“Nabukko” kəməri Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın rolunu
artıracaq
Son illər Avropanın əsas
yanacaq növlərindən sayılan qaza tələbatı
getdikcə artır. Mütəxəssislərin fikrincə, 20
il ərzində “köhnə qitənin” qaza olan illik tələbatının
600 milyard kubmetrə çatacağı gözlənilir. Məlum
olduğu kimi, indi Avropa ölkələri bu tələbatın
xeyli hissəsini Rusiyadan aldığı “mavi yanacaq”
hesabına ödəyir. Lakin buna baxmayaraq, hazırda alternativ
mənbələrə kəskin ehtiyac duyulur. Bu ehtiyacı isə
qonşu ölkələrin qaz ehtiyatları hesabına ödəmək
mümkündür. O da məlumdur ki, mövcud nəql
marşrutları böyük qaz həcmlərini Avropa
bazarlarına çıxarmaq iqtidarında deyil. Qaza tələbatın
kəskin şəkildə artacağı təqdirdə bu sahədə
hər hansı bir çətinliyin yaranmaması
üçün artıq bir neçə ildir ki, Avropada
araşdırmalar, tədqiqatlar aparıır.
XXI əsrin əvvəllərində xarici şirkətlərin Rusiyadakı neft-qaz layihələrində iştirakının xeyli dərəcədə çətinləşməsi, bu ölkədəki neft və qaz yataqlarının çətin ərazilərdə yerləşməsi, texnoloji qıtlıq və s. amillər Avropanın enerji təhlükəsizliyinin təminatında keçmiş sovet nəhənginin rolunun getdikcə azalmasına səbəb olmuşdur. Bu da Avropa ölkələrini alternativ enerji yollarının axtarışına sövq etmişdir. Digər tərəfdən, Afrika ölkələrindəki maye qaz ehtiyatlarının nəqlindəki çətinliklər, təhlükə riskləri və digər amillər təbii qaz mənbələrini müəyyənləşdirmək və onu daha əlverişli marşrutla nəql etmək ideyasının gerçəkləşdirilməsinə təkan verdi.
“Mavi yanacağa” kəskin ehtiyac duyan Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə ilkin olaraq beş mənbə — Misir, İraq, İran, Azərbaycan və Xəzərin sağ sahilində yerləşən Türkmənistan və Qazaxıstanın üzərində dayandılar. Son nəticədə isə Misirin maye qaz ehtiyatlarının nəqlindəki məlum problemlər, eləcə də bir sıra siyasi amillərlə əlaqədar olaraq İran və İraq variantları gündəlikdən çıxarıldı. Belədə Azərbaycan və digər Xəzəryanı ölkələr olan Türkmənistan və Qazaxıstandakı təbii qaz ehtiyatlarının idxalı ideyası qətiləşdi. Bununla da, Rusiyadan yan keçməklə Türkiyə ərazisindən Avropayadək uzanan yeni qaz nəqli marşrutu — “Nabukko” boru kəmərinin çəkilişi ideyası qətiləşdirildi. Bu da təsadüfi deyildi. Çünki Türkiyənin qazpaylayıcı şəbəkəsi Avropada ən nəhəng sistemdir və buradan “köhnə qitəyə” kifayət qədər “mavi yanacaq” nəql etmək mümkündür. Digər tərəfdən, hazırda Avropanın enerji təhlükəsizliyinin təminatına ilkin töhfələrini verməyə başlayan Azərbaycanın Bakı—Tbilisi—Ərzurum kimi işlək qaz kəməri vardır ki, onun da illik nəql gücü təqribən 20 milyard kubmetrdir.
Məlumat üçün bildiririk ki, “Nabukko” qaz kəmərinin uzunluğu 3300 kilometr təşkil edəcək. Kəmərin diametri 1,5 metrə yaxın olacaq. “Nabukko” kəməri Türkiyə ərazisində 2000, Bolqarıstanda 400, Rumıniyada 460, Macarıstanda 390, Avstriyada 46 kilometr məsafə qət edəcək. Layihə reallaşdıqdan sonra Avstriyanın Baumqarten məntəqəsinə çatdırılacaq qaz həcmlərinin böyük bir hissəsi bu ölkənin ərazisindən keçərək Mərkəzi və Qərbi Avropaya nəql olunacaq. Xatırladaq ki, boru kəmərinin illik layihə gücünün 31 milyard kubmetr təşkil edəcəyi gözlənilir.
Layihənin həyata keçiriləcəyi bütün ölkələrdə ətraf mühitə təsirin qiymətləndirilməsinin tələblərini təmin etmək üçün mühəndis-texniki işlər həyata keçiriləcək. Bu və digər hazırlıq işlərinin 2009-cu ilin axırına qədər davam edəcəyi gözlənilir. “Nabukko” qaz kəmərinin tikintisinin 2010-cu ildə, təbii qazın nəqlinin isə 2013-cü ildə başlanması planlaşdırılır. Bu dövrdə həm də layihənin maliyyələşdirilməsi məsələsi həllini tapmalıdır. Ekspertlərin qənaətinə görə, layihənin maliyyələşdirilməsi ilə bağlı heç bir çətinlik gözlənilmir. Çünki onun rentabelli olacağı artıq heç kəsdə şübhə doğurmur. Digər tərəfdən, köhnə qitənin “mavi yanacağa” olan tələbatının ödənilməsində mühüm rol oynayacaq “Nabukko” layihəsi artıq Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nəhəng maliyyə qurumlarının tam dəstəyini qazana bilib. Layihənin maliyyələşdirilməsi prosesinə gəldikdə isə Bakı—Tbilisi—Ceyhan əsas ixrac neft boru kəmərinə tətbiq olunan mexanizmdən burda da istifadə etmək olar. Yəni tikinti xərclərinin 30 faizini layihənin iştirakçısı olan şirkətlər, yerdə qalan 70 faizini isə beynəlxalq maliyyə qurumları ödəyə bilər.
Bəs kəməri işlətmək üçün mövcud ehtiyatlar kifayət edəcəkmi? Mütəxəssislər bunun üçün kifayət qədər qaz ehtiyatının mövcudluğunu birmənalı olaraq təsdiqləyirlər. Onu da deyək ki, layihənin operatoru olan OMV şirkəti başda olmaqla digər iştirakçılar kəmərin tikintisini başa çatdırdıqdan sonra onu üç mərhələdə nəql gücünə çatdırmaq qərarına gəliblər. Belə ki, ilkin mərhələdə — 2013-cü ildən etibarən kəmərlə il ərzində 8-9 milyard kubmetr qazın nəqli proqnozlaşdırılır. 2020-ci ilədək reallaşdırılacaq sonrakı mərhələlərdə isə bunun 30-31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qaz hasilatına məhz 2013-cü ildən başlanacağı nəzərə alınsa, onda “Nabukko” kəmərinin məhz həmin ildə işə düşməsinə tam əmin olmaq olar. İndi hər şey hökumətlərarası, eləcə də hökumətlərlə şirkətlər arasında müqavilələrin vaxtında imzalanması və bununla da layihənin həyata vəsiqə almasından asılıdır. Artıq 2009-cu ilin əvvəllərində iştirakçı şirkətlərlə Türkiyə arasında ilkin sənədin imzalanacağı gözlənilir ki, bu da layihənin reallaşdırılması istiqamətində ilk addım kimi dəyərləndirilməlidir. Digər tərəfdən, Türkmənistanla Avropa Birliyi arasında il ərzində bu ölkədən 10 milyard kubmetr qazın alınması ilə bağlı imzalanmış məlum memorandum da Transxəzər qaz kəmərinin reallaşacağına zəmin yaratmaqla bərabər “Nabukko”nun işlək bir layihə olacağına təminatdır.
Bəs, görəsən, son zamanlar dünyanı bürümüş maliyyə böhranının “Nabukko” layihəsinə bu və ya digər dərəcədə təsiri ola bilərmi? Ekspertlər bu amili istisna edirlər. Onların fikrincə, neftin qiyməti birjalarda müəyyən olunsa da, qazın dəyəri dövlətlərarsı sazişlərlə tənzimlənir. Neftdən fərqli olaraq Avropanın qaza olan tələbatının durmadan artdığı bir şəraitdə, eləcə də qazın qiymətində kəskin sıçrayışların qeydə alınmaması və s. səbəblər üzündən istənilən halda bu layihənin reallaşacağı şübhə doğurmur. Digər tərəfdən, mütəxəssislərin bir çoxu bu fikirdədir ki, son maliyyə böhranı “Nabukko”nun reallaşması üçün katalizator rolunu da oynaya bilər. Belə ki, kəmərin tikintisi üçün vacib olan metal və metal məmulatlarının qiymətinin kəskin şəkildə ucuzlaşmasından yararlanmağa çalışan iştirakçı şirkətlər inşaat işlərini sürətləndirə də bilərlər. Bu isə tikintinin hətta vaxtından xeyli əvvəl başa çatdırılmasına səbəb olacaq.
Göründüyü kimi, XXI əsrin ən nəhəng qaz ixrac marşrutlarından sayılan “Nabukko”nun son dərəcə mühüm strateji əhəmiyyəti vardır. Hər şeydən əvvəl, adı çəkilən kəmər iqtisadi baxımdan sərfəli qaz mənbələrindən istifadə etməklə Avropa ölkələri üçün yeni qaz təchizatı dəhlizi açacaq. Digər tərəfdən, kəmərin keçəcəyi ölkələrin tranzit rolu artacaq və həmin dövlətlər bu amil hesabına külli miqdarda vəsait əldə edəcəklər. Bütün bunlarla yanaşı, layihənin reallaşdırılması Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verməklə bölgədə siyasi və iqtisadi əməkdaşlığın da möhkəmlənməsinə əhəmiyyətli təkan verəcək. Layihənin Azərbaycan üçün əhəmiyyəti də son dərəcə böyükdür. Belə ki, Nabukko kəmərinin işə düşməsi ilə ölkəmiz əsas ixrac marşrutuna sahib olmaqla öz qazını Avropa bazarına sərbəst çıxarmaq imkanı əldə edəcək. Eyni zamanda, mühüm tranzit ölkəsinə çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı yeri və rolu əhəmiyyətli dərəcədə artacaq.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti .-2009.-7 yanvar.-S.2.