Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər insan haqlarının

daha geniş şəkildə qorunmasına təminat verəcəkdir

 

Müsahibimiz Milli Məclisin deputatı Mirkazım Kazımov bu fikirdədir.

— Mirkazım müəllim, əvvəlcə yenicə yola saldığımız 2008-ci ilin ən yaddaqalan hadisələri barədə məlumat verməyinizi xahiş edirik.

— Son illər ölkəmizin həyatında o qədər yaddaqalan hadisələr baş verib ki, sadalamaqla qurtaran deyil.Bir vaxtlar xəyallarda əfsanə kimi canlanan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması, bu kəmərlər vasitəsilə Azərbaycanın təbii sərvətlərinin Avropa və dünya bazarlarına çıxarılması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanılması ən çox yaddaqalan hadisələrdəndir. İl-ildən uğurlu gəlir. Hər il ölkədə yeni-yeni siyasi hadisələr baş verir. Yola saldığımız 2008-ci il də yaddaqalan hadisələrlə zəngin olmuşdur. Bu hadisələrin hamısı xalqın firavanlığına, həyat səviyyəsinin getdikcə yüksəlməsinə, yoxsulluğun səviyyəsinin azaldılmasına, müstəqil dövlətimizin beynəlxalq aləmdəki əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Ötən il Azərbaycanın, demək olar ki, bütün sahələr üzrə inkişafına nail olunmuşdur. Lakin, buna baxmayaraq, bir sıra hadisələr daha çox diqqəti cəlb edir. Mən Dünya Bankının ölkəmizi dünyada birinci islahatçı dövlət hesab etməsini xüsusi qeyd etmək istərdim. Ölkəmiz iqtisadiyyatın inkişaf tempinə görə təkcə regionda deyil, dünyada lider dövlətə çevrilmişdir. Nüfuzlu beynəlxalq qurumların da bu sahələr üzrə ölkəmizi dünyada birinci hesab etmələri təsadüfi deyildir. Son illər ölkə iqtisadiyyatının inkişafında irəliyə doğru görünməmiş sıçrayış yaranıb. Xarici siyasət sahəsindəki uğurlara görə də 2008-ci il yadda qalacaq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçımızın apardığı məntiqli siyasət nəticəsində dünyanın qüdrətli dövlətləri və nüfuzlu beynəlxalq qurumları Azərbaycan Prezidentinin bu sahədəki mövqeyini dəstəklədiklərini açıq bəyan etmiş, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həllini daha məqbul variant hesab etmişlər. BMT kimi nüfuzlu bir qurumun Baş Assambleyasında Dağlıq Qarabağ problemi müzakirəyə çıxarılmış və Azərbaycanın haqq işi dəstəklənmişdir. ATƏT-in Minsk qrupu həmsədlərindən Amerika və Rusiya ilk dəfə məhz 2008-ci ildə öz fikirlərini açıq şəkildə bəyan edərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını birmənalı olaraq bəyan etmişlər. Hətta, Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistan qarşısında bir tələb kimi qoyulmuşdur. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasiəsi ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli barədə ilk rəsmi sənədin imzalanması da məhz yola saldığımız 2008-ci ildə baş vermişdir. Mən ötən ilin noyabrında Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə imzaladıqları bəyannaməni nəzərdə tuturam. Moskva Bəyannaməsi demək olar ki, bütünlüklə Azərbaycan Prezidenti İlham Əliyevin mövqelərinin müdafiəsinə yönəldilib. Bu sənəd ölkəmizin xarici siyasət sahəsindəki uğurlarını bir daha təsdiqlədi.

2008-ci ilin yaddaqalan ən böyük siyasi hadisələrindən biri də oktyabrın 15-də keçirilmiş prezident seçkiləri oldu. Beynəlxalq müşahidəçilərin də rəyində qeyd olundu ki, Azərbaycan tarixində sonuncu prezident seçkiləri daha şəffaf, demokratik, azad və ədalətli keçirilib. Seçicilər çox böyük ruh yüksəkliyi və mütəşəkkilliklə səsverməyə qatılaraq cənab İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçdilər. Bununla bir daha təsdiq olundu ki, ümummilli lider Heydər Əliyev siyasətinin alternativi yoxdur. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbirləri də nəzərə alsaq, 2008-ci ilin siyasi hadisələrlə zənginliyinin şahidi olarıq.

— Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Milli Məclisdə məsələ müzakirə olunması, Konstitusiya Məhkəməsinin təkliflərə müsbət rəy verməsi haqqında qərar qəbul etməsi ötən ilin yaddaqalan hadisələrindən deyilmi?

— Mən bu məsələ barəsində xüsusi danışmaq istəyirəm. Bəli, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi barədə fikirlər səsləndirilməsi, bu məsələnin Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri ilə insan hüquqları daimi komissiyalarının birgə iclasında müzakirəsindən sonra parlamentin plenar iclasında müzakirə olunması da 2008-ci ilə təsadüf edir. Sonra “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi rəy verilmək üçün Konstitusiya Məhkəməsinə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 2008-ci il 24 dekabr tarixli iclasında bu məsələ barəsində müsbət rəy vermiş və qərar qəbul etmişdir. Onu da qeyd edim ki, Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi məsələsi ictimaiyyətin təklifləri əsasında gündəmə gəlmişdir. Xalqımızın milli maraqlarına xidmət edən dövlət əhəmiyyətli bu sənədi mən də dəstəkləyir və çox yüksək qiymətləndirirəm.

— Sizin fikirinizcə, bu əlavələr və dəyişikliklər hansı zərurətdən yarandı?

— Məlum oduğu kimi, müstəqil dövlətimizin ilk Konstitusiyası 1995-ci ilin noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuşdur. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə qəbul olunmuş ilk Konstitusiya dünya standartlarına uyğun şəkildə hazırlanmışdı. Beynəlxalq təşkilatların nümayəndələri və tanınmış hüquq ekspertləri Azərbaycan Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə mülki dövlət və açıq cəmiyyət quruculuğu üçün möhkəm zəmin yarandığını təsdiq edirlər. Lakin nəzərə almalıyıq ki, həmin vaxtdan 13 il ötüb. Bu müddət ərzində Azərbaycan bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyub, çoxlu sayda beynəlxalq konvensiyalara qoşulub, insan hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar xeyli qanunlar qəbul olunub. Ölkəmizin inkişaf səviyyəsinə uyğun olaraq 2002-ci ildə referendum keçirilmiş və Konstitusiyaya əlavələr və dəyişikliklər edilmişdir. Həmin vaxt Ana Qanunumuzda bir sıra mühüm məsələlər öz həllini tapmışdır. Belə məsələlərdən biri də proporsional seçki sisteminin ləğv olunması, mojaritar seçki sisteminə keçilməsi olmuşdur. Bununla yanaşı son illər ölkəmizin iqtisadi inkişafı, sürətlə aparılan siyasi islahatlar, demokratik inkişaf sahəsində qazanılan uğurlar, insan hüquq və azadlıqlarının daha geniş aspektdə qorunması, həmçinin digər dövlət əhəmiyyətli amillər Konstitusiyanı daha da təkmilləşdirmək baxımından əlavələr və dəyişikliklər edilməsi zərurətini yaratmışdır. Onu da qeyd edim ki, təklif olunan əlavə və dəyişikliklər əsasən insan hüquq və azadlıqlarının qorunmasına, seçmək və seçilmək hüququnun daha da təkmilləşdirilməsinə və demokratik proseslərin inkişafına xidmət edir. Ümumilikdə, Konstitusiyanın 29 maddəsinə əlavələr və dəyişikliklər təklif olunub.

— Əlavələr və dəyişikliklər arasında 101-ci maddənin V hissəsinin yeni redaksiyada verilməsi diqqəti daha çox cəlb edir. Hətta, bəzi qüvvələr buna etirazlarını da bildirmək üçün müxtəlif vasitələrə əl atmaq istəyirlər.

— 101-ci maddənin V hissəsinə etiraz etmək istəyən qüvvələr bir qrup vəzifə hərisləridir. Onlar uzun müddətdir ki, ölkədə hakimiyyəti ələ keçirmək üçün müxtəlif üsullara, hətta, qeyri-qanuni, antidemokratik vasitələrə əl atırlar. 2003-cü ildə keçirilən prezident seçkilərində də biabırçılıqla məğlub olan belə qüvvələr hakimiyyəti zor gücünə ələ keçirməyə cəhd göstərdilər, lakin xalq bunun qarşısını aldı. Çünki xalq demokratik yolla öz prezidentini seçmişdi. Belə vəzifə hərisləri, öz şəxsi ambisiyalarını hər şeydən üstün tutanlar xalqdan həmişə “yox” cavabı alıblar. Bu dəfə də yersiz hay-küy salmağa cəhd göstərmək istəyən cüzi hissə belə qüvvələrdir. Konstitusiyadan 101-ci maddənin V hissəsinin çıxarılması təklifi hüquqi baxımdan da əsaslıdır. Məlum olduğu kimi, həmin maddədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulub. Bu, insanların seçmək və seçilmək hüququnu məhdudlaşdırır. Hər bir şəxsin seçmək və seçilmək hüququ var. Azərbaycan xalqının istədiyi şəxsi, hər hansı məhdudiyyət olmadan istədiyi qədər prezident seçməyə haqqı var. Həmin maddə belə redaksiyada verilib: “Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanlarının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”. Hesab edirəm ki, çox vacib və əhəmiyyətli bir təklifdir. Ümumiyyətlə, təklif olunan əlavələr və dəyişikliklərin hamısı xalqın seçim hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasına, insanların hüquq və azadlıqlarının daha geniş şəkildə müdafiəsinə xidmət edir. Buna etiraz edənlər, görünür, əlavələr və dəyişikliklərin mahiyyətini dərindən dərk edə bilməyiblər. Yeni redaksiyada konkret şəxslərin iki dəfədən artıq prezident seçilməsindən söhbət getmir. Hər bir Azərbaycan vətəndaşının bu imkanlardan istifadə etmək hüququ var. Xalq iki dəfə seçilmiş şəxsi yenidən prezident görmək istəyirsə, bu, seçicilərin iradəsinin ifadəsi deməkdir. Unutmamalıyıq ki, seçilən şəxs yalnız xalqın iradəsi, inamı və etimadı nəticəsində prezident ola bilər. Əgər seçicilər növbəti müddətdə prezident görmək istədiyi şəxsə səs verə bilmirlərsə, öz iradələrini ifadə etməyə şərait yaradılmırsa, bu onların seçim hüququnu məhdudlaşdırır. Yeni əlavələr və dəyişikliklər bu məhdudiyyətləri aradan qaldırmaq məqsədi daşıyır. Digər tərəfdən xalq çox yaxşı görür ki, son beş ildə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, dövlət büdcəsi 10 dəfədən çox artmış, 760 min yeni iş yeri yaradılmış, əmək haqları, sosial müavinətlər, pensiyalar, təqaüdlər 4-5 dəfə qaldırılmış, yoxsulluğun səviyyəsi xeyli azaldılmış, həyat səviyyəsi yüksəlmiş, xarici siyasətdə uğurlar qazanılmışdır.

Ölkədə ümumi daxili məhsulun həcmi ildən-ilə yüksəlmişdir. Regionların sosial-iqtisadi inkişafı nəticəsində beynəlxalq standartlara uyğun çoxlu sayda istehsal müəssisələri yaradılmışdır. Xalq bütün bunları etmiş və hazırda daha iri layihələrin reallaşmasına çalışan bir şəxsiyyəti niyə yenidən prezident seçmək hüququndan məhrum olmalıdır?

Mən bir deputat kimi, həm də sonuncu prezident seçkilərində prezidentliyə namizəd cənab İlham Əliyevin vəkili kimi seçicilərlə görüşlər keçirən zaman şahidi oldum ki, seçicilər ölkəmizin sürətli inkişaf yoluna qədəm qoymasından, insanların həyat səviyyəsinin getdikcə yaxşılaşmasından, ictimai-siyasi sabitliyin davamlılığının qorunub saxlanmasından, yeni iş yerlərinin yaradılmasından böyük razılıq edir, prezidentliyə cənab İlham Əliyevdən başqa digər namizəd görmədiklərini açıq bəyan edirdilər. Seçicilər hələ o vaxt təklif edirdilər ki, Konstitusiyaya cənab İlham Əliyevin ömürlük prezidentlik seçilməsi barədə maddə əlavə olunsun. Çıxış edənlər onların bu təkliflərini əlaqədar təşkilatlara çatdırılmasını israrla tələb edirdilər. Seçicilər deyirdilər ki, ümummilli lider Heydər Əliyevin yarımçıq qalmış işlərini və möhtərəm Prezidentimizin özünün başladığı iri layihələri başqa bir şəxs tamamlaya bilməz. Xalqın firavanlığına, ölkəmizin daha da inkişafı naminə möhtərəm Prezidentimizə bu işləri başa çatdırmağa vaxt vermək üçün, “bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməz” məhdudiyyətinin aradan qaldırılması vacibdir. Bu, seçicilərin arzusudur, cəmiyyətdən gələn sosial sifarişdir. Ona görə də hesab edirəm ki, Konstitusiyanın 101-ci maddəsinin V hissəsinə təklif olunan əlavə və dəyişiklikdə heç bir antidemokratiklikdən söhbət gedə bilməz. Bu, tam demokratik bir təklifdir.

— İnkişaf etmiş xarici dövlətlərdə bir şəxsin iki dəfədən artıq prezident seçilməsi faktı varmı?

— Əlbəttə var. Mən dünyanın ən inkişaf etmiş demokratik dövləti olan Amerika Birləşmiş Ştatlarını nümunə kimi qeyd etmək istərdim. Demokratlar Partiyasından prezident seçilmiş Franklin Ruzvelt 4 dəfə dalbadal prezident seçilməyibmi? Məgər onu xalq seçməyib? Ruzvelt 1932-1945-ci illərdə ABŞ-ın prezidenti olub. Xalq gördü ki, Franklin Ruzveltin başladığı uğurlu islahatları özündən başqa kimsə istənilən səviyyədə həyata keçirə bilməyəcək. Ona görə də onu dörd dəfə dalbadal prezident seçdi və Ruzvelt də xalqın bu etimadını doğrultdu. Azərbaycanda da vəziyyət elədir. AXC — Müsavat hakimiyyətinin ölkəyə vurduğu ağır zərbəni ümummilli lider Heydər Əliyev gərgin zəhmət hesabına aradan qaldırdı. Onun apardığı uğurlu islahatlar Azərbaycanı dirçəltdi, iqtisadi cəhətdən qüdrətləndirdi. Ulu öndərin yarımçıq qalmış işlərini, ideyalarını yalnız onun ən layiqli yetirməsi davam etdirə bilərdi. Həmin şəxs də intellektual səviyyəli, uzaqgörən siyasi xadim cənab İlham Əliyevdir. Möhtərəm Prezidentimizin gördüyü işlər göz qabağındadır.

Xalq niyə belə bir şəxsiyyəti yenidən prezident seçməməlidir? Bu gün prezidentliyə iddialı olan müxalifət partiyalarının rəhbərlərinin ən yaxın həmfikirləri də təsdiqləyirlər ki, Prezident İlham Əliyevin bir ildə gördüyü işləri, ən qabaqcıl müxalifət partiyasının rəhbəri 10 ildə görə bilməzdi. Niyə belə bir siyasi xadimə başladığı işləri, apardığı islahatları davam etdirməyə şərait yaradılmamalıdır? Axı, bütün bunlar ölkəmizin inkişafı, xalqın həyat səviyyəsinin daha da yüksəldilməsi naminə edilir. Ona görə də inanıram ki, martın 18-də keçirilməsi nəzərdə tutulan referendumda xalq böyük ruh yüksəkliyi ilə iştirak edəcək və Konstitusiyaya təklif olunan əlavələri və dəyişiklikləri dəstəkləyəcəkdir.

 

 

Müsahibəni qələmə aldı:

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-6 yanvar.- S.3.