Azərbaycanda qeyri-neft sektorunun
inkişafı xalqın
həyat səviyyəsini, dövlətin isə
nüfuzunu yüksəldir
Bu gün — yeni əsrin
doqquzuncu ilinin ilk günlərini yaşayan müstəqil Azərbaycanın
keçdiyi yola nəzər salarkən xalqımızın fəxr
etməyə, qürur və iftixar hissləri keçirməyə
böyük haqqı vardır. Geriyə baxanda xalqın və
milli dövlətçiliyimizin uzun əsrlərdən bəri
yaranmış tarixini görürük. İlk nəzər
saldığımız səhifələr ötən əsrin
90-cı illərində ikinci dəfə əldə etdiyimiz
dövlət müstəqilliyimizin qısa salnaməsi olur. Tarixçilər
və politoloqlar 1993-2003-cü illəri Azərbaycan dövlətinin
Azərbaycan xalqına xidmət etdiyi, xalqın öz dövlətinə
misilsiz dəstək verdiyi dövr kimi xarakterizə edirlər.
2003-cü ildən sonrakı beş ili həm tarixçilər,
həm siyasi ekspertlər, həm də dövlət
başçımızın liderlik məharətini yüksək
qiymətləndirən hər bir vətəndaş sırf
inkişaf baxımından xarakterizə edir, bu dövrü
möhtəşəm proqramlar və transmilli layihələr
dövrü adlandırırlar. Ancaq 2003-2008-ci illərin ən
dəqiq qiymətləndirilməsini bilavasitə möhtərəm
Prezidentimizin öz çıxış və nitqlərində
görürük: “Bizim son beş ildəki təcrübəmiz
onu göstərir ki, nəyi
planlaşdırmışıqsa, nəyi bəyan etmişiksə,
onu icra etmişik və çox hallarda vaxtından tez
etmişik”.
Azərbaycan dövlətinin son beş ildə əldə etdiyi nailiyyətlər, qazanılmış uğurlar barədə statistik materiallar həm ölkə ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin gözü qabağındadır. Ancaq bir neçə mühüm mənbə vardır ki, dünya ictimaiyyəti həmin mənbələr vasitəsilə Azərbaycan həqiqətləri barədə daha əhatəli məlumat ala bilirlər. Bu mənbələr dövlət başçımızın oktyabrın 24-də Prezident kimi ikinci dəfə and içdiyi gün söylədiyi nitq, noyabrın 25-də İtaliyanın “RAİ İnternational” telekanalına verdiyi müsahibə və dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin ötən il noyabrın 12-də “Xalq qəzeti”ndə dərc olunmuş “Azərbaycan—2003-2008: Reallığa çevrilən qeyri-adi zaman” (Zaman və sürətə qısa fəlsəfi baxış) və “Xalq qəzeti”nin 30 dekabr tarixli sayında verilmiş “Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: Varislik və innovasiyalılıq” adlı geniş fəlsəfi-analitik materiallar da son beş ildəki Azərbaycan həqiqətlərini bütün incəliklərinə qədər xarakterizə edir.
Bu həqiqətlər nədən ibarətdir? Əvvəla, müstəqil Azərbaycan dövləti qloballaşan və iti sürətlə dəyişən dünyanın bütün beynəlxalq ictimaiyyət üçün getdikcə daha çox maraq kəsb edən subyektinə çevrilir. Bu maraq ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi inkişafın tempindən və gənc müstəqil dövlətin beynəlxalq aləmə daha iti sürətlə inteqrasiya etməsindən qaynaqlanır. Azərbaycan “sərhədləri bağlayıb ölkəni inkişaf etdirmək” kimi primitiv tezislərdən uzaq — bütün dünyaya açıq, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda qarşılıqlı maraq və mənafelərin bərabərhüquqlu şəkildə təmin edilməsinə nail olan bir ölkədir. Məhz bu prinsiplər ölkənin inkişafına və dövlətin möhtəşəm siyasi nüfuz qazanmasına səbəb olmuşdur. Sosial siyasət və əhalinin maddi rifahı, regionların sosial-iqtisadi inkişafı, neft siyasəti və enerji təhlükəsizliyi, qeyri-neft sektorunun inkişafı, ordu quruculuğu, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, xarici siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün həyata keçirilən diplomatik tədbirlər, ümumiyyətlə, dövlətin cəmiyyət həyatının bütün sahələrindəki fəaliyyəti böyük uğurlarla nəticələnmişdir. 2008-ci ildə və bütövlükdə son beş ildə bizim ən böyük uğurlarımızdan birinin qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu söyləyənlər daha çoxdur. Ona görə də bu yazıda həmin məsələyə xüsusi yer ayırırıq.
Qeyri-neft sektorunun inkişafını iqtisadi siyasətin başlıca prioritetləri hesab edən hökumət enerji, nəqliyyat, su, kommunikasiya, rabitə və digər sahələrin dirçəldilməsi üçün son illərdə genişmiqyaslı layihələr həyata keçirib. Son üç ilin mənzərəsi onu göstərir ki, neft sektorunun inkişafı fonunda qeyri-neft bölməsini iqtisadiyyatın aparıcı sahəsinə çevirmək mümkündür. Qeyri-neft sektorunun əsas sahələri isə sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, valyuta ehtiyatlarının xarici maliyyə institutlarında yerləşdirilməklə idarə olunması, turizm hesab olunur.
Diqqət yetirsək görərik ki, Azərbaycanın yeni inkişaf erasının başlıca istiqamətlərindən biri sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutmasıdır. Bu sahə artıq dinamikliyi ilə digər iqtisadi sferaları geridə qoymağa başlayıb. Ölkədə güclü sənaye istehsalının yaradılması və sənayenin şaxələndirilməsi dövrünün start götürməsi ümumilikdə iqtisadiyyatda intensiv inkişafı sürətləndirməkdədir. Sənaye potensialının artması respublikamızın inkişafının mühüm prioritet istiqamətinə çevrilib. Ümumiyyətlə, Azərbaycanda sənayeləşmənin başlanması üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşaxəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin inkişafına baza yaradır.
Azərbaycanda bu gün sənaye istehsalının artım tempi ilə ümumi daxili məhsulun dinamikası demək olar ki, eyni səviyyədədir. 2007-ci ildə ÜDM istehsalı 27 faiz, sənaye isə 24 faizlik artımla başa çatıb, bu isə həmin sahənin iqtisadiyyatda lokomotiv rolu oynadığını təsdiqləyir. Bu gün milli məhsulun 20 milyard manatdan çox hissəsi də məhz sənaye məhsulundan ibarətdir. Azərbaycan sənayenin inkişafı tempinə görə son 2 ildə MDB dövlətləri arasında ilk yerlərdə dayanır, ötən ilin 5 ayı üzrə makroiqtisadi göstəricilərdə də sənaye məhsulunun həcminə görə ilk üçlükdə qərar tutub. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri, bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meylləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, neft sənayesinin çəkisi ilə bərabər, digər sənaye sahələrinin artım tempi daha yüksək olub. Məsələn, sənayenin real həcmi son 4 ildə 3 dəfəyə yaxın artıb və burada maşınqayırmanın, metallurgiyanın, kimya kompleksinin, mədənçıxarmanın payı daha yüksək olub. Azərbaycan Prezidenti İlham Əliyev Gəncə zonasına səfəri zamanı sənaye müəssisələrinin vəziyyəti ilə tanış olarkən bəyan etmişdi ki, ölkədə yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək. Respublikamızın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradıb. Gəncədə polad kompleksinin və Det-al alüminium zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu iki zavod kompleksinin tikintisi nəticəsində Azərabycan çox böyük iqtisadi imkanlara nail olacaq. Təkcə bu sahəyə qoyulan investisiyaların həcmi 1 milyard dollardan çox olacaq.
Postsənayeləşmədə “onurğa sütunu” hesab olunan Sumqayıtın zəngin bazasının formalaşdırılması istiqamətində aparılan işlərin əhəmiyyəti də diqqəti cəlb etməkdədir. Prezident Sumqayıtın keçmiş sənaye şöhrətinin özünə qaytarılmasını da vacib hesab etdiyini bəyan edib: “Bura həm böyük, həm də müasir sənaye şəhəri olacaqdır. Yəni Azərbaycana lazım olan sənaye müəssisələrində insanlar işlə təmin edilsinlər və həm sosial məsələlərin həlli, insanların rahatlığı üçün, həm də gözəllik üçün şəhərin böyük imkanları olsun”. Ümumiyyətlə, qarşıdakı 5 ildə sənayeləşmənin inkişafına ən azı 3 milyard dollar kapital yönəldilməsi nəzərdə tutulur. 2008-2013-cü illəri əhatə edən Dövlət Proqramının da əsas hədəfləri alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Bu müəssisələrin inkişafı Azərbaycanın sənayesinə çox güclü təkan verəcək və sənayemiz ən yüksək dünya standartlarına cavab verən məhsulları dünya bazarına ixrac edəcək.
Qeyri-neft
sektorunda informasiya texnologiyalarının çəkisi artmaqda
davam edir. İnformasiya və kommunikasiya vasitələrinin
geniş formada tətbiqi və ən modern rabitə
texnologiyalarından istifadə Azərbaycanın dünya
miqyasında ön sıralarda qərar tutmasına səbəb
olub. Hökumətin İKT üzrə
Dövlət Proqramı qəbul etməsi 2005-ci ildən
ölkəmizdə informasiya texnologiyalarının inkişaf
dinamikasında yeni mərhələ açıb. Son 4
ildə informasiya-kommunikasiya texnologiyalarının illik
artım tempi dünya inkişaf tempini 2,7 dəfə
qabaqlayıb. Proqnozlara görə, 2013-2015-ci illərdə Azərbaycan
İKT-dən il ərzində ən
azı 5 milyard dollardan artıq gəlir əldə edəcək.
2010-2020-ci illərdə “Regional innovasiya zonası”nın həyata keçirilməsi nəticəsində
ölkəyə əhəmiyyətli dərəcədə
kapital axını başlayacaq. Hökumət bu
sahədən əldə edəcəyi gəlirlərin neft
dollarından qazanılan mənfəətə bərabər
olacağını proqnozlaşdırır.
Azərbaycan
hökuməti ABŞ, İsrail, Yaponiya və digər dövlətləri
təmsil edən, İKT sahəsində dünyanın ən
nüfuzlu şirkətləri ilə ölkəmizdə
innovasiya zonasının, yeni texnologiyaların tətbiqi
üçün rabitə müəssisələrinin
yaradılması sahəsində sıx əməkdaşlıq
etməkdədir. Bu tendensiya Azərbaycanın dünyada
informasiya texnologiyaları mərkəzlərindən biri
olması barədə qənaətləri bir daha möhkəmləndirir.
Proqnozlara görə, 2015-2020-ci illərdə
respublikamızın informasiya texnologiyalarından illik valyuta gəlirlərinin
10 milyard manatı ötməsinə imkan yaranmış olacaq.
Nəqliyyat
sektoru da Azərbaycan iqtisadiyyatının ən gəlirli sahəsinə
çevrilməsinə zəngin perspektiv vəd edir. Son dövrlər
regionlarda müşahidə edilən əhəmiyyətli
keyfiyyət və kəmiyyət dəyişikliklərində
yol-nəqliyyat sistemi müstəsna əhəmiyyətə
malikdir. Hökumət regionların
sosial-iqtisadi inkişafına aid dövlət proqramında bu
sahəyə önəm verməklə inkişafın məhz
yol sisteminin yenidən qurulması ilə bilavasitə
bağlı olduğunu təsdiqlədi. Regionlardakı
enerji stansiyalarının, istehsal və xidmət müəssisələrinin
tikintisinə, turizm obyektlərinin yaradılmasına xarici və
yerli investorlar cəlb edilərkən onlar yol təsərrüfatına
ciddi əhəmiyyət verirlər. Beynəlxalq
maliyyə nəhənglərinin və hökumətin
ayırdığı milyonlarla manat vəsait hesabına Azərbaycan-Rusiya,
Azərbaycan-Gürcüstan və Azərbaycan-İran istiqamətində
beynəlxalq avtomagistralların əsaslı şəkildə
yenidən qurulmasına başlanılıb.
Regionun ən iri nəqliyyat-kommunikasiya dəhlizi hesab olunan Bakı—Tbilisi—Qars dəmir yolu layihəsinin reallaşdırılması ilə Azərbaycanın müəllifi olduğu yeni Şərq-Qərb dəhlizinin işə düşməsi respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasını bir qədər də möhkəmləndirəcək. İndiyədək Azərbaycan TRASEKA Proqramında iştirak etməklə Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə, dünya iqtisadiyyatına inteqrasiyaya və beynəlxalq nəqliyyat qovşağının mərkəzinə çevrilməsinə nail ola bilib. Bakı—Tbilisi—Qars dəmir yolunun tikintisi isə bölgədə tamamilə yeni vəziyyət yaradır və bu yol Azərbaycanı çox etibarlı tranzit ölkəyə çevirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də bayramlar münasibəti ilə xalqımızı təbrik edərkən bir daha qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihələrdən söz açmışdır: “2008-ci ildə biz böyük tarixi əhəmiyyət kəsb edən Bakı—Tbilisi—Qars dəmir yolunun tikintisinə başladıq. Uzun illərdən, uzun müzakirələrdən sonra biz bu dəmir yolunun tikintisinə nail olduq və bu gün Azərbaycan şirkətləri bu işlərdə fəal iştirak edirlər”.
Bütün bunlar sübut edir ki, artıq Azərbaycan dövləti üçün həlli müşkül olan heç bir iqtisadi layihə yoxdur. Dövlətimiz və dövlət başçımız həyata keçirmək istədiyi bütün layihələri çox böyük uğurla icra edir və başa çatdırır.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.-7 yanvar.-S.1.