Yeni il gülüşü

 

Adamın gərək ağlı olsun...

 

Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayamazsan. Gərək ağlın olsun düşünəsən ki, ayə, necə olur sənin də iki əlin–ayağın, bir başın, iki qulağın və s. var, o birilərinin də. Necə olur ki, o birilər cah-cəlal içində yaşayır, sən həmişə lüt-üryansan, qəpiyə güllə atırsan? Belə çıxır ki, o birilərinin ağlı var, yəni sənin kimi ağılsız deyil. A kişilər, heç ola bilməz ki, ağıllı adamın pulu-parası olmasın! Ağıl deyilən şey ki var, gələk o mütləq adamda olsun. Olmadı ha, batdın!

Lap uşaqlıqdan əlimə pul düşən kimi, gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə pis fikirlər gəlməsin, uşaq siz deyən şeylərə pul xərcləməz. Deməyim odur ki, gedib xırda-xuruş alırdım, o biri gün də xoşuma gəlmirdi, atırdım bir kənara. Bu xasiyyətlə böyüdüm, gözümə yaxşı nə göründüsə, lazım oldu-olmadı aldım. Yekə kişi oldum, ağlım başıma gəlmədi ki, gəlmədi. Nəyə görə?

Deyin görüm, adam da nağd pulunu əlindən verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik! Amma mən o vaxt nağd pulumu aparıb qoymuşdum özəl bir banka. Özü də nə qədər olsa yaxşıdır? Altmış min manat! İllər keçib, oturub sevinə-sevinə gözləmişəm ki, başqa ölkələrdə olduğu kimi banka qoyduğum pulun faizi də üstünə gələcək, gedib maşın alacam, villa tikdirəcəm, dünyanı gəzəcəm. “Sən saydığını say, gör fələk nə sayır”. Səhərdən axşama kimi növbəyə durdum. Nəhayət, növbəm çatanda sevindim ki, xeyli pul alacağam. Götürüb mənə nə versələr yaxşıdır: altı min. Elə orda iki əlimi ilişdirdim təpəmə, öz-özümə dedim, “kül sənin ağılsız başına, adam da özəl banka pul qoyar? Pulun var qoy evə, yavaş-yavaş xərclə də!”

Elə bilirsiniz bu əhvalatdan sonra ağlım başıma gəldi? Ay gəldi ha, “quyuya su tökməklə sulu olmaz ki!” Zəmanə dəyişdi, özəl banklar çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin banklara. Mənim hesabımla bir neçə ildən sonra milyoner olmalıydım. Bir də eşitdim bankları bağladılar, bankirləri də tutdular basdılar içəri. Heç demə, hamısı fırıldaq imiş. “İt də getdi, ip də”. Qaldım lüt-mədərzad!

İndi özünüz deyin, ağıllı adam da belə banklara pul qoyar?

 

Qorxuram...

 

Heç nədən qorxmuram. Qəzetdən, tənqiddən, dedi-qodudan, söz-bezdən qorxuram. Yuxusuzluqdan, əziyyətdən, kasıblıqdan qorxmuram. Vəzifəsizlikdən, vəzifədən çıxmaqdan, müxalifətdən, iqtidardan qorxmuram. Bircə şeydən, müsəlmanların öz dillərini unutmaqlarından qorxuram.

O gün həyətə çıxmışam, qonşuluqda yaşayan müsəlman uşağı məni görüb deyir:

— Zdravstvuyte!

Soruşuram bala, sən russan? Cavab verir:

— Net.

Deyirəm, bəs mənə niyə rusca salam verirsən? Deyir:

Otets, mat po russki qovorit...

Heç kimdən qorxmuram, heç nədən qorxmuram. Xəstəlikdən, həkimlərdən, yıxılıb qolumu-qıçımı sındırmaqdan, yalançılardan, yaltaqlardan, ikiüzlülərdən qorxmuram. Bircə şeydən qorxuram: müsəlmançılığı itirməkdən. Bəzi müsəlman müğənniləri gül kimi Azərbaycan musiqisini qoyub, başqa ölkələrin mahnılarını oxuyurlar, eybəcər şəkildə “tans” edirlər, ilan kimi əyilib-qalxırlar. Adama deyərlər bala, sən müsəlmansan, yoxsa moltanı? Hər ölkənin, hər millətin mahnıları gözəldir, buna sözüm yox. Sənə nə düşüb ki, onların mahnısını oxuyursan, özü də necə deyərlər, qolunu-qıçını sındıra-sındıra? Belə mahnılara daha çox qulaq asırlar, kasetlər çox satılır, eləmi? Bəs bilmirsən ki, bu da bir siyasətdir? İstəyirlər ki, müsəlmançılığa bu tərəfdən də zərbə vursunlar? Bax, mən də elə ondan qorxuram. Qorxuram ki, bir tikə müsəlmançılığımız qalıb onu da unudaq!

Heç nədən qorxmuram. Ölümdən, o dünyada qurulacaq mizan-tərəzidən, cənnət-cəhənnəmdən, qıl korpüsündən də qorxmuram. Amma bir şeydən qorxuram: müsəlmanların Vətəni, torpağı unutmaqlarından. Kimi dindirirsən, deyir xaricdə yaşamaq istəyirəm. Nə var axı, bu xaricdə? Xaricdə yel əsib, qoz tökülüb? Adam da vətənini, ana dilini, ana laylasıını unudarmı?

Xülasə, mən heç nədən, heç kimdən qorxmuram. Bircə müsəlmanların dilini itirmələrindən, ana laylası kimi mahnılarına başqa xallar qatmalarından, Vətəni, torpağı unutmalarından qorxuram. Vallah-billah qorxuram!

 

Gərək yazam...

 

Təzə bir məktub almışam. Zalım balası qələmi götürüb, gözünü yumub, ağlına nə gəlib yazıb göndərib mənə. Deyirdim, yazmaqda mənə çatan olmaz, amma and olsun o bizi Yaradana, mən o məktubu oxuyanda başa düşdüm ki, həmin məktubu yazanın şagirdi olmağa belə layiq deyiləm!

Məktubda nə yazsa yaxşıdır? “Məəttəl qalmışam sizin işlərinizə. A kişi, başqa iş tapmadınız? Gərək elə qələmi götürüb ondan-bundan yazasınız? Başınızı salın aşağı, camaat necə, siz də elə, yaşayın. Beş günlük dünyadır. Sizə nə dəxli var, it belə getdi, qurd belə gəldi? Bu partiyalardan nə qədər yazarlar? Gündə bir partiya yaranır, qoy yaransın də. Bəlkə, elə bir partiya yaranacaq ki, hamısından güclü çıxacaq, xalqa bir gün ağlayacaq... Birdəfəlik başa düşün, bu millət heç zaman birləşə bilməz. Niyə? Qanımızda var. Allah bizi yaradanda belə yaradıb. Birləşən olsaydılar, hərə bir partiya yaradıb, bir-birini rüsvay etməzdi ki! O, Lenin idi, dedi sizə çörək verəcəyəm. Acları bir yerə yığıb inqilab elədi. Görmürsən, indi üç adamın sözü bir-birinə düz gəlmir?”

Məktubda daha sonra deyilir: “Yaltaqlardan yazmaqdan yorulmadın? Guya, sən yazmaqnan yaltaqlıq azalacaq? Kimdir sənin yazılarını oxuyan? Yaltaqlıqla çox şey qazanmaq olur, sənin yazılarını oxuyanlar nə qazanacaqlar, a bədbəxt?”

Görün, sonra nə yazır? “A kişi, sizdən əvvəl çox yazıb-pozanlar olub. Özün onları yaxşı tanıyırsan. Nəyi düzəldə bildilər? Siz yazmaqla düzələcək? Ay düzəldi ha! Bəzi vəzifəlilər var ha, camaatı get-gələ salmasalar, günlərlə qapı dalında saxlamasalar yaşaya bilməzlər. İndi siz onlara necə işləməyi öyrədəcəksiniz? Keçmişdən qalma yazılmamış qayda-qanunlar var, deməli, belə olmalıdır. Ərizənin ki, üstünə yazıldı ”xahiş edirəm, baxın" deməli, o ərizəyə baxılmayacaq. Gərək ərizənin üstünə yazılsın ki, “həll edin, mənə bildirin”. Bax, bu oldu iş.

Məktubu yazanın son məsləhəti: “Saçınız-saqqalınız ağarıb, başa düşün ki, indi yazı-pozu vaxtı deyil!”

Qalmışam ona nə cavab verim?! Axı, mən də yazmağın xəstəsiyəm. Gərək gecə-gündüz yazam. Yoxsa ürəyim partlar...

 

Nə ad verək?

 

Vallahi-billahi, qalmışam mat-məəttəl. Gecə-gündüz fikirləşirəm ki, ayə, bu müğənnilər niyə, nə üçün, nə səbəbə özlərini bu kökə salırlar?

Əvvəla, bunların qiyafətlərini, yəni geyimlərini görəndə adam çaş-baş qalır. Heç demə, oxuyanlar üçün əsas məsələ elə bu imiş. Gərək elə geyinsinlər ki, nəzəri cəlb etsinlər. Şəhərdə bir kimsədə həmin geyimdən olmasın. Qızıl, brilyant üzüklər, sifətlərindəki cürbəcür rənglər...

Hələ bu harasıdır? Birdən oturub başıma vura-vura fikirləşirəm ki, bunların sahibi-zadı yoxdur bəyəm, çılpaq çıxırlar camaatın qabağına? Baxırsan, gözəl-göyçək xanımlardır, amma bədənlərinin bir-iki yerindən başqa hər yerləri açıq-aydın görünür. Hamı qalır baxa-baxa, heç kim bilmir bu “müğənnilər” nə oxuyur, necə oxuyur? Oralarını-buralarını əyə-əyə oynamaları da öz yerində.

Hələ çəkildikləri “klipləri” demirəm. Bir də görürsən, biri soyunub girir dənizə. Biri arxası üstə yıxılır qumun üstünə, par-par parıldayır. Biri vannada uzanır, sabun köpüyünün içində. Biri yalandan göz yaşı axıdır. Biri qayanın başına çıxır. Biri çarpayıda lüt uzanır. Biri yatır... Səs-küy, gurultu... aləm qarışıb bir-birinə.

Öz mahnılarımızı oxuya bilmirlər, amma başqa millətlərin mahnılarını oxuyurlar. Allah, amandır! Özü də gündə-gündə televizorda, orda-burda görünməsələr ürəkləri partlayar. Axırda da nə desələr yaxşıdır? “xalqa xidmət etmişik, bizə fəxri ad verin”.

Sizə nə ad verək, ay xanımlar? Bizi el içində biabır-rüsvay elədiyiniz bəs deyil, hələ fəxri ad da istəyirsiniz? Görmürsünüz ki, xaricdə böyük-böyük müğənnilərə ad-filan vermirlər? Amma onlar çox hoqqadan çıxırlar. Siz onlara oxşamağa çalışmayın. Elimizin-obamızın öz adət-ənənələri var...

 

Xahiş

 

Bizim bəzi-bəzi adamlara bəzi-bəzi xahişlərimiz var.

Əvvəla, xahiş edirik ki, televiziyaya baxanda əsəbləşməyəsiniz. Arvadını boşayıb, uşaqlarını yetim qoyanlardan biri çıxır ekrana, başlayır kişilikdən-zaddan danışıb, xalqa namus, qeyrət dərsi verməyə. A balam, nə olar, qoy danışsın. Siz niyə əsəbləşirsiniz? Bu da belə kişidir də. Namusu, qeyrəti var, yox, sizə nə dəxli? Qoy, nə qədər danışır, danışsın. Onsuz da uçub gedir havaya.

İkincisi, rayonlarda doğulub Bakıda vəfat etmək istəyənlərdən xahiş edirik ki, bu fikirlərindən əl çəksinlər. Ya hələlik ölməsinlər, ya da gedib doğulduqları rayonlarda, şəhərlərdə ölsünlər. Çünki Bakıda qəbir yeri çox bahadır. Başdaşı ondan da bahadır...

Üçüncüsü, xahiş edirik, müxalifət, iqtidar dava-dalaşına qətiyyən qarışmayasınız. Müxalifət bekarçılıqdan səs-küy salır, hakimiyyətə gəlmək istəyir. İqtidar da ki, hakimiyyəti əldən buraxmaq istəmir. Xülasə, qoy nə qədər vuruşurlar, vuruşsunlar. Lap yorulub əldən düşənə kimi. Nəyinizə lazım, siz əsəbləşməyin.

 

Prinsip

 

Bir kişi millət vəkilinin yanına şikayətə gəldi:

— Düz on ildir altı qoyunumu oğurlayıblar, teleqram vurmadığım, şikayət etmədiyim yer qalmayıb, oğruları tapa bilmirəm.

Millət vəkili soruşdu:

— Haralara yazmısan, a kişi?

— Polisdən tutmuş, xarici ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatlara qədər hər yerə! Budur, bu da yazışmaların surətləri!

Millət vəkili sənədlərə baxıb heyrətləndi:

— A kişi, sən ki, bunlara iyirmi qoyunun pulunu xərcləmisən, elə gedib altı qoyun alaydın də...

Kişi dilləndi:

                Bəs prinsip? Heç bilmirsən “prinsip” nədir, bacıoğlu?..

 

Borclu qala bilmərəm...

 

Stalinin rəhbərliyi dövründə bir nəfər kəndçi tribunaya çıxıb danışır və çıxışının axırında deyir:

— Allah Stalin yoldaşa iki yüz il ömür versin!

Bir neçə gündən sonra kişini tutub basırlar “qoduqluğa” ki, sən Stalin yoldaşın nə qədər yaşayacağına niyə müdaxilə edirsən?

Sonra məhkəmə olur, kişiyə 5 il iş kəsirlər. Müttəhimə son söz verirlər, o deyir:

— Mən rəhbərliyimizi də, partiya və hökumətimizi də çox sevirəm. Amma nahaq mənə 5 il verdiniz. İkicə il yaşayam, ya yaşamayam. Sonra hökumətə borclu qalaram. Ona görə də iki il versəniz bəsimdir...

 

Çay dəm almayıb

 

Çayçı Səfər çay dəmləməkdə məşhur idi. Bir gün camaata çay paylayanda ona xəbər çatdırırlar ki, bəs, rayonda yaşayan anası ölüb. Səfər kişi təzəcə dəmlədiyi çayı çaynikdə qoyub tələsik minir maşına, gedir rayona. Anasını basdırır, yeddisini də verib, qayıdır şəhərə.

İşə çıxan kimi bir nəfər çayxanaya gəlir ki, “Səfər kişi, mənə bir çay gətir”. Səfər kişi fikirli-fikirli bir stəkan çay süzüb verir müştəriyə. Müştəri çaydan bir qurtum içir, dodağını büzür:

— Səfər kişi, bu çay dəm almayıb ki!

Çayçı dillənir:

— A kişi, deyirsən yəni yeddi gün əvvəl dəmlənən çay hələ dəm almayıb?

 

 

Xeyrəddin QOCA 

 

Xalq qəzeti.-2009.- 1 yanvar. S.8.