2008-ci ilin ən yaxşı idmançısı
Pekin Olimpiadasının
qəhrəmanı Elnur
Məmmədli Yeni ili böyük qürur hissi ilə qarşılayır
Başa çatmaqda olan 2008-ci il iyunun 19-da cəmi 20 yaşı tamam olmuş cüdo ustası Elnur Məmmədlinin hələ çox gənc həyatında olduqca əlamətdar bir il kimi yadda qalacaq. Avqustun 11-də Pekin tatamisi üzərində birnəfəsə qazandığı XXIX Yay Olimpiya Oyunlarının qızıl medalı təkcə çempionun özünə, məşqçisinə, valideynlərinə, yaxınlarına və dostlarına deyil, hər bir azərbaycanlıya, ölkəmizin hər bir vətəndaşına hədsiz sevinc və qürur hissi yaşatdı.
İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Elnurun dünyanı heyrətə gətirən böyük qələbəsi heç vaxt unudulmayacaq. Bu gün, olimpiya ilinin finişində Məmmədlinin heyrətamiz ustalığı sayəsində rəqiblərini də, on minlərlə tamaşaçını da, cüdoda saç-saqqal ağartmış bir-birindən nüfuzlu mütəxəssisləri də heyran qoyan tarixi nailiyyətini bir daha gözlərimiz önündə canlandırdıqda XXIX Olimpiadanın cüdo turnirinin 73 kq çəki dərəcəsində qızıl medalının məhz Azərbaycana gətirilməsində təəccüblü heç nə görmürük.
Elnur kimi, onun rəqibləri də Çin Xalq Respublikasının paytaxtına səfərə hazırlaşarkən qarşılarına olimpiya fəxri kürsüsünə yüksəlmək, hətta çempion zirvəsini fəth etmək kimi çox ciddi bir məqsəd qoymuşdular. Əlbəttə ki, onlar belə yüksək iddia və böyük arzularla yaşayarkən öz qüvvələrinə, ustalıqlarına ümid edirdilər. Lakin Azərbaycan idmançısının bir göz qırpımında qazandığı beş inamlı qələbə rəqiblərin bütün ümidlərini alt-üst etdi.
Elnurun böyük məharətlə yerinə yetirdiyi ippon fəndi qarşısında heç kim davam gətirə bilmədi. Həmvətənimiz ağır sınaq meydanında onu böyük şöhrətə aparan yolda Belçika, Belarus, KXDR, İran təmsilçilərinə, finalda isə Cənubi Koreyadan olan rəqibinə heç bir ümid yeri qoymadı. Həlledici görüşdə qazanlıan qələbə isə nəyə desən dəyərdi! Azərbaycan bahadırı bu görüşdə öz üstünlüyünü cəmi 13 (!) saniyə ərzində sübuta yetirdi. Bu, bütün cüdo aləmini heyran qoyan misli görünməmiş nailiyyət idi. Pekinin əzəmətli idman sarayında möhtəşəm qələbənin müəllifini birinci olaraq Azərbaycan Respublikasının Prezidenti, ölkəmizin Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin təbrik etməsi isə ikiqat əlamətdar hadisəyə çevrildi.
Bu qələbə bütün Azərbaycanın ürəyindən olan əsl qəhrəmanlıq nümunəsi idi. Zarafat deyil, Olimpiya qızılının taleyinin həll olunduğu final görüşü ani bir halda başa çatmışdı. Həmin gün təkcə Elnur Məmmədlinin sevimli vətənində yox, dünyanın bir çox ölkəsində hamı bu görüş haqqında, hətta bitərəf idman həvəskarlarının da qəlblərini riqqətə gətirən ağlasığmaz qələbə barəsində ürəkdolusu danışdı. Başqa cür ola da bilməzdi. Axı, gözəllik həmişə tamaşaçıda rəğbət hissi oyadır. Elnur da çox gözəl güləşmiş və rəqibinə göz açmağa imkan verməmişdi. Bütün incəliklərinə dərindən bələd olduğu və görüş başlayan kimi mükəmməl yerinə yetirdiyi ippon fəndi öz kəsərli sözünü demiş koreyalı finalçı Vanq Kiçumu da, tamaşaçıları da, az qala bütün həyatları tatami üzərində keçmiş mütəxəssisləri də mat qoymuşdu.
Bu böyük qələbədən sonra tribunaları tamaşaçı ilə dolu idman sarayında neçə-neçə ölkənin nümayəndələri Elnurun olimpiya çempionluğu şərəfinə səsləndirilən müstəqil Azərbaycan Respublikasının dövlət himnini dinlədilər, milli bayrağımızın alqışlar altında yüksəyə qaldırıldığını böyük maraq və xoş bir həyəcanla seyr etdilər.
Qısa bir vaxtda Azərbaycan idman məktəbinin ən görkəmli yetirmələrindən birinə çevrilmiş Elnur Məmmədli son illər tatami üzərində keçdiyi şanlı yol və qazandığı böyük uğurlarla haqlı olaraq fəxr edə bilər. 2006-cı il Avropa çempionatının qalibi, 2007-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatının gümüş mükafatçısı 2008-ci ildə Pekində XXIX Yay Olimpiya Oyunlarının çempionu olmağı da bacardı!
Olimpiya qızıl medalı mərd həmvətənimizi bir andaca bütün dünyaya tanıtdı. Doğrudan da, Olimpiya oyunlarını heç də əbəs yerə yarışların şahı, dünyanın ən ali idman məclisi adlandırmırlar.
Təbii ki, 2008-ci ili özü üçün dünyanı heyrətə gətirən böyük qələbə ilə əlamətdar edən, yüksək ustalığı və əsl döyüşçü keyfiyyətləri sayəsində indi Olimpiya oyunlarının çempionu kimi çox şərəfli bir ad daşıyan cüdoçu vətənində ilin ən yaxşı idmançısı seçilməyə bilməzdi. Respublika Gənclər və İdman Nazirliyinin mütəxəssisləri 2008-ci ildə Azərbaycanın ən yaxşı on idmançısını müəyyənləşdirərkən siyahıya məhz Elnur Məmmədlinin başçılıq edəcəyi heç kimdə şübhə doğurmurdu. Çünki idmanda olimpiya çempionu adından yüksək və şərəfli bir ad yoxdur.
Elə çempionun məşqçisi, milli komandamızın baş məşqçisi Ağayar Axundzadənin də 2008-ci ildə Azərbaycanın ən yaxşı məşqçisi kimi təbrikləri qəbul etməsi də təcrübəli mütəxəssisin gərgin və məqsədyönlü əməyinin bəhrəsidir.
Pekin Olimpiadasının azərbaycanlı qəhrəmanının unudulmaz qələbələri Avropa Cüdo İttifaqı tərəfindən də layiqincə qiymətləndirilmişdir. Qitənin tatami ustalarının bu ali təşkilatının Elnur Məmmədlini 2008-ci ildə Avropanın ən yaxşı cüdoçusu hesab etməsi onun yüksək ustalığının etirafıdır.
Bir sözlə, yola salmağa hazırlaşdığımız il gənc həmvətənimizin həyatında xüsusi yer tutacaqdır. Lakin Olimpiya çempionu, 2008-ci ildə Azərbaycanın ən yaxşı idmançısı və Avropanın ən güclü cüdoçusu artıq fəth etdiyi zirvə ilə kifayətlənmək fikrində deyil. İndi o, həyatının ən parlaq səhifəsi olan 2008-ci ildə baş verənləri, keçdiyi yolu xatırlayarkən və gələcək üçün planlar qurarkən dövlətimizin insan həyatının mühüm tərkib hissəsi kimi gündəlik qayğı ilə əhatə etdiyi idmanda yeni- yeni qələbələr qazanmaq və gündən-günə beynəlxalq aləmdə nüfuzu artan Azərbaycan Respublikasının əsl idman ölkəsinə çevrildiyini növbəti uğurları ilə bir daha təsdiq etmək əzmindədir.
Elnur Məmmədlinin bu günlərdə keçirilmiş Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin V hesabat-seçki Baş Məclisində öz çıxışında dövlətimizin başçısı, MOK-un prezidenti cənab İlham Əliyevə müraciətlə dediyi aşağıdakı sözlər də olimpiya çempionumuzun artıq astanasında dayandığımız yeni ildə və sonrakı dövrdə ölkəmizin idman ictimaiyyətini, bütün xalqımızı yeni qələbələrə sevindirməyə hazırlaşdığını göstərirdi:
— Möhtərəm cənab Prezident, Pekində yarışda çıxış edəndə Sizin tribunada tamaşaçılar arasında olmağınız mənə sanki güc və qüvvət verdi, özümə olan inamımı artırdı. Mən yalnız qələbə haqqında fikirləşirdim. Qalib gəlmək mənim borcum idi və sevinirəm ki, bu borcumu yerinə yetirdim və bildiyiniz kimi, cənab Prezident, 2008-ci ildə məni ən güclü cüdoçu seçdilər.
Deyirlər, Olimpiya çempionu adını qorumaq, onu qazanmaqdan çətindir. Bu adı qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Sizə söz verirəm ki, iki yox, üç dəfə Olimpiya çempionu olacağam.
2006-cı ilin Avropa çempionu, 2007-ci il dünya çempionatının gümüş medalçısı, 2008-ci ilin Olimpiya çempionu, başa çatmaqda olan ildə Azərbaycanın ən yaxşı idmançısı və Avropanın ən güclü cüdoçusu Elnur Məmmədlinin böyük qürur hissi ilə qarşıladığı 2009-cu ili də öz idman həyatında unudulmaz bir səhifəyə çevirəcəyinə bizim də inamımız böyükdür. Gənc çempionumuzun son illər sevincini yaşadığı bir-birindən sanballı qələbələr, xüsusən də ikiqat, üçqat Olimpiya çempionu adını qazanmaq əzmində olması onun istedadının saysız-hesabsız pərəstişkarlarına gələcəyi böyük nikbinliklə gözləməyə əsas verir.
Başa çatmaqda olan ildə tarixi qələbəsi ilə bütün həmvətənlərini ürəkdən sevindirmiş yenilməz Azərbaycan cüdoçusu ölkəmizin xəzinəsinə çox qiymətli bir sərvət bəxş etmişdir. Bu hünərinə görə Elnura bir daha minnətdarlığımızı bildirək və yeni il üçün ona ən xoş arzularımızı çatdıraq.
Oqtay BAYRAMOV
Xalq qəzeti.-2009.- 1 yanvar.- S.8.