Gün o gün olsun, Qarabağda təbrikləşək
— 2008-ci il yalnız
başa vurduğumuz təqvim deyil, həm də uğurlu illərin
sırasında ən təqdirəlayiqidir. Ölkənin bu
ilki uğurları barədə qısa danışmaq
mümkün deyil. Statistik məlumatlar kiçik təbrik
müsahibəsinə, əlbəttə ki, sığan deyil.
Lakin yığcam demək istərdim ki, ümummilli lider Heydər
Əliyevin qurmuş olduğu inkişaf strategiyası 2008-ci
ildə daha böyük nailiyyətlərlə həyata
keçirilmiş, bu isə sosial-iqtisadi tərəqqinin daha
da sürətlənməsi ilə müşahidə
olunmuşdur. Bu mənada qeyd edim ki, təhsil ocaqları, xəstəxanalar,
mədəniyyət mərkəzləri və s. müəssisələrin
açılması, tikinti, energetika və nəqliyyat sahələrində
böyük layihələrin reallaşdırılması neft
ölkəsi olan Azərbaycanın inkişaf
reallıqlarının bir hissəsidir. Məhz bu
inkişafın nəticəsidir ki, 2008-ci ildə xeyli iş
yerləri açılmış, pensiya, təqaüd və əməkhaqları
artırılmış, bölgələrdə elektrik, qaz və
su problemlərinin aradan qaldırılması istiqamətində
əhəmiyyətli işlər
görülmüşdür. Bunlar əhalinin rifahının
yaxşılaşdırılması və sosial problemlərin
həlli istiqamətində görülmüş önəmli
işlər kimi yüksək qiymətləndirilməlidir.
Ümumiyyətlə,
başa vurduğumuz ilin inkişaf prosesinə nəzər
yetirdikdə aydın olur ki, ölkənin əsas gəlir mənbəyi
olan neft sənayesi qeyri-neft sektorunun da inkişafına
böyük təkan vermişdir. Rəsmi dövlət qəzetlərinin
birindən oxumuşdum ki, bu ilin doqquz ayı ərzində
qeyri-neft sektoru üzrə büdcəyə 1 milyard 737 milyon
manat vəsait daxil olmuşdur ki, bu da 2007-ci ilin müvafiq
dövrünün göstəricisindən 566,8 milyon manat və
ya 48,4 faiz çoxdur. Hesab edirəm ki, bu, çox fərəhli
bir faktdır.
Ölkəmizin
inkişafı idman sahəsində də özünü
göstərir və 2008-ci il Yay Olimpiya oyunlarında 1
qızıl, 2 gümüş və 4 bürünc medalla
bunun bir daha şahidi olduq.
Ordumuzun da sürətli
inkişafı göz qabağındadır. Bunu Azərbaycan
Silahlı Qüvvələrinin yaradılmasının 90
illiyinə həsr edilmiş hərbi paradı böyük fəxrlə
seyr etdik.
Aydındır ki, elmsiz inkişaf ola bilməz. Ona görə də, mənim üçün, o cümlədən bütün elm adamları üçün daha bir uğur ondan ibarətdir ki, möhtərəm Prezident İlham Əliyev Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Hesab edirəm ki, bu addım elmimizin daha da inkişaf etməsinə təkan verəcək və gələcək illərdə ölkənin daha sürətli tərəqqisinə töhfə olacaq. Elmdən söz açmışkən, 2008-ci il Geologiya İnstitutunun kollektivi üçün həm də onunla yadda qaldı ki, institutun 70 illik yubileyi qeyd edildi, yubileylə əlaqədar olaraq, cənab Prezident tərəfindən 44 əməkdaşımız Prezidentin fərdi təqaüdünə, fəxri ad və medallara layiq görüldü.
İlin ən böyük uğuru isə İlham Əliyevin yenidən prezident seçilməsidir. İnanıram ki, bu uğur növbəti 5 il ərzində Azərbaycana daha böyük nailiyyətlər və sevinclər qazandıracaq, çiçəkləndirəcək və ölkəmiz regionda lider olaraq qalacaq.
Uğurlara baxmayaraq, 2008-ci ili bir təəssüf hissi ilə də başa vururuq. Bu, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın hələ də geri qaytarılmamasıdır. Lakin XX əsrin birinci yarısında Hindistan milli-azadlıq hərəkatının rəhbərlərindən biri Mahatma Qandinin bir deyimini yada salmaq istərdim: “Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir”. Fikrimcə, bu baxımdan nəzərə alsaq ki, Azərbaycan Ermənistandan qat-qat çox inkişaf edib və bu, nəinki ermənilərə, hətta, bütün dünyaya məlumdur, deməli, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin xeyrinə həll olunacağına inanmaq olar.
Bir sözlə, mən bütün dünya azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür və milli mənafelər ətrafında daim həmrəy olmağı arzulayıram. Xalqımızın həmrəylik sayəsində görəcəyi hələ çox işlər var. Yeni ildə isə Tanrıdan müstəqil Azərbaycanımızın inkişafı naminə yeni uğurlar diləyirəm.
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti,
Geologiya İnstitutunun direktoru,
akademik Akif ƏLİZADƏ
Xalq qəzeti.-2009.-1 yanvar.- S.4.