Bu gün Azərbaycan elmi də tərəqqi dövrünü yaşayır, ölkəmizin inkişafına
öz töhfəsini verir
Müsahibimiz AMEA-nın
birinci vitse-prezidenti, akademik Arif Haşımovdur.
— 2008-ci il
sosial-iqtisadi həyatımızın
bütün sahələrində,
eləcə də elmdə bir inkişaf, tərəqqi ili kimi tarixə
yazıldı. Əlbəttə,
bu, ölkənin təbii resursları ilə intellektual potensialını birgə
istifadəyə səfərbər
edən dövlət siyasətinin nəticəsidir.
Bununla bağlı nə deyə bilərsiniz?
— Azərbaycan
elminin inkişafından,
bu sahəyə göstərilən dövlət
qayğısından danışarkən
ilk növbədə bir
məqamı diqqətə
çatdırmağı zəruri
sayıram. Ölkəmizdə
ali elmi mərkəz kimi tanınan və bu gün dünyanın
uyğun qurumları ilə sıx əməkdaşlıq əlaqəsi
quran Azərbaycan Milli Elmlər Akademiyasının əldə
etdiyi mühüm uğurlar ulu öndərimiz, böyük
şəxsiyyət Heydər
Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderimiz respublikamıza rəhbərlik
etdiyi bütün dövrlərdə akademiyanın
fəaliyyətinə xüsusi
fikir vermiş, elmi-tədqiqat müəssisələrinin
işinin stimullaşdırılması
ilə bağlı bir sıra tədbirlər
həyata keçirmiş,
elm xadimlərinin, əməkdaşların
sosial şəraitinin
yaxşılaşdırılması məqsədilə sərəncamlar
imzalamışdır.
2003-cü ildən
ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev də AMEA-ya xüsusi diqqət göstərir, elm sahəsinə
dövlət siyasətinin
əsas tərkib hissəsi kimi yanaşır, elmin inkişafına dövlətin
əsas strateji məqsədlərindən biri
kimi baxır. Bu fikrin təsdiqi kimi bir fakta
nəzər salaq. Bu ilin aprel ayının
10-da möhtərəm Prezidentimiz
elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsinə, elmi
kadr potensialının
gücləndirilməsinə, alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına
müsbət təsir
göstərən “Azərbaycan
elmində islahatların
aparılması ilə
bağlı Dövlət
Komissiyasının yaradılması
haqqında” sərəncam
imzalamışdır. Bu mühüm
sənəd eyni zamanda AMEA-nın dünyanın inkişaf etmiş ölkələrinin
elmi-təşkilati təcrübəsindən
yaradıcı şəkildə
faydalanması baxımından
da böyük əhəmiyyət kəsb
edir.
— Hazırda
Milli Elmlər Akademiyasının dünyanın
digər elmi qurumları ilə əlaqələri necədir?
— Regionun
lider dövlətinə
çevrilərək müasir
dünyaya sürətlə
inteqrasiya olunan ölkəmizin bu ali elmi mərkəzi
beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət
verir. Bir sıra xarici ölkələrin elmi müəssisələri ilə
əməkdaşlıq haqqında
ikitərəfli müqavilələrin
imzalanması bunun bariz nümunəsidir. Akademiyanın alimləri
son illər xaricdə
keçirilmiş çoxsaylı
beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişlər. Eyni zamanda, AMEA təşəbbüsü
ilə Bakıda beynəlxalq tədbirlər
təşkil olunması
ənənə halını
almışdır. Bundan
başqa, NATO ilə
30-dan çox, YUNESKO və
İNTAS ilə 50-yə yaxın
müştərək layihə
hazırlanaraq reallaşdırılmışdır.
Onu da xatırladım ki, akademiyanın alimləri bir sıra beynəlxalq
təşkilatların, o cümlədən
NATO, YUNESKO, İNTAS, Amerika Mülki Araşdırmalar
Fondu və digər təşkilatların
qrant müsabiqələrində
iştirak etmiş,
70-ə yaxın qrant almışlar.
Azərbaycan Prezidenti
cənab İlham Əliyevin AMEA-nın ölkəmizin sosial-iqtisadi,
mədəni inkişafında,
elmi kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirdiyinin
dəfələrlə şahidi
olmuşuq. Dövlət
başçımız akademiyanın
60 illik yubileyinin yüksək səviyyədə
keçirilməsi barədə
14 fevral 2005-ci ildə
xüsusi sərəncam
imzalamışdır. Bununla
əlaqədar həmin
ilin dekabr ayının 14-də Azərbaycan
Dövlət Filarmoniyasında
AMEA-nın 60 illiyinə
həsr olunmuş təntənəli yığıncaqda
iştirak edən cənab İlham Əliyev ölkənin ali elmi qurumunun
fəaliyyətini yüksək
qiymətləndirmiş, Azərbaycanda
güclü elm məktəbinin
yarandığını, elmi
potensialın inkişafında
akademiyanın çox
böyük rol oynadığını vurğulamışdır.
Möhtərəm Prezident
bu tədbirdə alimlərin, ziyalıların
ölkəmizin və
cəmiyyətimizin elitası
olduğunu, onların
dünyagörüşünün, mövqeyinin, fəaliyyətinin
Azərbaycanın inkişaf
dinamikasını, inkişaf
perspektivlərini müəyyənləşdirdiyini
bildirmişdir.
Dövlətimizin başçısı
həmin çıxışında
Azərbaycan elminin inkişaf strategiyasının
əsas müddəalarını
və AMEA-nın qarşıda duran vəzifələri göstərmiş,
bu ali elmi
qurumun fəaliyyətindən
yeni keyfiyyət dəyişiklikləri gözlədiyini
qeyd etmişdir.
Cənab İlham
Əliyevin həmin tarixi nitqində verdiyi tövsiyələrin
yerinə yetirilməsi
istiqamətində 2008-ci ildə
də mühüm işlər görülmüş,
elm sahəsində böyük
uğurlar əldə
edilmişdir. Burada bir mühüm məqamı da diqqətə çatdırmaq
istərdim. Möhtərəm
İlham Əliyev ötən son beş ildə Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimləriimizin fəaliyyətini
yüksək qiymətləndirmiş,
onları müxtəlif
dövlət mükafatları
ilə təltif etmiş, yubileylərin keçirilməsi ilə bağlı mühüm sərəncamlar imzalamışdır.
Məsələn, ölkə
Prezidentinin 3 mart 2004-cü il
tarixli “Azərbaycan Respublikasının elm, mədəniyyət
və ədəbiyyat
üzrə dövlət
mükafatlarının təsis
edilməsi haqqında”,
habelə alimlərin,
aspirant və tələbələrin
sosial vəziyyətinin
yaxşılaşdırılmasına yönəldilmiş 19 aprel
2003-cü il, 16 mart 2005-ci il,
30 avqust 2005-ci il, 23 yanvar 2007-ci il, 1 fevral 2007-ci il, 18 aprel 2007-ci il, 1 sentyabr 2008-ci il, 5 sentyabr 2008-ci il, 12 sentyabr 2008-ci il tarixli sərəncamları
alimlərin və gənc mütəxəssislərin
yaradıcı fəaliyyətlərinə
yeni bir stimul vermişdir.
— Arif müəllim, alimlərimizin
əldə etdiyi elmi nəticələr barədə də qısa məlumat verməyiniz maraqlı olardı...
— Sualınızla
bağlı onu deyə bilərəm ki, hesabat ilində
AMEA-nın elmi bölmələrində geniş
elmi-tədqiqat işləri
aparılmış, mühüm
elmi uğurlar əldə edilmişdir. Riyaziyyat, fizika, informasiya, mexanika, energetika, astronomiya sahələrində elmi nəticələrdən bir
qisminə diqqət yetirək.
Alternativ və bərpa olunan enerji mənbələrinin
mənimsənilməsi, enerji
qənaətedici texnologiyaların
tətbiqi üçün
zəruri olan yüksək parametrli çevirici və ağ işıqverici elementlər hazırlanmış,
Avropanın qabaqcıl
elm və texnologiya mərkəzlərindəki həmkarlarımıza
təhvil verilmişdir.
Hərbi informatika,
radiasiya monitorinqi, tibbi tomoqrafiya qurğuları üçün
mühüm əhəmiyyətli,
xüsusi təyinatlı,
yüksəkayıretmə qabiliyyətli element və
texnologiyalarla bağlı
uğurlu nəticələr
də əldə edilmişdir.
Dövlətimizin idarəetmə
strukturlarının fəaliyyətini
müasir informasiya cəmiyyətinin tələblərinə
uyğun qurmaq üçün zəruri
mürəkkəb texnoloji
sistemlər işlənib
hazırlanmış və
respublikanın bütün
icra hakimiyyəti strukturlarında istismara verilmişdir.
Fizika, riyaziyyat,
informasiya və energetika sahələrində
“Azərbaycanda energetik
və ekoloji göstəricilərin toplanması
üçün qlobal
kompyuter şəbəkəsinin
yaradılması üzrə
proqram”, “Milli GRİD
(Coğrafi Paylanmış
Şəbəkə Sistemi)
layihəsinin yaradılması
üzrə proqram”, “Azərbaycan Respublikasında
strateji və sosial əhəmiyyətli
obyektlərin texniki vəziyyətlərinin paylanmış
intellektual monitorinq sisteminin yaradılmasına
dair Tədbirlər Proqramı” kimi elmi-texniki proqramlar hazırlanmışdır.
Bundan başqa,
ölkənin nəzarət
və idarəetmə,
istehsal və xidmət infrastrukturunun çox geniş spektrinin sistemli və səmərəli fəaliyyətini təmin
etmək üçün
bir sıra məqsədli kompleks elmi-praktiki işlər həyata keçirilmişdir.
Tamamlanmış və istehsalata tətbiq olunmuş işlərə
aid bir neçə misal göstərə bilərəm. Dizel mühərrikləri üçün
“DT” markalı motor yanacağı,
motor və sənaye yağlarında depressator aşqarlarının tətbiqi,
yeni konservasiya yağı, metropolitendə
dəmir-beton blokların,
armaturların korroziya
nəticəsində əmələ
gələn oksidlərdən
təmizlənməsi üsullarının
işlənilməsi xüsusilə
mühüm əhəmiyyət
kəsb edir.
Hesabat ilində
AMEA-nın yer, biologiya, humanitar və ictimai elmlər bölmələrində
də müsbət elmi nəticələr əldə edilmişdir. Ümumiyyətlə, hesabat
ilində akademiyanın
elmi müəssisələrində
136 problem, 453 mövzu üzrə
tədqiqatlar aparılmış
və 140-a yaxın mühüm elmi nəticə alınmışdır.
Həmçinin müxtəlif
nazirlik və dövlət şirkətləri
nəzdində fəaliyyət
göstərən elmi
mərkəzlər tərəfindən
aparılan tədqiqatlar
da koordinasiya olunmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 6 yanvar.- S.3.