Əli bəy Hüseynzadənin seçilmiş
əsərləri çap
edilmişdir
2008-ci ilin son günlərində ilk dəfə olaraq Çaşıoğlu nəşriyyatında Əli bəy Hüseynzadənin seçilmiş əsərləri iki cilddə çap olunmuşdur. Birinci cild 580 səhifə, ikinci cild isə 496 səhifədir.
Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində türk dünyasının yetişdirdiyi nəhəng ictimai-siyasi və ədəbi şəxsiyyətdir. Onun geniş miqyasda şöhrət qazanmasının əsas səbəbi yalnız Azərbaycanın deyil, bütün türk dünyasının həyatı, azadlığı haqda dediyi “böyük həqiqətlər” idi. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, avropalaşmaq” məramı bəşər təfəkkür xəzinəsinin çox dəyərli hissəsini təşkil edir.
Əli bəy Hüseynzadənin əsərlərini mərhum alimimiz, klassik publisistikamızın təmənnasız və istedadlı tədqiqatçısı kimi tanınan Ofeliya Bayramlı transliterasiya tərtib etmiş, kitaba müqəddimə yazmış, şərh və izahlar vermişdir. Kitabın elmi məsləhətçisi akademik Bəkir Nəbiyevdir.
Redaktor və kitabda verilən farsca şeir və nəşr parçalarını Azərbaycan dilinə Çingiz Sasani çevirmişdir.
Birinci cildin əvvəlində Ofeliya Bayramlının “Görkəmli fikir dühası” adlı müqəddiməsi, daha sonra O.Bayramlıınn, Ə.Mirəhmədovun, Y. Qarayevin məqalələri və Əli bəy Hüseynzadənin siyasi publisistikaya aid əsərləri çap olunmuşdur.
İkinci cilddə Əli bəy Hüseynzadənin müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, məqalələr çap olunmuşdur.
Əli bəy Hüseynzadənin ilk dəfə iki cilddə çap olunan seçilmiş əsərləri Əli bəy Hüseynzadə yaradıcılığını araşdıran mütəxəssislərə
və oxuculara mərhum alim Ofeliya Bayramlının töhfəsidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-1 yanvar.-S.7.