Gədəbəy indi öz
gözəlliyi ilə hamını heyran edir
Şəmkirdən Gədəbəyə
kimi gözəl magistral yol çəkilib. Əslində bu yol var idi.
Amma bir kökə düşmüşdü ki, Gədəbəyə
gedib çıxmaq üçün həm gərək
iki-üç saat vaxt itirəydin, həm də
maşının sıradan çıxaydı. Amma indi 40-45 dəqiqəyə
Gədəbəyin mərkəzinə çatırsan,
özü də rahat, asanlıqla. Bu yol da ölkə
Prezidenti İlham Əliyevin göstərişi ilə çəkilib.
İki il əvvəl Gədəbəydə səfərdə
olan ölkə başçısı əhalinin xahişini nəzərə
alıb tezliklə yolun bərpa olunacağına söz
vermişdi.
Gədəbəydə son
vaxtlar dövlət, dövlətçiliyə inam bir qədər
də artmışdır. Adamlar sabaha inamla, ümidlə
baxırlar. Onlar bilirlər ki, heç nə kağız
üzərində qalmır. Ölkədə nə nəzərdə
tutulubsa, hamısı həyata keçirilir. Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi Dövlət
Proqramının necə uğurla başa
çatdırılması buna əyani sübutdur.
Gədəbəydə elə
sahə yoxdur ki, son illər inkişaf etməsin, tərəqqi
olmasın. Bu yazıda həmin sahələrin işi barədə
söhbət açacağıq.
Aqrar sahədə
Gədəbəy aqrar rayonudur.
İqtisadiyyatının əsasını bitkiçilik və
heyvandarlıq təşkil edir. Rayonda kartof istehsalı ilbəil
çoxalır. Doğrudur, kartof yetişdirmək gərgin zəhmət
tələb edir. Amma bu məhsulun məhsuldarlığı
bir çox hallarda hava şəraitindən
asılıdır. Bir də görürsən bol məhsul
gözlədiyin halda dolu, yağış aman vermədi. Amma
bütün bunlara baxmayaraq Gədəbəydə iki sot
torpağı olan da kartof yetişdirməyə
üstünlük verir. Məhz həmin marağın,
qarşıya qoyulmuş məqsədin nəticəsidir ki,
2008-ci ildə rayonda 200 min 100 ton kartof istehsal olunmuşdur ki,
bu da əvvəlki ildəkindən çoxdur. Taxıl
istehsalı da artmış, 1782 tona çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərüfatı
məşsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən
rayonun kənd təsərrüfatı ilə məşğul
olan 3266 istehsalçısına 95 min 415 manat yardım
ayrılmışdır. Ümumiyyətlə, rayonda
kartofçuluq, taxılçılıqla məşğul
olan şəxslərə texnika və digər materiallarla
kömək etmək üçün kompleks tədbirlər həyata
keçirilir. Torpaq mülkiyyətçiləri hər an bu dəstəyi,
köməyi hiss edirlər. Rayonda yaradılmış
aqroservis müəssisəsi bu işdə xüsusi fəallıq
göstərir. Müəssisə yeni texnika, o cümlədən
traktorlar gətirir, istehsalçıların istifadəsinə
verir, dərman preparatları satır. Təkcə bu ilin
yanvar-sentyabr aylarında serviz müəssisəsi 247
müqavilə bağlamış, 191 tondan çox azot
gübrəsi, 9 tondan çox super fosfat gübrəsi
satmışdır. Bundan əlavə həmin dövrdə
müəssisə tərəfindən 850 hektar şum işi,
12 hektar kartof səpini, 154 hektar çiləmə və 172
hektar kultivasiya işi görülmüşdür.
Heyvandarlığın
inkişafı da qabarıq hiss olunur. Hazırda Gədəbəydə
iribuynuzlu malqaranın baş sayı 80 min 500-ə
çatmışdır ki, bu da rayonun tarixində heç
vaxt olmayıb. Süd, yumurta, ət istehsalı ilbəil
çoxalır.
Gədəbəylilər
aqrar sahədəki uğurları ulu öndər Heydər Əliyevin
torpaq islahatını çox vaxtında və böyük
uzaqgörənliklə həyata keçirməsində və
Azərbaycan Prezidenti İlham Əliyevin kənd adamlarına
bu sahədə hərtərəfli kömək göstərməsi
ilə əlaqələndirirlər.
Sosial sahədə
Adamların sosial sahədəki
vəziyyəti əvəlki illərdən çox kəskin
şəkildə fərqlənir. Qaz, işıq, su
yuxarıda qeyd etdiyimiz kimi yol, digər kommunal xidmətləri
ilbəil yaxşılaşır. 2008-ci ilin 9 ayında 19
milyon 322 kilovat saaat elektrik enerjisi istehlak olunmuşdur ki, onun dəyəri
1 milyon 177 min 399 manat olmaqla 900 min 80 manat ödəniş
aparılmış, plana 76,4 faiz əməl edilmişdir. Əhalinin
elektrik enerjisinə olan tələbatının ödənilməsi
və əhaliyə daha yaxşı xidmət göstərilməsi
üçün bir çox işlər
görülmüşdür. Belə ki, 96 ədəd zədələnmiş
sayğac dəyişdirilmiş, 10 kv-luq hava xəttinin 32 km-də,
0,4 kv-luq hava xəttinin 18 km-də əsaslı və cari təmir
işləri aparılmışdır.
Rayonun 10 və 0,4 kv-luq
yarımstansiyalarında 62 ədəd transformator əsaslı
və cari təmir edilmişdir. Bundan əlavə 16 ədəd
güc transformatoru zədələnmiş və həmin
transformatorlar təmir olunaraq yenidən
quraşdırılmışdır. Bundan başqa, 160 ədəd
ağac dayaq, 140 ədəd dəmir beton diblik alınaraq
istismar müddəti başa çatmış, dayaqlarla əvəz
edilmişdir. Rayon ərazisində elektrik enerjisindən istifadə
edən 18023 abonentin evlərinə sayğac
quraşdırılmışdır. Gədəbəy rayonu ərazisində
1 şəhər, 9 kənd yaşayış məntəqəsi
təbii qazla təmin olunmuşdur. Ümumilikdə 4454 abonent
vardır ki, onların da 4350-si əhali abonentidir. Həmin
abonentlərin evlərinə qaz sayğacları
quraşdırılmışdır. 2008-ci ilin 9 ayı ərzində
7 milyon 329 min 769 kubmetr təbii qaz istehlak olunmuşdur ki, onun
da dəyəri 371 min 645 manat təşkil etməklə 319
min 977 manat ödəniş aparılaraq plana 86 faiz əməl
edilmişdir. Əhalinin təbii qazla təmin olunması və
qaz itkilərinin qarşısının alınması məqsədilə
borularda aşkar olunmuş 616 ədəd, sayğaclarda olan 794
ədəd qaz sızmasının qarşısı
alınmış, 26 Qaz Tənzimləyici Şkaf, 12 ədəd
Təzyiq tənzimləyici təmir olunaraq saz vəziyyətə
gətirilmişdir. Hesabat dövrü ərzində Gədəbəy
Qaz İstismarı İdarəsi tərəfindən 162
abonentin mənzilinə sayğac
quraşdırılmış, 17 abonentin mənzilində
sayğac normal vəziyyətdə işləmədiyinə
görə yenisi ilə əvəz edilmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2006-cı ilin
noyabrında Gədəbəy rayonuna səfəri
bütün gədəbəylilərin sevincinə səbəb
olmuşdur. Həmin səfər zamanı Gədəbəy
ictimaiyyəti ilə görüşündə aidiyyatı təşkilatlara
göstəriş vermişdir ki, rayonun bütün sərhədyanı
kəndləri təbii qazla təmin edilsin. Artıq
Novosaratovka kəndindən təbii qaz xəttinin çəkilməsinə
başlanılmışdır. İçməli su təminatı
da yaxşılaşır. Hazırda Gədəbəy şəhərində
içməli sudan istifadə edən 480 abonent vardır.
Abonentlərin içməli suya olan tələbatının
ödənilməsi və yüksək xidmət göstərilməsi
məqsədi ilə xeyli iş görülmüşdür.
Belə ki, Heydər Əliyev prospektində və Səməd
Vurğun küçəsində su xətləri təmir
olunmuş, su anbarında və şəhərdaxili su xətlərində,
habelə şəhər kanalizasiyasında təmir işləri
aparılmışdır. 2008-ci ilin 9 ayında əhaliyə
88950 kubmetr su verilmişdir. Gədəbəy rayonu
dağlıq rayondur. Qış aylarının şaxtalı
keçməsi və yağıntının çox
olması nəticəsində avtomobil yolları sıradan
çıxır və nəticədə yararsız hala
düşür. Odur ki, kəndarası və rayondaxili yollara
xidmət daim diqqət mərkəzində saxlanılır. Bu
ilin ötən dövrü ərzində Başkənd-Qızıltorpaq-Qonaqlı
avtomobil yolunun cari təmiri üçün 1570 ton asfalt-beton
və şəhərdaxili yolların cari təmiri
üçün isə 220 ton asfalt istifadə olunmaqla
çalalar təmir olunmuşdur. Qış
mövsümündə yolların sürüşkənliyinə
qarşı 1000 kubmetr qummmaterialları
hazırlanmışdır. Bundan əlavə, 8 kilometrlik
Düzyurd-Dəyəqarabulaq, 3 kilometrlik avtomobil yolunun təmiri
başa çatdırılmışdır. 2008-ci ilin ötən
ayları ərzində orta əmək haqqı 149 manat təşkil
etmişdir ki, bu da əvvəlki illə müqayisədə
15 manat artıqdır. Rayonda son dövrlər yaranmış
sağlam mənəvi-psixoloji mühit rayonun sosial-iqtisadi
inkişafına öz müsbət təsirini lazımınca
göstərmişdir. Həmçinin rayonun bütün icra
orqanlarının diqqəti yerli büdcənin mədaxil və
məxaric hissəsinin icrasına yönəldilmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2008-ci il
tarixli 760 nömrəli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının 2008-ci il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa əsasən rayonun 2008-ci il yerli
büdcəsinin mədaxili 16 milyon 62 min 119 manat həcmində
təsdiq edilmişdir ki, onun da 13 milyon 993 min 919 manatı mərkəzləşdirilmiş
xərclər, 2 milyon 150 min manat yerli daxilolmalardandır. Əhalinin
sosial müdafiəsini gücləndirmək, əhaliyə
pensiya və müavinətlərin vaxtında ödənilməsi
sahəsində də Əhalinin Sosial Müdafiə Mərkəzi
və Dövlət Sosial Müdafiəsi Fondunun Gədəbəy
rayon şöbəsi tərəfindən xeyli iş
görülmüşdür. ƏSMM-nə 2008-ci ilin 9 ayı
ərzində ünvanlı sosial yardım təyin edilməsi
üçün 2477 ailə rəsmi müraciət
etmişdir ki, onlardan 2237 ailənin sənədləri
qeydiyyata alınmış, 240 ailənin sənədləri
müxtəlif səbəblərdən ünvanlı sosial
yardım təyin edilməsindən imtina edilmişdir.
Ünvanlı sosial yardım təyin edilənlərə
1820739 manat vəsait ayrılaraq ödənilmişdir. Dövlət
Sosial Müdafilə Fondu Gədəbəy rayon şöbəsi
tərəfindən 2008-ci ilin 9 ayında sığorta edənlərdən
məcburi sosial sığorta hesabına 2394599 manat vəsait
toplanmışdır ki, bu da ötən ilin birinci 9 ayı ilə
müqayisədə 707099 manat əlavə vəsait
toplanması deməkdir. DSMF tərəfindən 18170 nəfər
pensiyaçıya 11657248 manat pensiya alınaraq ödəniş
müəssisələrinin hesabına
köçürülmüşdür.
Təhsil, səhiyyə, mədəniyyət sahəsində
Təhsilin inkişafı
açıq-aşkar hiss olunur. Artıq hər ay rayonda bir-iki
məktəbin açılışı ənənə
şəklini alıb. 2008-ci ildə də bu ənənə
davam etdirilib. Rayonun Ataxal, Hacıələkbərli , Göyəmli
kənd ibtidai, Leşgər kənd əsas məktəbləri
və Dövlət Proqramı çərçivəsində
200 şagird yerlik Kiçik Qaramurad kənd orta məktəbləri
tikilib istifadəyə verilmişdir. Hazırda Dövlət
Proqramı hesabına 200 şagird yerlik Dəyəqarabulaq, 220
şagird yerlik Xarxar kənd orta və Arısu kənd əsas
məktəblərində son tamamlama işləri
aparılır. Bununla yanaşı Düz Rəsullu , Əliismayıllı
məktəbləri əsaslı təmir olunmuşdur.
Keçən dövr ərzində 310 ədəd parta, 100 ədəd
stol, 132 ədəd stul, 50 ədəd yazı lövhəsi və
19 ədəd kitab rəfi alınmış və zəruri
ehtiyacı olan məktəblərə verilmişdir. Rayon ərazisində
mədəniyyət evlərinin təmiri istiqamətində də
işlər aparılır. Hesabat dövrü ərzində
Qaraməmmədli kənd mədəniyyət evi, Zəhmətkənd
kənd mədəniyyət evi əsaslı, Slavyanka kənd mədəniyyət
evi isə cari təmir edilmişdir. Rayon ərazisində
“Göyçə”, “Aşağı Narzan” və “Narzan” turizm
və ailəvi istirahət mərkəzləri fəaliyyət
göstərir. Burada insanların istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Gənclərin asudə vaxtlarının
səmərəli təşkili və onların idmanla məşğul
olması üçün də işlər
görülür. Artıq Gədəbəy şəhərində,
Slavyanka və Novosaratovka kəndlərində diskotekalar təşkil
edilir. Əhaliyə göstərilən səhiyyə xidmətinin
yüksəldilməsi istiqamətində işlər davam etdirilir.
Qaraməmmədli kənd həkim ambulatoriyası təmir
olunmuşdur. Slavyanka kənd sahə xəstəxanasında da
təmir işləri aparılmışdır. Akademik Zərifə
Əliyeva adına mərkəzi rayon xəstəxanasının
həyətində yeməkxana və morq binalarında son
tamamlama işləri aparılır.
Tikinti sahəsində
Rayonda yeni tikililərin
sayı aybaay artır. Təkcə bu il bir neçə
inzibati bina, o cümlədən Dövlət Sosial Müdafiə
Fondunun rayon şöbəsi, 103 və 104 saylı DSK
binaları, ticarət mərkəzi tikilib istifadəyə
verilmidir. Bundan əlavə Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri üçün 24 mənzilli
bina istismara verilmiş, Mir Cəlal Paşayev, X.Haqverdiyev, M.Ə.Rəsulzadə,
M.Quliyev, T.Əhmədli küçələrində təmir
işləri aparılmışdır. Uzun müddət
Kiçik Qaramurad çayı üzərindən keçməkdə
çətinlik çəkən 11 kəndin sakinləri
artıq öz arzularına çatmışdır. Artıq
körpü onların istifadəsinə verilmişdir.
Gədəbəy siz
gördüyünüz Gədəbəy deyil, tamam dəyişib.
İndi onun qışı da, yayı da gözəldir.Gədəbəyə
gəlsəniz bunun şahidi olacaqsınız.
Hamlet QASIMOV
Xalq qəzeti.-2009.-7 yanvar.-S.5.