Bütün sahələrdə
olduğu kimi,
təhsildə də müsbət nəticələr əldə
edilir
Son illərdə
respublikamızda təhsilə göstərilən dövlət
qayğısı nəticəsində bu sahədə bir
sıra uğurlar əldə edilmişdir. Ən əvvəl
təhsilin məzmununda əsaslı yeniləşmə prosesi
getmiş, yeni tədris proqramları, dərsliklər
hazırlanıb məktəblərə
çatdırılmışdır. Həm də bu dərsliklərin
yaradılmasında milli-mənəvi dəyərlər ön
plana keçmişdir.
Azərbaycan gənclərinin
xaricdə təhsil almaları üçün lazımi şərait
yaradılmışdır. Hazırda 4000 nəfər azərbaycanlı
gənc dünyanın müxtəlif ölkələrində
təhsil alır. Eyni zamanda, Azərbaycanın ali məktəblərində
6500 xarici ölkə vətəndaşı oxuyur. Dövlət
başçısının 2007-2015-ci illərdə gənclərin
xarici ölkələrdə təhsil alması üzrə
imzaladığı dövlət proqramına uyğun olaraq,
100-ə yaxın gənc dünyanın 15 ölkəsinin 45
ali məktəbinə göndərilmişdir. Bu il isə həmin
sıraya daha 200 nəfər qoşulmuşdur.
Ölkəmizin
bütün guşələrində yeni məktəblərin
inşası geniş vüsət almışdır. Son illərin
ən böyük nailiyyətlərindən biri 300 min
şagird yerlik 1360 yeni məktəb binasının tikilməsi
və 300-dək məktəbin əsaslı təmir
olunmasıdır. Heydər Əliyev Fondunun da məktəblərin
infrastrukturunun yenilişməsində və təhsilin
inkişafı sahəsində xüsusi xidmətləri
olmuşdur. Fondun təşəbbüsü ilə 184 yeni məktəb
tikilmiş, 37 məktəb əsaslı təmir olunmuşdur.
Bu yeniliklərdə və
qazanılan nailiyyətlərdə Kəlbəcər təhsilinin
də sanballı payı vardır. Respublikanın 22 rayon və
şəhərində təşkil edilmiş 85 orta, 19 əsas
məktəbdə 10548 şagird təhsilə cəlb edilmişdir.
Onların təlim-tərbiyəsi ilə 2470 müəllim məşğul
olur. 2004-2008-ci illərdə 21 yeni məktəb binası
tikilmiş, 18-i isə təmir olunmuşdur.
2008-2009-cu dərs ili ərəfəsində məktəblərə 96 adda 23106 ədəd latın qrafikası ilə çap olunmuş bədii kitab, 21648 ədəd dərslik (III—XI siniflər üçün) verilmiş, birinci siniflər dərslik, məktəbli forması, məktəbli çantası ilə təmin edilmiş, məktəblər 7000 ədəd müəllim kitabçası, I sinif müəllimləri əlavə dərs vəsaitləri, 140 adda 34975 ədəd plakat (əyani vəsait) sinif jurnalları və digər məktəb sənədləri ilə tam təmin olunmuşlar. Məktəblərə 572 ədəd parta, 243 ədəd müəllim stolu, 362 ədəd stul, 172 ədəd yazı lövhəsi alınıb verilmişdir. Rayonun bütün şagirdlərinin vahid məktəbli formasına keçirilməsi təmin edilmiş, məktəblər bölgü əsasında yanacaqla təmin olunmuşlar.
Xüsusi olaraq onu vurğulamaq lazımdır ki, Nazirlər Kabinetinin 233 nömrəli qərarına əsasən, keçən il rayonun 120 nəfər müəllimi yeni milli təhsil proqramı ilə tanış olmaq və tədris proseslərinin həmin proqramın tələbinə uyğun şəkildə qurulmasını təmin etmək üçün 5 günlük kurs keçiblər. Bu yenilik ilk dəfədir ki, 2008-2009-cu tədris ilində və yalnız birinci siniflərdə tətbiq olunur. Növbəti illərdə bu yenilik ardıcıl olaraq bütün siniflərdə tətbiq olunacaqdır.
Rayonun 68 orta məktəbində “Kəlbəcər” guşəsi yaradılmışdır. Guşələr Kəlbəcərin işğalından əvvəlki dövrdə çəkilmiş təbiət, mədəni-tarixi abidələrin fotoşəkilləri ilə bəzədilmişdir. Bu işlər digər məktəblərdə də davam etdirilir.
Rayon məktəbləri keçən dərs ilini uğurla başa vurmuşlar. XI sinfi bitirən 746 məzundan 212 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə qəbul olunanların 34 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplamışlar. 17 saylı orta məktəbin məzunu Elçin Abdullayev 675 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş və ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdü təyin edilmiş, müəllim Hidayət Əliyevə “Əməkdar müəllim” adı verilmişdir. Ötən dərs ilinin yekunlarına görə rayon təhsil şöbəsinin inspektoru İslam Salahova “Qabaqcıl maarif işçisi” döş nişanı verilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin fəaliyyəti daim nəzarət altındadır və onların bütün sosial, kommunal-məişət və digər məsələlərin həllinə, gündəlik ehtiyaclarının ödənilməsinə Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən ən əsas vəzifə, xidməti borc kimi baxılır. 2008-2009-cu dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil məktəblərində xeyli işlər görülmüşdür. Belə ki, məktəblərin, demək olar, hamısında əsaslı, yaxud cari təmir işləri aparılmışdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, rayonun təhsil sistemində həll olunmamış problemlər də mövcuddur. Sinif otaqlarının az olmasına görə dərslər bəzi məktəblərdə iki növbədə keçirilir. Kitabxana, laboratoriya, kompyuter otaqlarının sayı da azdır.
Bu gün rayonun bəzi məktəbləri uyğunlaşmış binalarda fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri Qala qəsəbəsində fəaliyyət göstərən 19 saylı Kəlbəcər orta məktəbində 84 şagird təhsil alır. 2008-2009-cu tədris ilinin əvvəlində məktəbin direktoru F. İsmayılova Kəlbəcər Rayon İcra Hakimiyyəti, təhsil şöbəsti qarşısında məsələ qaldıraraq 7 ədəd fin tipli evin verilməsini xahiş etmişdir. Bununla bağlı “Azəryolservis” ASC həmin məktəbin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görmüş, həmçinin bu qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin işıq problemlərini də həll etmişdir.
Ümumiyyətlə, “Azəryolservis” ASC-nin kollektivi Kəlbəcər rayonunun məktəblərinə, həmçinin rayondan olan məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı göstərir. Səhmdar Cəmiyyətinin dəstəyi ilə Gəncə şəhərində fəaliyyət göstərən 9 saylı orta məktəbin binası keçən il təmir olunmuş, məcburi köçkünlərin yaşadığı ağır şəraitli Daşkəsən rayonunun Çovdar, Çaykənd və Sadax kəndlərindəki avtomobil yollar təmir edilmiş, Çovdar kəndində yeni orta məktəb binası tikilmiş, Quşçu kəndində fəaliyyət göstərən 71 saylı Kəlbəcər rayon məktəbinin 2 sinif otağı təmir olunmuşdur.
Ötən il Səhmdar Cəmiyyətinin köməyi ilə Göygöl rayonunun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən 75 saylı məktəbin döşəməsi dəyişdirilmiş, 98 saylı və 9 saylı (Gəncə şəhəri) məktəblərin dam örtüyü, həmçinin 28 saylı (Naftalan şəhəri) məktəbin 2 sinif otağı təmir edilmişdir. Göranboy rayonunun ərazisində yerləşən “EKO” qəsəbəsində və Vəyisli kəndində də ASC-nin kollektivi Kəlbəcər Rayon İcra Hakimiyyəti ilə birlikdə burada yaşayan məcburi köçkünlərin bir sıra sosial problemlərini həll etmişdir.
Samux rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 88 saylı orta məktəbdə 105 şagird təshil alır, onların təlim-tərbiyəsi ilə 25 müəllim məşğuldur. “Azəryolservis” ASC-nin kollektivi bu tədris ocağına də öz qayğısını əsirgəməmişdir. Məktəbə 2 ədəd kompyuter dəsti verilmiş, 2 sinif otağı təmir olunmuş, həyəti dəmir torla çəpərləmiş və asfaltlanmışdır.
Təbii ki, Kəlbəcər təhsilinin inkişafı ilə bağlı görülən tədbirlərlə kifayətlənmək olmaz. Yuxarıda qeyd olunan və öz həllini gözləyən problemlər bir daha ciddi araşdırılmalı və məktəblərdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün xeyli iş aparılmalıdır.
R. AĞADƏDƏBƏYOV
Xalq qəzeti.-2009.-7 yanvar.-S.5.