Güclü dalğalar ucuz enerji mənbəyidir
Su hövzələrində yaranan dalğaların gücündən istifadə etməklə elektrik enerjisi alınması ideyası çoxdan özünü doğruldub və bu sahədə hazırda da bir sıra ölkələrdə tədqiqat işləri aparılır. Müşahidələrə əsaslanaraq demək olar ki, açıq dəniz və ya okeanlarda dalğaların gücü çox olur və sahilə yaxınlaşdıqca həmin güc xeyli zəifləyir. Ona görə də dalğa elektrik stansiyaları əsasən üzən qurğular üzərində quraşdırılır. Yaponiyada üzən platforma üzərində quraşdırılmış və 1978-ci ildə işə salınmış dalğa elektrik stansiyasını buna misal göstərmək olar. Belə elektrik stansiyalarda elektrik enerjisinin sahilə ötürülməsi və ya akkumulyasiyası bir sıra çətinliklər yaradır. Bu səbəbdən də su hövzələrində yaranan dalğa enerjisinin çox böyük potensiala malik olmasına baxmayaraq onlardan geniş istifadə edilmir.
Elmi ədəbiyyatlarda su hövzələrində dalğaların yaranma səbəbləri kimi küləyin, qabarmaların, zəlzələlərin, sualtı vulkan püskürmələrinin, atmosfer təzyiqinin kəskin dəyişməsi göstərilir. Zənnimcə, bu səbəblərdən başqa, öz xüsusiyyətləri ilə onlardan xeyli fərqlənən digər səbəblər də mövcuddur. Bu, su hövzələrində baş verən özünü təmizləmə prosesidir. Su hövzələrində hər hansı bir səbəbdənsə “çirklənmə” yarandıqda, yəni su mühitinə yad maddə daxil olduqda özünü təmizləmə mexanizmi işə düşür və nəticədə güclü dalğalar yaranır. Bu dalğalar yad maddəni də sahilə atmağa çalışır.
Su hövzələrində gedən bu proses elmi ictimaiyyətə çoxdan məlumdur. Neft tankerlərində və dənizlərdə olan neft quyularında baş verən qəzalar nəticəsində tonlarla xam neftin və ya neft məhsullarının su hövzələrini çirkləndirməsi faktlarını çox saymaq olar. Bu qəzalar nəticəsində su üzərinə yayılan və kvadrat kilometrlərlə sahəni əhatə edən neft təbəqələrinin bir neçə gündən sonra yoxa çıxdığı dəfələrlə müşahidə olunmuşdur.
Özünü təmizləmə prosesinin mövcudluğuna və bu proses baş verərkən dalğaların yaranmasına əmin olmaq üçün Xəzər dənizinin “Nabran” istirahət zonası sahilində müşahidə aparmaq kifayətdir. Xəzərin Nabran sahillərində özünü təmizləmə prosesi tez-tez baş verir. Bəzən havanın tam sakit olduğu (ağacların yarpaqlarının belə tərpənmədiyi) vaxlarda dənizdə güclü dalğalar olur. Həmin vaxt dəniz iki rəngdə — sahildən müəyyən məsafəyədək sarımtıl, dənizin ortalarına doğru isə mavi rəngli olur. Belə bir mənzərə o zaman baş verir ki, həmin zonaya yaxın Quba və ya Qusar rayonları ərazilərindəki dağlarda leysan yağışlar yağır. Güclü yağışlar nəticəsində dağ çayları özləri ilə dənizə çoxlu lil və çay daşları gətirir. Dəniz lil və çay daşlarını yad maddə kimi qəbul etmir və özündən uzaqlaşdırmağa çalışır. Güclü dalğalar həmin “yad” maddələri sahilə atmayınca dəniz sakitləşmir.
Bütün bu qeyd olunanlar onu sübut edir ki, su hövzələrində süni şəkildə dalğa yaranmasına nail olmaq mümkündür. Belə ki, lokal şəkildə müəyyən bir ərazidə (sahilə yaxın) dəf olunması mümkün olmayan çirklənmə yaratmaqla daimi dalğa yaranmasına nail olmaq və həmin dalğaların qarşısında turbinlər yerləşdirməklə elektrik enerjisi hasil etmək mümkündür.
Qeyd etmək lazımdır ki, su hövzələrində yaranan dalğalar təkcə mexaniki təmizləmə həyata keçirmir, eyni zamanda, bioloji təmizləmə prosesini də yerinə yetirir. Belə ki, həmin dalğalar nəticəsində suda oksigen atomu, oksigenin iki (atmosfer havasında olan) və üç (ozon) atomlu molekulları yaranır. Ozon qazı dezinfeksiyaedici xassəyə malikdir və su hövzəsinə hər hansı bir səbəbdən düşən mikrobları zərərsizləşdirir. Su hövzələrində ozon qazının yaranması çoxdan məlumdur və həkimlərin nəfəs yolu xəstəlikləri olan adamlara dəniz havası məsləhət görmələri təsadüfi deyildir. Hətta bir çox inkişaf etmiş ölkələrdə əhaliyə verilən içməli su ozon qazı vasitəsilə (bizim respublikamızda isə xlorla) bioloji təmizlənir.
Su hövzələrində yaranan dalğalar nəticəsində atmosfer havasında oksigenin miqdarı sabit qalır. Belə ki, müxtəlif ölkələrdə aparılmış çoxsaylı müşahidələrin nəticələri göstərir ki, gündən-günə oksigen istehlakının artmasına baxmayaraq onun atmosferdəki miqdarı dəyişmir. Deməli, oksigenin atmosferdəki miqdarını tənzimləyən bir mənbə mövcuddur. Orta məktəbdə aldığımız informasiyalara əsaslanaraq bu mənbənin günəş şüaları təsiri ilə bitki yarpaqlarında baş verən fotosintez prosesi olduğunu qəbul etsək, onda oksigen istehlakının artması ilə bərabər onun artmosferdəki miqdarının dəyişməz qalması üçün bitki örtüyünün miqyası artmalı idi. Lakin məlumdur ki, bitki örtüyünün miqyası nəinki artmır, hətta yeni sənaye mərkəzlərinin yaranması ilə əlaqədar olaraq gündən-günə azalır. Digər tərəfdən, atmosferdəki oksigenin miqdarının tənzimlənməsi mənbəyi fotosintez prosesi olsaydı, onda qış mövsümündə (həmişəyaşıl ağaclardan başqa) ağaclar yarpaqlarını tökdüyü üçün atmosferdə oksigen qıtlığı yaranmalı idi. Bundan başqa, gecələr günəş olmadığı üçün fotosintez prosesi də getmir. Buna baxmayaraq gecələr oksigen qıtlığı baş vermir.
Bütün bu deyilənlər onu sübut edir ki, bitki aləminin atmosferdəki oksigen miqdarının tənzimlənməsində müəyyən qədər rolu olsa da, o əsas mənbə ola bilməz. Belə olduqda həmin mənbənin harada olması sualı yaranır. Həmin suala cavab vermək üçün yenidən müxtəlif ölkələrdə aparılmış müşahidələrin nəticələrinə müraciət etmək lazım gəlir. Həmin müşahidələrin nəticələri göstərir ki, ən təmiz (oksigenlə zəngin) hava məhz okeanlar və dənizlər üzərindəki atmosfer havasıdır. Bu isə atmosfer havasındakı oksigen miqdarının tənzimlənməsi mənbəyinin su hövzələri olmasını sübut edir. Deməli, su hövzələrində baş verən özünü təmizləmə prosesi suyun mexaniki və bioloji təmizlənməsini həyata keçirməklə bərabər, həm də atmosferdəki oksigenin miqdarını tənzimləyir.
Yuxarıda qeyd etdik ki, dənizə çaylardan çay daşı daxil olan kimi özünü təmizləmə mexanizmi işə düşür və həmin daşlar sahilə atılır. Elə qeyd olunan prosesin nəticəsidir ki, hazırda Xəzərin “Nabran” istirahət zonası ərazisində uzunluğu kilometrlərlə ölçülən, eni təxminən 10 metrə, hündürlüyü isə 3 metrə çatan çay daşları ilə qalaqlanmışdır. Bu hündürlük gündən-günə artır və dənizin yad hesab etdiyi çay daşlarını sahilə atması çətinləşir. Sahilə atılan daşlar qalaqlanmış daşların hündürlüyünü aşa bilməyərək yenidən dənizə qayıdırlar. Bu isə dənizin yenidən coşmasına və daha böyük dalğalar yaratmasına səbəb olur. Qeyd etmək lazımdır ki, bu daşlar inşaat materialı olan çınqıl istehsalında xammaldır və Nabran ərazisindəki daşların ehtiyatı respublika üçün bir neçə on illiyə kifayət edər. Halbuki, bu məqsədlə bəzi çay yataqlarında çınqıl istehsalı müəssisələri fəaliyyət göstərir və xammal kimi həmin çayların daşından istifadə olunur. Çaylardan daşların böyük həcmdə daşınması isə bu çaylarda ekoloji tarazlığı pozur və oradakı canlıların (əsasən də balıqların) həyatı üçün təhlükə törədir. Belə ki, çaylarda yaşayan canlılar öz kürülərini bu daşların altında qoyur, güclü sel gələn zaman isə bu daşların arxasında gizlənməklə sel sularından qorunur.
Əks halda güclü sel suları onları ya dənizə aparıb tökür, ya da daşlara
çırparaq məhv
edir. Bu isə çayların faunasının məhvinə
səbəb olar. Ona görə də çınqıl istehsal edən müəssisələrin Xəzər
sahili “Nabran” ərazisindəki daşlardan
istifadə etmələri
daha məqsədəuyğundur.
Belə olarsa, həm dəniz sakitləşər və
istirahət üçün
əlverişli şərait
yaranar, həm də çaylarda yaşayan canlıların
həyatı üçün
gözlənilən təhlükə
xətərsiz sovuşar.
Ramiz MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft
Akademiyasının dosenti, texnika
elmləri namizədi
Xalq qəzeti.-2009.-1 yanvar.-S.5.