Qəzzada ölənlərin sayı beş yüzü keçib

 

Avropa Birliyinin nümayəndələri İsraillə HƏMAS arasında atəşkəsə nail olmağa çalışırlar

 

Artıq ikinci həftədir ki, İsrail Qəzzada hərbi əməliyyatları davam edirir. Yanvarın 4-dən 5-nə keçən gecə isə İsrail silahlı qüvvələrinin HƏMAS-çılar üzərinə hücumu daha şiddətli xarakter alıb. Bütün gecə ərzində Qəzza sektorunun şimal hissəsində partlayış səsləri, tank atəşləri və adi atıcı silahlardan intensiv atəş səsləri eşidilib, alov dalğaları görünüb.

İsrail ordu hissələrinin həyata keçirdiyi gecə əməliyyatları barədə bir-birinə zidd informasiyalar yayılmaqdadır. Məlumatlardan birinə görə, artıq quru qoşunlarının Qəzzanın içərilərinə doğru hərəkəti dayandırılıb. “Frans-press” agentliyi isə İsrailin Müdafiə Nazirliyinin mətbuat katibinə istinadən məlumat verib ki, gecə boyu yerüstü əməliyyatlar dəniz artilleriyasının köməyi ilə davam etdirilib. Bəzi məlumatlara görə, 40 İsrail tankı sektorun cənubundakı Xan Yunis şəhəri istiqamətində irəliləyib. İsrailin hərbi-hava qüvvələri gecə ərzində Qəzza sektorunda 130 obyektə zərbələr endirib. Bəzi mənbələrdə 30 obyektə zərbələr endirildiyi bildirilir.

Bu ərəfədə isə İsrail ordusu artilleriya və aviasiyanın köməyi ilə Qəzza ərazisini iki hissəyə bölərək Qəzza şəhərini mühasirəyə almışdı. Eyni vaxtda sektorun şimal-şərqindəki Beyt Xanun şəhəri də mühasirəyə düşmüşdü.

İsrailin ordu komandanlığı bəyan edib ki, HƏMAS silahlıları əsasən minaatanlardan və əldəqayırma bombalardan istifadə edir, üzbəüz döyüşdən yayınırlar. Qruplaşma nümayəndələri isə dünən gün ərzində bir neçə dəfə İsrail əsgərləri ilə üzbəüz döyüşlərə girdiklərini bildiriblər. Onların sözlərinə görə, dünən gündüz saatlarında döyüşlər sektorun şimal sektorundan əhalinin sıx yaşadığı qərb əyalətlərinə keçib. HƏMAS nümayəndələri və şahidlər bildiriblər ki, döyüşlər əsasən 5 rayonda aparılır: Qəzzanın mərkəzində, şəhərin cənub hissəsindəki Zeytun rayonunda, qaçqınların yaşadığı Cəbaliyyə düşərgəsindən şərqdə, keçmişdə yəhudilərin yaşadığı Nettsarim məntəqəsinin yaxınlığında və Xan Yunis şəhərinin sərhədlərində.

Fələstin mənbələrinin məlumatlarına görə, Qəzza ərazisinə qoşun yeridilməsinə baxmayaraq, bazar günü HƏMAS silahlıları sektor hüdudlarından İsrail şəhərlərinə 32 raket buraxmağa müvəffəq olublar. Atəşlər nəticəsində üç dinc İsrail vətəndaşı yaralanıb.

 

Qəfil müharibənin qurbanları

 

Artıq genişmiqyaslı əməliyyatlar xarakteri almış müharibə qurbansız ötüşmür. Ancaq döyüşlər zamanı hər iki tərəfdən həlak olanlar haqqında məlumatlar da ziddiyyətlidir. Məsələn, Fələstin tərəfinin verdiyi informasiyalara görə, yerüstü əməliyyatların başlanmasından indiyədək 70 nəfər itki verilib. HƏMAS öz qurbanlarının cəmi 10 nəfər təşkil etdiyini bildirib.

İsrail tərəfinin məlumatlarında isə bir hərbi qulluqçunun həlak olduğu, 34 nəfərin yaralandığı etiraf edilir.

Bütün bunlarla yanaşı, Qəzzada çalışan həkimlərin bildirdiyinə görə, əməliyyatların başlanmasından bəri sektor ərazisində həlak olanların sayı 509 nəfərə çatıb, 2,5 min nəfərsə müxtəlif dərəcəli yaralar alıb. İnformasiyaları dəqiqləşdirmək isə olduqca çətindir. Çünki İsrailin hərbi komandanlığı jurnalistlərin sektora daxil olmasına imkan vermir. Bi-bi-si-nin Qəzzadakı müxbiri bildirib ki, şəhər xəstəxanalarında çoxsaylı yaralıların müalicəsi üçün dərman və tibbi ləvazimatlar çatışmır.

Beynəlxalq Oxfam humanitar təşkilatının nümayəndələri deyiblər ki, yerüstü əməliyyatların başlanması ilə Qəzza sektoruna humanitar yardım çatdırılması dayandırılıb. Əsas humanitar yardımların daxil olduğu Misirlə sərhəddəki Rafa buraxılış məntəqəsi də İsrail aviasiyasının HƏMAS-ın aldığı silahların daşındığı tunelləri bombalamasından sonra bağlanıb. İsrail hökumətinin verdiyi bəyanata görə, əməliyyatlar dövründə Qəzza sektoruna cəmi 400 humanitar yardım maşını buraxılıb. Qəzzada çalışan ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri bildiriblər ki, daxil olan yardımlar yetərincə deyil, cüzi yardımları ən çox ehtiyac duyan insanlara çatdırmaq isə olduqca çətindir.

 

Diplomatiyanın iflası

 

Dünən yayılmış məlumatlara görə, HƏMAS-ın nümayəndə heyəti Misir rəhbərliyi ilə böhrandan çıxış yollarını müzakirə etmək üçün Qahirəyə getməyə hazırdır. Güman olunur ki, Misirin vasitəçiliyi ilə İsraillə danışıqlara başlamaq mümkündür.

Bir müddət əvvəl İsrail Prezidenti Şimon Peres sülh çağırışlarını rədd etmiş, eyni zamanda bildirmişdi ki, ölkəsi Qəzza sektorunu işğal etmək niyyətində deyil. Fələstin administrasiyasının sədri Mahmud Abbas isə bəyan edib ki, İsrailin işğalını dayandırmaq üçün mümkün olan hər şeyi edir.

ABŞ rəsmiləri birmənalı şəkildə İsrailin hərəkətlərinə haqq qazandırır. Prezident Buşun bəyanatları da bu fikri təsdiq edir. ABŞ-ın vitse-prezidenti Dik Çeyni də əvvəllər bəyan etmişdi ki, İsrail düzgün hərəkət edir, HƏMAS silahlılarının İsrail ərazisini raket atəşinə tutmasına son qoymaq üçün təkcə havadan zərbələr kifayət deyil. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Havyer Solana isə demişdi ki, Yaxın Şərqdə baş verənlər diplomatk cəhdlərin iflasa uğradığını sübut edir.

Dünən HƏMAS-la İsrail arasında atəşkəsə nail olmaq üçün Yaxın Şərqə bir neçə beynəlxalq nümayəndə heyəti gəlib. Fransa Prezidenti, Avropa Birliyinin sədri Nikolya Sarkozinin Misir, İordaniya İsrail rəhbərliyi, eləcə İordan çayının qərb sahilində Fələstin administrasiyasının nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir. Artıq AB nümayəndələrindən ibarət qrup Qahirəyə gəlib. Nümayəndə heyətinə Fransanın xarici işlər naziri Bernar Kuşner, Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq AB təmsilçisi Havyer Solana daxildir. Misir XİN başçısı Əhməd Abdul Qeytlə görüşdən sonra Kuşner bəyan edib ki, Qəzzanın atəşə tutulmasını İsrail ərazisinə hücumları dayandırmaq lazımdır. Qeyt təcili olaraq Yaxın Şərqdəki vəziyyətlə bağlı BMT qətnaməsinin qəbulunu tələb edib.

Rusiya Prezidentinin şəxsi nümayəndəsi Aleksandr Saltanov İsrailin xarici işlər naziri Tsipi Livni ilə görüşüb. Livni Moskvanın HƏMAS-İsrail danışıqlarında vasitəçilik təşəbbüsünə mənfi cavab verib.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.-2009.- 6 yanvar.- S.7.