Milli Təhsil Konsepsiyası uğurla həyata keçirilir

 

Qax rayonunun təhsil işçiləri bu prosesin fəal iştirakçılarına çevriliblər

 

Müasir dünyada bütün məsələləri bilik, savad, təhsil həll edir. Müstəqilliyin çətin yolları ilə gələcəyə doğru inamla irəliləyən Azərbaycanda yeni Milli Təhsil Konsepsiyasının tətbiqinə əsas yaradan təhsil islahatları öz müsbət nəticələrini verməkdədir.

 

Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, respublikamızın beynəlxalq aləmə inteqrasiyasının dərinləşdirilməsi, yeni əsrin insanının yetişdirilməsi üçün həyata keçirilən tədbirlər kimi təhsil sisteminin inkişafı da daim dövlətin qayğı və diqqəti ilə əhatə olunur. Bu məqsədlə ölkə rəhbərliyi tərəfindən ardıcıl olaraq xüsusi əhəmiyyət kəsb edən qanun və qərarlar qəbul edilir. Bu gün tamamilə dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin uğurlarının gündən-günə artması hamının – həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ekspertlərin etiraf etdiyi həqiqətdir.

Bu tərəqqinin təməlində əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs və həmin kursun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi durur. Cənab İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” – fikri artıq hər addımda öz təsdiqini tapır. Bu proses eyni zamanda sübut edir ki, dövlətin humanitar sahədə yeritdiyi siyasətin mərkəzi obyektlərindən biri də məhz təhsildir.

Ölkəmizdə vüsət almış yeni məktəb, uşaq bağçası, uşaq evləri tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların zəruri avadanlıqlarla təchizi, kompyuterləşmənin aparılması, yeni nəsil dərsliklərin və tədris vəsaitlərinin çap edilməsi, bütün dərsliklərin şagirdlərə pulsuz çatdırılması, yeni təlim texnologiyalarının tətbiqi, pedaqoji kadr hazırlığı, kadrlarla təminat və sair bu kimi işlər milli təhsilimizin işıqlı gələcəyindən xəbər verir. Azərbaycan Respublikasının Konstitusiyası, Təhsil İslahatlarına dair Dövlət Proqramı, Milli Məclisin çoxsaylı müzakirələrindən sonra qəbul olunmuş və dövlət başçısı tərəfindən təsdiq edilmiş Təhsil Qanunu, Azərbaycan Hökuməti və Təhsil Nazirliyinin hüquqi-normativ sənədləri və bir çox digər amillər ölkənin təhsil ictimaiyyətinin gündəlik fəaliyyətini yüksək səviyyədə tənzimləyir.

Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəalar, pedaqoji kollektivlərin qarşısına qoyulmuş yeni vəzifələr əsas fəaliyyət meyarı kimi qəbul edilir. Məmnuniyyətlə qeyd edirəm ki, Qax rayonunun təhsil işçiləri də ölkənin təhsil sektorunun həyatında baş verən bu önəmli və əhəmiyyətli proseslərin hamısının ən fəal iştirakçılarına çevrilirlər. Bunu geridə qalan dərs ilində əldə etdiyimiz uğurlar və yeni dərs ilinə böyük hazırlıqlarla başlamağımız da sübut edir.

2008-2009-cu dərs ilində rayonda 57 ümumtəhsil məktəbi, o cümlədən 32 orta, 16 əsas, 9 ibtidai məktəb, 36 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Məktəblərimizdə oxuyan 8833 şagirdin təlim-tərbiyəsi ilə 1325 müəllim məşğul olub. Müəllimlərimizin 80 faizdən çoxunun ali təhsilli olması kənd rayonu üçün yaxşı göstəricidir. Rayondakı tədris müəssisələrinin 33 faizi birtipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. Dərs ilinin sonunda təhsil nazirinin əmri ilə XI siniflərdə buraxılış imtahanları mərkəzləşmiş qaydada, test üsulu ilə keçirilib. Orta təhsil haqqında attestat alan 583 məzunun 2 nəfəri məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Mərkəzləşmiş qaydada test buraxılış imtahanlarında Dəymədağlı kənd, Qaxbaş 2 nömrəli və Zərnə kənd orta məktəblərinin məzunları 100 faizli müvəffəqiyyətə nail olublar. Yəni həmin məktəblərdə attestat almayan sonuncu sinif şagirdi olmayıb. Rayon üzrə bu göstərici 85 faiz olub. Ərizə vermiş 427 məzunumuzdan 148 nəfəri ali məktəbə qəbul olunub. Bu, ötən ilki nəticələrimizə nisbətən 7 nəfər çoxdur. Rayon üzrə 13 məzun qəbul imtahanlarında 600-dən çox, 35 nəfər isə 500-700 arası bal toplayıb. Şəhər 2 nömrəli orta məktəbin məzunu Rövşən Hacızadə 682, həmin məktəbin məzunu Sürəyya Məmmədova və şəhər 4 nömrəli orta məktəbin şagirdi Mustafa Əlicanov 670 bal toplayaraq ən yüksək göstərici qazanmış məzunlarımızın önündə gedirlər.

Sentyabrın 3-də rayon icra hakimiyyətinin başçısı Telman Quliyevin iştirakı ilə 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib, onlara fəxri fərmanlar, qiymətli hədiyyələr verilib. Bu məqamda bir faktı da qeyd edim. Məzunlarının ali məktəblərə qəbul olunma faizinə görə rayon üzrə birinci yeri şəhər 2 nömrəli orta məktəb tutur. Bu məktəbin ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş 100 məzunundan 52 nəfəri (52 faiz) tələbə adını qazanıb. Şəhər 1, 3, 4, 5 nömrəli, Ləkit, Qum, Qaşqaçay, İlisu orta məktəblərinin göstəriciləri də yaxşı nəticələr sırasındadır.

Bu yerdə bir məqamı xüsusilə qeyd etmək yerinə düşərdi. Belə ki, qaxlı məzunlar ali məktəblərə qəbul imtahanı zamanı əldə etdikləri nəticələrə görə bir neçə cəhətdən respublika göstəricilərini üstələyirlər. Məsələn, 0-100 arası bal toplayanlar (ən pis göstərici) respublika üzrə sənəd verən məzunlar arasında 34,5 faizdirsə, Qax məktəblərinin məzunlarının cəmi 24,2 faizi həmin antirekorda imza atıblar. Yaxud, 500-700 bal toplayanlar (ən yaxşı göstərici) respublika üzrə məzunların cəmi 6,4 faizini təşkil edirsə, Qax məktəbləri üzrə bu göstərici 9,5 faizdir.

Təbii ki, bütün bu göstəricilərin əldə edilməsi pedaqoji kollektivimizin, xüsusən fənn müəllimlərimizin gərgin əməyinin nəticəsidir. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, dövlətin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirən, müasir dünya təhsilinin ən qabaqcıl nümunələrini Azərbaycan təhsil sisteminə tətbiq edən pedaqoji işçilərin zəhməti daim dövlət tərəfindən yüksək qiymətləndirilir. Qaxda da fəaliyyəti layiqincə qiymətləndirilən müəllimlər çoxdur. Son 5 ildə 4 nəfər qaxlı müəllim “Əməkdar müəllim” fəxri adına, 2 nəfər “Tərəqqi medalı”na, 14 nəfər isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Bu gün də müəllimlərimizin sıralarında nümunəvi davranışı, yaradıcı əməyi ilə seçilən, dövlət tərəfindən göstərilən etimadı doğruldan, yeni insan formalaşmasında fəal iştirak edən, öz işinin ustası olan müəllimlərimiz az deyildir.

Biz bu yazıda məktəblərimizin uğurlarından, müəllimlərimizin peşəkarlığından söz açdıq. Ancaq bir həqiqət də vardır ki, maddi texniki bazası zəif olan məktəbdə yüksək peşəkarlığa malik müəllim də uğurlar əldə etmək üçün çətinliklə üzləşər. Ona görə də yeni tikilən evə əsaslı şəkildə təmir edilən məktəbləri də qeyd etməliyik. 2008-2009-cu dərs ilində rayonun mərkəzində Yaponiya dövlətinin ayırdığı maliyyə vəsaiti hesabına 180 yerlik orta məktəb binası tikilib istifadəyə verilibdir.

Baydarlı kəndində dövlət vəsaiti hesabına 360 yerlik, Almalı kəndində 480 yerlik orta məktəb binaları inşa edilibdir. Rayonun Güdüllü kəndində icra hakimiyyətinin və təhsil şöbəsinin köməyi ilə daxili imkanlar hesabına 60 yerlik 3 əlavə sinif otağı tikilibdir. Bundan əlavə, Zəyəm kəndində tikiləcək 360 yerlik yeni orta məktəb binasının sənədləri hazırlanaraq Təhsil Nazirliyinə göndərilibdir. Eləcə də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də Qaxdakı təhsil müəssisələrində bir sıra işlər görüləcəkdir.

Qax Rayon Təhsil Şöbəsi Təhsil Nazirliyinin rəhbərliyi, rayon icra hakimiyyətinin daimi qayğı və köməyi ilə işlədiyi kimi rayondakı bir sıra təşkilatlarla yaxın əməkdaşlığa da böyük önəm verir. Rayon hərbi kosmissarlığı, hüquq mühafizə orqanları, mədəniyyət və turizm, gənclər və idman, səhiyyə nazirliklərinin yerli qurumları ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Elə bir əlamətdar hadisənin, tarixi günün ildönümü olmaz ki, hansısa təşkilatla birgə layihə reallaşdırmayaq. Təhsilin millətin gələcəyinə zəmin yaratdığını yaxşı bilən bütün təşlkilat rəhbərləri bizim fəaliyyətimizə yardımçı olurlar. Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli təhsilimizin inkişafına göstərdiyi qayğı və diqqət bizim fəaliyyətimizə stimul verir. Dövlət təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdikcə, biz də təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına nail oluruq.

Bizə daim qayğı göstərən hörmətli nazirimiz Misir Mərdanovu, rayon icra hakimiyyətinin rəhbərliyini, eləcə də valideynləri əmin edirik ki, yeni başlanmış 2009-2010-cu dərs ilində qaxlı müəllimlərin uğur və nailiyyətləri daha çox olacaqdır. Bu, bizim qarşımıza qoyduğumuz bir nömrəli vəzifədir.

 

 

Məmməd XASIYEV,

Qax Rayon Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2009.- 30 oktyabr.- S. 5.