2008-ci il yüksəliş ili oldu

 

Şübhəsiz, 2008-ci il həyatımızın bütün sahələrində ciddi uğurlar, irəliləyiş dövrü oldu. Mədəniyyət cəbhəsində ürəkaçan işlər az deyil. İl boyu milli varlığımızın özülü olan mənəvi dəyərlərə dövlət qayğısının şahidi olduq.

Ana dilimiz maneəsiz olaraq ən böyük mənəvi sərvətimiz kimi cəmiyyətdə layiqli yerini tutub. Hər addımda adət-ənənələrimizə hörmət, sədaqət görürük. Milli musiqimiz hərtərəfli qayğı ilə əhatə olunub. Bu günlərdə Muğam evinin açılması tarixi bir hadisə idi. Ədəbiyyatımızın, mətbuatımızın günün həqiqətlərini əks etdirməsi, xalqın milli maraqlar ətrafında səfərbər olması üçün heç bir maneə yoxdur. Elmimiz-təhsilimiz islahatlar proqramı ilə yeni yola çıxır. Ölkədə dini tolerantlıq hökm sürür, xalqın əsas inancı olan İslamın humanist dəyərləri Xeyirə xidmət edir.

Yaxın keçmişdə ciddi problemlərlə üzləşmiş ziyalılar asudə nəfəs alırlar. Onlar xalqın elmi-mədəni tələbatını cavablandırmaq üçün həvəslə çalışırlar. Cəmiyyətdə həmrəylik, sabitlik başlıca tarixi uğur kimi diqqəti cəlb edir. Son illərin bu nikbin reallığı artıq yola saldığımız 2008-ci ildə daha da möhkəmləndi. Xalq bir daha inandı ki, ölkəmiz doğru yolla gedir. Biz 2009-cu ilə bax, belə bir yüksək əhvalla qədəm basmışıq.

2008-ci il ölkənin söz, qələm əhli üçün bir çox yaddaqalan günlərlə tarixə qovuşdu. Yeni əlifba ilə anadilli ədəbiyyatımızın, dünya söz xəzinəsinin indiki nəsillərə çatdırılması dövlətin himayəsi ilə davam etdi. Bir sıra yeni dəyərli bədii əsər işıq üzü gördü. Azərbaycan yazıçılarının məbədgahı olan Yazıçılar Birliyinin binası yüksək səviyyədə bərpa təmir edildi. Yazarlarımız xalqın taleyüklü məsələlərinin həllində öz sözləri, mövqeləri ilə daha fəal oldular. Xalqın doğru-düzgün sözə inamı artdı.

Hansı tərəfə baxırıqsa, tikinti, quruculuq, abadlaşma görürük. Ölkənin paytaxtı Bakı günü-gündən gözəlləşir, köhnə tikililər yeni ömür qazanır, bir-birindən yarşıqlı binaların sayı artır. Bir qələm əhli, gözəllikdən zövq alan şair kimi mən bunlara sevinirəm, ürəyim açılır. Özü bu işlər dayanmadan gedir, hüdudları ilə bu aydan o biri aya, bu ildən o biri ilə keçir. Adamlar öz halal zəhmətləri ilə ölkəmizi irəli aparırlar, özlərinə istədikləri güzaranı qururlar. Lakin görüləsi çoxdur. Hələ özünü düşünən adamlar var ki, ümumi irəliləyişə töhfələri yoxdur. Mən yeni ildə belələrinin insafa gəlməsini, onların öz xalqının yüksəlişinə qoşulmasını istəyirəm.

Yeni il arzuları çoxdur. Hamı kimi mən 2009-cu ildə Qarabağ münaqişəsinin bitməsini, məcburi köçkünlərin yurdlarına dönməsini arzu edirəm. Dövlətimizin daha güclü, xalqımızın daha firavan olması da ən böyük diləklərimdəndir. Qoy, ağrı-acılarımız ötən ildə, sevinc uğurlarımız yeni ildə qalsın! 2009-cu il Azərbaycana, soydaşlarımıza xoşbəxtlik gətirsin.

 

 

Fikrət QOCA,

 Azərbaycan Yazıçılar Birliyinin birinci katibi 

 

Xalq qəzeti.- 2009.- 6 yanvar.- S. 2.