Rafael HÜSEYNOV:
Əsas Qanunumuz daha kamil olacaq
“Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər
ediliməsi haqqında” Referendum Aktı layihəsinin
Konstitusiya Məhkəməsi tərəfindən təsdiqi və
Milli Məclisdə müzakirələrdən sonra ölkə
ictimaiyyətinin məsələyə maraq və diqqəti
daha da artmış, bu istiqamətdə fikir mübadilələri
genişlənmişdir. Milli Məclisin deputatı, ölkəmizin
Avropa Şurası Parlament Assambleyasındakı Daimi Nümayəndə
heyətinin üzvü, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, filologiya elmləri
doktoru, professor Rafael Hüseynovla söhbətimiz indi hər kəs
üçün aktuallıq kəsb edən bu məsələlər
ətrafındadır.
— Rafael müəllim,
2008-ci ildən ayrıldığımızdan vur-tut bir
neçə gün keçir. Hələ sanki iki ilin
aralığındayıq. Vidalaşdığımız və
yaşamağa başladığımız il təbii ki,
müxtəlif düşüncələr oyadır. Gedən
və başlanan il sizin üçün ən əvvəl
hansı cəhətlərilə əlamətdardır?
—Başa çatan ildə
Azərbaycan istiqlalı 17 yaşına doldu və dövlət
müstəqilliyimizin uğurlu 18-ci ili başlandı. Bu, tarix
içərisində bizim ən böyük nailiyyətimiz, ən
əvəzsiz sərvətimizdir. XX yüzilin
başlanğıcında bir millət və dövlət
olaraq istiqlalı qazanmağın necə böyük səadət
və onu itirməyin necə ağır fəlakət
oduğunu yaşamışdıq. Ona görə də XX
yüzilin sonlarında təzədən
azadlığımıza qovuşandan sonra bu nemətin qədrini
və qiymətini sanki daha artıq dərk etməyə
başladıq.
1918-ci ilin 28 mayında Azərbaycanın İstiqlal Bəyannaməsini elan edənlər, ilk milli cümhuriyyətimizi quranlar nurlu zəka sahibləri, vətənə, xalqa sadiq üstün şəxsiyyətlər idilər. Əlimərdan bəy Topçubaşov da, Fətəli xan Xoyski də, Həsən bəy Ağayev də, Nəsib bəy Yusifbəyli də, Məmməd Əmin Rəsulzadə də, Xudadat bəy Rəfibəyov da, Əhməd bəy Pepinov da fədakar millətpərvərlər idilər və onlar istiqlalın əbədi olması naminə hər mübarizəyə hazır idilər. Lakin o böyük yurdsevərlərin hamısının bütün birgə səyləri bu müstəqilliyi yalnız 23 ay yaşatmağa imkan verdi.
XX yüzilin bitəcəyində yenidən ucaltdığımız üçrəngli bayrağımız, təzədən qazanılmış dövlət müstəqilliyimiz tarixin və taleyin acı kinayəsi ilə 1993-cü ilin iyununda yenə 2 yaşına çatmamış qırılmaq, itirilmək təhlükəsi ilə üzbəüz idi. Bu zaman tarix səhnəsində böyük azərbaycanlı, müstəsna dövlətçi Heydər Əliyev göründü, qüdrətli əlləriylə milli mənliyimizin rəmzi olan bayrağımızı dikəltdi, xalqın vüqarını yüksəltdi, müstəqilliyimizi ikinci minilliyin son illərinin fırtınalı yollarında irəlilətməyə başladı. İstiqlalımızı 3 yaşına, 5 yaşına, 10 yaşına çatdırdı, XX əsrdən XXI əsrə keçirdi, ikinci minillikdən üçüncü minilliyə adlatdı.
Heydər Əliyev XX əsrin əvvəllərində cəsur dövlətçi və millətçilərimizin, ilk xalq cümhuriyyətimizin qurucularının hamısının bir yerdə görə bilmədiyi işi təkbaşına yerinə yetirməyə, Azərbaycan müstəqilliyini dönməz, sarsılmaz, əbədi etməyə, onu böyük gələcəyin üfüqlərinə ucaltmağa müvəffəq oldu. Heydər Əliyev yolunun ən sədaqətli davamçısı Prezident İlham Əliyev isə artıq yeni zamanda, XXI yüzilin başlanğıcında bu müstəqilliyi dövrün tələblərinə uyğun olaraq daha da inkişaf etdirdi, rövnəqləndirdi, müstəqilliyimiz bu minvalla da varlığının ən müşkül sınaqlı illərini arxada qoyaraq həddi-buluğa çatdı, daim arzusunda olduğumuz yüksəlişlər mərhələsinə qədəm qoydu.
Hər bitən ilə biz hələ çox illər boyu müstəqilliyimizin bir az da yaşa dolmasının, bir qədər də möhkəm, daha da yenilməz olmasının növbəti ili kimi sevinəcəyik. Əsas odur ki, müstəqilliyimizin kövrək olduğu, büdrəyə, vaxtın qasırğalarından zədələnə biləcəyi dövr artıq arxadadır. Hər ötən illə bu istiqlalın kökü daha da dərinlərə işləyir, bu müstəqilliyin boyu dünyanın hər tərəfindən görünmək üçün daha uca zirvələrə qalxır.
Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevlə əbədi ayrılıqdan sonra Azərbaycana taleyin ən böyük hədiyyəsi müstəqilliyin əzəmətli yolunu inamla və şərəflə davam etdirməyə qadir yeni rəhbər - Prezident İlham Əliyev oldu.
Başa çatan 2008-ci il mənim nöqteyi-nəzərimcə ilk növbədə Prezident İlham Əliyevin 5 illik liderlik yolunun uğurla tamamlanması və xalqın sonsuz məhəbbətlə ona yenidən etimad göstərməsiylə əlamətdar və yaddaqalan oldu. 2008-ci ilin oktyabrında keçirilən Prezident seçkiləri xalqın mütəşəkkilliyinin, yekdilliyinin göstəricisi olaraq müasir tariximizin cahanşümul hadisəsinə çevrildi və Prezident İlham Əliyevin şəxsiyyəti, əməlləri, adı milləti birləşdirən ən mühüm amillərdən biri kimi təsdiqini tapdı.
Hələ yalnız ilk günlərini arxada qoyduğumuz təzə il açılmamış kitab kimidir. Əlbəttə ki, biz bu ilin qarşıdakı hər ayına, hər gününə qanadlı arzularla, tükənməz ümidlərlə baxırıq. Qarşıdakı günlərinsə bizə hansı fərəhlər gətirəcəyi hələ cavabsız sualladır. Bir sualı isə elə bəri başdan tərəddüdsüz inamla cavablandırmaq mümkündür: 2009-cu ilin Novruz bayramı astanasında Əsas Qanunumuza əlavə və dəyişikliklərlə əlaqədar baş tutacaq ümumxalq səsverməsi millətimizin bütövlüyünü, birliyini, həmrəy, həmdüşüncə olduğunu növbəti dəfə sübut edəcək. İnanıram ki, xalqımız 2008-in payızında - Prezident seçkilərində nümayiş etdirdiyi vəhdəti, 2009-un baharında bir daha ortaya qoyacaq.
Xalqı xalq edən, qüdrətli edən məhz onun tarixin həlledici məqamlarında milyonlarla səs ikən bir səs kimi qovuşmaq istedadı, saysız yollar sırasından ən doğru olan hədəfi sərrastlıqla seçə bilməsidir. Az öncə - ölkə Prezidenti seçkiləri əsnasında bunun şahidi olduq, qəlbimiz qürurla, dərrakəli millətimizə ən dərin ehtiram hissləriylə doldu, az sonra biz bir daha həmin iftixarlı duyğuları təzədən yaşamaq imkanı qazanacağıq.
—Martın 18-də keçiriləcək konstitusiya dəyişiklikləri ilə bağlı referendumda xalqın yekdillik nümayiş etdirəcəyinə inamınızı yaradan hansı müşahidələrinizdir?
—1991-ci ilin oktyabrında tarixin və siyasi qovğaların yaratdığı nadir və xoşbəxt imkan nəticəsində Azərbaycanın yenidən bərpa olunmuş müstəqilliyi artıq tərcümeyi-halımızın əziz bir parçasıdır. Bu müstəqilliyin 17 ili əslində zahirən göründüyündən daha zəngin bir tarixdir. Bu illər sanki sıxılmış, pres edilmiş bir zaman parçasıdır ki, əhatə etdiyi hadisələrin siqlətinə, zənginliyinə, dramatizminə görə 30-40 ildən də uzun bir dövr təsiri bağışlayır. Bu illər insanlarımızın gözlərini çox həqiqətlərə açdı, millətimizin siyasi şüurunu inkişaf etdirdi, ölkənin ən ucqarlarındakı ən sadə kənd əhalisini də yalnız əkin-biçin, torpaq və təsərrüfat, ailə qayğıları ilə yaşamağa deyil, həm də bütöv ölkənin və xalqın taleyi ilə əlaqədar mütəmadi düşüncələrə dalmağa alışdırdı. Hər bir azərbaycanlı asta-asta özünü yalnız bu ölkənin həyatını sadəcə müşahidə eləyən adi vətəndaş yox, həm də bu dövlətin, bu yurdun gələcəyinə cavabdeh olan şəxsiyyət kimi qavramağa başladı. İnsanlarımızda gərək olan həlledici anda dövlətin və xalqın mənafeyini qorumaq üçün bir yumruğa çevrilmək qabiliyyəti şairanə duyğu olmaq çərçivəsindən çıxaraq həyat həqiqətinə döndü. Müstəqilliyin enişli-yoxuşlu illəri insanlarımıza istiqlalı qazanmaqdan daha çətin onu qorumağın olduğunu əyaniliyi ilə dəfə-dəfə anlatdı. Azərbaycan insanında arxada qalan illər ilk növbədə özünə hörmət hissini artırdı. Vətəndaşımız özünü bu yurdun və bu dövlətin sahibi kimi dərk etməyə başladı. Hələ xoş həyəcanı soyumamış son prezident seçkiləri bunun parlaq örnəyi idi. Bu seçkilər Azərbaycanda seçki mədəniyyətinin yeni və sevimli bir inkişaf mərhələsinin göstəricisi olmaqdan savayı, xalqın siyasi təfəkküründə də nə qədər ciddi dəyişmə və irəliləyişlərin bərqərar olduğunu aşkarladı.
Ulu öndərimiz “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” söyləmişdi və onun artıq zərbiməsələ çevrilmiş bu kəlamı hər bir azərbaycanlının qəlbində əks-səda verdi, hər bir yurddaşımızın həyat meyarına döndü. Köhnə onillərin seçkilərə formal bir siyasi kampaniya kimi baxmaq vərdişinin beyinlərdə az-küç ilişib qalan izləri də son prezident seçkilərinin milli yekdillik dalğası ilə düşünürəm ki, birdəfəlik sovrulub getdi. İnsanlarımız belə taleyüklü seçimlərə hər fərdin və bütöv millətin müqəddərat məsələsi kimi baxmaq məqamına yüksəldilər. Əsas Qanunumuza əlavə və dəyişikliklərlə əlaqədar keçiriləcək referendumun fəlsəfəsinə, mahiyyətinə varanda ən üzdə olan bir həqiqəti görməmək mümkün deyil. Konstitusiyaya nəzərdə tutulan bütün əlavələr və bütün dəyişikliklər Ana Kitabımızda - Əsas Qanunumuzda məhz bunca yetkinləşmiş, vətəndaş mövqelərində bunca kamilləşmiş Azərbaycan insanını layiq olduğu ucalıqda təqdim və ifadə etmək məqsədi daşıyır. Bu dəyişiklik və əlavələrin hamısı Azərbaycan insanını bir az da yüksəltməyə, məhz onun bu dövlətin və məmləkətin əsas söz sahibi olduğunu ən ali səviyyədə təsdiqləməyə yönəlib. Konstitusiyamız hakimiyyətin mənbəyinin xalq olduğunu elə təməlindən bəyan edib. Lakin bugünkü Azərbaycan xalqı Konstitusiyamızın qəbul edildiyi 1995-ci ildəki Azərbaycan xalqı deyil - necə möhtəşəm bir inkişaf yaşayıb bu millət! Düşüncədə, dünyaduyumunda, siyasi gedişata ayıq-sayıq münasibətdə inqilabi sayılacaq bir inkişaf. Təbii ki, Azərbaycan vətəndaşının artan boyu, cəmiyyət həyatındakı daha həlledici sanbal əxz etməsi Əsas Qanunumuzda da gərəyincə əksini tapmalıdır. Bu Konstitusiya bu xalqındır və xalqın surəti də bu ən vacib dövlət əsərində parlaqlığıyla yer almalıdır. Qarşımızdakı əlavə və dəyişikliklərin hamısı Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını daha geniş, daha möhkəm, daha gələcəkli etnik niyyətindən yaranıb.
Bu ölkənin istiqbalı uşaqlara bağlıdır. Azərbaycan və millət quruculuğunun gələcəyi uşaqlara münasibətimizlə düz mütənasibdir. Sabah bu dövlətin önündə gedəcək vətəndaşlar indiki balalardır. Təsadüf deyil ki, Konstitusiya dəyişiklikləri sırasında məhz uşaqların taleyi ilə əlaqədar qayğı, onların gələcəyinin daha əmin-arxayın olması üçün etibarlı qanun bünövrəsi yaradılması təşəbbüsü ən əvvəldə gəlir. Əsas Qanunumuza yeni əlavələrlə dövlət qüdrətli səslə elan edir - valideynləri ya qəyyumları olmayan, ata-anasını itirmiş övladlar valideynsiz də deyillər, onlar nəvazişdən, qayğıdan da umsuq olmayacaqlar. Onların valideyni, qayğıkeşi dövlətdir. Sabah bu uşaqların da sahibi olacağı Azərbaycan Dövləti.
Hər bir ailə
də balaca bir dövlətdir. Ailələrimiz
sağlam, mənəvi cəhətdən saf olduqca ölkəmiz
də daha çox güclənəcək, daha mənəviyyatlı
olacaq. Dərin düşünən,
uzaqgörən atalarımız “əvvəl evin içi,
sonra çölü” öyüdünü verəndə məsələyə
qətiyyən xırda hisslərdən, şəxsi mənafeyi
daha üstün tutmaq bucağından yanaşmayıblar.
Evin içi nə qədər qüsursuz olarsa,
bu dürüst, təmiz, əxlaqlı, vicdanlı içəridən
hamımızın olan çölə - cəmiyyətimizə
də o qədər çox işıq, xeyirxahlıq
saçılar. Ona görə də
Konstitusiyamıza edilən yeni əlavələr Azərbaycan
ailəsini, azərbaycanlının evinin içərisini, mənəvi
aləmini daha çox hifz etməyi öhdəsinə
götürür. Bu əlavələrlə
dövlət hər bir vətəndaşının şəxsi
və ailə həyatının qorumağın təminatçısı
olduğunu, vətəndaşa məxsus bu məhrəm
dünyaya kimsənin qanunsuz müdaxilə etməsinə imkan
verməyəcəini, bu sərhədlərin müdafiəsində
öz vətəndaşına dayaq olacağını Əsas
Qanunumuzun səs verəcəyimiz yeni müddəaları
açıqlığıyla ifadə edir.
Xalq “ev bizim,
sirr bizim” deyib.
Amma texnologiyaların bir zamanlar təsəvvürə
sığmayacaq qədər artmış çağdaş tərəqqisi
dönəmində evin, ailənin, öz qəlbinin sirlərini,
gizlinlərini kənar qulaqlardan, kənar gözlərdən nə
təhər qoruyasan? Yerin də
qulağı var sözü indi lap gəlib yerinə
düşüb. Xəlvəti dinləmə,
məxfi seyretmə üçün haçansa kəşfiyyatların
həsəd apara biləcəkləri
çeşid-çeşid cihazlar indi dükanda-bazarda
açıqca satılır. Ağıllı,
savadlı jurnalistika getdikcə daha artıq inkişaf edir, ayaq
tutur. Amma onun böyründə mənəvi
sarılığa yoluxmuş sırtıq parazitlər də
sülənməkdədir. Ailələrə,
insanların şəxsi həyatına dəyə biləcək
zədələr, onların qanunsuz müdaxilələri
dolayısı ilə keçirəcəyi könül
sarsıntıları nəticə etibarı ilə elə
dövləti, cəmiyyəti incidən ağrılar deməkdir.
Dövlət, onun Əsas Qanunu vətəndaşını
bu fəsadlardan da qorumağa sipər olmağı öhdəsinə
alır. Belə incə görünən,
lakin dövlətçilik, xalqçılıq, cəmiyyətçilik
və insanlıq baxımından son dərəcə önəmli
anlar Konstitusiyamıza əlavələr kimi təklif edilir,
xalqın müzakirəsinə çıxarılır.
Xalq söz yox ki, bütün bunlara ürək dolusu, cani-dildən
səs verəcək, xalq, əlbəttə, onun daha azad, daha
rahat, daha təhlükəsiz və səksəkəsiz
yaşaması üçün nəzərdə tutulan bu və
elə bu biçimdə olan digər əlavə və dəyişikliklərin
hamısına yekdilliklə, mütəşəkilliklə ”hə”
deyəcək, böyük məmnuniyyətlə imza atacaq. XVIII əsrin görkəmli fransız alimi və
siyasi xadimi Jan Antuan Kondorse yazırdı ki, hətta ən azad
konstitusiya olduğu halda belə cahil xalq kölə olaraq
qalır. Tarix o cür halları az
görməyib. Amma xalq müdrikdirsə, xalq
azadlığın daha nəhayətsizinə layiqdirsə, bu
ondan əsirgənməməli və konstitusiyasında əksini
tapmalıdır. Təklif olunan, xalqın
ixtiyarına verilən əlavələrin, düzəlişlərin
hər biri məhz Azərbaycan insanının layiq olduğu
haqqın konstitusiyada daha sərrast şəkildə təsbit
edilməsini umur. Bunu gerçəkləşdirmək
üçün yüz ölçülüb bir
biçilmiş yeni müddəaların ən dəqiq tərəzi
olan el gözüylə ölçülməsini istəyir.
— Əlavə və dəyişikliklərdən
biri də mövcud Konstitusiyanın 101-ci maddəsi, Azərbaycan
Respublikası Prezidentinin seçkiləri ilə əlaqədardır.
Bununla əlaqədar bəzən müxalif
fikirli ayrı-ayrı şəxslərin qərəzli
mülahizələri də eşidilir. Bu
məsələyə də aydınlıq gətirmənizi
rica edirik.
— Unudulmaz Heydər
Əliyev dünyagörmüş, dərin bir düha idi və
onun dilindən qopan nəsihətamiz, ibrətamiz sözlər
səslənişcə sadədən sadə idisə də,
daşıdığı məna yükünə görə
həmişə çox sanballı olurdu.
1990-cı illərin
ortalarında Azərbaycanı xaricdən və daxildən
törədilən bəlalardan xilas etməkçün sinəsini
irəli verdiyi təlatümlü günlərdən birində
Azadlıq meydanında yüz minlərlə insana üz tutaraq
ulu öndər bir el ifadəsini xatırlatdı: “El
gücü, sel gücü”. Əlavə etdi ki,
mən həyatım boyu dəfələrlə şahid
olmuşam və inanmışam ki, xalqın birliyindən daha
qüvvətli olacaq heç bir güc təsəvvür etmək
mümkün deyil. Bu danılmaz həqiqətdir və
xalqın sel kimi kükrəməyə qadir iradəsi gərək
həmişə azad ola. Gücü
sel gücünə bərabər olan millətin
qarşısında maneələr durğuzmaq, sədlər
çəkmək düzgün deyildir. Xalq
özünə rəhbər seçməklə həm də
taleyini seçir, yolunu seçir, gələcəyini
seçir. Taleyini, yolunu, gələcəyini
müəyyən edən xalqa diktə etmək, onun sərbəstliyini
azacıq da olsa azaltmağa cəhd etmək, ən pisi - bunu
qanuniləşdirmək yolverilməzdir. Yanıla
biləcək hansısa kiçik insan birliyinə, məhdud
saylı bir kollektivə kimisə bir, iki, yaxud üç dəfə
seçməkdə məhdudiyyət qoyulmasını bəlkə
də anlamaq olar. Amma bütöv bir
xalqın qarşısına belə bir qadağanedici həddi
qoymaq təmiz söhbət, mizanlı yanaşma deyil. Söhbət Azərbaycan xalqından gedirkən
mütləq arxada qalan illərimizi, yaxın tariximizi də bu
nöqteyi-nəzərdən bir daha göz önünə gətirməliyik.
Azərbaycan xalqı mübarizələrdən
keçə-keçə elə bir yüksək siyasi mədəniyyətə
yiyələnib ki, onu doğru yolundan sapdırmağın
mümkünsüzlüyü gün kimi aydındır.
Azərbaycan
bir neçə dəfə prezident seçkilərinə
qatılıb.
Ən müxtəlif səviyyəli prezidentləri
görüb. Ən baş dövlət
kürsüsünə yetərincə layiq bilmədiyi
dövlət xadimindən prezidentlik müddəti başa
çatmamış imtina edə bilməyin də nümunəsini
göstərib millətimiz. Yəni bu xalq yetkinliyinin elə
bir durumundadır ki, özünə layiq bildiyi və
özünün layiq olduğu prezidentin
başçılığı altında irəliələməkdə
davam etməkçün, süni şəkildə prezidentlik
müddətini hansısa ölkələrdə olduğu kimi
2-3 il artırmağa ehtiyacı yoxdur.
Bu xalq ən
xıltsız, ən şəffaf, ən insaflı mübarizənin
ən ədalətli yolu ilə - ümumxalq səsverməsiylə
lazım bildiyi istənilən həqiqətə və istədiyi
şəxsiyyətə dəstək olmağa qadirdir. Ümumxalq səsverməsi
bütöv xalq qarşısında verilən imtahandır.
Əslində burada imtahanı götürən
də, imtahanı verən də xalqdır. Azərbaycan atrıq özünə də,
dünyaya da sübut edib ki, imtahanın nəticəsindən
— Prezidentindən razı olmayanda heç 5 illik müddətin
başa çatmasını gözləməyə də
bilir. Eyni zamanda, Azərbaycan dünyanın
dörd bucağından seçkilərimizi müşahidə
etməyə gələn və demokratik seçkilərin
yüzlərlə örnəyinin şahidi bir çox əcnəbi
siyasətçilərin etiraf etdiyi kimi 2008-ci ilin
oktyabrında görk olası seçim mədəniyyəyti
nümayiş etdirdi. Bir sıra
oturuşmuş Avropa ölkələrinin də həsəd
aparacağı seçki təcrübəsi sərgilədi.
Bu prezident seçkilərində gördüyümüz xalq
iradəsi,ilk dəfə səs verənlərdən
tutmuş, ağsaqqallarımıza, ağbirçəklərimizə
qədər cəmiyyətin ən fərqli təbəqələri
arasındakı yanaşma, düzgün qiymətləndirmə
bacarığı, seçki təmkinliyi, seçki öncəsi
və seçki sonrası mühit asudəliyi bizim
özümüzdə də heç vaxt olmamışdı.
Bu səviyyəyə
çatmaq üçün əvvəlki bütün
seçkilər xalqın seçki özünüdərki və
özünütəsdiqi yolundakı keçilməsi zəruri
olan mərhələlər imiş. Ona görə də
Konstitusiyada eyni şəxsin iki dəfədən artıq
prezident seçilə bilməməsi üçün qoyulan
məhdudiyyət olsun ki, zamanına görə doğru idi.
Hələ müstəqilliyin, demokratik dəyərlərə
yiyələnmənin yoxuşlarıyla qalxan, imtahanlar verən,
dərslər alan, ibrətlər
götürən xalq bu hüdudsuz təsiri
bağışlaya biləcək sərbəstliyə olsun ki,
ötən əsrin sonlarında hələ yetərincə
hazır deyildi. Bu gün isə tam hazırdır! Bu gün Azərbaycan millətinin seçim
hüququ qarşısında peyda olacaq istənilən maneə
onun iradə azadlığına təzyiq deməkdir.
Eyni şəxsi
iki dəfədən artıq seçə bilməmək
yasağının ləğv edilməsi ilə bağlı
dəyişiklik, təkilif olunan digər dəyişiklik və
əlavələr kimi bilavasitə Azərbaycan insanına,
onun hüquqlarına sayğının əlaməti kimi
meydana çıxıb, gündəmə gəlib. Əslində
bu təşəbbüsün müəllifi də elə
xalqın özüdür. Bunu kiməsə
istinad edərək, kiminsə söylədiyinə söykənərək
bildirmirəm — özüm buna canlı şahidəm. Son prezident seçkiləri ərəfiəsində
qarış-qarış Azərbaycanı gəzərkən,
xalqla görüşlərimizdə bu düşüncə əslində
dönə-dönə ifadə olunurdu.Ətrafında təhlillər
apardığımız dəyişikliklərin
hamısını vaxt özü ortaya çıxarıb, Əsas
Qanunumuzdakı bu əvəzlənmələr, yeniliklər
zamanın hökmüdür. Xalqdan
böyük münsif yoxdur. Şəksiz
ki, Azərbaycan vətəndaşları hər bir
yurddaşımızın mənafeyinə xidmət edən,
daha xoşbəxt gələcəyinə təminat verən,
bütövlükdə Azərbaycan insanının ləyaqətini
daha artıq təsdiqləyən həmin müddəaların
hər birini öz səsi ilə müdafiə edəcək,
onlara həyat vəsiqəsi verəcək.
Bəzən
mübahisələr gedir - hansı konstitusiya daha
yaxşıdır? Daha yaxşı yazılanmı, yaxud daha yaxşı
işləyənmi, tarixcə daha köhnə olanmı, zaman
boyu daha az dəyişikliyə
uğrayanmı, ya inkişafı nəzərə alaraq həyatın
tələbiylə vaxtaşırı dəyişənmi? Yüzillərdir bu suallar boyunca fikir
toqquşmaları, höcətlər cərəyan edib, hər
kəs öz qənaətinin daha düzgün olduğunu qəbul
etdirməkçün dəlillər, sübutlar gətirib.
Əslində o yanaşmaların hər birində
özlüyündə həqiqətin izi olmamış deyil.
Ən ümdə həqiqət isə ondan ibarətdir
ki, Ana Yasaların ən yaxşısı xalqın ruhunu ən
dəqiq ifadə edən, ona gerçəkdən xidmət
göstərən, bu xidməti daha səmərəli etməkçün
zamanaşırı təkmilləşən konstitusiyadır.
Gənc dövlətimiz kimi gənc olan
Konstitusiyamız bu ovqata köklənib, bu istiqaməti
seçib.
Yeni dəyişikliklər və
əlavələr Əsas Qanunumuza zənnimcə yeni nəfəs,
yeni qan verəcək, onu həyatla, zamanla daha da
uyğunlaşdıracaq, bir az da kamilləşdirəcək,
xalqın qəlbinə daha yaxın edəcək.
Söhbəti
yazdı: Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.- 7 yanvar.-S.3.