Azərbaycanda teleradio siyasəti
milli qanunvericiliyə
və
beynəlxalq standartlara əsaslanır
Demokratik inkişaf
yolunda inamla irəliləyən Azərbaycan dövlətinin
bütün sahələrdəki uğurları ildən-ilə,
həm də böyük sürətlə artmaqdadır. Xalq
təsərrüfatının dinamik inkişafı, xarici
iqtisadi əlaqələrdə müsbət meyillərin
güclənməsi, qlobal və regional layihələrdə fəal
iştirakı, ölkə daxilində siyasi sabitliyin və əmin-amanlığın
getdikcə daha artıq möhkəmlənərək,
sözün əsl mənasında, gündəlik həyat
normasına çevrilməsi — bütün bunlar, əlbəttə
ki, Azərbaycan dövlətinin indiki mürəkkəb beynəlxalq
münasibətlər sistemində uğurla həyata
keçirdiyi müstəqil və
balanslaşdırılmış siyasi xətt
üçün etibarlı təminatdır. Şükürlər
olsun ki, bu gün Azərbaycan bir sıra başqa ölkələrdən
fərqli olaraq, heç bir sahədə və heç bir
ölkədən asılı vəziyyətdə deyildir. Bu,
hər bir suveren dövlətin müstəqil və
balanslaşdırılmış siyasət yeritməsi
üçün çox önəmli şərtdir.
Ölkəmizin son illər
qazandığı uğurlar barədə çox
danışmaq olar. Bu, əslində, hər kəsə bəllidir.
Əlbəttə, bu uğurlar üçün bütün
vicdanlı və xeyirxah insanlar sevinirlər. Bədxahlara gəlincə
isə, məncə, bunu onlardan heç ummağa da dəyməz.
Əfsus ki, digər sahələrdə olduğu kimi, Azərbaycan
dövlətinin teleradio siyasəti sahəsindəki
uğurları da müəyyən “dairələrin” ürəyincə
deyil. Bir yada salın: iki il öncə İctimai
Televiziyanın yaranması ərəfəsində bəzi
“qüvvələr” necə hay-həşir qopardılar. Buna
baxmayaraq, dövlət İctimai Televiziyanı yaratdı və
qısa zaman çərçivəsində onun bütün
parametrlər üzrə müasir beynəlxalq standartlara tam
cavab verən nümunəvi bir televiziya kimi
formalaşmasına nail oldu. Bunu kim dana bilər?! Görəsən,
indi o günlərin mətbuatını qaldırıb vərəqləyəndə
həmin insanlar öz hərəkətlərinə görə
heç xəcalət çəkirlərmi?
Dövlətin teleradio siyasəti sahəsindəki uğurlarının miqyasını təsəvvürə gətirmək üçün təkcə onu yada salmaq kifayətdir ki, lap yaxın keçmişdə cəmisi bir televiziya və bir radiosu olan Azərbaycanın televiziya məkanında bu gün 8 ölkə yayımçısı və 12 regional yayımçı fəaliyyət göstərir. Hər gün 10 radio fərqli proqramlarla efirə çıxır. Son bir neçə il ərzində 11 şirkət kabel televiziyası şəbəkəsi yaratmaq məqsədilə xüsusi razılıq (lisenziya) alıb ki, onların da bir qismi artıq uğurla fəaliyyət göstərməkdədir.
Bu yığcam statistikanın arxasında duran reallıqları şərh etməyə ehtiyac varmı? Bilirsiniz, bu, nə qədər yeni iş yeri və nə qədər sərmayə qoyuluşu deməkdir?! Fikrimizcə, heç bir normal düşüncə sahibi deyə bilməz ki, bütün bunlar Azərbaycan üçün azdır. Ən azı ona görə ki, əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkəsindən öndədir.
Sevindirici
haldır ki, telekanalların əksəriyyəti maliyyə
imkanları artdıqca, maddi-texniki bazanın təzələnməsi,
müasirləşdirilməsi, işçilərin əmək
haqqının yüksəlməsi və sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində də
fəal tədbirlər görməkdədir. Bakı,
Sumqayıt, Lənkəran, Şəki, Gəncə və
Yevlaxda istifadəyə verilən, yaxud da tikintisi davam etdirilməkdə
olan yeni televiziya binalarını buna misal göstərmək
olar. Başqa bir misal.
“Azad Azərbaycan” Teleradio Şirkəti özəl bir qurumdur.
O, dövlətdən bir manat belə vəsait almır, əksinə
hər il dövlətin büdcəsinə çox
böyük məbləğdə vergi ödəyir. Bu
şirkət yüzlərlə istedadlı insanın gündəlik
iş və ailəsinin dolanacaq yeridir. Olduqca təqdirəlayiq
haldır ki, ATV artıq neçənci ildir öz
işçilərindən bir qrupuna mənzillər hədiyyə
edir. Çoxsaylı başqa misallar da söyləmək olar.
Eyni sözləri “Lider” televiziyası haqqında da demək
olar.
Teleradio siyasəti sahəsindəki
uğurlardan bəhs edərkən yayım fəaliyyətinin
Azərbaycan qanunvericiliyinin tələblərinə müvafiq
tənzimlənməsi və beynəlxalq standartların tətbiq
olunması istiqamətində görülmüş işlərin
əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Təbiidir
ki, bu işə müvafiq qanunvericilik bazası
yaradılması ilə başlanıldı. İlkin olaraq,
2002-ci ilin iyununda “Televiziya və radio yayımı haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Həmin
ilin oktyabrında ölkə Prezidenti tərəfindən
“Milli Televiziya və Radio Şurası haqqında” əsasnamə
təsdiq edildi. Əsasnamədə göstərildiyi kimi,
“Şura televiziya və radio yayımı sahəsində
dövlət siyasətinin həyata keçirilməsini təmin
etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə
yaradılıb”. Şuranın “əsas vəzifələri
televiziya və radio yayımçılarının fəaliyyətini
tənzimləmək, onların müstəqilliyini və
yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq,
televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl
edilməsi üzərində nəzarəti həyata
keçirməkdir”.
Doğrusu, şuranın fəaliyyətə
başladığı ilk vaxtlar teleradio
yayımçıları ilə işləmək o qədər
də asan olmadı. Zəruri normativ-hüquqi sənədlərin
və kanallarla işləmək təcrübəsinin
azlığı üzündən tez-tez problemlərlə
üzləşməli olurduq. Yayımçıların
dövlət dilindən istifadə ilə bağlı qanunvericiliyin
tələblərinə lazımınca əməl etməməsi
o zaman Teleradio Şurası qarşısında duran ən
ciddi problemlərdən biri idi. Təsəvvür edin, ilk
vaxtlar dövlət dilində olan verilişlər
telekanalların ümumi efir vaxtının təqribən 35-40
faizini təşkil edirdi. Bunu nəzərə alaraq 2003-cü
ilin iyununda şura tərəfindən “Azərbaycan
Respublikası ərazisində teleradio yayımı sahəsində
dövlət dilindən istifadənin təmin edilməsi ilə
bağlı xüsusi qaydalar” tətbiq olundu. Xüsusi qaydalara
görə teleradio yayımçıları öz verilişlərinin
minimum 75 faizini dövlət dilində yayımlamalı idilər.
Təbiidir ki, ilk vaxtlar bəzi telekanallar üçün bu vəzifənin
öhdəsindən gəlmək o qədər də asan
olmadı. Amma tədricən hər kəs öz fəaliyyətini
yeni tələblərə uyğun qurmalı oldu. Qanun pozuntusuna
yol verənlər isə inzibati qaydada cəzalandırıldı.
Nəhayət, şuranın 11 yanvar 2008-ci il tarixli qərarı
ilə bəzi istisnalar nəzərə alınmaqla
verilişlərin tam həcmdə dövlət dilində
verilməsi vəzifəsi qarşıya qoyuldu. Şuranın
bu qərarından sonra rus dilli verilişlər, demək olar
ki, tamamilə efirdən yığışdırıldı.
Lakin işlərin gedişatı göstərdi ki, bəzi
telekanallar bu qərarın icrasına da hələ tam mənada
hazır deyillər. Bu səbəbdən də Azərbaycan
efirində türk dilində verilən serialların həcmi tədricən
artmağa başladı. Teleradio Şurası isə
telekanallar dublyajla bağlı problemləri həll edənədək
bu qəbildən olan nöqsanlara bir qədər loyal
yanaşmağa üstünlük verdi. Və hesab edirik ki, bu
problemlə bağlı televiziya mətbəxində zəruri
tədbirlər həyata keçirmək üçün bir
il vaxt kifayət idi. Ona görə də şuranın 30
dekabr 2008-ci il tarixdə keçirilən iclasında yenidən
dövlət dilindən istifadə ilə bağlı 11 yanvar
2008-ci il tarixli qərarının icra vəziyyəti
müzakirəyə çıxarıldı. İclasda
ayrı-ayrı yayımçıların dövlət dilindən
istifadə sahəsindəki müsbət işi qeyd olunmaqla
yanaşı, bu sahədə müəyyən
nöqsanların olduğu da qeyd olundu və müvafiq
tövsiyələr verildi. Fəaliyyətində heç bir
dönüş etməyən verilişlərinin orta hesabla 95
faizi rus dilində yayımlayan, beləliklə də ona
verilmiş xüsusi razılığın (lisenziyanın)
qayda və şərtlərini kobud surətdə pozduğuna
görə “Avropa+Bakı” radiosunun yayımı
dayandırıldı. Təəssüf edirik ki, bu radionun rəhbərliyi
Teleradio Şurası tərəfindən edilən tövsiyə
və iradları vaxtında nəzərə almadı.
Azərbaycan qanunvericiliyinə
görə, xarici ölkə vətəndaşları, habelə
nizamnamə kapitalı xarici ölkə vətəndaşlarına
məxsus olan hüquqi şəxslər Azərbaycan
Respublikası ərazisində televiziya və ya radio
yayımçısı ola bilməzlər. Məhz bu səbəbdən
Teleradio Şurası 2007-ci ildən başlayaraq Türkiyənin
“Kanal D”, “STV”, Rusiyanın “ORT” və “RTR”
telekanallarının, habelə “Radio Frans” və “Radio
Rossiya”nın Azərbaycanın milli tezliklərində
yayımını dayandırmalı oldu. 2008-ci ilin
ortalarında isə xüsusi razılıq (lisenziya) müddətləri
başa çatan"Azadlıq", “Amerikanın səsi” və
“Bi-Bi-Si” radiostansiyaları yayımının Azərbaycan
qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsi
gündəmə gəldi və nəhayət, şuranın
30 dekabr 2008-ci il tarixli qərarı ilə 1 yanvar 2009-cu il
tarixdən etbarən həmin radiostansiyaların da Azərbaycanın
milli tezliklərində yayımı dayandırıldı. Beləliklə,
teleradio yayımı sahəsində Azərbaycan
Respublikası qanunvericiliyinin xarici ölkə
yayımçıları ilə bağlı tələblərinə
tam mənada əməl olundu.
Əfsus ki, Teleradio
Şurasının bir sıra digər qərarları kimi,
xarici ölkə yayımçıları ilə
bağlı son qərarı da müəyyən “dairələrin”
ürəyincə olmadı. “Kanal-D”, “STV”, “ORT” və “RTR”in
milli tezliklərdə yayımı dayandırılan zaman
qaldırılan hay-küy bu dəfə də təkrar olundu.
Üzdəniraq müxalifət və ona dəmtutan rolunda
çıxış edən bir para qaragüruh xislətli
insanlar tərəfindən Teleradio Şurasının,
bütövlükdə Azərbaycan hökumətinin
ünvanına olmazın hədyanlar söylənildi və
qarayaxma kampaniyası hələ də davam etməkdədir.
Guya ki, Teleradio Şurası belə bir qərar qəbul etməklə
demokratiyaya və insan hüquqlarına zərbə vurub.
Şuranın bu qərarını Azərbaycanda “söz
azadlığının boğulmasında növbəti
addım” kimi dəyənləndirənlər də oldu. Bu
cür xəstə təxəyyül sahiblərinin saxta
ittihamlarının hər birinin üzərində, necə
deyərlər, nöqtə-vergülünə qədər
dayanaraq, onların bütünlüklə əsassız
uydurmalardan ibarət olduğunu sübut etmək
imkanımız olsa da, buna əhəmiyyət verməməyi
daha üstün tuturuq. Aqillər demişkən, “nadanın
cavabı susmaqdır”. Hə, aqillər onu da deyiblər ki,
“göydən Yerə nur yağar, Yerdən Göyə toz
qalxar”.
Oxucuların diqqətinə
çatdırmaq istərdim ki, son iki ildə xarici ölkələrə
məxsus televiziya və radioların Azərbaycan ərazisində
yayımının hüquqi cəhətdən tənzimlənməsi
ilə bağlı bir çox müzakirə və debatlarda
Teleradio Şurasının üzvü kimi, şəxsən
iştirak etmişəm. İnanın, əcnəbilərlə
danışmaq, fikir mübadiləsi etmək daha asandır, nəinki
özümüzünkülərlə. Ona görə ki,
xaricilər müzakirə və diskussiyalar zamanı məsələnin
sırf mahiyyəti üzrə danışmağa
üstünlük verir, hüquqa, məntiqə və beynəlxalq
təcrübəyə əsaslanan arqumentləri
anlaşıqlıqla qarşılayır,
özümüzünkülər isə orta əsrlər
dönəmində Novqorod veçesində olduğu kimi, daha
çox bərkdən qışqırmağa cəhd edir.
Sanki Azərbaycanın milli maraqlarının
qorunmasının və qanunlarımızın aliliyinin təmin
olunmasının onlar üçün zərrə qədər
də əhəmiyyəti yoxdur. Bu cür halları
müşahidə edəndə adamda istər-istəməz
belələlərinin Azərbaycan vətəndaşı
olduğuna şübhə yaranır. Mən qəti şəkildə
əminəm ki, əgər Teleradio Şurası xarici
radiostansiyaların milli tezliklərdə, heç olmazsa, daha
bir il yayımına icazə vermiş olsaydı, onda
“Azadlıq” bloku çox güman ki, indi olduğundan tam fərqli
bir bəyanatla, daha doğrusu, hakimiyyətin Azərbaycanın
milli maraqlarını xaricilərə qurban verdiyinə dair bəyanatla
çıxış edəcəkdi. İndiki halda isə
Teleradio Şurasının son qərarı sosial
bazasını büsbütün itirməkdə olan əski
müxalifətimiz tərəfindən Azərbaycanı Qərblə
qarşı-qarşıya qoymaq fürsəti kimi dəyərləndirildi.
Şura qərarının elə ertəsi günü
“Azadlıq” qəzetinin manşetə
çıxardığı “Hakimiyyət Qərblə
qarşıdurmaya getdi” mesajı növbəti dəfə
“milli” müxalifətimizin əsla milli olmayan niyyətindən
xəbər verdi. Fikrimizcə, “Azadlıq” bayrağı
altında gizlənənlərin bu cəhdi təkcə Azərbaycan
hakimiyyətindən deyil, həm də daha onları dəstəkləməyən
öz köhnə elektoratından da qisas almaq istəyinin təzahürü
kimi dəyərləndirilə bilər.
Oxucuların diqqətinə
çatdırmaq istərdim ki, Teleradio Şurası tərəfindən
milli tezliklərdə yayımı dayandırılmış
digər teleradio yayımçıları kimi, “Azadlıq”,
“Amerikanın səsi” və “Bi-Bi-Si” radiostansiyaları bundan
sonra da Azərbaycan ərazisində yayımını davam
etdirəcəkdir. Sadəcə olaraq, indən belə milli
tezliklərdə deyil, dünyanın bütün sivil ölkələrində
olduğu kimi, peyk, kabel şəbəkəsi və internet
vasitəsilə yayımlanacaqlar. Xatırladım ki, bu
radiostansiyalara FM tezliyi 2007-ci ildə bir il üçün
xüsusi razılıq (lisenziya) verilmişdi. Həm də o
zaman onlara bildirilmişdi ki, bu, istisna haldır və müvəqqəti
xarakter daşıyır. İstərdim oxucu onu da bilsin ki, bu
gün bizi demokratik dəyərlərdən uzaqlaşmaqda
ittiham edən bəzi üzdəniraq beynəlxalq ekspertlərin
özlərinin vətənində, lap elə Avropa, Amerika
dövlətlərində, hətta əski sovet
respublikalarında belə xarici ölkələrə məxsus
teleradio yayımçılarının milli tezliklərdə
yayımı neçə illər bundan öncə
dayandırılıb. Sual oluna bilər: həmin ölkələr
belə bir addım atmaqla nə itiriblər? Yəni,
demokratiyanın beşiyi hesab olunan, yaxud da demokratik inkişaf
yolunda olan ölkələr belə bir addım atarkən nə
etdiklərinin fərqində olmayıblar?! Mətbuatdan bəlli
olduğu kimi, Teleradio Şurasının xarici ölkələrə
məxsus radiostansiyaların Azərbaycanın milli tezliklərində
yayımının dayandırılması barədə qərarını
şərh edən “Sərhədsiz reportyorlar” təşkilatının
Avropa proqramlarının rəhbəri Elza Vidal bu qərarı
“Sovet dövrünə dönüş” kimi səciyyələndirib.
Göründüyü kimi, son dərəcə yanlış
və məntiqsiz dəyərləndirmədir. Elza
xanımın məntiqinə inanası olsaq, onda Avropa ölkələri
bizdən ən azı on beş il öncə sovet
dövrünə dönüblər. Əslində isə nə
Avropada, nə də Azərbaycanda belə bir dönüş
barədə nə düşünməyə, nə də bəyanatlar
verməyə əsas var.
Opponentlərimizin bir qismi
xarici ölkə telekanalları və radiostansiyaları ilə
bağlı qərarın 2003-cü ildə deyil, aradan bir
neçə il ötəndən sonra verildiyinə görə
də Teleradio Şurasını ittiham etməkdədir.
Görünür, bu cür düşünənlər
Teleradio Şurasının imkanlarını həddindən
artıq şişirdiblər. Unudurlar ki, şurada təmsil
olunanlar heç də sehrbaz deyillər və ona görə də
telekanaldakı əyər-əskikləri bir göz
qırpımında yerbəyer edə bilməzdilər. Bunun
üçün ilk növbədə müvafiq qanunvericilik
bazası formalaşdırılmalı idi. Bundan əlavə,
beynəlxalq təcrübə və Avropa standartlarına daha
yaxından bələd olmaq və onlara uyğun hərəkət
etmək tələb olunurdu. Bütün bunların isə əlahəzrət
zamana ehtiyacı var idi. Odur ki, Teleradio Şurası
bütün bu məsələləri, hər şeydən
öncə, məhz qanunvericiliyin tələblərinə və
beynəlxalq təcrübəyə uyğun olmaqla mərhələli
şəkildə həll etmək yolu seçdi. İctimaiyyətə
bəlli olduğu kimi, ilk vaxtlar Teleradio Şurasının
efir məkanında qayda-qanun yaratmaq cəhdləri bir sıra
hallarda çox ciddi müqavimətlə rastlaşdı. Bəzi
telekanallar qanunvericiliyin tələblərinə əməl
olunması ilə bağlı şuranın tövsiyə və
qərarlarına qarşı açıq-aşkar
sayğısızlıq nümayiş etdirirdilər. Məncə,
təkcə ANS telekanalı ilə bağlı yaşanan
problemləri xatırlayan kəslər Teleradio
Şurasının keçdiyi yolun heç də rəvan
olmadığını hər zaman təsdiqləyə bilərlər.
Xoşbəxtlikdən bütün bu anlaşılmazlıqlar
artıq keçmişdə qalıb. Bu gün teleradio
yayımçıları ilə şura arasında kifayət
qədər səmimi və işgüzar münasibət
hökm sürür. Sözsüz ki, belə şəraitdə
qarşıya çıxan problemlərin həlli
yollarını axtarıb tapmaq da çətin olmur. Amma 2003-2004-cü
illərdə bu, heç belə deyildi. O vaxt Azərbaycanda
teleradio yayımçılarının sayı və
yayımın keyfiyyəti də bugünkü reallıqlarla
müqayisə oluna bilməzdi. Yəni, o illərdə xarici
ölkə yayımçılarının Azərbaycanın
milli tezliklərində yayımına tamaşaçı və
dinləyicilərin həqiqətən ehtiyacı vardı.
Yeri gəlmişkən, belə bir məqamı da
oxucuların diqqətinə çatdırım ki, cəmisi
iki-üç il bundan öncə Teleradio Şurasının
elan etdiyi müsabiqələrdə iştirak edərək
teleradio yayımçısı olmaq istəyənlər, demək
olar ki, yox dərəcəsində idi. Amma son müsabiqələrdə
bir yerə 4-5 iddiaçının sənəd verdiyinin
şahidi olduq. Bu, onu göstərir ki, artıq Azərbaycanda
televiziya və radio açmaq arzusunda və imkanında olan
insanların sayı getdikcə artır. Əlbəttə,
dövlət də öz növbəsində belə insanlara
şərait yaratmağa borcludur.
Azərbaycanın yolu
demokratiya yoludur. Bu yol Avropaya və sivil dünyaya inteqrasiya
yoludur. Bununla belə, təkrar-təkrar bəyan etdiyimiz belə
bir həqiqəti bu gün bir daha yada salmaq istəyirik ki, Azərbaycan
demokratik dəyərləri müdafiə və inkişaf
etdirməklə yanaşı, hüquqi dövlət
quruculuğuna da böyük önəm verir. Bu isə
qanunların aliliyini təmin etmədən mümkün deyil.
Bir də ki, qanunlara əməl etmədən demokratiyanı
necə inkişaf etdirmək olar?! Əksinə, təcrübə
göstərir ki, harada kı, qanunlar işləmir, orada
anarxiya və xaos baş qaldırır. Görünür, bəziləri
demokratiyaya çağırış pərdəsi
altında, əslində, Azərbaycan cəmiyyətində
anarxiya və xaos yaratmaq arzusundadırlar. Çox istərdik
ki, beynəlxalq təşkilatlar və onları təmsil edən
ekspertlər də bütün bunları nəzərə
alsınlar. Öz ölkələrinə, öz vətəndaşlarına
rəva görmədiklərini Azərbaycana və azərbaycanlılara
da rəva bilməsinlər. Nəzərə alsınlar ki,
dövlətimizin teleradio siyasətini müəyyən edən
əsas qanunumuz olan “Televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikası Qanunu məhz Avropa
Şurası ekspertlərinin tövsiyələri əsasında
hazırlanıb və mütəxəssislər tərəfindən
hələlik Avropanın ən liberal qanunu hesab edilir. Elə
isə bu qanunun tələblərinə əməl
olunması onları niyə də qane etməsin?!
2006-cı ilədək Azərbaycanda
cəmisi bir kabel televiziyası fəaliyyət göstərirdi
ki, o da Bakı şəhərinin yalnız mərkəzi hissəsində
olan bəzi məhəllələrin sakinlərinə xidmət
edirdi. Bu gün isə kabel şəbəkəsi ilə xidmət
göstərən şirkətlərin sayı 11-ə
çatıb. Onların da bir neçəsi efir-kabel xidməti
yolu ilə Azərbaycanın bütün bölgələrində
yayımı aparmaq əzmindədir. Onu da nəzərə
alaq ki, kabel xidməti ilə məşğul olan şirkətlərin
hər birinin, eyni zamanda, minimum 50-60 telekanalın proqramlarını
retransliyasiya yolu ilə Azərbaycan
tamaşaçısına çatdırmaq imkanı var.
İndi qoy oxucu özü nəticə çıxarsın:
belə bir şəraitdə xarici ölkələrə məxsus
televiziya və ya radioların Azərbaycanın milli tezliklərində
yayımının bundan sonra da davam etdirilməsinə nə
dərəcədə ehtiyac var? Bax, bütün bu amilləri
nəzərə alaraq Teleradio Şurası xarici ölkə
yayımçılarının milli tezliklərdən
çıxarılması məsələsini 2003-2004-cü
illərdə deyil, 2007-2008-ci illərdə gündəmə
gətirdi.
Yuxarıda deyildiyi kimi, Milli
Televiziya və Radio Şurası Azərbaycanda televiziya və
radio yayımını tənzimləyən,
yayımçıların proqram siyasətində dövlətin
və ictimaiyyətin maraqlarının təmin olunmasına nəzarət
edən və fəaliyyətində tamamilə müstəqil
olan dövlət qurumudur. Minnətdarlıq hissi ilə bildirməliyəm
ki, fəaliyyətdə olduğu 6 il ərzində
şuranın kadr tərkibinin seçilib komplektləşdirilməsinə,
maddi-texniki bazanın yaxşılaşdırılmasına,
işçilərin əmək haqlarının
artırılmasına, onların sosial
qayğılarının gücləndirilməsinə ölkə
rəhbərliyi və şəxsən möhtərəm cənab
Prezidentimiz İlham Əliyev tərəfindən xüsusi
qayğı və diqqət göstərilmişdir. Onu da tam səmimi
surətdə etiraf etməliyəm ki, bu müddətdə
heç bir dövlət orqanı tərəfindən
şuranın işinə qarışmaq, onun qərarlarına
təsir göstərmək cəhdləri olmayıb. Beləliklə
də şuranın, sözün tam mənasında, müstəqil
dövlət qurumu kimi fəaliyyət göstərməsinə
heç bir maneçilik olmayıb. Yəqin ki, teleradio
yayımçıları da etiraf edərlər ki, şura da
heç bir halda onların proqram siyasətinə müdaxilə
etməyib.
Razılaşaq ki, bu gün
Azərbaycanın efir məkanında hər şeyin
qaydasında olduğunu söyləmək ədalətsizlik
olardı. Dana bilmərik ki, ayrı-ayrı teleradio
yayımçılarının proqram siyasətindən,
verilişlərin keyfiyyətindən və tematikasından
tamaşaçı və dinləyici gileyi yetərincədir.
Xüsusilə də xalqımıza məxsus qədim və zəngin
tarixi olan milli-mənəvi dəyərlərin təbliğinə
yönələn efir fəaliyyətinin miqyasından və
keyfiyyətindən narazılıq çoxdur. Amma ədalət
naminə onu da etiraf etməliyik ki, telekanalların
yaxşı layihələri də az deyil. “Azərbaycan
televiziyası”nın “Muğam”, İctimai Televiziyanın
“Ovqat”, “Ortaq məxrəc”, “Azad Azərbaycan”
televiziyasının “Yeni ulduz”, “Xalq ulduzu” və “Sözüm
var” meyxana yarışı layihələri, sözün əsl
mənasında, geniş tamaşaçı auditoriyası tərəfindən
böyük marağa səbəb oldu. Təsəvvür edin,
“Sözüm var” meyxana yarışının təkcə
final mərhələsində tamaşaçılar tərəfindən
260000-dən çox SMS göndərildi. Bu, məgər
tamaşaçı rəğbəti deyilmi?
Bu gün Azərbaycan
televiziyaları və radioları nəyi bacarır, nəyə
gücü çatır, onu edir. Onlar gündəlik həyatda
nəyi görür, onu göstərir, ondan söhbət
açır. Bununla da televiziya, əslində, cəmiyyətin
aynası olmaq funksiyasını icra edir. Əgər istəyiriksə
bu aynada hər şey yaxşı görünsün, onda
çalışmalıyıq ki, cəmiyyətin
özündə hər şey arzu olunan səviyyədə
olsun. Sözsüz ki, bunun da əlahəzrət zamana
ehtiyacı var.
Efir tezlikləri Azərbaycanın
milli sərvətidir. Odur ki, Azərbaycan hökuməti bu sərvətdən
ölkəmizin və vətəndaşlarımızın
milli maraqlarına uyğun surətdə istifadə olunması
xətti yeridir və bu xətt gələcəkdə də
ardıcıl olaraq davam etdiriləcəkdir. Qoy,
oxucularımız onu da bilsinlər ki, bu gün Azərbaycan
hökuməti ölkəmizdə tezliklə rəqəmsal
yayıma keçilməsi istiqamətində çox ciddi tədbirlər
həyata keçirməkdədir. Bu isə teleradio
yayımçıları və gələcəkdə bu sahə
ilə məşğul olmaq arzusunda olan insanlar
qarşısında yeni üfüqlər açır.
İnanırıq ki, əsası ulu öndərimiz Heydər
Əliyev tərəfindən qoyulan və Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
rəhbərliyi ilə inamla davam etdirilən
balanslaşdırılmış daxili və xarici siyasət xətti,
digər sahələrdə olduğu kimi, dövlətimizin
teleradio siyasətinin gələcək uğurları
üçün də etibarlı təminat olacaqdır.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikası Milli Televiziya və Radio
Şurasının üzvü
Xalq qəzeti.-2009.-7 yanvar.-S.4.