Sosiomədəni transformasiyalar
dövründə
ölkəmizin elmi elitası qarşısında duran
vəzifələr
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurası Azərbaycan
Prezidenti Adminstrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Zaman haqqında düşünərkən və
elitanı transformasiya edərkən: varislik və
innovasiyalılıq” sərlövhəli məqaləsini
müzakirə etmişdir
Akademik Ramiz Mehdiyevin
vaxtaşırı işıq üzü görən əsərləri,
mətbuatda dərc olunan elmi məqalələri, bir qayda
olaraq, Azərbaycan ictimaiyyəti tərəfindən maraqla
qarşılanır, geniş əks-səda tapır. Respublika
ziyalılarının müxtəlif təbəqələri
— alimlər, filosoflar, siyasətçilər, politoloqlar, qələm
sahibləri bu əsərlərdən dünyada və ölkəmizdə
gedən siyasi proseslərə, baş verən hadisələrə,
qlobal dəyişikliklərə münasibətdə görkəmli
alim-filosofun fikirlərini, çıxardığı nəticələri,
verdiyi proqnozları öyrənir, onları müzakirə
edirlər. Bu mənada akademik R.Mehdiyevin bu yaxınlarda mətbuatda
dərc olunmuş “Zaman haqqında düşünərkən
və elitanı transformasiya edərkən: varislik və
innovasiyalılıq” sərlövhəli elmi məqalə
(“Xalq qəzeti” 30 dekabr 2008-ci il, ¹ 292) də böyük
aktuallıq kəsb edir.
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurası bu
elmi-təhlili məqalədə qaldırılmış məsələlərin
əhəmiyyətini və qarşıya qoyulmuş vəzifələrin
aktuallığını nəzərə alaraq onun müzakirəsini
keçirmişdir. Müzakirədə bu sətirlərin
müəllifi, habelə institut direktorunun müavini, hüquq
elmləri doktoru Bəhram Zahidov, şöbə müdiri, fəlsəfə
elmləri doktoru Əlikram Tağıyev və başqaları
çıxış edərək göstərdilər ki, məqalədə
sosiomədəni transformasiyalar dövrünün
ideologiyası və fəlsəfəsinin işlənməsində
ölkəmizin elmi elitası qarşısında böyük
vəzifələr qoyulur.
Məqalədə azərbaycançılıq
ideologiyasının metodoloji prolemlərinin işlənməsində
fəlsəfənin rolu xüsusi qeyd olunur. Zənnimizcə, fəlsəfənin
əhəmiyyətinin vurğulanması doğrudur,
çünki hazırkı dövrdə nə politologiya, nə
də ki, sosiologiya bu vəzifənin öhdəsindən gəlmək
iqtidarında deyil. Akademik R.Mehdiyev haqlı olaraq qeyd edir ki,
“... qarşıda duran sosial və siyasi dəyişikliklərin
müvafiq nəzəri əsaslandırılması həyata
keçirilmədən müvafiq tədbirlərin elmi əsasları
haqqında danışmaq çətin olar”.
Məqalədə əsasən
aşağıdakı məsələlər diqqəti
çəkir: Birincisi, elitamız necə olmalıdır ki,
ölkənin daima yüksələn inkişafını təmin
edə bilsin; modernləşmə dövründə milləti
hansı ideya və dəyərlər birləşdirə bilər:
Burada maraq doğuran ideyalardan biri ondan ibarətdir ki, elita kənarda
formalaşa bilər və bugünkü elitamız ilk dəfə
olaraq “... öz varlığını milli xüsusiyyətlərə
uyğun qurur”. Bu şəraitdə elitanın dəyişməsi
ciddi risklərlə bağlı olduğundan onları
qabaqlamaq, milli varlıq, həmrəylik, konsensus və
razılaşma nöqteyi-nəzərindən minimuma endirmək
gərəkdir.
İkincisi, yalnız keyfiyyətli
elita dövlətin inkişafını və ölkənin
demokratikləşməsini təmin edə bilər.
Bu tezis Azərbaycan şəraitində demokratiyanın anlanması yolunda keyfiyyətcə yeni addımdır. Bir çoxları hələ də əmindirlər ki, demokratiya yalnız xalqın hakimiyyəti və hakimiyyəti seçmək deməkdir, yaddan çıxarırlar ki, demokratiya, eyni zamanda, peşəkarlıq və seçim deməkdir, yəni xalqın ən yaxşı nümayəndəsini seçmədən demokratiya inkişaf edə bilməz.
Üçüncüsü, akademik Ramiz Mehdiyevin yazdığı kimi, hazırda ölkəmiz “Azərbaycan cəmiyyətinin total transformasiyası” şəraitindədir, ona görə də bütün dəyişikliklərində ölçünü müəyyənləşdirmək lazımdır ki, stabilliyə xələl gətirmədən demokratiyanı inkişaf etdirmək mümkün olsun.
Stabillik mərhələli modernləşmənin, dövlətin və cəmiyyətin transformasiyasının əsas şərtidir. Bunsuz köklü transformasiya mümkün deyil, məhz bu səbəbdən də, inkişafa təhlükə yarada biləcək riskləri müəyyən etmək vacibdir.
Demokratiya cəmiyyətin modernləşməsinin mühüm mərhələsi olduğundan, o, Azərbaycan konteksti mahiyyəti almalı, milli layihəmizə çevrilməli, mentalitetimizin və suverenliyimizin hissəsi kimi formalaşmalıdır.
Dördüncüsü, cəmiyyətdə baş verən köklü dəyişikliklər idarəetmə, iqtisadi, demokratik, mənəvi dəyərlərlə, eləcə də ideologiya və insan, vətəndaş münasibətləri ilə bağlıdır.
Beşincisi, elmə və idarəetməyə gənclərin fəal cəlb edilməsinə nail olmaq lazımdır. Bu isə o deməkdir ki, təhsil müəssisələrində fəlsəfənin, sosiologiyanın, hüququn, politologiyanın və iqtisadi biliklərin əsaslarının tədrisinin keyfiyyətinə xüsusi diqqət yetirilməlidir.
Şübhəsiz ki, bu, modernləşmə haqqında proqram məqalədir, məhz bu səbəbdən də, ona alimlərimiz daima müraciət edəcəklər. İnstitutumuzun Elmi Şurası müasir qloballaşma şəraitində beynəlxalq hərbi, siyasi və iqtisadi sahələrdə qarşılıqlı asılılığın gücləndiyi bir dövrdə ölkənin uzunmüddətli modernləşmə kontekstində ideologiyanın və demokratiyanın Azərbaycan modelinin xüsusiyyətlərinin tədqiqi üzrə metodoloji seminarın təşkilini zəruri hesab edir.
Eyni zamanda, institutumuzun sosial fəlsəfə, sosiologiya, hüquq və politologiya şöbələrinin öz elmi tədqiqatlarında müasir cəmiyyətin qurulmasında elitanın keyfiyyəti və məsuliyyəti, hüquqi dövlət, vətəndaş cəmiyyəti, mentalitet və demokratiya, vətəndaş cəmiyyəti və orta sinif və s. kimi məsələlərin təhlilinə xüsusi diqqət yetirmələrini zəruri hesab edirik.
Tədqiqatlarımızda cəmiyyətin, ideologiyamızın strukturuna, keçmiş, indi və gələcək ilə əlaqənin axtarışına xüsusi diqqətin artırılmasını vacib sayırıq.
İnstitutumuz digər ictimai
institutların və görkəmli alimlərin
iştirakı ilə
AMEA-nın rəhbərliyi
qarşısında Azərbaycanda
demokratiya və ideologiya problemlərinin təhlilinə həsr olunmuş “dəyirmi masa”ların təşkili təşəbbüsü
ilə çıxış
etmək fikrindədir.
Qeyd etmək lazımdır ki, bu qəbildən olan məsələlərin
müzakirəsində filosoflar
tarixçilərin, iqtisadçıların
və hüquqşünasların
səylərini birləşdirməyə
cəhd göstərməlidirlər.
Aydındır ki, bu seminarın işində təhsil sistemi, mədəniyyət
və vətəndaş
təşkilatları və
KİV nümayəndələrinin fəal iştirakı arzuolunandır.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun
direktoru,
fəlsəfə elmləri doktoru
Xalq qəzeti.-2009.- 7 yanvar.-S.3.