Makroiqtisadi göstəricilər ölkənin dinamik
inkişafını və əhalinin həyat səviyyəsinin
yüksəldiyini əks etdirir
Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin məlumatları
əsasında Azərbaycan sosial-iqtisadi inkişafının
yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Artıq
bu inkişaf qarşısıalınmaz bir prosesdir. Hətta
dünyanı bürüyən maliyyə böhranları da
bu gün ölkəmizə elə bir təsir göstərə
bilmirsə, onda əminliklə deyə bilərik ki,
ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın
uzaq gələcəyə hesablanmış inkişaf
strategiyası daha uğurla, müasir dünya düzəninin
tələblərinə cavab verən bir formada davam etdirilir və
müstəqil dövlətimizin bütün maraqlarına
cavab verir.
Fikrimizi əsaslandırmaq
üçün konkret statistik rəqəmlərə nəzər
salaq. Bəri başdan bildirək ki, 2008-ci ildə iqtisadi və
sosial sahələrdə baş vermiş dəyişiklikləri
əks etdirən makroiqtisadi göstəricilər ölkənin
dinamik inkişafını və əhalinin həyat səviyyəsinin
yüksəldiyini göstərir.
İqtisadi və sosial tərəqqinin
əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul
istehsalı 11 faizdən çox və ya müqayisəli qiymətlərlə
3,6 milyard manatdan çox artaraq 34,7 milyard manata
çatmışdır. Əlavə dəyər məhsul
istehsalı sahələrində 73 faiz, xidmət sahələrində
19,5 faiz, məhsula və idxala xalis vergilər üzrə 7,5
faiz çoxalmışdır.
Ümumi daxili məhsulun
60,3 faizi sənaye sahələrində, 7,3 faizi tikinti
kompleksində, 5,4 faizi aqrar sahədə, ovçuluq və
meşə təsərrüfatında, 5,5 faizi nəqliyyatda,
5,8 faizi ticarət və pullu xidmət sahələrində,
1,6 faizi rabitədə, 6,6 faizi digər sahələrdə
istehsal olunmuşdur.
Adambaşına 4051,5
manatlıq (4922,3 ABŞ dolları), yaxud keçən ildəkindən
10,3 faiz çox belə məhsul istehsal olunmuşdur.
Ümumi daxili məhsulun
formalaşmasında aparıcı rol oynayan sənaye sahəsində
məhsul istehsalı keçən illə müqayisədə
6,8 faiz artmışdır. Sənaye məhsulunun 77,5 faizi və
ya 20,7 milyard manatı mədənçıxarma bölməsində,
18,1 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,4
faizi və ya 1,2 milyard manatı elektrik enerjisi, qaz və suyun
istehsalı və bölüşdürülməsi bölməsində
istehsal olunmuşdur.
Mədənçıxarma
bölməsində məhsul istehsalı 6,2 faiz, o cümlədən
neft hasilatı 5,5 faiz, qaz hasilatı 52,1 faiz, digər
faydalı qazıntılar hasilatı 22,8 faiz artmış,
40,9 milyon ton neft, 14,6 milyard kubmetr əmtəəlik qaz hasil
olunmuşdur.
Emal bölməsində
məhsul istehsalı 8 faiz, o cümlədən qida məhsulları
istehsalı 0,6 faiz, neft məhsulları istehsalı 8,4 faiz, dəri,
dəridən məmulatlar və ayaqqabı istehsalı 32,5
faiz, sellüloz-kağız istehsalı, nəşriyyat
işi 3,2 faiz, kimya sənayesi məhsulları istehsalı 37,4
faiz, rezin və plastik kütlə məmulatları
istehsalı 16,2 faiz, metallurgiya sənayesi və hazır metal məmulatları
istehsalı 27,9 faiz, maşın və avadanlıqlar
istehsalı 10,1 faiz artmışdır.
İlin əvvəlindən
ölkənin elektrik stansiyalarında 18,1 milyard kv.saat elektrik
enerjisi istehsal olunmuş, artım 8,8 faiz olmuşdur. Onu da əlavə
edək ki, dekabrın 24-də “Səngəçal” elektrik
stansiyası istifadəyə verildi. Azərbaycan Prezidenti cənab
İlham Əliyev açılış mərasimindəki
nitqində demişdir: “Azərbaycan dövləti
elektroenergetika sahəsinə çox böyük diqqət
yetirir. Son illər ərzində bu sahədə görülən
işlər ölkəmizin iqtisadi baxımdan inkişafı
üçün çox müsbət rol
oynamışdır. Bu stansiya son dörd il ərzində Azərbaycanda
tikilən altıncı modul tipli stansiyadır.”Səngəçal”
elektrik stansiyası onların arasında ən
güclüsüdür, burada 300 meqavat elektrik enerjisi istehsal
olunacaqdır”.
Aqrar bölmədə
bitkiçilik məhsullarının yığımı
başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi
qarğıdalı da daxil olmaqla 2497,9 min ton taxıl, 1076,9 min
ton kartof, 1203 min ton tərəvəz, 52,7 min ton pambıq,
698,1 min ton meyvə və giləmeyvə, 407,6 min ton bostan məhsulları,
108,9 min ton üzüm, 166,4 min ton şəkər
çuğunduru, 2,5 min ton tütün, 307,4 ton yaşıl
çay yarpağı toplanmış, diri çəkidə
277,5 min ton ət, 1268,8 min ton süd, 906,1 milyon ədəd
yumurta və 14,3 min ton yun istehsal olunmuşdur. Tərəvəz,
bostan məhsulları, pambıq, tütün və
yaşıl çay yarpağı istisna olmaqla qalan
bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının
istehsalı keçən illə müqayisədə
artmışdır.
Dəyər ifadəsində
bitkiçilik məhsulları istehsalı 7,5 faiz,
heyvandarlıq məhsulları istehsalı 3,9 faiz və kənd
təsərrüfatının ümumi məhsulu 6,2 faiz
artmışdır. 2009-cu ilin məhsulu üçün 1 milyon
hektardan çox şum qaldırılmış, təxminən
1 milyon hektar sahəyə buğda və arpa səpilmişdir.
İqtisadi və sosial
sahələrin inkişafı üçün bütün
maliyyə mənbələrindən əsas kapitala 8 milyard
manat həcmində investisiya yönəldilmiş, 4,9 milyard
manatlıq tikinti-quraşdırma işləri
görülmüşdür. Keçən illə müqayisədə
istifadə olunmuş investisiyanın məbləği 38,8
faiz, tikinti-quraşdırma işlərinin həcmi 56,2 faiz
artmışdır. Əsaslı vəsaitin 74,3 faizini və
ya 5,9 milyard manatını daxili investisiyalar təşkil
etmiş və ötən ilki səviyyəni 74,6 faiz üstələmiş,
xarici investisiyanın həcmi isə 12,8 faiz
azalmışdır. İstehsal təyinatlı obyektlərin
inşaasının aparılmasına investisiyanın 74,3
faizi, yaxud 5,9 milyard manat sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş
sərmayənin çox hissəsini (47 faizini) müəssisə
və təşkilatların vəsaitləri, 40 faizini büdcə
vəsaitləri təşkil etmişdir.
İlin əvvəlindən
ümumi sahəsi 1259,9 min kvadratmetrə bərabər
yaşayış evləri, 60575 şagird yerlik ümumtəhsil
məktəbləri, 237 çarpayılıq xəstəxana,
növbədə 628 nəfərə xidmət etməyə
imkan verən ambulator-poliklinika müəssisəsi, 3835 yerlik məktəbəqədər
uşaq müəssisəsi, 840 yerlik klub, Ağdam, Salyan,
Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və Qusar
rayonlarında Olimpiya idman kompleksləri, Bakı şəhəriində
məişət soyuducuları zavodu, pambıq emalı fabriki,
metronun “Nəsimi” stansiyası, Zaqatala və Lənkəranda
hava limanları, Şamaxı şəhərində məişət
soyuducuları zavodu , Bərdə rayonunda asfalt-beton, Qazax
rayonunda bentonit gili, Sabirabad rayonunda sement, Kürdəmir
rayonunda konserv, Qəbələ, Lənkəran və Biləsuvar
rayonlarında süd emalı, Saatlı rayonunda biyan emalı,
Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa
rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı
və pendir istehsalı sexləri, Babək rayonunda
“Düzdağ” fizoterapiya və Naxçıvan şəhərində
əyləncə idman, Lənkəran rayonunda uşaq
sağlamlıq və “Qafqaz” turist istirahət mərkəzləri,
Gəncə, Qazax, Qəbələ və Zaqatalada müalicə
diaqnostika mərkəzləri, Qəbələdə “Qafqaz”
turizm istirahət və “Yengicə istisu” sağlamlıq və
istirahət kompleksləri, Balakən rayonunda avtovağzal
binası, bölgələrdə avtomat-telefon stansiyaları və
s. istismara verilmişdir.
İnşasına əvvəlki
illərdə başlanmış və tikintisinə cari ildə
başlanacaq obyektlərin tikintisinin davam etdirilməsi
üçün dövlət büdcəsində nəzərdə
tutulmuş 4326,3 milyon manat vəsaitin on bir ay ərzində
3039,3 milyon manatından, yaxud 70,3 faizindən istifadə
olunmuşdur.
Ölkə
iqtisadiyyatının sürətli inkişafı və
ölkələrarası nəqliyyat əlaqələrinin
genişlənməsi nəqliyyat kompleksinin işinə də
müsbət təsir göstərir. Nəqliyyat müəssisələri
və avtomobil nəqliyyatı sahəsində fəaliyyət
göstərən fiziki şəxslər tərəfindən
165,2 milyon ton yük və 1128,3 milyon nəfər sərnişin
daşınmış və keçən illə müqayisədə
yük daşınması 10,4 faiz, sərnişin
daşınması isə 8 faiz artmışdır.
Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizi ilə yanvar-oktyabr aylarında 39,7 milyon ton yük
daşınmış, bu fəaliyyətdən əldə
olunmuş 217,8 milyon manat gəlirin 62,3 faizi dəmir yolu, 18,3 dəniz,
19,4 faizi avtomobil nəqliyyatının işi hesabına
yaranmışdır. Bakı—
Ölkənin iqtisadi və həm
də sosial həyatında sürətlə inkişaf edən
sahələrdən biri də rabitədir. Sahənin əməkçiləri
ilin əvvəlindən əhaliyə, müəssisə və
təşkilatlara 8284 milyon manatlıq, yaxud keçən ilin
müvafiq dövründə olduğundan 29,7 faiz çox rabitə
xidməti göstərmişlər. Xidmətlərin 75,8 faizi
və ya 617,9 milyon manatı əhaliyə göstərilmiş
və 31,9 faiz artmışdır.
İl ərzində 12,6
milyard manat məbləğində istehlak malları
satılmış və pullu xidmət göstərilmişdir.
İstehlakçılara ticarət şəbəkəsindən
keçən ildəkindən 15,6 faiz çox və ya 9,6
milyard manat həcmində əmtəə satılmış və
29,6 faiz çox, yaxud 3 milyard manatlıq pullu xidmət göstərilmişdir.
İstehlak bazarında satılmış malların 6,2 milyard
manatını və ya 64,5 faizini ərzaq məhsulları, 3,4
milyard manatını qeyri-ərzaq malları təşkil
etmişdir.
Əmtəə dövriyyəsinin
16,2 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən
ticarət təşkilatları, 43,9 faizi bazarlar və
yarmarkalar, 39,9 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət
göstərən fiziki şəxslər tərəfindən
həyata keçirilmişdir.
Ölkənin dövlət və
qeyri-dövlət təşkilatları və ayrı-ayrı
fiziki şəxsləri yanvar-oktyabr aylarında 137 dövlətdə
51,9 milyard ABŞ dolları məbləğində xarici ticarət
əməliyyatları aparmışlar.
Əmtəə dövriyyəsinin
46 milyard dollarını və ya 88,6 faizini ölkədən
ixrac olunmuş mallar, 5,9 milyard dollarını (11,4 faizini)
ölkəmizə idxal edilmiş məhsullar təşkil
etmişdir. 2007-ci illə müqayisədə ticarət əlaqələrinin
ümumi dəyəri 5,6 dəfə, o cümlədən ixrac
9,5 dəfə, idxal 33,1 faiz artmışdır. Ticarət
dövriyyəsinin 93,5 faizi və ya 48,5 milyard dolları uzaq
xarici ölkələrlə, 6,5 faizi (3,4 milyard dolları) MDB
üzvü dövlətləri ilə
aparılmışdır.
Ölkəmizdən göndərilmiş
malların 97 faizi uzaq xarici dövlətlərə, 3 faizi isə
MDB üzvü ölkələrinə ixrac olunmuş və
müvafiq olaraq 11,4 dəfə və 54 faiz
artmışdır. İxracın əsas hissəsini mineral məhsullar,
ərzaq məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış
məmulatlar, quru, hava və su nəqliyyatı vasitələri,
kimya və neft-kimya sənayesi məhsulları təşkil
etmişdir.
Ölkəmizə idxal
olunmuş məhsulların çox hissəsi (66,7 faizi) uzaq
xarici ölkələrdən daxil olmuşdur. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə uzaq xarici
ölkələrdən daxil olmuş malların məbləği
33,9 faiz, MDB üzvü dövlətlərindən gətirilmiş
malların həcmi 31,7 faiz artmışdır. Maşın və
mexanizmlər, elektrotexniki avadanlıqlar, ərzaq məhsulları,
quru, hava və su nəqliyyatı vasitələri, azqiymətli
metallar və onlardan hazırlanmış məmulatlar, kimya sənayesi
məhsulları, mineral məhsullar idxal olunmuş mallar
içərisində üstünlük təşkil
etmişdir.
Beləliklə, il ərzində
aparılmış idxal-ixrac əməliyyatları nəticəsində
40,1 milyard dollarlıq, o cümlədən, uzaq xarici ölkələrlə
40,7 milyard dollar məbləğində müsbət, MDB
üzvü dövlətləri ilə isə 570,8 milyon dollar
məbləğində mənfi ticarət saldosu
yaranmışdır.
İstehlak mallarının
qiymətləri və xidmət tarifləri noyabr ayında
oktyabr ayı ilə müqayisədə 0,1 faiz, on bir ay ərzində
keçən ilin müvafiq dövrünə nisbətən
isə 21,4 faiz bahalaşmışdır. Oktyabr ayına nisbətən
noyabr ayında ərzaq məhsullarının qiymətləri
və xidmət tarifləri 0,1 faiz ucuzlaşmış, qeyri-ərzaq
mallarının qiymətləri isə 1,1 faiz bahalaşmışdır.
İlin əvvəlindən keçən vaxt ərzində ərzaq
məhsullarının qiymətləri 29,5 faiz, qeyri-ərzaq
mallarının qiymətləri və xidmət tarifləri
11,5 faiz bahalaşmışdır.
Yanvar-dekabr aylarında əhalinin
gəlirləri keçən ilin müvafiq dövrü ilə
müqayisədə 35,8 faiz artaraq 18,2 milyard manata, onun
adambaşına düşən məbləği isə 34,2
faiz çoxalaraq 2124,7 manata çatmışdır. Gəlirlərin
65,8 faizi son istehlaka, 9,7 faizi vergilər, sosial sığorta və
könüllü üzvlük haqqlarının ödənilməsinə,
24,5 faizi isə əmanətlərin və kapitalın
artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında
16,4 milyard manat məbləğində gəlirləri
qalmış və keçən ilin müvafiq dövrünə
nisbətən 38,6 faiz artmışdır.
Ölkənin iqtisadi və
sosial sahələrində muzdla işləyənlərin orta
aylıq əmək haqqı 2007-ci ilin yanvar-noyabr ayları ilə
müqayisədə 24,3 faiz çoxalaraq 265,1 manata, noyabr
ayında isə 296,3 manata çatmışdır. Sənaye
sahələrində çalışanların əmək
haqqı on ayda 426,3 manat, tikinti kompleksində 405,8 manat, nəqliyyatda
300,2 maat, rabitədə 372,7 manat təşkil etmişdir.
Maliyyə Nazirliyinin məlumatlarına
əsasən yanvar-oktyabr ayları ərzində dövlət
büdcəsinə 8,7 milyard manat, yaxud keçən ilin
müvafiq dövründə olduğundan 67,2 faiz çox vəsait
daxil olmuşdur. Vəsaitin 5 milyard manatı Vergilər Nazirliyi,
935,7 milyon manatı Dövlət Gömrük Komitəsi tərəfindən
köçürülərək, nəzərdə
tutulmuş proqnozlara müvafiq olaraq 107,6 və 100,4 faiz əməl
olunmuşdur.
Gəlirlərin 2704,7 milyon
manatı və ya 30,9 faizi mənfəət vergisindən,
1587,3 milyon manatı (18,2 faiz) əlavə dəyər vergisindən,
497,1 milyon manatı (5,7 faiz) əhalidən tutulan gəlir
vergisindən, 390,8 milyon manatı (4,5 faizi) xarici iqtisadi fəaliyyətlə
bağlı vergilərdən, 364,2 milyon manatı (4,2 faizi)
aksiz vergisindən daxil olmuşdur.
Bu vaxt ərzində büdcədən
7,6 milyard manat, yaxud 2007-ci ilin müvafiq dövründəkindən
3,2 milyard manat və ya 72,6 faiz çox vəsait xərclənmişdir.
Büdcə xərclərinin 49 faizi və ya 3,7 milyard
manatı iqtisadiyyatın inkişafına, 9 faizi (682,4 milyon
manatı) təhsilə, 9 faizi (685,8 milyon manatı) sosial
müdafiə və sosial təminata yönəldilmişdir.
Büdcənin gəlirləri
ilə xərcləri arasında yaranmış 1137,9 milyon
manatlıq profisit ümumi daxili məhsulun 3,5 faizinə bərabər
olmuşdur.
Kənd təsərrüfatı
istisna olmaqla ölkənin müəssisə və təşkilatlarının
yanvar-sentyabr aylarındakı fəaliyyətlərində 3,4
milyard manat mənfəət, 712,9 milyon manat zərər
yaranmışdır. Mənfəətin 68,1 faizi sənaye,
3,5 faizi nəqliyyat, 6,3 faizi rabitə sahələrində əldə
olunmuş, zərərin isə 86,6 faizi sənaye, 2,9 faizi nəqliyyat,
4 faizi rabitə sahələrinin payına
düşmüşdür.
Müəssisə və təşkilatların
qarşılıqlı debitor borcları sistemdaxili nəzərə
alınmamaqla oktyabr ayının 1-nə 6,2 milyard manat təşkil
etmiş və əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 721,6 milyon manat artmşdır.
Noyabr ayının 1-nə əhalinin
banklardakı əmanətləri keçən ilin müvafiq
dövrünə nisbətən 34,3 faiz artaraq 1,8 milyard manat
olmuşdur. Əmanətlərin 843,4 milyon manatı xarici
valyuta ilə, 950,6 milyon manatı isə milli valyuta ilə
qoyulmuş və müvafiq olaraq 3,3 və 82,7 faiz
artmışdır.
Ölkənin maliyyə-kredit
təşkilatları tərəfindən noyabrın 1-nə
kimi 6,7 milyard manat məbləğində kredit verilmiş,
onların 68,9 faizini uzunmüddətli kreditlər təşkil
etmiş və 2,1 faizinin ödəmə vaxtı
keçmişdir.
Dekabr ayında manatın 1
ABŞ dollarına orta məzənnəsi 0,81 manat, 1 Avroya 1,03
manat, 100 Rusiya rubluna 2,97 manat, ilin əvvəlindən isə
müvafiq olaraq 0,82, 1,22 və 3,36 manat olmuşdur.
Bütün bunlar bir daha bunu
deməyə əsas verir ki, Azərbaycan nəinki regionda,
dünyada sabit, inkişaf edən, sosial təminatlı,
iqtisadi gücü daim artan bir ölkəyə çevrilib.Azərbaycan
Prezidenti cənab İlham Əliyevin də dəfələrlə
bildirdiyi kimi bu inkişaf qazanılmış uğurların,
nail olunmuş tərəqqinin üzərində
qurulduğundan onun sürət və keyfiyyəti nəinki ildən-ilə,
aydan-aya daha səmərəli olur. Odur ki, qarşıdakı
illərdə ölkəmizin daha qüdrətli, daha sosial
rifahlı olacağı şəksizdir. Azərbaycan Prezidenti
cənab İlham Əliyev bu il oktyabrın 13-də Nazirlər
Kabinetinin iclasında da bildirmişdir: “Mən bəyan
etmişdim və indi hazırlıq işləri
aparılır ki, 2009-2013-cü illər üçün
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı hazırlansın. Bu, mövcud proqramın məntiqi
davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll
olunmamış məsələlərin hamısı
salınmalıdır ki, növbəti beş il ərzində
regionların bütün sosial, iqtisadi, infrastruktur problemləri
həll edilsin. Buna bizim gücümüz çatar. Keçən
beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ
qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə
müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə
də regionların inkişafı prioritet kimi qalır”.
Bu gün dünyanı maliyyə
və iqtisadi böhran təhdid edir. İqtisadi gücə
malik dövlətlər də bundan xilas ola bilməyib. Amma cənab
İlham Əliyevin uzaq gələcəyə
hesablanmış düzgün siyasəti Azərbaycanı bu
risklərdən qoruyur və biz bunu gündəlik həyatımızda
da hiss edirik. Dövlət başçısı Beynəlxalq
Muğam Mərkəzinin açılışındakı
nitqində bu məsələyə də toxunmuşdur: “Biz
öz siyasətimizi xalqın iradəsi əsasında qururuq.
Bizim siyasətimiz açıqdır, aydındır və bir
məqsədi güdür – Azərbaycan xalqının rifah
halını yaxşılaşdırmaq, Azərbaycanda
dövlətçilik prinsiplərini möhkəmləndirmək,
Azərbaycanın hərtərəfli iqtisadi və sosial
inkişafına nail olmaq və beynəlxalq mövqelərimizi
möhkəmləndirmək. Bütün bunlara biz nail oluruq və
uğurlu inkişafımız imkan verir ki, Azərbaycan daha da
böyük addımlarla irəliyə getsin. Mən əminəm
ki, növbəti illərdə, xüsusilə 2009-cu ildə nəzərdə
tutulmuş bütün vəzifələr uğurla icra
olunacaqdır. Bilirsiniz ki, 2009-cu il dünyada böyük
narahatlıq doğurur. Dünyada hökm sürən maliyyə
böhranı və iqtisadi böhran artıq öz mənfi təsirini
göstərməyə başlamışdır. Biz Azərbaycanı
bu böhranın mənfi fəsadlarından maksimum dərəcədə
qorumalıyıq. Ümumiyyətlə, həmişə
olduğu kimi, ölkəmizi qorumalıyıq. Ölkəmizin
həm siyasi, həm də iqtisadi maraqlarını
qorumalıyıq, xüsusilə 2009-cu ildə. Çünki
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir
parçasıdır və xaricdə baş verən proseslər
istər-istəməz öz növbəsində Azərbaycana
da təsir edə bilər.
Biz istər siyasi, istər
iqtisadi müstəvidə həmişə
çalışmışıq və hesab edirəm, buna nail
olmuşuq ki, digər yerlərdə baş verən hadisələr
Azərbaycana mənfi təsir göstərməsin. Biz öz
ölkəmizdə gedən işlərlə məşğuluq.
Bizi aparılan islahatlar, möhkəmlənən iqtisadiyyat, Azərbaycan
xalqının rifah halının
yaxşılaşdırılması məsələləri
düşündürür. Biz bu məsələlərin həlli
ilə məşğuluq. Ancaq bununla bərabər, əlbəttə,
2009-cu ildə əlavə tədbirlər görülməlidir
ki, Azərbaycan xalqı dünyanı bürümüş
iqtisadi və maliyyə böhranını hiss etməsin. Bunu
etmək üçün bizim imkanlarımız var, iradəmiz,
düşünülmüş siyasətimiz var".
Hazırladı:
Telman ƏLİYEV
Xalq qəzeti.-2009.-1 yanvar.- S.1-2.