Biri vardı, biri yoxdu...
Bir kənd vardı uzaqlarda. Uşaqlıq xatirələrimin nağılı olan və yaddan çıxan deməzdim, unudulan bir kənd. Etibarsızlığın, torpağa dönüklüyün və böyük bir imperiyanın dağılması nəticəsində unudulan bir kənd...
Keçmiş SSRİ-nin sayılıb-seçilən kəndlərindən idi Ağstafa rayonunun Soyuqbulaq kəndi. Çünki həmin kənddəki “Qunduzçuluq” sovxozu birbaşa SSRİ Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Xoşbəxt idi o kəndin adamları. Səhərlər işə gedir, axşamlar evə qayıdırdılar. Bu gün xoşbəxt adam axtarışına çıxanda başa düşürsən ki, dünyada ən xoşbəxt adam elə səhərlər işə, axşamlar evə qayıdan adamlardır. Çünki onlar kimə və nə üçünsə lazımdırlar. Unudulmurlar. Unudulmurlarsa demək yaşayırlar. Yaşayanlar yaratmasalar yaşaya bilməzlər, unudularlar.
Soyuqbulağın da Rüstəm kişiləri, Yastı Salmanları, balaca İsmayılları və Cəhrə nənələri var idi. Onlar olmasaydı, kənd həyatı maraqsız olardı. Pisi yaxşıdan seçmək, keçmişi bir daha yada salıb, ötüb keçmişləri qiymətləndirmək istəsən yalnız həmin şəxslərin timsalında kəndi yada sala bilərsən. Onlar öz dünyasını, biz uşaq dünyamızı yaşadırdıq o kənddə. Qarayazı meşəsinin ətrafında salınan bu kəndin güzəranı nə qədər ağ idisə sonradan elə bil həyatına qara bir yazı yazıldı. SSRİ dağıldıqdan sonra həmişə maraqlanırdım, görəsən necədir kəndin vəziyyəti. Hansı soyuqbulaqlıdan soruşurdumsa, hamısı “kənd dağılır” deyirdi. Amma onlardan heç biri kəndin niyə dağılmasının səbəbini demirdi.
Qazax və Ağstafa rayonuna ezam olunmuşdum. Bir də nə vaxt bu bölgəyə gəlib-gəlməyəcəyimi fikirləşib, adını üzürlü səbəblərdən çəkmək istəmədiyim yoldaşlardan Soyuqbulağa getməkdə kömək etməklərini xahiş etdim. Uzun yolu qısa edib gəldik Soyuqbulağa. Kaş gəlməyəydim... Həmin kənddən əsər-əlamət yox idi. Elə bil yad bir yerdə idim. Qocalmışdı gözəl kəndim. Kəndin məktəbi ilk baxışdan “burda daha heç kim oxumur” deyirdi. Tavanı uçmuş, hasarı dağılmış məktəbin həyətində bir neçə yaşlı adam oturub söhbət edirdi. Bəlkə keçmiş xoşbəxt günlərini yada salırdılar. Yol qırağında dayanan yaşlı qadın və kişilər ümidsiz baxışlarla mənə baxırdılar. Utandım onlardan, cəsarət edib hal-əhval tuta bilmədim. İlk baxışdan hər şey məlum idi. Soyuqbulaq kəndi unutqan övladlarının etibarsızlığı ucbatından yox olmuşdu. Kənddə həyat əlaməti belə yox olmuşdu, torpağın üzünü şoran almışdı. Elə bil qar yağmışdı kənddə. Evlərin divarlarında ot bitmişdi.
Kəndin
içi ilə gəzdikcə tamam başqa mənzərə
ilə rastlaşdım. Qunduz
saxlanılan fermalar elə bil olmayıb. Gölün
qırağındakı bulaq batıb. İndi orda
qamışlıqdı. Sovxozun meyvə bağının
ağaclarını elə bil kökündən qoparıblar.
Yol qırağı boyunca əkilmiş söyüd
ağaclarından biri də qalmayıb. Əvvəllər
yük avtomobilləri, kombaynlar gedən yollar indi
cığıra dönüb. Birtəhər uşaqlıq illərimdə
şah sarayı hesab etdiyim baba yurdumu tapdım. Hansı hissləri
keçirdim, onu bir cümlə ilə yaza bilmərəm. Bəli,
şah sarayı hesab etdiyim baba yurdum sən demə, kiçik
bir koma imiş. Yaşlı bir qadından uşaqlıq
dostlarımı soruşdum. Sürücü Tahirin oğlu
Namiqdən başqa hamısı kəndi tərk ediblər.
Namiq isə yataq xəstəsidir. Mən onun
yaşadığı evə getmədim. Ona görə getmədim
ki, saymamazlıq etdim. Onu həmişə ayaq üstə, dəliqanlı,
ərkəsöyün bir oğlan kimi tanıyırdım.
İstədim xatirəmdə elə o cür də qalsın.
Həm də mənə elə gəldi ki, Namiqin xəstələnməsinin
birinci səbəbkarı elə mənəm. Və mənim
kimi unutqanlar. O birilərini həm qınayıram, həm də
qınamıram. Qadının sözlərindən başa
düşdüm ki, onlar bir daha bu kəndə
qayıtmayacaqlar.
Deməli bu kənddə bir
daha sazlı-zurnalı toylar olmayacaq. Gəlin meydanında kənd
igidləri güləşməyəcək. Kəndin gənc
ziyalısı hesab olunan Dövlət müəllim səhərlər
məktəbə gedəndə, onu sevən, bu barədə
qorxusundan heç kimə deməyən o “qız” meyvə
bağında sevdiyi oğlanın arxasınca baxıb
ağlamayacaq. Briqadir Əmirxan sosialist yarışmasında
qalib gəlməyəndə, onun qızı Qulay
atasının hayıfını həyətlərindəki
toyuq-cücədən çıxmayacaq. Briqadir
İrvahamın oğlu “dəli” Şöhrət
özünü hind kinolarının qəhrəmanlarına
oxşatmayacaq. Şərə nənə
yağışlı-leysanlı bir gündə, oğlu
İskəndərdən xəbərsiz nəvəsi 13
yaşlı Şadlıq üçün siqaret almağa getməyəcək.
Traktorçu Rəsulun oğlu Aydınla dalaşanda meskom
Rüstəmin qızı Arzu məni müdafiə etməyəcək.
Kəndin bugünkü mənzərəsini seyr edəndə,
başa düşdüm ki, bu hadisələr bir daha təkrar
olunmayacaq. Çünki dünən reallıq olub, bu gün
xatirələrə dönən zamanı geri qaytarmaq
mümkün deyil. Zamanla ayaqlaşmaq üçün isə
artıq bu kənddə elə bir qüvvə yoxdur.
Yaxınlaşdım uşaq
vaxtı gündə bir neçə dəfə çimdiyim
arteziana. İndi həmin artezian deyildi. 30 il əvvəl gur
suyu olan bu quyudan indi demək olar ki, su gəlmirdi. Bir oğlan
uşağı mənə yaxınlaşıb “əmi,
içmə bu
Məni
bağışla, Soyuqbulaq kəndim. Babalardan-nənələrdən
bizlərə ərmağan olan kəndim. Mən sənin bərəkətli
tarlalarının məhsulu ilə böyüdüm. Mən sənin
“Qara su” gölündə çimib, arteziandan su içib
boya-başa çatdım. Amma səni unutdum. Halal edin mənə
çəkdiyiniz zəhməti, kəndimizin zəhmətkeş
insanları. Mən heç bir vaxt sizin qarşınızda
unutqanlıq günahımı yuya bilməyəcəyəm.
Bəlkə də mənə bir də sizə qonaq gəlmək
qismət olmayacaq. Amma ümid edirəm və tam əminəm
ki, bir gün gələcək, Soyuqbulaq yenidən dirçələcək.
Qayıdacaq biz unudulanların unutmayan balaları unudulan kəndlərinə.
Yenə səhərlər işə, axşamlar evə qayıdacaqlar.
Müstəqil Azərbaycanın Soyuqbulaq kəndinə. Və
burda yeni nağıl başlayacaq... Biri vardı, biri yox...
AZƏR
Xalq qəzeti.-2009.-1 yanvar.- S.5.