ÖKÜZ ili: o, kimlər üçün nə vəd edir?

 

2009-cu il Şərq təqviminə görə, Öküz ilidir. Onu Yer Öküzü də adlandırırlar. Bu il əsasən məhsuldar əmək ili kimi xarakterizə olunur. Ancaq bu il gərgin zəhmətsiz ötüşmür, çünki kotana qoşulmuş öküzün xarakterik xüsusiyyəti torpaqda yorulmaq bilmədən çalışmaqdır.

Qədim dinlərdə Öküzlər özlərinin gücü və məhsuldarlığı ilə qibtəyə layiq olub. İlk insanların nəzərində onlar həyat eşqini və kişilərin dominantlığını əks etdirib. Ancaq Öküzün xarakteri ikilidir. Əgər onların gücü və igidliyi tərifəlayiqdirsə, küt və mənasız qəzəbi ətrafdakılara qorxu təlqin edir.

Öküz ili ərəfəsində mal əti yemək məsləhət görülmür, çünki öküz inciyə bilər. Ümumiyyətlə, Öküz ilində işlər yavaş templə, ancaq ardıcıllıqla görülüb başa çatacaq, çoxlu zəhmət və gərgin düşüncə tələb olunacaq. Hamı çoxlu, haldan düşənə qədər işləməyə məcbur olacaq. Ona görə də gücünüzü bağ almağa, həyət-bacanızı gözəlləşdirməyə sərf edin. Mülkiyyətinizdə olan hər nə varsa, hamısını daha yaxşı qurmağa cəhd edin.

Bəs başqa illərdə doğulanlar üçün Öküz ili nə vəd edir?

Siçanlar üçün bu il bütövlükdə pis keçməyəcək. Ancaq məqsədsiz və səmərəsiz olacaq. Əgər keçən illərdən müəyyən ehtiyatlar qalıbsa, bu yaxşıdır. Əgər qalmayıbsa, onda zəhmətə qatlaşmaq lazım gələcək.

Öküzlər üçün il uğurlu olacaq. Əlbəttə, bu, onların ilidir, bütün arzuları həyata keçəcək, ailə qurmaq, ev tikmək üçün əsl vaxtdır. İşində hər şey yaxşı alınacaq, ancaq bunun üçün öküz kimi çalışmaq, səhərdən axşama qədər yorulmadan işləmək lazım gələcək.

Şirlər üçün il çətin və zəhlətökən olacaq. Əgər ətrafda öküzlər torpağı şumlayırsa, şirlərə yalnız həmin yerdən uzaqlaşmaq və gizlənmək qalır. Pis ildir, yaxşısı budur, heç bir işdən yapışmayın.

Dovşanlar üçün də çətin ildir. Əgər öküzləri qovub tarlaya çıxarırlarsa, demək, dovşanları siçan tutmağa məcbur edəcəklər. Ona görə də evdə güzəştli vəziyyətinizi qoruyub saxlamaq üçün özünüzün bütün diplomatik imkanlarınızdan istifadə etməlisiniz.

Əjdahalar göylərdə uçacaqlar. Ancaq bütün həyat yerdə yaşanır. Onları şöhrətləndirmirlərsə, deməli, uçmaq mümkün olmur. Bu zamanlar onlar müqavimət göstərir, od püskürür və özlərini hiss etdirməyə nail olurlar.

İlanlar bu il özlərini rahat hiss edəcəklər. Onların şumlanan tarlada üzə çıxmasına ehtiyac yoxdur, gizlənmək və ilin keçib getməsini gözləmək lazımdır. Gələn il onun yeniləşmiş geyim-keçimi mütləq tam parlaqlığı ilə görünəcək.

Atlar üçün əsl zəhmət, məhəbbət, şəxsi münasibətləri yaxşılaşdırmaq, ailə qurmaq ilidir. Ancaq biznes sahəsində heç bir nəzərəçarpan uğur olmayacaq.

Qoyunlar üçün ən yaxşı ildir. Onlar özlərini tam komfortlu hiss edəcəklər, həyatlarında ən yaddaqalan uğurlar qazanacaqlar.

Meymunlar üçün yeni qələbə və uğurlar ilidir. Ancaq danışıqlar zamanı güclü olanların vasitəçiliyindən istifadə etmək lazımdır, bu zaman bütün çətinliklərdən itkisiz çıxacaqlar. Öküz bütün il ərzində onları qoruyacaq.

Xoruzlar da nüfuzlu öküzlərin təsiri altında işləməyə məcbur olacaqlar. Onlar üçün xoşbəxtlik ləzzət aldıqları yeganə şeydir. Nəticədə isə hamı razı qalacaq.

İtlər Öküz ilində özlərini heç də layiq olduqları yerdə hiss etməyəcəklər. Onlar çox həyəcanlı olacaqlar. Problemlər həddən artıqdır, hər tərəfdən zərbələr alırlar.

Donuz üçün sadəcə olaraq iyrənc bir ildir. Qalır çətin də olsa, uyğunlaşmaq və il başa çatana qədər dözmək.

Öküz ilində doğulanların taleyi

Öküzlərin taleyi adətən mürəkkəb olmur. Doğrudur, qış aylarında doğulmuş öküzlərin taleyi bəlkə də temperamentlərinin soyuqluğu, yaxud qış aylarında kənd yerlərində öküzlərin işlərinin az olması səbəbindən bir qədər mürəkkəb olur. Ancaq yay aylarında anadan olmuş öküzlər özlərinə günəş altında daha rahat yer düzəltmək üçün olduqca çox işləməli olurlar. Ona görə də yeni öküzlərin noyabr-mart aylarında doğulması məsləhətdir.

Bir çox öküzləri şəxsi həyatlarının ikinci mərhələsində çətinliklər gözləyir (ya dəyərləri düzgün qiymətləndirmədiklərinə, ya da əvvəllər düzgün seçim etmədiklərinə görə). Öküzlərə həyatlarının üçüncü hissəsində özlərinə layiqli qocalıq təmin etmək üçün əzablara qatlaşmaq lazım gəlir.

 

Öküz ilində doğulanlar

 

Aşağıdakı məşhur şəxsiyyətlər Öküz ilində doğulublar: Madlen Olbrayt, Hans Xristian Andersen, İohan Sebestyan Bax, Uorren Bitti, Menahes Beqin, Con Bon Covi, Uilyam Bleyk, Napoleon Bonapart, Cev Brices, Vili Brandt, Riçard Barton, Barbara Buş, İspaniya kralı Xuan Karlos, Barbara Kartlend, Çarli Çaplin, Bill Kosbi, Semi Devis, kiçik şahzadə Diana, Uolt Disney, Dastin Haffman, Entoni Hopkins, Səddam Hüseyn, Don Conson, Ceyn Fonda, Cerald Ford, Adolf Hitler, Cek Lemmon, Hezer Loklir, Norveç kralı Herald, imperator Hirohito, Eddi Merfi, Benyamin Netanyahu, Cessika Lanj, Cəvahirləl Nehru, Pol Nümen, Cek Nikolson, Robert Redford, Rod Staycer, Piter Sellers, Sisi Speysek, Bryus Sprinqstin, Marqaret Tetçer, Tviqqi, Vinsent Van Qoq, Taras Tkaçenko və s.

 

Yeni il - yeni ümidlər

 

Yeni il dünya xalqlarının ən səbirsizliklə gözlədikləri, böyük ümidlər bəslədikləri bayramdır. Ona görə də hər bir ölkə bu əvəzsiz bayrama böyük ruh yüksəkliyi, xüsusi təmtəraqla hazırlaşmağı özünə borc bilir. Bu, tarixən belə olub və ötüb keçən əsrlər ərzində hər bir xalqın özünün yeni il ənənələri formalaşıb. Bu baxımdan bir çox xalqların bayram adətləri bir-biri ilə eynilik təşkil etsə də, başqalarının adətlərində müxtəlif fərqlər nəzərə çarpır.

 

Almaniya

 

Almanlar Yeni il bayramında o qədər şən, mehriban olurlar ki, onalrın sakit və çox təmkinli adamlar olmaları barədə fikirlərə inanmaq olmur. Bayram gecələrində xəyalpərəst alman gəncləri ürəklərində niyyət tuturlar. Hətta bu məqsədlə Nurnberq şəhərinə gedənlər də tapılır. Belə ki, bu şəhdərin mərkəzində çox yaraşıqlı bir fəvvarə var. Deyilənlərə görə, bu fəvvarəni Almaniyada məşhur bir ailənin yeganə qızına bir könüldən min könülə vurulmuş çox istedadlı memar inşa etdirib. Fəvvarə ornamentlərlə bəzədilmiş çuqun barmaqçıqlarla dövrələnib. Rəvayətə görə, bu barmaqların birində iki qızıl üzük gizlədilib.

Yeni il axşamı ziyarətə gələn gənc alman qızları fəvvarənin başına saat əqrəbi istiqamətində niyyət tutub fırlanırlar. Gənc oğlanlar isə bu gözəl qızları oğrun-oğrun seyr edir, gözü tutan qıza yaxınlaşmaq barədə düşünməyə başlayır.

Almanların Yeni il bayramlarında süfrələrini adətən rəngbərəng almalar və fındıq bəzəyir. Bu xalqın inancına görə, alma xeyrin rəmzidir, fındığı isə sındırıb “həzm-rabedən keçirməklə növbəti ildəki çətinliklərdən qurtulmaq olar.

 

İspaniya

 

İspaniyada bayram günü hamı şəhərlərin mərkəzi meydanlarına axışır, burada kütləvi şəkildə üzüm yeməyə başlayır. Hər kəs müəyyən vaxt ərzində ilin 12 ayını simvolizə edən 12 salxım üzüm yeməlidir. İspanların qədim ənənələrindən biri də ondan ibarətdir ki, bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu, onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın, yeni ilə keçə bilməsinlər.

 

Avstriya

 

Avropa ölkələrindən olan Avstriyada tarixən maraqlı ənənələr formalaşıb. Bu ölkədə hələ qədimlərdən yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. Baxmayaraq ki, sonuncu heyvanın əti bayram süfrələrində iştahla həzm-rabedən keçirilir. Qədim zamanlarda bacatəmizləyən küçədə görünən kimi insanlar onun arxasınca qaçıb hisə bulaşmağa çalışırlarmış. Bu, guya yeni ilin xoşbəxtlik gətirəcəyinə işarə imiş.

 

Braziliya

 

Yeni illə bağlı qədim ənənələrə malik ölkələrdən biri də Braziliyadır. Bu ölkədə yeni il toplardan açılan atəşlərlə qarşılanır. Atəş səsi eşidilən kimi hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnsanlar inanırlar ki, atəş anında özlərinə əziz hesab etdikləri bir adamı qucaqlayıb öpməyə macal tapırlarsa, demək, yeni ildə xoşbəxt olacaqlar.

 

Çin

 

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər yeni ilin gəlişinə mane olan şər qüvvələri özlərindən uzaqlaşdırdıqlarını düşünürlər.

 

Finlandiya

 

Finlər Yeni ili deyib-gülməklə, yeyib-içməklə qarşılamağı çox sevirlər. Onlar hətta Şaxta babanın onların həmvətənləri olduğunu iddia edirlər. Axı, Avropada geniş yayılmış inanclara görə Şaxta baba qütb dairəsində “Laplandiya” adlanan möcüzəli bir yerdə yaşayır. Finlandiya sakinləri Laplandiyanın məhz bu ölkə ərazisində yerləşdiyini güman edirlər.

Finlandiyada Yeni ili əslində dekabrın 25-dən, yəni Milad bayramı günündən qarşılamağa başlayırlar. Dekabrın 31-də isə paytaxt Helsinkidə nağıl və əsatir qəhrəmanlarının libaslarını geymiş aktyorlar teatr məzhəkələri təşkil edirlər. Həmin gecə ağ, uzun saqqallı, qırmızı papaqlı, əlində xurcun tutan Şaxta baba şimal maralları qoşulmuş xizəkdə Helsinkinin mərkəzi meydançasına daxil olur. Ətrafda alqış sədaları qopur! Şən mahnılar, gülüş səsləri hər yeri bürüyür! Bayram gününü Helsinkidə keçirən əcnəbi qonaqlar etiraf edirlər ki, Finlandiya paytaxtında Yeni ili həqiqətən yaddaqalan tərzdə keçirməyi bacarırlar. Bir müxbir bu səhnəni belə təsvir edib:

— Özünüzü Yeni il yolkasının bərq vuran rəngbərəng oyuncaqları arasında sən, qayğısız uşaqların, deyib-gülüb sevinən valideynlərin yanında hiss edin. Göydən isə yupyumşaq iri qar dənələri ələnir. Romantik səhnədir, deyilmi?

Əlbəttə, elədir!

 

Hollandiya

 

Hollandların ulu babalarının dünyanın məşhur səyyahları olmaları hər kəsə məlumdur. Dəniz səyahətləri ilə bağlı rəvayətlər hollandların adət və ənənələrinə də hopubdur. Burada uşaqları inandıra biliblər ki, Yeni ildə Şaxta baba soyuq dənizlərdən üzüb gələn gəmidə təşrif buyurur. Buna görə də Hollandiyanın sahil şəhərlərində Yeni il axşamı adam əlindən tərpənmək olmur. Uşaqlar Şaxta babanı valideynləri ilə bərabər limanlarda qarşılayırlar. Gəmi sahilə yan alır. Şaxta baba onu burada səbirsizliklə gözləyən uşaqlara çoxlu sovqat paylayır. Uşaqlar da Şaxta babanın qarşısında çoxlu şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edirlər.

Yeni il bayramı günlərində paytaxt Amsterdam çox qonaqlı-qaralı olur. Hollandlar bayramda süfrələrini ləziz şirniyyatlarla, bahalı şərablarla bəzəməyi sevirlər.

 

Polşa

 

Yeni il bayramı polyakların da sevimli bayramıdır. Polyaklar Şaxta babanı Silvester Klaus adlandırırlar. Bu həmin Silvestr adlı məşhur nağıl qəhrəmanıdır ki, o, Levifian adlı vəhşiyə qələbə çalaraq insanları dəhşətli bəladan xilas eləyə bilib.

Yeni il axşamı Polşa paytaxtında məşhur Seçenka heykəlini ziyarət etməyi çox adam xoşlayır. Seçenka balıq quyruqlu qadın heykəlidir. Rəvayət edirlər ki, Seçenka adlı bir gözəl gənc qadın yerli balıqçıları qəsbkarların qəfil hücumlarından öz həyatını təhlükə qarşısında qoyaraq xilas edib. Polyaklar bu xanımın cəsarətini minnətdarlıq hissi ilə xatırlamağa özlərinə borc bilirlər.

Milad bayramı başlayandan Yeni ilin ilk gününə qədər gənc polyaklar Seçenkanın “quyruğuna” “əl sürtməyə” çalışlırlar ki, təzə ildə arzularına çatsınlar. Ancaq “”quyruqlu gözələ" toxunmaq o qədər də asan iş deyil. Məsələ burasındadır ki, Seçenkanın heykəli hər tərəfdən çoxsaylı fəvvarələrin əhatəsindədir. Ən soyuq qış günlərində də bu fəvvarələrdən su fışqırır. Seçenkaya yaxınlaşanların paltarları çox vaxt islanır. Ancaq məhəbbət dəryasında üzən gənclər fəvvarələrin soyuq qularının fərqinə varmırlar. Aşiqlərin isə dünyanın hər yerində bircə arzusu var ki, o da vüsala tez yetişməkdir.

 

İtaliya

 

2009-cu ilin Yeni ilini bütün dünya xalqları kimi, italyanlar da qlobal maliyyə böhranından doğan nigarançılıq hissləri ilə qarşılamalı olsalar da, heç olmasa bu bayram günlərində güzəran sıxıntılarını unutmaq istəyirlər. Onlar bayramı qırmızı paltarda qarşılamağı sevirlər. İtalyanlar təzə ilin möcüzələrlə dolu olacağına ürəkdən inanırlar. İtaliyada ta qədim dövrlərdən belə bir əfsanə yaşayır ki, Yeni il gecəsi bu ölkədəki dağ çaylarının biri dayanıb qızıla dönür. Buna görə də italyanlar təzə ilin ilk günlərindən al paltarlar geyinirlər ki, evlərindəki ruzi - bərəkət artsın.

İtalyanların Yeni il süfrəsində çoxlu qurudulmuş üzüm olur. Qədim Romada deyirdilər ki, üzüm şirəsində həyat eşqi var. Bir az çılğın, bir az da səs-küylü həyat tərzinə vərdiş etmiş italyanlar bayramı doğmalarının və yaxın dostlarının əhatəsində qeyd etməyə çalışırlar.

 

Fransa

 

Dünyanın hər yerində bütün insanlar Yeni ili yeni ümidlərlə—xoş möcüzələr, yeni uğurlar və xoşbəxtlik arzusuyla gözləsələr də, bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel- yəni Noel ata adlanır. O, Yeni il gecəsi hamı yatdıqdan sonra gizlincə gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər.

Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Böyüklər də bu bayramda hədiyyəsiz keçinmirlər. Ümumiyyətlə, bu ölkədə Yeni ilin ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə ətir qəbul etməsi yaxşı qarşılanmır.

 

Qrenlandiya

 

Ən maraqlı bayram hədiyyələrini isə Qrenlandiya eskimosları bir-birinə bağışlayırlar.Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.

İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı–ata zibil atmaq bəhanəsiylə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır, uşaqlara hədiyyələr paylayır.

İslandiyada bütün dekabr ayı boyunca kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq bayramqabağı özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda, bayram gecəsi hədiyyə həsrətiylə sobanın yanına qoyduqları corabın içindən kortof və ya bir parça kömür tapa bilərlər.

 

Böyük Britaniya

 

Bayram günü evdə ideal təmizlik və qayda -qanun hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerinin dəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapılar bağlanır və evə ilk girəcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri ilk girən adamın kimliyindən çox asılıdır. Qadınlar,sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən ayağı sayalı qonaq kürən kişi hesab olunur. Dəhşətli hadisə–çatmaqaş adamın gəlişinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Sonuncunu ocağa atırlar ki, ailə ocağı daim gur yansın.

Yaponiyada bayram günü Budda məbədlərindəki bütün zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib.Yaponlar hesab edirlər ki, hər zəng zərbəsi insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Beləcə, gündoğar ölkənin qıyıqgöz sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

 

Gözəl yolka, şən yolka...

 

Yeni il bayramını yaşıl donlu, bərbəzəkli yolkasız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu yolkanın yarpaqları xoş ətir saçan təbii küknar ağacından olması daha arzuolunandır. Amma təbiəti qorumaq xatirinə süni yolkalarla da keçinmək olar. Bəs, Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Bunu öyrənmək üçün bir qədər keçmişə səyahət edək. Bir çoxları yolka bəzəmək ənənəsini xristian diniylə bağlayırlar. Əslində isə həyat rəmzi olan yolkanın bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hər hansı dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirərmişlər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə əkin allahının şərəfinə evlərini yaşıl yarpaqlarla bəzəyərmişlər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edərmişlər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 24-də qeyd edilən Adəm və Həvva bayramını simvolizə edərmiş. Yeni il yolkası haqda ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Zamanla bu adət bütün Avropaya yayılır. Yeni dünyaya–Amerikaya yolkanı almanlar gətiriblər.1851-ci ildə bu ölkədə ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Yolka beləcə bütün dünyada məşhurlaşıb. Yeri gəlmişkən, Yeni il yolkalarınız mübarək olsun!!! 

 

 

Xalq qəzeti.-2009.-1 yanvar.- S.3.