yetkinlik və
kamilliyi bütün yönləri ilə əks etdirir.
Mətbuat sahəsindəki xidmətləri
etibarilə də Bəxtiyar Sadıqov şərəfli yol
keçmişdir. O, rayon qəzetindən, bölgə
müxbirliyindən ölkənin baş qəzetinə qədərki
yolun bütün çətinliklərinin və
üstünlüklərinin məsuliyyətini
yaşamışdır. Mətbuat sahəsində keçdiyi
yolun keşməkeşləri və reallıqları ona zəngin
təcrübə qazandırmışdır. Buna
görədir ki, baş redaktoru olduğu “Azərbaycan” qəzeti
əhəmiyyəti və statusu ilə bir sırada, həm də
əhatəli, oxunaqlı, cəlbedici olmasına görə
ölkənin əsas-baş qəzeti səviyyəsində fəaliyyətini
böyük uğurla davam etdirir. Hazırkı
mətbuat bolluğu şəraitində ardıcıl olaraq
yüksək səviyyəni, imici qoruyub saxlamaq “Azərbaycan”
qəzetinin baş redaktorunun zəngin təcrübəsi ilə
zəhmətkeşliyinin vəhdəti sayəsində
mümkün olmuşdur. “Ömrün söz yadigarı”
kitabı “Azərbaycan” qəzetinin kitaba çevrilən
ömrünün salnaməsidir. Bu kitab bütövlükdə
milli mətbuatda Azərbaycançılıq idealının
miqyasını müəyyən edən, əhəmiyyətini
meydana qoyan örnəkdir. Kitabdakı “Fəxr elə, Azərbaycan”
məqaləsi mətbuatımızda müstəqillik və
Azərbaycançılığın fəxriyyəsi,
manifesti kimi səslənir: “Fəxr elə, Azərbaycan,
qısa zaman kəsıyində dünyada
tanınmağınla!... Heydər Əliyev
xalqın arzu və tələbi ilə yenidən ölkə
rəhbərliyinə qayıtdıqdan sonra... müstəqilliyimizin
yaşaması, inkişafı və möhkəmlənməsi,
əbədiliyə və dönməzliyə çevrilməsi
üçün konkret əməli işlər
görülmüşdür. ... Fəxr elə, Azərbaycan,
siyasi və hüquqi sahədə apardığın islahatlar
lazımınca qiymətləndirilmiş, Avropa Şurasına
üzv qəbul olunmusan”.
Bəxtiyar Sadıqovun bir sıra
məqalələri siyasi çağırış, qələm
sahibinin vicdan səsi, görkəmli publisistin bəyanatları
təsiri bağışlayır. “Müstəqil
dövlət quruculuğu prosesini tarixin yaddaşına
olduğu kimi yazaq”, “Xalqını sevən ona düz yol
göstərməlidir”, “İnkişaf irəliyə doğru
getmək deməkdir”, “Siyasət təsadüflərə yox,
qanunauyğunluqlara əsasən qurulur”, “Sözünü
demiş aktyor səhnəni tərk etməlidir”,
“Qaçqın şəhərcikləri siyasi fəaliyyət
meydanı deyil”, “Sözü gərək elə deyəsən
ki, sonra o söz sənin öz xirtdəyindən yapışmasın”
qəbilindən olan və mövzunu-məzmunu dolğun şəkildə
ifadə edən başlıqlar sadəcə təcrübəli
bir jurnalistin - publisistin, yaxud da cavabdeh şəxsin - baş
redaktorun deyil, ümumilikdə mətbu sözə məsuliyyətlə
yanaşan ustad bir mətbuat xadiminin qəlbinin dərinliklərindən
gələn düşüncələrinin təbii əks-sədasıdır.
Və bu kəlamlar zamanla - dövranla o qədər
uzlaşır, harmoniya təşkil edir ki, son nəticədə
“cəmiyyətin sifarişi” səviyyəsində ümumiləşir.
Bəxtiyar Sadıqovun söz, milli mətbuat, yazı
haqqındakı fikirləri ilə ölkəmizin baş qəzeti
“Azərbaycan”dakı səmərəli fəaliyyəti və
“Ömrün söz yadigarı” kitabındakı məqalələri
biri digərini tamamlayır. Müstəqillik
dövrünün milli mətbuatının inkişafında
milli mənafenin rolunu və əhəmiyyətini siyasi
baxımdan düzgün əsaslandıran Bəxtiyar
Sadıqovun yazı haqqındakı fikirləri ilə
yazdıqları üzvi vəhdət təşkil edir. Və “Azərbaycan” qəzeti səhifələrində
özünə yer alan, “Ömrün söz yadigarı”
kitabı ilə də cəmiyyətə yol açan publisist
yazılar ümumiyyətlə, yeni epoxada milli mətbuatın
formalaşmasına və inkişafına da öz töhfəsini
verə bilir.
Bəlli olduğu kimi, müstəqillik
ərəfəsindən başlayaraq çağımıza
qədər Azərbaycan mətbuatında Qarabağ mövzusu
aparıcı yer tutmaqdadır. XIX əsrdə siyasi-tarixi
Qarabağnamə salnamələri, XX əsrin sonları, XXI əsrin
əvvəllərində isə hərbi-siyasi yönlü
Qarabağnamə publisistikası ön mövqeyə
çıxmışdır. Bəxtiyar Sadıqovun da
publisistikasının baş mövzularından biri Qarabağ
məsələsidir. Bəlkə belə də demək daha
düzgün olar ki, Bəxtiyar Sadıqov mətbuat sahəsində
özünü həm də Qarabağ olaylarına həsr
olunmuş səngər qoxulu sanballı yazıları ilə
təsdiqləmişdir. Qarabağ hərəkatının
kölgəsində mövqe qazanmaq istəyənlərdən
çox fərqli olaraq onun Qarabağnaməsində siyasi
maraqlar deyil, ümummilli maraqlar diqqət mərkəzinə
çəkilmişdir. Bəxtiyar Sadıqovun
“Ömrün söz yadigarı” kitabında yer alan “Harda
qalmısınız, əzizlərimiz”, “Əqidədən
doğan inam rəmzi”, “Azərbaycan həqiqəti və erməni
yalanı” kimi kövrəkliklə mübarizəni birgə
ifadə edən məqalələri yalnız və yalnız
ürək yanğısının ifadəsidir.
Qarabağ savaşının ağrılarını şəxsi
taleyində də yaşayan müəllif “Azərbaycan əsgəri.
Onu güclü və qüdrətli edən nədir”,
“Ümummilli problemin həllinə qiymətli töhfə”, “Məqbul
və şərəfli sülhə gedən yolu kim göstərəcək”
tipli məqalələri ilə Qarabağ ətrafında
aparılan məqsədyönlü dövlət siyasətinin
ictimai rəydə daha da möhkəmləndirilməsinə
xidmət edir.
Ümumiyyətlə, Bəxtiyar
Sadıqovun publisistikası aktuallığı, müasirliyi,
ümummilli mövqeyi, vətənpərvərliyi,
mübarizliyi ilə qabarıq görünür. Bu
yaradıcı xüsusiyyətlər əslində, Bəxtiyar
müəllimin xarakterik keyfiyyətlərinin tərkib hissəsi
kimi meydana çıxıb, fəaliyyətində də əksini
tapan dəyərlərdir. Biz Bəxtiyar
Sadıqovun jurnalist-publisist qətiyyətini və qabiliyyətini
eyni zamanda, onun Milli Məclisin iki çağırış
deputatı olaraq nümayiş etdirdiyi siyasi prinsipiallıqda və
ictimai fəallıqda, Mətbuat Şurası İdarə Heyətinin
və Prezident yanında KİV-in İnkişafına Dövlət
Dəstəyi Fondunun Müşahidə Şurasının
üzvü kimi göstərdiyi əzmkarlıq və peşəkarlıqda
da aydın müşahidə edirik.
Fikrımizcə, onun publisistikasında mühüm amillərin daha ətraflı, dəqiq ifadəsi yazılarında analitik təhlilin aparıcı olması ilə bağlıdır. Nəticə etibarilə belə demək mümkündür ki, Bəxtiyar Sadıqovun publisistikası aktual problemlərin müasir səviyyədə, analitik düşüncə tərzində işıqlandırılmasından yoğrulmuşdur. Ona görə də oxuculara təqdim olunan kitab üçün seçilmiş “Ömrün söz yadigarı” adı bu nəşrdəki bütün yazılara şamil edilə biləcək doğru və ümumiləşmiş kəlamdır. İnanırıq ki, “Müstəqilliyimizin ikinci əsri”ndə “Müstəqil Azərbaycanın inkişaf yolu”na işıq salan, hətta “Cəbhədən-cəbhəyə” də gedib çatan, yaddaşlarda dərin iz buraxan “Ömrün söz yadigarı” kitabının işığı Bəxtiyar Sadıqovun gələcək kitablarının da miqyasını və meyarını müəyyən edəcəkdir.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik
Xalq qəzeti.- 2009.- 1 oktyabr.- S. 5.