Prezident İlham Əliyev: Azərbaycanda aparılan ciddi,

düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir

 

2008-ci il ölkəmiz üçün uğurlarla tarixin səhifəsinə yazıldı. Həyatımızın bütün sahələrində mühüm dəyişikliklər baş verdi. Sosial sektorda, iqtisadiyyatda yüksək göstəricilər əldə edildi. Bütün bunlar barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza təbrikində demişdir: “Ölkəmiz üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün 2008-ci il çox uğurlu olmuşdur. 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam etmişdir. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək. Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdı və bunu bəyan etdi. Bu, onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir".

Dövlət başçısı sahibkarlığın inkişafına da toxunaraq demişdir: “Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət sahibkarlığın inkişafını dəstəkləyir və növbəti illərdə bu dəstək daha da böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq”.

Ölkə Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində bir məqam da diqqəti çəkir. Bu da son beş il ərzində uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə bağlıdır. Xatırladaq ki, dövlət başçımız 2003-cü ildə prezidentlik fəaliyyətinə başlayan ərəfədə adı çəkilən proqram qəbul olunmuşdu və orada beş il ərzində 600 min yeni iş yerinin açılması nəzərdə tutulurdu. Prezident İlham Əliyev təbrikində bu məsələyə toxunaraq bildirmişdir: “Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanda 750 min yeni iş yeri açılmışdır ki, bu da regionların inkişafına çox böyük təkan vermişdir”.

Həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində son illər şəhər və kəndlərimizin siması dəyişmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmışdır. Bu dinamik iqtisadi inkişaf rəqəmlərdə də öz əksini tapmışdır. Belə ki, son beş ildə ölkəmizdə ÜDM 4,2 dəfə artaraq 7,2 milyard manatdan 30,4 milyard manata çatmışdır. Onu da xatırladaq ki, təkcə bu iki göstərici bir məqamı vurğulamağı daha çox zəruri edir. Bu da Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində nail olunan böyük uğurlarla bağlıdır. Bir faktı diqqətə çatdırmaqla bu fikri təsdiqləyə bilərik: son beş il ərzində ölkəmizin xarici borcu cəmi 1,6 dəfə, büdcə gəlirləri 8,6 dəfə, xərcləri isə 9 dəfə artmışdır.

Son beş ilin digər iqtisadi göstəriciləri uğurludur. 2008-ci ilin yekunlarına görə, sənaye istehsalında yüksək artım müşahidə olunmuşdur. Beş il ərzində bu sahədə istehsal 2,7 dəfə artmışdır. Dövlət büdcəsinin səviyyəsi ildən-ilə yüksəlmişdir. Əgər 2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ilin icmal büdcəsi 15 milyard dollar olmuşdur. Valyuta ehtiyatları da böyük həcmdə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar səviyyəsində idisə, ötən ilin oktyabr ayına olan məlumata görə, bu göstərici 17 milyard dollar təşkil etmişdir. Gələn illərdə bu məbləğ artacaqdır. Son beş il ərzində Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuşdur. Bu isə bütün müstəqillik dövründə qoyulan sərmayələrin 74 faizini təşkil etmişdir.

Ölkə Prezidenti adı çəkilən təbrikdə qeyd etmişdir ki, bizim bölgələrimiz abadlaşır, gözəlləşir, yeni infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər tikilməkdədir. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir, Azərbaycanın bütün bölgələri inkişaf edir.

Son illər aqrar sahədə böyük uğurlar əldə olunmuşdur. Ərzaq təhlükəsizliyinin tam təminatı ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Məhz elə buna görə Prezident İlham Əliyevin təbrikində vurğulandığı kimi, növbəti bir-iki il ərzində özümüzü ərzaq məhsulları ilə tamamilə təmin edəcəyik. Kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə verilən güzəştlər, dövlət qayğısı, dövlət tərəfindən verilən kreditlərbütün bunlar bizim uğurlarımızı şərtləndirən amillərdir.

Dövlət başçımızın təbrikində Azərbaycanda sosial siyasətə böyük diqqət yetirilməsi göstərilmişdir. Bildirilmişdir ki, son beş il ərzində ölkədə 1600 yeni məktəb binası tikilmişdir. Bütün bölgələrdə yeni müasir tibb müəssisələri istifadəyə verilmişdir. Ünvanlı sosial yardım proqramı uğurla həyata keçirilmişdir. “Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı beş il ərzində 49 faizdən 16 faizə düşmüşdür əminəm ki, 2008-ci ilin yekunlarına görə, bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır”.

Dövlət başçımız təbrikində həmçinin ötən il minimum əmək haqqı minimum pensiyanın həcminin 50 faiz artırılmasını, bu siyasətin sonrakı illərdə davam etdiriləcəyini göstərmişdir. Prezident İlham Əliyev daha sonra demişdir: “Bizneslə məşğul olanlar üçün şərait yaradırıq, ancaq büdcə təşkilatlarında işləyənlər, vətəndaşlarımız dövlət tərəfindən lazımi maddi təminat almalıdırlar biz bu istiqamətdə bundan sonra da işləyəcəyik”.

Prezident İlham Əliyevin çox diqqət yetirdiyi məsələlərdən biri qaçqın məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Dövlət başçısı bununla əlaqədar son illər bir sıra mühüm qərarlar qəbul etmişdir. Ölkə Prezidentinin sözügedən təbrikində bu məqama xüsusi önəm verilmişdir. “2003-cü ildə mən söz vermişdim ki, Azərbaycanda bir dənə çadır şəhərciyi qalmayacaqdır. Biz buna nail olduq. Bu gün Azərbaycanda bir dənə çadır şəhərciyi yoxdur. Əvvəllər dözülməz şəraitdə yaşayan soydaşlarımız bu gün gözəl evlərlə təmin olunublar. Onlar üçün qəsəbələr salınıb, məktəblər, tibb ocaqları tikilib, yollar salınıb, işıq xətləri çəkilibdir... Bundan sonrakı illərdə biz bu siyasəti davam etdirəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyevin təbrikində ölkəmizin 2008-ci ildə öz enerji siyasətini uğurla davam etdirməsi, Bakı — Tbilisi — Ceyhan, Bakı — Tbilisi — Ərzurum neft-qaz kəmərlərinin səmərəli fəaliyyət göstərməsi, Azərbaycanda qazlaşdırmanın artıq 85 faizə çatdırılması, son beş ildə 6 elektrik stansiyasının tikintisinin reallaşdırılması məsələlərinə toxunulmuşdur. Dövlət başçımız eyni zamanda ötən il böyük tarixi əhəmiyyət daşıyan Bakı — Tbilisi — Qars dəmir yolunun tikintisinə başlanılmasını da vurğulamışdır. Ölkə Prezidenti demişdir: “Dəmir yolunun tikintisi nəticəsində, Avropa ilə Asiyanın birləşməsi nəticəsində, təbii ki, Azərbaycanın həm iqtisadi, həm geosiyasi mövqeləri daha da möhkəmlənəcəkdir. Azərbaycan nəqliyyat üçün əvəzolunmaz ölkəyə çevriləcəkdir. Bu, bizim uzunmüddətli milli maraqlarımızın təmin olunmasına xidmət göstərir”.

Dövlət başçımız İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ötən il keçirilən prezident seçkilərində xalqımızın demokratik, azad şəkildə öz iradəsini ortaya qoymasını, öz iradəsini ifadə etməsini yüksək qiymətləndirmişdir. “Bu böyük etimad xoş münasibət məni daha da ruhlandırır. Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının rifahı naminə çalışacağam. Azərbaycanın inkişafı naminə, dövlətçiliyimizin inkişafı naminə çalışacağam...”

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.-2009.- 6 yanvar.- S.1.