Goranboydan gəlirəm...
Ötən il
bütün sahələrdə əldə edilmiş yüksək
nəticələrdən, cari ildə nəzərdə
tutulmuş genişmiqyaslı tədbirlərdən doğan
böyük fərəh və qürur hissi , zəngin təəssürat
və düşüncələrlə
...bir də yanar ürək
— Yola
saldığımız il Goranboy üçün daha
çox nə ilə yadda qaldı?
Rayon icra hakimiyyətinin
başçısı Elşən Abasov elə bil bizdən məhz
bu sualı gözləyirdi:
— 2008-ci il təkcə Goranboy rayonu üçün yox, ümumiyyətlə, ölkəmiz, xalqımız üçün, hər şeydən əvvəl, yüksək siyasi səviyyədə və böyük mütəşəkkilliklə keçən növbəti prezident seçkiləri ilə yaddaqalan və əlamətdar oldu. Özü də buna sadəcə prezident seçkiləri kimi baxmaq olmaz. 2008-ci ildə keçirilən növbəti prezident seçkilərinə 1969-cu ildən başlayan misli görünməyən inkişaf və tərəqqinin, milli-mənəvi dəyərlərin, azərbaycançılıq fəlsəfəsinin yeni şəraitdə davamı, inkişafı, daha da zənginləşməsi kimi baxmaq lazımdır. Xalqımızın böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı İlham Əliyevin müdrik və qətiyyətli daxili və xarici siyasət xətti ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmış, Azərbaycan regionda həlledici söz sahibi olmuşdur. Bölgələrin sosial-iqtisadi inkişafı, ümumdaxili məhsul istehsalının artım sürəti, yeni müəssisələrin açılması, iş yerlərinin yaradılması isə hər birimizin gözü qarşısındadır. Bu dediklərimizi Goranboy rayonunun timsalında da aydın şəkildə görmək mümkündür.
— Sizi daha çox iş üstündə, müxtəlif kollektivlərdə, adamlar arasında görmək olar...
— Başqa cür də ola bilməz. Adamlarla ardıcıl və sistemli iş aparmadan, onların sosial ehtiyaclarını maksimum ödəmədən, iş üslubunu, təşkilat-idarəetmə məsələlərini təkmilləşdirmədən hər hansı sahədə uğur qazanmaq mümkün deyil.
— Bura əldə edilmiş yüksək iqtisadi nəticələri, əhalinin həyat şəraitinin, maddi gəlirlərinin artmasını da əlavə etmək olar. Ona görə ki, Goranboyda bu məsələlər 2008-ci ildə əvvəlki illərlə müqayisədə çox yüksəkdir...
— Orası elədir. Ancaq nəzərə alın ki, yuxarıda sadaladığım məsələləri həll etmədən yüksək iqtisadi göstəricilərdən, əhalinin həyat səviyyəsinin, gün-güzəranının yaxşılaşdırılmasından, ümumiyyətlə, danışmağa dəyməz. Axı, insan robot deyil. Gərək əvvəlcə şərait yaradasan, tədbir görəsən, sonra iş tələb edəsən. Mən sizə bu dəqiqə yüzlərlə rəqəm, fakt sadalaya bilərəm. Bunlar, əlbəttə, öz-özünə əmələ gəlməyib.
Həqiqətən, Azərbaycan xalqı xoşbəxtdir. Bir də ona görə ki, bizim bütün zamanlar üçün parlaq örnək, canlı nümunə, əsl məktəb ola biləcək liderimiz — Heydər Əliyev kimi tarixi şəxsiyyətimiz var. Ulu öndərimiz həyatın bütün sahələrində olduğu kimi, iş üslubu və metodları, təşkilat-idarəetmə məsələləri barədə də dahiyanə fikirlər söyləmiş, konkret istiqamət vermişdir. Həmin ölməz fikir və ideyalar bizim hər birimiz üçün həyat məktəbi, uğurlu fəaliyyət üçün əsas stimuldur. Mən bu sözləri deyərkən ümummilli lider Heydər Əliyevin respublikamızın müxtəlif bölgələrinə olan tarixi səfərlərini, keçirdiyi unudulmaz görüş və söhbətləri, adamlara göstərdiyi diqqət, qayğı və həssaslığı xatırlayıram.
Olduqca fərəhlidir
ki, həmin müdrik siyasət bu gün daha böyük
uğurla davam etməkdədir. Respublika Prezidenti
İlham Əliyevin qlobal, qətiyyətli və uzaqgörən
fəaliyyətinin digər cəhətləri ilə
yanaşı, əsas məna və mahiyyəti insan amili, onun
vacib sosial ehtiyaclarının daha dolğun ödənilməsi,
həyat səviyyəsinin yüksəldilməsidir.
Özünüz təsəvvür edin: təkcə
2008-ci ildə ölkə rəhbəri respublikanın, demək
olar ki, bütün bölgələrinə səfər
etmişdir. Yüzlərlə iri sənaye müəssisəsi
açılmış, parklar, xiyabanlar yaradılmış,
on minlərlə yeni iş yeri açılmışdır.
Ölkəmizin elə bir rayonu yoxdur ki, orada təbii qaz
alovlanmasın. İndi
elektrik enerjisinin verilməsində heç bir problem yoxdur və
s.
— Rayon icra hakimiyyətindən
bizə verilən arayışda göstərilir ki, son 2 ildə
Goranboy rayonu ərazisində 143 yöndəmsiz köşk və
tikili götürülmüşdür...
— Başqa cür də ola bilməz. Bu, zamanın tələbidir.
Müasir arxitektura, yüksək zövq və səliqə-sahman
inkişafın ayrılmaz tərkib hissəsidir. Söhbət təkcə küçəyə
asfalt döşəməklə, yaxud yeni bina tikməklə
bitmir. Tikilən hər ev, salınan
yol, səki, park və xiyaban ən əvvəl insanın
zövqünü oxşamalı, ona rahatlıq, sakitlik gətirməlidir.
İndiyə qədər bu istiqamətdə
görülən işləri başlanğıc hesab edirik.
Biz Goranboyu daha abad, gözəl və
yaraşıqlı görmək istəyirik.
— Əvvəllər belə
bir deyim vardı: kadrlar hər şeyi həll edir...
— Əslinə qalanda, bu deyim
bütün zamanlara, bütün cəmiyyətlərə
aiddir. Həqiqətən, hər hansı bir sahədə
işin uğurlu təşkili kadrların düzgün
seçilib yerləşdirilməsindən çox
asılıdır.
Bu gün
Goranboyda öz işini günün tələbləri səviyyəsində
quran, təşəbbüskar və yaradıcı, yüksək
mənəvi keyfiyyətləri ilə fərqlənən
kadrlar çoxdur. Belələrini vaxtında görüb
üzə çıxartmaq bizim borcumuzdur. Burada, əlbəttə, məsələnin başqa
tərəfləri də var. Əvvəllər əksər hallarda
oturub, necə deyərlər, yuxarıdan göstəriş
gözləyirdilər, müstəqil hərəkət, təşəbbüs
arxa plana keçmişdi. İndi isə əksinə,
yuxarıda sadaladığımız ön plandadır.
Mən yeri gəlmişkən, bura bir cəhəti də əlavə
edərdim: yanar ürək. Öz xalqı, milləti,
Vətəni üçün yanar ürək. Ulu öndərimiz Heydər Əliyevin ölməz
ideya və əməllərinə sonsuz sədaqət həlledici
olmalıdır. Biz işimizi məhz bu
vacib prinsiplər üzərində qurmağa
çalışırıq.
Rəqəmlərin dili ilə...
Bu gün qətiyyətlə
demək olar ki, Goranboy respublikamızın sürətlə
inkişaf edən bölgələrindən birinə
çevrilmişdir. Biz bu sözləri deyərkən, hər
şeydən əvvəl, sənaye və kənd təsərrüfatı
məhsulları istehsalını, yeni emal müəssisələrinin
yaradılmasını, bütün sahələri əhatə
edən genişmiqyaslı tikinti-abadlıq və quruculuq
işlərini nəzərdə tuturuq. Gəlin,
faktlara müraciət edək. 2008-ci ildə əvvəlki
ilə nisbətən əmtəə dövriyyəsi 18,5 milyon manat, pullu xildmətin dəyəri 12,2
milyon manat, orta aylıq əmək haqqı 42 faiz
artmışdır. İqtisadiyyatda baş verən
artım tempi rayon əhalisinin sosial rifah halının
yaxşılaşdırılmasına, mövcud problemlərin
operativ həll edilməsinə xidmət etmişdir. Məhz bunun nəticəsidir ki, rayona gələnlərin
sayı ilə gedənlərin sayı arasında kəskin fərq
yaranmışdır. Belə ki, 2008-ci ildə
rayona gələnlərin sayı 384 nəfər, gedənlərin
sayı isə 22 nəfər olmuşdur.
Rayonda özəl
bölmənin inkişafına verilmiş geniş meydan bu sahənin
sürətli inkişaf etdirilməsinə gətirib
çıxarmışdır. Məsələn, ötən ilin
yekunlarına görə yerli büdcə daxilolmasında
özəl bölmənin xüsusi çəkisi 75,5 faiz təşkil edir. Ötən il rayona yönəldilən investisiyaların həcmi
kəskin şəkildə artmışdır. Əsas kapitala
yönəldilən investisiyaların həcmi 2003-cü ilə
nisbətən 37,2 milyon manat artaraq, 41,5
milyon manata çatmışdır. Kapital qoyuluşunun 22,7 milyon manatı istehsal təyinatlı sahələrə,
qalan 18,7 milyon manatı isə qeyri-istehsal sahələrinə
yönəldilmişdir. Bunun da 43 faizi daxili
potensialın hərəkətə gətirilməsi
hesabına əldə edilmişdir.
2008-ci ildə
iqtisadiyyatın əsasını təşkil edən aqrar
bölmə diqqət mərkəzində
saxlanılmışdır. Bu sahəyə olan
dövlət qayğısı kənd əməkçilərinin
marağını xeyli artırmışdır. Təsadüfi
deyildir ki, ötən ildə istehsal olunan kənd təsərrüfatı
məhsullarının dəyəri əvvəlki ilə nisbətən
3,6 milyon manat artmışdır. Ət
istehsalı əvvəlki ilə nisbətən 160 ton artaraq
2720 tona, süd istehsalı 12 ton çoxalaraq 6770 tona, yun
istehsalı 53 ton çoxalaraq 740 tona
çatmışdır. Rayon üzrə cəmi əkin sahəsi
5,6 min hektar artaraq 35,4 min hektar olmuşdur. İri malın sayı 1575 baş artaraq 38715-ə,
qoyun-keçilərin sayı isə 5682 baş artaraq 217638-ə
çatmışdır.
Tikdim ki, izim qala...
Mütəxəssislər
kiçik bir hesablama apardılar: tikinti-abadlıq və
quruculuq işlərinin həcminə görə 2008-ci il rayon tarixində ən yüksək yer tutur. Bu, həqiqətən, bütün sahələri əhatə
edən genişmiqyaslı tikinti-abadlıq işləri nəticəsində
Goranboy və Dəliməmmədli şəhərləri, qəsəbə
və kəndlər öz simasını əsaslı şəkildə
dəyişmiş, daha gözəl və yaraşıqlı
olmuşdur.
Goranboy şəhərinin
mərkəzində yerləşən və ulu öndərimiz
Heydər Əliyevin adını daşıyan parkda
insanların mənalı və məzmunlu istirahət etmələri
üçün hər cür şərait
yaradılmış, Ana-uşaq kafesi, Ağsaqqallar evi istifadəyə
verilmişdir.
2008-ci ildə Gənclər parkında da işlər
başa çatmışdır. Burada
müasir üslubda ikimərtəbəli Gənclər evi və
Rəsm qalereyası, habelə gənclərin asudə
vaxtının səmərəli təşkili
üçün kafe və əyləncə mərkəzi
yaradılmışdır. Parkın kənarında
yerləşən tikililərin fasad hissəsinə alkapon
üzlük çəkilmişdir.
Şəhərə
xüsusi gözəllik verən ikimərtəbəli uşaq
musiqi məktəbinin yeni binasının, Heydər Əliyev
prospekti boyunca piyada yolunun tikintisi də başa
çatmışdır. Heydər Əliyev prospektində,
V.Bayramov küçəsində yerləşən 2 ədəd
ikimərtəbəli 12 mənzilli evin fasad hissəsi təmir
edilmiş, dam örtükləri dəyişdirilmişdir. Bundan başqa, şəhərin arxitektura görkəminə
xələl gətirən, əvvəllər mehmanxana kimi fəaliyyət
göstərmiş ikimərtəbəli binanın müasir
görkəmdə bərpası, Dəliməmmədli şəhərində
ikimərtəbəli məişət evinin tikintisi davam
etdirilmişdir. Goranboy şəhər
ticarət mərkəzinin, Telekommunikasiya
qovşağının təmiri başa
çatdırılmışdır. Heydər
Əliyev prospektində və V.Bayramov küçəsində
müasir işıqlandırma sistemi
quraşdırılmışdır.
Ötən müddətdə
Goran istiqamətində şəhərə gələn yolun
kənarında 4,5 hektar ərazidə
mehmanxana tipli istirahət zonasının, məişət
evinin və üzgüçülük hovuzunun tikintisi davam
etdirilmişdir. Trikotaj fabrikinin tikintisi başa
çatmış, yeni avadanlıqlar alınmışdır.
Bakı— Qazax magistral yolunun rayon ərazisindən
keçən hissəsində müasir üslubda ticarət və
iaşə obyektlərinin tikintisi davam etdirilmişdir. Həmin obyektlərdən 45-nin tikintisi artıq
başa çatdırılmış, ətrafında
abalıq işləri aparılmışdır.
Ümumiyyətlə,
2008-ci ildə Goranboy şəhərində uzunluğu 3145
metr olan müxtəlif küçələrdə 17900
kvadratmetr, “Goran - dördyol” ərazisində 1350 kvadratmetr beton
üzlük salınmışdır. Avtovağzal ərazisi,
yol kənarları və meydan yenidən
asfaltlanmışdır. Nizami, C.Cabbarlı, E.Bayramov,
B.Bağırova küçələrinə beton
örtük salınmışdır. Heydər Əliyev
muzeyinin qarşısına 450 kvadratmetr mərmər
örtük döşənmişdir. Çernobıl
faciəsi qurbanlarının xatirəsinə
ucaldılmış abidənin ətrafı tanınmaz dərəcədə
dəyişmiş, burada 4500-dən çox dekorativ ağac və
gül kolu əkilmiş, yeni yaşıllıq
örtüyü salınmışdır. C.Cabbarlı meydanı tamamilə yenidən qurularaq,
2800 kvadratmetr üzlük daş döşənmişdir.
Şəhərdən Qızılhacılı
istiqamətinə gedən yolun kənarları genişləndirilərək
yenidən qurulmuşdur.
Ötən il
yeni istehsal müəssisələrinin açılması,
iş yerlərinin yaradılması istiqamətində
aparılan işlər daha da sürətləndirilmişdir.
“Gilan-Holdinq”in gips-karton zavodunun və gips zavodunun tikintisi
artıq başa çatmışdır. Kürəkçay
üzərində yeni qum-çınqıl istehsalı müəssisəsinin
tikintisində isə işlər davam etdirilir.
Şəhid ailələri,
Qarabağ müharibəsi, 20 Yanvar və Çernobıl əlilləri
üçün 2 mərtəbəli 16 mənzilli
yaşayış evi, əhalinin sosial müdafiə mərkəzi
üçün inzibati bina, Respublika Bankının və
Muğanbankın rayon filialları, maliyyə idarəsinin,
musiqi məktəbinin yeni binaları da 2008-ci ilin
“yadigarlarıdır”.
Sosial problemlər diqqət mərkəzindədir
Yola saldığımız
ildə əhalinin vacib sosial ehtiyaclarının, xüsusilə
elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz
təminatı diqqət mərkəzində
saxlanılmış, bu sahədə ardıcıl və
sistemli iş qurulmuşdur. “Əhalinin elektrik
enerjisi, qaz və su təchizatının
yaxşılaşdırılması sahəsində təşkilati
tədbirlərin gücləndirilməsi barədə” rayon
icra hakimiyyəti başçısının müvafiq sərəncamı
ilə yaradılmış qərargah işlərin
gedişini daim nəzarətdə saxlamışdır. İstehlakçılar tərəfindən ödənişlərin
tam aparılması istiqamətində təbliğati tədbirlər
gücləndirilmişdir. Hazırda əhali
qrupu üzrə orta ödəniş 85 faizə
çatdırılmışdır. Əhalinin
normal elektrik enerjisi ilə təmin edilməsi məqsədilə
8 ədəd transformator əsaslı, 7-si isə cari təmir
edilmişdir.
Məlumdur ki,
1990-cı illərdən rayona təbii qaz verilişi
dayandırılmışdır. İndi isə rayon mərkəzinə
və 32 yaşayış məntəqəsinə təbii
qaz verilir. Bundan başqa, 7 kəndə təbii
qaz verilməsinə hazırlıq işləri davam etdirilir.
Ümumiyyətlə, 7129 təbii qaz
istehlakçısının 95,4 faizində
qaz sayğacı quraşdırılmış, orta ödəniş
isə 94,3 faiz olmuşdur.
Ötən
müddətdə əhalinin içməli su ilə təminatı
da yaxşılaşdırılmışdır. Murov — Goranboy su xəttinin 5
kilometr, Ağcakənd — Gurzallar su xəttinin 1,2
kilometr hissəsində əsaslı təmir işləri
aparılmışdır. Goranboy və Dəliməmmədli
səhərlərində istismar müddəti başa
çatmış yeraltı su xətləri yenisi ilə əvəz
edilmişdir. Murov — Goranboy su kəmərindən
Hacallı kəndlinə gedən içməli su xəttinin
çəkilişi başa çatmış, subartezian
quyularında əsaslı təmir aparılmışdır.
İstehlak olunan suya görə orta ödəniş
isə 102 faizdir.
Təhsil, səhiyyə, mədəniyyət
2008-ci ildə
rayon təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin
fəaliyyəti xüsusilə gücləndirilmiş, əvvəlki
illərlə müqayisədə ciddi irəliləyiş əldə
edilmişdir.
Ən əsası isə odur ki, sahənin
maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.
Məsələn, təkcə ötən il
5 yeni məktəb binası, 24 sinif otağı tikilib istifadəyə
verilmişdir. Bura rayon təhsil şöbəsinin
inzibati binasını, şəhər 1 saylı, Səfirkürd
kənd orta məktəblərinin əsaslı təmirini də
əlavə etmək olar.
Ötən il
diaqnostika mərkəzinin, o cümlədən Yuxarı Sarovlu
və Xınalı kənd həkim ambulatoriyası
üçün yeni binaların tikintisi başa
çatdırılmışdır. Rayon mərkəzi
xəstəxanasının qəbul və reanimasiya şöbələrində,
Qızılhacallı qəsəbə və Xan Qərvənd
kənd xəstəxanalarında cari təmir işləri
aparılmışdır. Dəliməmmədli
şəhər xəstəxanasının isə əsaslı
bərpasına başlanılmışdır.
Rayon mədəniyyət
və turizm şöbəsinin fəaliyyəti xüsusilə
təqdirəlayiqdir. Əvvəllər bu sahədə
müşahidə olunan nöqsan və kəm-kəsirlər
qətiyyətlə aradan qaldırılmış, tələbkarlıq
artırılmışdır. Nəticədə,
bir-birindən zəngin və maraqlı tədbirlər,
proqramlar hazırlanıb həyata keçirilmişdir. Təmir və bərpa işləri rayonunun, demək
olar ki, bütün mədəniyyət müəssisələrini
əhatə etmişdir. 310 yerlik uşaq incəsənət
məktəbi, rəsm qalereyası, ana və uşaq kafesi, gənc
istedadlar məktəbi, Qızılhacallı qəsəbəsində
modern kitabxana və mədəniyyət mərkəzi, Səfirkürd
kəndində musiqi məktəbi və s. məhz bu
sıradandır.
Qar yağır... deməli, bolluq olacaq
— Axırıncı səfərimiz
zamanı Goranboya güclü qar yağmışdı. Küçələr, evlər, ağaclar qəribə,
təkrarsız bir görkəm almışdı — hər tərəf
ağappaq idi. Sözün düzü,
düşünürdük ki, yəqin, havaların kəskin
dəyişməsi, güclü külək və qar işin
ahəngini pozar, işığın, qazın, suyun verilməsində
müəyən çətinliklər yaranar. Ancaq belə olmadı. Həyat həmişəki
axarı ilə davam edirdi, adamlar gündəlik
qayğıları ilə yaşayırdı: işə tələsən
də vardı, təbiətin bu ağ
dünyasına heyranlıqla tamaşa edən də.
Murovdan soyuq
dağ küləyi əsirdi. Ancaq üşüyən
təkcə əllərimiz, üz-gözümüz oldu.
İsti, rahat, gözəl şəhər bizi mehriban ana kimi
öz sinəsinə sıxdı...
Ziyəddin SULTANOV
Xalq qəzeti.-2009.-
6 yanvar.- S.6.