Ədəbi dilin yaradıcılıq nizamnaməsi

 

Yola saldığımız ildə işıq üzü görmüş ən dəyərli nəşrlərdən biri “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” dərs vəsaitidir. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti Mahmud Mahmudovun çoxillik elmi-nəzəri axtarışlarının və təcrübi fəaliyyətinin məhsulu olan bu nəşr Azərbaycan dilinin dövlət dili kimi ali statusunun təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi zərurətini yüksək səviyyədə cavablandırmışdır.

Tanınmış mətbuat nəzəriyyəçisi Azərbaycanda ali jurnalistika təhsilinin 80 illiyinə həsr etdiyi bu fundamental nəşrin məramını kitabın titul səhifəsində belə açıqlamışdır: “Müəllifin həyatdakı müqəddəs arzularından biri, bəlkə də birincisi, Azərbaycan dilinin gözəllik və ifadə — imkan zənginliyinin bütün dolğunluğu ilə üzə çıxarılmasıdır”.

Azərbaycan ədəbi dili və onun üslubları XX əsrdə millətsevər yazarların, alimlərin, siyasi və dövlət xadimlərinin əsərlərində, anadilli əbədiyyatımızda və jurnalistikamızda, teatr və kinomuzda formalaşmışdır. Uzun illər canlı ədəbi redaktə prosesində Azərbaycan dili qrammatikasının normaları və sistemləşdirilmiş orfoqrafiya qaydaları əsas götürülmüşdür. Düzgün yazı qaydalarının ədəbi redaktə prinsipləri kimi sistemləşdirilməsi, nəşr və yayım prosesində tətbiqi daha çox jurnalistika nəzəriyyəçilərinin adı ilə bağlıdır. Azərbaycanda ali jurnalistika təhsilinin təşkil edildiyi dövrlərdən onlar bu sahənin zəruri fənlərindən biri olan ədəbi redaktəni nəzəri və təcrübi şəkildə öyrənməyə və öyrətməyə başlamışlar. Ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetinin professoru, mərhum Tofiq Rüstəmov əldə edilmiş nəzəri-təcrübi bilikləri “Ədəbi redaktənin əsasları” adlı ilk dərslikdə ümumiləşdirmişdir. 30 ildən artıq bir müddətdə bu dərslik jurnalist tələbələrin, KİV işçilərinin stolüstü kitabı olmuşdur.

Ədəbi dilimizin hərtərəfli inkişafı ötən illərdə redaktə nəzəriyyə və təcrübəsini də zənginləşdirmiş, redaktə prosesinin bir sıra incə məqamlarını üzə çıxarmışdır. Mahmud Mahmudov BDU-nun jurnalistika fakültəsində bu fənni tədris edən alim-pedaqoq kimi ədəbi redaktənin tələb və prinsiplərinə dair nəzəri-təcrübi bilikləri bir məcraya yığaraq ədəbi dildən normal istifadə baxımından yenidən sistemləşdirmiş və nəhayət, “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” adı ilə çap etdirmişdir.

Kitabın annotasiyasında bu nəşr oxuculara belə təqdim olunur: “Dərs vəsaitində ədəbi redaktənin metodikası, ona verilən başlıca tələblər müasir elmi-nəzəri fikrin işığında və əməli materiallarla bağlı şəkildə araşdırılıb. Kitab ilk növbədə, jurnalist ixtisası üzrə kadr hazırlayan ali məktəblərin müəllim və tələbələri, informasiya vasitələri işçiləri üçün nəzərdə tutulsa da, həmçinin səlis üslubda yazmağa, fikrini rəvan ifadə etməyə çalışan, dilimizin ifadə imkanlarının, gözəlliyinin təəssübünü çəkən oxucular üçün də gərəklidir”.

Azərbaycanın dövlət müstəqilliyi ilə əlaqədar hər bir kəsin mətbuat azadlığından sərbəst istifadə imkanı əldə etməsi, kütləvi informasiya vasitələrinin sayının dəfələrlə çoxalması, təəssüf ki, ədəbi dil normalarının geniş pozulması ilə müşayiət olunmuşdur. Bu, bir çox halda ondan irəli gəlmişdir ki, yeni yaranan dövri nəşrlərdə, teleradio şirkətlərində çalışanlar ədəbi dil normalarına, ədəbi redaktə prinsiplərinə o qədər də bələd olmayan adamlar olmuşdur. Nəticədə, jurnalistika janrlarının tələbləri bir yana, adi yazı və danışıq qaydaları kobud şəkildə pozulmuş, ana dilinin təbiətinə ağır zərbələr dəymişdir. Ana dilinə bütün varlığı ilə bağlı ziyalıların, dil-üslub, redaktə üzrə mütəxəssislərin çaldığı həyəcan təbili müəyyən qədər öz təsirini göstərmişdir. Lakin kütləvi yayım vasitələrində ana dilinin və jurnalistikanın tələbləri yenə də pozulur.

Heç şübhəsiz, ana dilli jurnalistikamızda “dil-üslub intizamı” yaratmaq üçün hər bir redaktor və yazar zəruri redaktə biliklərini mənimsəməli və bu tələblərə ciddi əməl etməlidir. Bu baxımdan Mahmud Mahmudovun “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” kitabı ana dilinin kütləvi auditoriyalarda yüksək səviyyədə, düzgün və səlis ifadə olunması, səslənməsi prosesini tənzimləyən nizamnamə, qayda və təcrübə toplusudur.

Nəşrin redaktoru, Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitaba yazdığı geniş ön sözdə müəllifin çətin və gərəkli işin öhdəsindən bacarıqla gəldiyini, jurnalistika cəbhəsi üçün çox dəyərli bir vəsait hasilə gətirdiyini qeyd etmişdir: “Mahmud Mahmudov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və təcrübəsi məsələlərindən mühazirələr oxuyur, seminarlar aparır, televiziya kanallarında çıxış edir, nəşriyyatlarda kitabları, mətbuat orqanlarında sanballı məqalələri dərc olunur. Eyni zamanda, bu işin əməli məsələləri ilə də ardıcıl şəkildə məşğul olur. Özünün dediyi kimi, ədəbi redaktə, artıq onun ”yaradıcılıq həyatına" çevrilib və əməyinin bəhrələri də göz önündədir...

Mövzuya dərindən bələdlik bu kitabda məsələlərin qoyuluşunda da özünü göstərir. Müəllif həmin sahəyə dair bəzi elmi-nəzəri ədəbiyyatı, metodik tövsiyələri xatırladır, ədəbi redaktənin qarşısına qoyulmuş məqsəd və vəzifələrdən, onun metodikasından, başlıca prinsiplərindən, ayrı-ayrı sahələr üzrə redaktənin özünəməxsus xüsusiyyətlərindən, uğur və qüsurlardan söhbət açır. Haqlı olaraq göstərir ki, dilimizə, onun saflığının və gözəlliyinin qorunmasına dövlət qayğısının get-gedə artdığı bir şəraitdə mətbuatda, kitablarda, ekran və efirdə Azərbaycan ədəbi dilinin normalarına məhəl qoyulmaması yolverilməzdir və bunun qarşısı hökmən alınmalıdır. Necə, hansı yollarla? Dərs vəsaitində bu suallara da cavab tapmaq mümkündür".

Müəllif özü isə kitabın ön sözündə göstərir ki, redaktorluq xüsusi qabiliyyət, istedad, peşəkarlıq tələb edən fəaliyyət sahəsidir. Bu zəruri keyfiyyətlər həvəs və peşə sevgisi ilə yanaşı, zəruri bilik və vərdişləri qazanmaq yolu ilə formalaşır, cilalanıb kamilləşir. Dilin inkişafına və zənginləşməsinə dövlət qayğısı, xalqımızın öz ana dilinə dərin sevgisi və bağlılığı, ziyalıların dil proseslərinə həssas münasibəti tələb edir ki, ədəbi redaktənin tələbləri daha geniş dairəyə çatdırılsın, onun tələblərinə hamılıqla əməl olunsun.

Mahmud Mahmudov kitabın əsas bölmələrində ədəbi redaktənin məqsəd və vəzifələrini, əsas prinsiplərini açıqlayır, onun məntiqi təfəkkürlə bağlılığını nəzərdən keçirir, əlyazmanın mövzu, forma, məzmun, dil və üslub baxımından qiymətləndirilməsi meyarlarından, əsas düzəliş qaydalarından söhbət açır. Bunlar redaktəyə dair nəzəri bilikləri əhatə etdiyindən, sonrakı bölmələrdə müəllif daha çox təcrübi məsələlərdən danışır, yazar və redaktorların diqqətini ədəbi redaktənin ən mühüm məqamlarına yönəldir. “Nəyi, niyə və necə düzəltmişik”, “Mətbu materiallarından”, “Səda və əks-səda” adlı bölmələrdə Mahmud müəllim bir sıra səciyyəvi dil və üslub xətalarına nəzər salır, konkret faktlar əsasında düzgün redaktə əməliyyatının incəliklərini açıb göstərir.

Öz mülahizə və qənaətlərinin davamı olaraq müəllif ana dilimizin yad təsirlərdən və öz qəsdlərimizdən qorunması ilə bağlı ayrı-ayrı peşə sahiblərinin, xüsusilə dilçi, ədəbiyyatçı və jurnalistlərin dərin narahatlığını ifadə edən mətbu yazıları ayrıca bir bölmədə oxucuya təqdim edir. “Nəticə” bölməsində isə Mahmud Mahmudov hər bir yazarı ana dilimiz və oxucular qarşısında məsuliyyəti dərindən anlamağa, “mənəvi terror”a qarşı ayıq-sayıq olmağa çağırır.

Jurnalistikanın hüquqi-normativ yönləri, dövlətin dil siyasəti, orfoqrafiya və terminologiya, ədəbi redaktə məsələləri ilə birbaşa və ya dolayısı ilə bağlı olan “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunları da müəllifi kitaba əlavə etməyi vacib bilmişdir. Şübhəsiz, ədəbi redaktədə dil-üslub normaları ilə yanaşı, bu qanunların da tələblərinin gözlənilməsi zəruridir.

Kitaba BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədov və müəllimi Ayaz Mehdiyev rəy vermişlər. Nəşrin buraxılışına AzərTAc-ın baş direktor müavini Dağbəyi İsmayılov məsul olmuşdur. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin və Azərbaycan Dövlət İnformasiya Agentliyi əməkdaşlarının birgə zəhməti, səyi ilə işıq üzü görmüş bu kitab yola saldığımız ildə jurnalistlərimizə layiqli hədiyyədir. İnanırıq ki, yeni ildə bu kitabda səslənən tələblər KİV-də ana dilimizin saflığının, qaydalarının qorunmasına sanballı kömək göstərəcək.

Milli jurnalist kadrlarının bütöv bir nəslinin müəllimi olmuş filologiya elmləri namizədi, dosent Mahmud Mahmudovun çoxillik tədqiqatlarının, zəngin təcrübəsinin məhsulu olan “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” kitabı ana dilimiz və KİV sahəsində qanunlarla yanaşı, ədəbi dil yaradıcılığında ən mühüm norma və qaydaları, tələbləri əks etdirdiyinə görə hər bir yazarın stolüstü kitabları sırasında yer almağa layiqdir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2009.-1 yanvar.-S.7.