Masallı: təhsildə keyfiyyət
amilinə üstünlük verilir
Masallı Rayon Təhsil
Şöbəsinin inzibati binası yerləşdiyi
küçənin “sap”ına düzülmüş digər
binalardan əvvəllər heç nəyi ilə fərqlənmirdi.
Fasadı zövqlə təmir edildikdən sonra isə
görünüşü ilə seçilən bir ünvana
çevrilib. Əlbəttə, gündən-günə yeniləşib-gözəlləşən
Masallının baş küçəsində — Heydər Əliyev
prospektində təhsil şöbəsinin də diqqət
çəkməsi təqdirəlayiqdir. Bəs, rayonun təhsil
sistemində vəziyyət nə dərəcədə qənaətbəxşdir?
Otuz iki minə qədər şagirdin təhsil
aldığı, üç mindən artıq müəllimin
çalışdığı məktəblərdə
hansı uğurlara imza atılıb? Bu suallara aydınlıq
gətirməkdən ötrü ilk öncə təhsil
şöbəsinə baş çəkdik.
Şöbənin
müdiri Nurəddin Məlikov ixtisasca filoloqdur. Pedaqoji sahədə
böyük təcrubəsi var. Bu vəzifəyə gəlməzdən
öncə rayon icra hakimiyyətində
çalışıb. Hazırda isə böyük həvəslə
XXI əsrdə davamlı insan inkişafına yönəlmiş
təhsil siyasətinin rayonda həyata keçirilməsinə
çalışır. Artıq müəyyən uğurlar
da var. İdarə və səfərbəretmə bacarığı
təhsildə fərəhli nəticələrin etibarlı təməlinə
çevrilir. Təkcə bir faktı qeyd edək: “Abituriyent”
jurnalının son nömrəsində göstərilir ki, tələbə
qəbulunun nəticələrinə görə, Masallı
ölkənin 83 rayonu arasında 9-cu yerdə inamla qərar
tutub.
Yeri gəlmişkən, ötən yay ali və orta ixtisas məktəblərinə bu rayondan 348 məzun daxil olub. Onların arasında 16 nəfər 600-dən yuxarı, 31 nəfər isə 500-dən yuxarı bal toplayıb. Şəhər 1 və 3 saylı, Digah, Həsənəküçə, Binə-Xocavar, Ərkivan, Qızılavar kənd məktəbləri, “Dəfinə” liseyi bu sahədə xüsusilə fərqlənib.
Həm dövlət səviyyəsində, həm də rayon rəhbərliyi səviyyəsində Masallıda təhsilin inkişafına diqqət davamlı surətdə artır. Artıq tarixə çevrilmiş 2008-ci ildə rayonda yeddi məktəb tikilərək istifadəyə verilib. Elə Yeni il ərəfəsində Yeyənkənd kəndində inşa olunmuş yeni orta məktəb qapılarını müəllim və şagirdlərin üzünə açıb. Ondan öncə Təzə Alvadı 1 saylı, Yeddioymaq 2 saylı, Rüdəkənar orta, Xanalyon və Şıxlar 1 saylı əsas məktəbləri, eləcə də “Dəfinə” liseyi istifadəyə verilib. Kalinovka məktəbi əsaslı təmir edillib. Üç kənddə məktəb tikintisi davam edir.
Masallının yeni məktəblərində fənn kabinələri Heydər Əliyev Fondu tərəfindən bütün texniki avadanlıq və vəsaitlə təmin olunub. Bu dərs ilinin əvvəlində 1-ci sinfə gedən 2512 şagirdin hamısına fonddan çanta və dərs ləvazimatı verilib. Dövlət proqramına uyğun olaraq 94 məktəbdə informasiya-kommunikasiya texnologiyası quraşdırılıb, 10-a qədər məktəbin internet saytı açılıb.
...Xatırlayıram ki, ötən il oktyabrın 7-də Masallıya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra obyektlərlə bərabər, “Dəfinə” liseyi üçün tikilmiş bina ilə də tanış olmuşdur. Uzun illər baxımsız və təmirsiz vəziyyətdə qalan məktəbin binası ötən il sökülərək yenidən tikilmiş, müasir standartlara cavab verəcək bir səviyyədə şagirdlərini qoynuna almışdır. Burada 220 istedadlı uşaq uğurla təhsilini davam etdirir. Ötən il 600-dən yuxarı balla tələbə adını qazanan 16 Masallı abituriyentindən 4-ü məhz “Dəfinə”nin yetirməsidir. Liseyin daha 14 məzunu ötən il ali məktəblərə qəbul imtahanlarından uğurla keçib.
Liseyə gələn dövlət başçısı burada bütün zəruri avadanlığı olan fənn kabinələrinə, laboratoriyaya, habelə idman və iclas salonlarına baxmış, internetə çıxışı təmin olunan kompyuter otağında şagirdlərin bu müasir texnologiyalarına yiyələnməsi prosesini izləmiş və liseylə tanışlıqdan məmnun qalaraq kollektivə uğurlar arzulamışdır.
Nurəddin Məlikovun dedikləri:
— Dövlətimizin təhsilə yüksək qayğısı, məktəblərin yenidən qurulması, texniki tədris vasitələri və avadanlığı ilə təminatına dair qəbul olunan proqramların ardıcıl icrası uğurlarımıza böyük stimul verir. Ölkə Prezidenti möhtərəm İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikri konkret əməli fəaliyyətdə özünü doğruldur. Orta məktəb dərsliklərinin tam pulsuz verilməsi sistemi dövlətin təhsilə diqqətinin bariz nümunəsidir. Hazırda “Azərbaycan Respublikasında məktəblərin əsaslı təmiri və yeni məktəblərin tikintisi haqqında Dövlət Proqramı (2008-2011-ci illər)” uğurla həyata keçirilir. Həmin proqrama bizim Masallı rayonunda tələbat duyulan bütün məktəblər də daxildir.
Onu da demək xoşdur ki, möhtərəm Prezidentimiz Masallıda olarkən rayon ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşdə dövlətimizin başçısını salamlamaq şərəfi məhz bizim təmsilçimizə — Digah orta məktəbinin direktoru, qadınların III qurultayı ərəfəsində “Tərəqqi” medalına layiq görülmüş Nailə Əsədullayevaya nəsib oldu. O, dövlət xətti ilə, Heydər Əliyev Fondunun xəttilə Masallıda iki il ərzində 10 məktəb binasının tikildiyinə, “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı məktəbi” müsabiqəsinin təşkilinə, əmək haqlarımızın artırılmasına, özünün aldığı dövlət təltifinə görə rayonumuzun ziyalıları və təhsil işçiləri adından Prezidentə minnətdarlığını çatdırdı. Bütün bunların, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının nəticəsi olaraq bundan sonra daha böyük zövqlə çalışacağımızı söylədi.
Həmin görüşdə möhtərəm dövlət başçımız xatırlatdı ki, beş ildə Azərbaycanda 1500 məktəb tikilmişdir və bu proses davam edəcək. “Siz təhsildən söhbət açdınız, təsadüfi deyil ki, biz təhsil sahəsinə böyük diqqət göstəririk, çünki bu, bizim gələcəyimizdir. Bizim gələcəyimiz təhsillə bağlıdır. Uşaqlarımızın, gənc nəslin savadlı olması ilə bağlıdır. Yox, əgər bu olmasa, istənilən təbii sərvət nə qədər olursa-olsun, bunun heç bir əhəmiyyəti olmayacaqdır”. Möhtərəm Prezidentimizin bu sözləri bizi bir daha ruhlandırdı, məsuliyyət hissimizi ikiqat artırdı.
Təhsil Nazirliyinin qarşımıza qoyduğu vəzifələr, qəbul edilən sanballı proqramlar yerlərdə, o cümlədən Masallıda uğurla yerinə yetirilir. Axı, gərək sabahımızın sahibləri olacaq gənclər hərtərəfli inkişaf etmiş, intellektual biliyə malik nəsil olsun. Nazirimiz Misir Mərdanov bütün müşavirələrdə bunu xüsusi vurğulayır, rayon və kənd məktəblərinin şəhərlərdəki təhsil ocaqlarından geri qalmaması naminə ardıcıl əməli tədbirlər görülür.
Təhsil şöbəsinin müdiri N.Məlikov daha sonra dedi: — Bəxtimiz bir də onda gətirib ki, rayonumuzun icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev də təhsil sahəsinə doğma münasibəti ilə hörmət qazanıb. Bu vəzifəyə gəldiyi ilk günlərdən o, rayonu kəndbəkənd gəzərək məktəblərin vəziyyəti, təhsilin keyfiyyəti, dərsə davamiyyətlə ciddi maraqlanıb və problemlərin həlli üçün addımlar atıb. Məhz rayon rəhbərliyinin şəxsi təşəbbüsü ilə Masallıda dörd məktəbin tikintisi reallaşdırılıb. Bizə qalır yaradılan şəraitdən səmərəli istifadə etmək və etimadı doğrultmaq. Bunun öhdəsindən necə gəldiyimizi isə uğurlarımız təsdiqləyir.
Sentyabr ayında keçirilən müəllimlərin ənənəvi konfransında bu dərs ili Masallıda “Təhsildə keyfiyyət ili” elan edilib. Bundan ötrü rayonda şagirdlər arasında bilik yarışları təşkil olunur, müəllimlərin test monitorinqləri artıq üç məktəbdə başa çatıb və digər təhsil ocaqlarında davam etdirilir. Şöbə müdiri bizə ayrı-ayrı fənlər üzrə müəllimlər üçün hazırlanmış orijinal test kartlarını təqdim etdi. Buradakı suallar həm elmi-metodik səviyyəni, həm ictimai-siyasi dünyagörüşünü, həm də intellekt səviyyəsini aşkar etməyə yönəldilib.
“Təhsildə keyfiyyət ili” ilə əlaqədar dekabrda keçirilən fənn olimpiadasının ilk turunda 1200 şagird iştirak edib. Bu, rayonun tarixində görünməmiş rəqəmdir. Bu ay keçiriləcək növbəti tura ciddi hazırlıq görülür.
Təcrübə mübadiləsi məqsədilə qabaqcıl müəllimlərin digər məktəblərdə açıq dərsləri təşkil olunur. Həyati bacarıqlara əsaslanan təhsil sisteminin tətbiqi müsbət nəticə verir. Bilikli şagirdlərin də digər məktəblərdə görüşləri təsirsiz qalmır. Hazırda Masallı məktəblərində təhsilin idarə olunmasının məlumat sistemi (TİMS) tətbiq edilməyə hazırlanır. Xüsusi istedadlı uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramına əsasən, belə şagirdlərin məlumat bankı yaradılıb, onların əl işlərinin sərgisi təşkil edilib. Ötən tədris ilində təhsil şöbəsi metodkabinetinin rəhbərliyi ilə yaradılmış “Olimpiada mərkəzi” keyfiyyət göstəricilərinin yüksəlməsinə xidmət göstərir. Təhsil Nazirliyinin tövsiyə etdiyi “Ümumtəhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi” vəsaiti keyfiyyətə aparan yolun bələdçitsi kimi önəmlidir.
Masallıda keyfiyyətli təhsilə nail olan müəllimlər çoxdur. Həsənəküçə orta məktəbinin riyaziyyat müəllimi Dadaşbala Düniyev “İlin ən yaxşı müəllimi” müsabiqəsində qalib gələrək ölkə rəhbərliyinin təsis etdiyi mükafata layiq görülüb. Qəni Qəniyev, Əbülfət Zeynalov, Əbülfəz Əsədov, Əfsər Məmmədov, Mətləb Mikayılov, Məmmədağa Sadıqov və başqaları ötən il bilik yarışlarının keçirilməsində fəal iştirak ediblər.
Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş ümumi təhsilin konsepsiyası — Milli Kurrikulum Masallıda məqsədyönlü tətbiq edilir. Bu, təhsil islahatının mühüm mərhələsidir, müəllimin formalaşmasına xidmət göstərir. Cari dərs ilinə bu konsepsiya ilə başlayan məktəblərdə hazırlıq səmərəli keçib. Bakıda “Öyrədənlərin öyrədilməsi” kursunda 7 müəllim iştirak edib. Yaradılmış dayaq məntəqələrində kurrikulum sənədlərini öyrənən və 1-ci siniflərdə dərs deyəcək 147 müəllim kurslara cəlb edilib. Rayonun qabaqcıl sinif müəllimləri Canəli Sadıqov, Rəyasət İbrahimov və İlham Ağayevin yeni konsepsiya tələbləri ilə keçirilən nümunəvi dərsləri onlara uğur qazandırıb. Müəllimlərin ixtisaslaşmasına diqqət də xeyli artırılıb.
Tez-tez məktəblərə gedib ayrı-ayrı dərsləri dinləyən Nurəddin Məlikov deyir ki, müəllimlər sözün həqiqi mənasında halallıqla dərs keçməli, şagirdlər isə onlardan öyrəndiklərini ömürlük mənimsəməli, müstəqil həyata hazırlanmalıdırlar. Burada keyfiyyət əsas şərtdir. Əvvəllər Masallıda bəzi müəllimlər sinifdə ad günlərini keçirirdilər. Bunun qarşısı qətiyyətlə alınıb. Əvəzində daha məqsədəuyğun tədbirlər — bilik yarışları, olimpiadalar, interaktiv dərslər, viktorinalar, elm adamları ilə görüşlər keçirilməsinə üstünlük verilir. Məhz belə tədbirlər daha çox yadda qalır, uşaqların əsl vətəndaş kimi formalaşmasına kömək edir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.-2009.- 6
yanvar.-S. 4.