Ayrılıqlar bitsin tamam...

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Bakıda olan güneyli soydaşımız, illərdən bəri dünyanı dolaşan “Ayrılıq” mahnısının mətn müəllifi nəğməkar şair Rəcəb İbrahimi ilə redaksiyamızda görüşdük. Söhbət o tay-bu taylı xalqımızın, dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın mənəvi birliyindən, ortaq mədəni dəyərlərdən başlayıb qardaş həmrəyliyini gücləndirmək, könül ayrılıqlarına son qoymaq arzularımızda bitdi.

— Rəcəb bəy, Şəhriyar başda olmaqla güneyli şairlərimizin bir çoxu bu tayda yaxşı tanınır. Təəssüf ki, ayrılığın könül sərhədlərini çoxdan yıxıb-uçurmuş, dünya azərbaycanlılarının dillər əzbəri olan, çoxumuzun dodaqlarından düşməyən “Ayrılıq” mahnısının musiqisinin müəllifi Əli Səlimini az-çox tanısaq da onun sözlərini yazmış şairin kimliyindən xəbərsiz olmuşuq.

— Bunun 2 səbəbi var: əvvəla, uzun illər biz sizdən, siz də bizdən əksərən xəbərsiz olmuşuq. Bildiyimiz o idi ki, Arazın hər iki tayında dili bir, dini bir, musiqisi-ədəbiyyatı eyni olan xalq yaşayır. İkincisi, çox məşhur şairlərimiz — Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmmədhüseyn Şəhriyar, Səməd Behrəngi, Səhənd kimi şairlər hər iki tayda tanınsa da, mənim kimi sonradan gələnlərin tanınması üçün şərait olmamışdı. Ayrılıq sədləri möhkəm olmuşdu.

— Nəhayət, sizin “Ayrılıq” şeiriniz və ona yazılmış kövrək, eyni zamanda döyüşkən bir mahnı bu sədləri aşdı. Haqsızlıqlara, ayrılıqlara üsyan edən bu nəğmə necə yaranmışdı?

— “Ayrılıqşeiri 52 il əvvəl, 23 yaşımda olarkən bir gecənin içində doğuldu. 9 bənddən 4-ü yar ayrılığına, 4-ü el ayrılığına, 1-i isə özümə həsr olunmuşdu. Çox istəyirdim ki, mənim bu qəlb titrəyişim, könül iniltim nəğmələşsin, sərhədləri aşıb qardaş-bacılarımıza yetişsin. Lakin o dövrdə o tayda elmi musiqiçi, bəstəçi yox idi. Bircə ustad Əli Səlimi idi ki, Bakıda vaxtilə Əhmədxan Bakıxanovdan musiqi dərsi almışdı. O vaxt İranda radioda bizim milli musiqiləri səsləndirmək üçün gündə yarım saat vaxt ayrılmışdı. Əsasən sizdə yaradılmış musiqilər səsləndirilirdi.

Ustad Səlimi o zaman böyük bir orkestr yaratmışdı. Mənim bir neçə şeirimi ona vermişdilər. Bir gün onunla görüşüb tanış olduq. Ayrılıqşeirim o böyük musiqiçinin könül rübabında səsləndi, həsrət nəğməsinə dönüb, quş kimi qanad açdı. Səlimi Tehrana Bakıdan qoparılıb atılmışdı. Onun yaralı qəlbinəaman ayrılıq!” nidası, sanki, bir məlhəm olmuşdu. Şeir , onun mahnısı da həm hər bir həsrətlinin, həm ikiyə bölünmüş xalqın vüsala yetmək arzusunu dilləndirmiş, nisgillərin gözünü qoparmışdı.

Sonra hər iki tayda ünlü sənətçilərin ifasında bu mahnı çox məşhurlaşdı. Çoxları şeirin musiqinin müəlliflərini tanımasa da,mahnını əzbər bilir hətta oxuyurdu da. Mən deyərdim ki, müəlliflərin kimliyi o qədər önəmli deyildi. Əsas məsələ o idi ki, “Ayrılıqkönüllərin sarı simində çalınıb-oxunurdu. Ayrılığ”ın müəllifi, belə hallarda deyildiyi kimi, zaman özü idi.

Sonralar sözlərinizə başqa mahnılar da yazıldımı?

İranda özünə güvənən şairlərin mahnı mətni yazması aşağı bir sayılırdı. Onlar klassik formalarda yazmağa üstünlük verir, şeirlərinə mahnı yazılması ilə qayğılanmırdılar. Ayrılıq”dan sonra 100-dən çox şeirimə mahnı yazıldı. İnqilab müharibə dövründə vətənpərvərlik, döyüş, qələbə ruhunda bir çox mahnıların mətn müəllifi oldum. Şeir ana dilimizin gözəlliyini, qüdrətini ən yüksək səviyyədə aşkara çıxarır. Onun məzmununa uyğun musiqi isə bir yerdə daha güclü, təsirli olur.

Bəs şair taleyiniz necə olub?

Mən, necə deyərlər, çörəyimi şeirlə qazanmamışam. Əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Şeir mənim azərbaycanlı olmağımın ən böyük göstəricisi olub. Şeir məni milli kimlikdən, Vətən, yurd duyğusundan uzaqlaşmağa qoymayıb. Həmişə deyirəm ki, insan kimi anadan olandan sonra azərbaycanlı kimi 2 dəfə doğulmuşam: bir dəfə şair olaraq, bir dəfə öz doğma kəndimə dönməyimlə.

Mən Ərdəbilin 50 kilometrliyində yerləşən Yurdçu mahalının Koravazlı kəndində doğulmuşam. 10 yaşımadək mahalın bu böyük, abad kəndində yaşamışam. 20 ildən sonra doğma kəndimizə dönəndə oranı xarabazar gördüm. Cəmi 24 ev qalmışdı. Hamı dolanışıq ucbatından çıxıb getmişdi. Bütün varlığım titrədi, içimdən bir səs fəryad qopartdı. Qərara gəldim ki, qayıdıb kəndimizi abad edim. Tanıdığım həmkəndlilərimə xəbər göndərdim. 3 ilə ocağımızın xarabalığında özümə layiqli bir ev ucaltdım. 4—5 ilə başqaları da qayıdıb bina oldular. Bütün səyləri birləşdirib kəndə yol, işıq, su çəkdik. Məktəb, azarxana tikdik. İndi bizim kənd nəinki İranda, hətta ondan kənarda da nümunəvi bir yaşayış məskənidir.

— Bu yurdayrılığı”na son qoyulması, mənəvi dirilmə, yaddaşın oyanışı deyildimi? ŞəhriyarınHeydərbabaya salam”ı o dövrdə unudulmaqda olan Azərbaycana dönüş, milli varlığa qayıdış himni kimi o taydakıları doğma el-obalarına, hər iki taydakıları isə milli-mənəvi bütövləşməyə səsləmişdi.

— “Heydərbabaya salamdaAyrılıqda soy-kökə, anaya, Vətənə qovuşmaq kimi qarşısıalınmaz bir duyğunu dilləndirmişdi. Hər bir insan öz dilinə, yurduna bağlı olmasa kimliyi bilinməz. Bu mənada bizim analar ən böyük məktəb, ən yüksək müəllim kimi övladlarına öz dilini öyrətməli, onların qəlbində yurd sevgisi toxumu göyərtməlidir. Sonra anadilli məktəb, teatr, mətbuat, ədəbiyyat, musiqi gəlir.

— Bu tayda böyük maarifçilərimiz Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi bu gerçəkliyi vaxtında duyub-anladıqlarından elm, maarif, mədəniyyət üçün əsaslar yaratdıqlarından bu tayda sivil bir intibah baş verdi.

Tamamilə şərikəm. İndi həsrət körpüləri aradan qaldırılıb. O tay-bu taylı ortaq dəyərlərimizi qovuşdurmaqla mədəni tərəqqiyə çalışmalıyıq. Yurd, Vətən, dil, din sevgisi çox böyük qüvvədir. Çağdaş dünyada xalqlar elmi-mədəni səviyyələri ilə irəli gedirlər. Biz bu vaxtadək olan şanlı tariximizə, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, onu qoruyub zənginləşdirməliyik.

— “Ayrılığ”ın müəllifi on illər əvvəl belə bir günayrı düşmüş qardaşların bir yerdə olması üçün bir yürüş istəmişdi.

                Şeirin o bəndi belə idi:

 

Məni ağladandan gülüş istərəm,

Ayrı düşənimlə görüş istərəm,

Hasarı yıxmağa yürüş istərəm.

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olur yaman ayrılıq...

 

Lakin, ayrılıqlar bitsin tamam...

İnşaallah, Ulu Yaradan hər bir ayrılığa son qoyur. Bu gün dünyanın hər bir yerindəki azərbaycanlılar bir ananın övladı olduqlarını anlayıb birliyə üz qoyub. Belə bir əziz gündə bütün soydaşlarımızı təbrik edirəm. Müstəqil Azərbaycanda yaşayan qardaşlarımıza yeni təqvim ilində daha böyük uğurlar arzulayıram. Qoy bu ildə Qarabağ ayrılığımıza son qoyulsun, həsrətlərimiz bitsin.

 

 

Söhbəti yazdı:

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2009.-6 yanvar.- S.2.