1948-1953-cü illər deportasiyasının bəzi məqamları

 

1950-ci il yanvarın 10-da Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan K(b)P Mərkəzi Komitəsi “Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovaliğı rayonlarina köçürülmüş kolxozçuların və digər azərbaycanlı əhalinin təsərrüfat cəhətcə yerləşdirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1949-cu illərdə Ermənistan SSR-dən 4674 təsərrüfat (təqribən 20000 nəfər) köçürülmüşdür. Köçürülənlərdən 1410 ailə yerli sovetlər və kolxozlara məxsus evlərdə, 3264 ailə isə yerli kolxozçuları sixışdırmaq hesabina yerləşdirilmişdir. Həmin qərarda qeyd edilmişdi ki, iki ildə köçürülənlər üçün cəmi 80 təzə ev tikilmişdir.

Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 3419 ailənin (13361 nəfər) köçürülməsi haqqında qərar qəbul etsə də, faktiki olaraq, rəsmi və qeyri-rəsmi köçürülmələrin sayı nəzərdə tutulduğundan xeyli artıq olmuşdu, 1950-ci ildə köçürülənlər üçün 3500 ev tikmək planlaşdırılmış, faktiki isə 470 ev tikilmiş, 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin edilməmişdi.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından mümkün qədər sürətlə çıxarılmasını təmin etmək üçün Ermənistan hökumətinin ən qəddar üsullara əl atdığını həmin dövrün rəsmi sənədlərindən də görmək olar. Ermənistandan Azərbaycanlıların köçürülmə məsələləri üzrə Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəsi Əliyevin Ermənistan SSR Nazirlər Soveti yanında Köçürülmə İdarəsinin rəisi Karapetyana və Nazirlər Soveti sədrinin müavini Piruzyana ünvanlanmış 28 noyabr 1949-cu il tarixli məktubunda qeyd edilirdi: “Son zamanlar Amasiya, Spitak və Vedi rayonlarının ayri-ayrı təşkilatları köçürülmə barədə sənədlərin tam rəsmiləşdirilməsini, kolxozçuların köçürülməyə razılıq vermələrini gözləmədən, təsərrüfatları köçürmək üçün sürətli hazırlıq işləri aparırlar. Həmin təşkilatlar bu təsərrüfatların əmlakını bölüşdürür, kolxozları məcbur edirlər ki, yemi satsınlar və hətta nə vaxt yola düşəcəklərini göstərsinlər. Onlar kolxozçuların bu və ya digər rayona köçürülmək arzusunda olub-olmaması ilə hesablaşmırlar, halbuki hökumətin köçürülmə barədə qərarına əsasən, kolxozçuların nümayəndələri köçürüləcəkləri yerləri qabaqcadan görüb baxmalı və öz istəklərinə uyğun yerlər seçməlidirlər. Köçürülmə qaydalarının bu cür pozulması isə kolxozçuları məcbur edir ki, onlar yuxarı təşkilatlara şikayət etsinlər, onların köçmək istəmədikləri rayonlara köçürülmələrindən narazı olduqlarını bildirsinlər”.

SSRİ hökumətinin Azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələri birdəfəlik xəritədən silinsin. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin köçürülməyə psixoloji cəhətdən hazırlanması üçün müxtəlif şayiələr buraxırdılar. 1948-ci il mayın 3-də Ermənistan SSR-in daxili işlər naziri Xoren Qriqoryanın Mircəfər Bağırova göndərdiyi “Azərbaycanlı əhalinin qarşıdan gələn köçürülmə ilə əlaqədar əhval-ruhiyyəsi haqqında arayış”da xüsusən dağlıq rayonlarda əhalinin köçürülməyə kəskin mənfi münasibət göstərdiyi qeyd olunur. Həmin arayışda Amasiya, Zəngibasar,Vedi, Basarkeçər, Artaşat, Qarabağlar, Hoktemberyan, Qafan, Meğri və Sisyan rayonlarında yaşayan ayrı-ayrı azərbaycanlıların narazılıqlarının motivləri ifadə olunmuşdur. Arayışda diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, ayrı-ayrı ermənilərin ifadələri ilə, dolayısı ilə olsa da, rəsmi Ermənistanın mövqeyi çatdırılır. Ermənilər Türkiyə ilə sərhəd boyunda məskunlaşmış Azərbaycanlılar arasında qabaqcadan belə bir xəbər yaymışdılar: “Azərbaycanlıların Ermənistandan köçürülməsi şübhə doğurmur. İlk növbədə, Araz və Axuryan (Arpaçay - N. M.) çayları boyu yaşayan azərbaycanlılar köçürüləcək. Sərhəd rayonlarının kəndləri də azərbaycanlılardan təmizlənəcək...” Başqa bir şayiədə isə ermənilər öz arzularını belə ifadə edirdilər: “Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan MSSR-dən köçürmək və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək lazımdır”.

Digər tərəfdən, yaranmış fürsətdən istifadə edən Ermənistan rəhbərləri Gürcüstanla sərhəddə yerləşən strateji əhəmiyyətli azərbaycanlı kəndlərinin də köçürülməsi üçün müxtəlif üsullara əl atmışdilar. Noyemberyan rayonunun Ləmbəli və Aşağı Körpülü kəndləri Gürcüstanın Marneuli rayonu (Borçalı) ilə həmsərhəd olmaqla yanaşı, olduqca məhsuldar torpaqları var idi. Ləmbəli kəndini “Ermənistanın Kaliforniyası” adlandırırdılar. Ermənistan rəhbərləri bu kəndlərin sakinlərinin razılığı olmadan onları “könüllü köçmək istəyən” ilk təsərrüfatların siyahısına daxil etmişdilər. Ermənistan SSR Nazirlər Sovetinin 29 sentyabr 1948-ci il tarixli qərarına əsasən Ləmbəli kolxozu əsasında zeytun sovxozu, Aşağı Körpülü kolxozu əsasında isə subtropik bitkilər sovxozu yaradılması və həmin təsərrüfatlarda xaricdən gələn ermənilərin yerləşdirilməsi nəzərədə tutulmuşdu. 70 təsərrüfatdan (370 nəfər) ibarət Aşağı Körpülü kəndinin sakinlərinin bir hissəsi qonşu Qazax rayonuna, habelə Gürcüstanın Borçalı rayonuna, Noyemberyan rayonunun Yuxarı Körpülü kəndinə və Allahverdi filiz mədəninə köçürülərək kənd boşaldılmışdı. Ləmbəlililər isə Salyan rayonuna köçməkdən imtina etmişdilər. Ona görə də, 245 təsərrüfatdan 1192 nəfərdən ibarət olan bu kəndin köçürülməsi təxirə salınaraq, 1949-cu il köçürülmə planına daxil edilmişdi. Həmin il yaz-yay aylarında Ermənistan rəhbərləri ləmbəlilərin deportasiya olunması üçün müxtəlif təzyiq üsullarına əl atır, hətta hüquq-mühafizə orqanlarinın vasitəsilə əhalini qorxudaraq, onlardan kəndi tərk etmələrini tələb edirdilər. Noyemberyan rayonunun rəhbərləri Ləmbəli kolxozunun əmlakını, mal-qarasını zorla Yuxarı Körpülü kəndinə təhvil verirlər. Əlacsız qalan ləmbəlilərin bir qismi Gürcüstanın Azərbaycanlılar yaşayan kəndlərinə səpələnməli olurlar. Marneuli rayonunda sığınacaq tapmış ləmbəlililəri noyabrın 28-də döyə-döyə komalarından çıxararaq, yenidən Ləmbəliyə qaytarırlar. Lakin artıq ləmbəlililərin əksər evlərində xaricdən gələn erməniləri yerləşdiriblərmiş. Ona görə də, onları evlərinə buraxmır, Sadaxlı dəmiryol stansiyasında yük vaqonlarına dolduraraq, oradan İrəvan yaxınlığındakı Uluxanlı stansiyasına gətirirlər.

Uluxanlı stansiyasında üç gün qar-boran içərisində qalan ləmbəlililəri bir sutka ərzində Sevan şəhərinə, oradan qayıqlarla 8 saat ərzində Basarkeçərin Zağalı kəndinə, oradan xizəklərlə 18 km aralıda Zod və Ağkilsə kəndinə gətirib yerləşdirdilər.

Basarkeçərdən geri qayıdan ləmbəlililər Gürcüstanla sərhəddə - Ləmbəliyə yaxın yerdə yeraltı daxmalar tikərək, orada yaşamağa məcbur olurlar. Ləmbəlililərin şikayətlərinə yalnız İ. Stalinin ölümündən sonra baxılmışdı. Moskvadan xüsusi komissiya gəlib, ləmbəlililərin şikayətlərinin haqlı olmasinı Ermənistan rəhbərlərinin nəzərinə çatdırmışdı. Yalnız bundan sonra, 1954-cü ildə Ermənistan KP MK “Ləmbəlidə evlərin keçmiş sahiblərinə qaytarılması və onların sovxozda işə qəbul edilməsi barədə” qərar qəbul etmişdi.

Azərbaycan SSR Nazirlər Sovetinin sədri T. Quliyev SSRİ Nazirlər Soveti qarşısında vəsatət qaldırmışdı ki, sonrakı illərdə köçürmə planı aşağıdakı kimi müəyyən edilsin: 1951-ci ildə 10000 nəfər, 1952-ci ildə 20000 nəfər, 1953-cü ildə 20000 nəfər, 1954-cü ildə 15000 nəfər. Lakin 1951-ci ildə 911 təsərrüfat (3714 nəfər), 1952-ci ildə 1257 təsərrüfat (5512 nəfər), 1953-cü ildə 1898 təsərrüfat (8254 nəfər) köçürülmüşdü.

SSRİ Nazilər Sovetinin yuxarıda adladı çəkilən qərarlarının icra edilməsinin məcburiliyi ona gətirib çıxarmışdı ki, Ermənistanda deportasiya edilənədək mülayim iqlim şəraitində yaşamış, təmiz bulaq suyu içməyə adət etmiş əhalinin xeyli hissəsi Kür-Araz ovalığında ictimai binalarda yatalaqdan, qızdırmadan, malyariyadan və digər yoluxucu xəstəliklərdən məhv olmuşdur.

1951-ci ilin əvvəlindən etibarən, Azərbaycanda açıq səma altında qalan, tövlələrdə yerləşdirilən əhalinin bir hissəsi ağır şəraitə dözməyib Ermənistana - öz kəndlərinə qayıtmağa məcbur olurlar. İyunun 1-nə kimi 217 təsərrüfat geri qayıdır. Geri qayıtmaların kütləvi şəkil almağından qorxuya düşən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, onları qəbul etməkdən imtina edir. Halbuki, xaricdən gələn erməniləri yerləşdirmək adı altında Azərbaycana köçürülən kəndlərin əksəriyyəti hələ də boş qalırdı. Xaricdən gələnlərin cüzi hissəsi kənd rayonlarında məskunlaşmışdılar. Hər cür yağlı vədlərlə xarici ölkələrdən gətirilən ermənilərin əksəriyyəti özlərini aldadılmış hesab edir, sosial inkişaf baxımından bərbad vəziyyətdə olan müsəlman kəndlərinə ayaq qoymaq istəmirdilər.

Hələ 1947-ci il mayın 22-də Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov Stalinə göndərdiyi məktubunda göstərmişdi ki, xaricdən gətirilən ermənilərin 300 nəfəri artıq geri qayıdıb, 21 nəfər sərhədi keçərək Türkiyəyə qaçıb, 110 nəfər isə sərhədi keçmək istəyərkən yaxalanıblar. Q.Arutyunov “qaxtağan”ların Ermənistanı tərk etmələrini iqtisadi problemlərlə izah edirdi.

1953-cü ildə İ.Stalinin ölümündən sonra Ermənistandan türklərin köçürülməsinin sürəti azalır və əhalinin geriyə qayıtma prosesi sürətlənir. Ermənistan rəhbərləri Əştərək, Martuni (Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin rayonlarından türklərin izinin silinməsinə nail olsalar da, hər cür təqib və təzyiqlərə tab gətirərək Zəngibasar rayonunun Zəhmət, Qaraqışlaq, Yuxarı Necili, Vedi rayonunun Xalisa, Yengicə, Arazdəyən, Qaralar, Şidli, Şirazlı kəndləri, Basarkeçər və Krasnoselsk rayonlarının kəndləri qismən köçürülmə qrafikindən yayina bilmişdilər. Sonradan köçürülənlərin bir qisminin geri qayıtmalarına və onların hələ də boş qalan kəndlərində yenidən məskunlaşmasina şərait yaradanlar da məhz deportasiyadan yayınaraq, Ermənistanda qalan azərbaycanlı kəndlərinin əhalisi olmuşdur. Onlar hər şeylərini itirərək, geri qayıdan əhaliyə hər cür maddi və mənəvi köməklik göstərir, onların təsərrüfat qurması üçün öz imkanlarını onlarla bölüşdürürdülər. Geri qayıdan əhaliyə qarşı Ermənistan hökumətinin hər cür iqtisadi sanksiyalar tətbiq etməsinə baxmayaraq, əhalinin böyük əksəriyyəti öz kəndlərində və ya əgər onların evlərinə ermənilər yerləşdirilmişdisə, qonşu türk kəndlərində yenidən məskunlaşmağa başlamışdılar. Ermənistanda öz evləri ermənilər tərəfindən zəbt edilən və başqa kəndlərdə məskunlaşmaq imkanından məhrum edilən yüzlərlə ailə isə özlərinə yaşayış şəraiti düzəldə bilmədiklərindən yenidən Azərbaycana qayıtmağa məcbur olmuşdular. Beləliklə, Ermənistandan deportasiya və miqrasiya prosesi 1957-ci ilədək davam etmişdi.

Azərbaycan SSR Nazirlər Sovetinin yanında Köçürülmə üzrə Baş İdarənin məlumatına görə, 1954-cü ildə 749 təsərrüfat (3368 nəfər), 1955-ci ildə 207 təsərrüfat (965 nəfər), 1956-cı ildə 360 təsərrüfat (1543 nəfər) deportasiya edilmişdir.

Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, qərar zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) 150 minə yaxın artıq azərbaycanlı deportasiya edilmişdir.

Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 50-yə yaxın yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə aşağıdakı dəmiryol stansiyalarının adları dəyişdirilmişdir: Kolagirən-Tumanyan, Hamamlı-Spitak, Ortakilsə-Maisyan, Tomardaş-Vardakar, Arpaçay-Axuryan, Buğdaşen-Baqravan, Qaraqula-Gedap, Dərələyəz-Araqadz, Boğudlu-Arteni, Qaraburun-Qarmraşen, Qamışlı-Sovetaşen, Uluxanlı-Masis, İmanşalı-Mxçyan, Qəmərli-Artaşat, Şirazli-Ayqavan.

1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevan rayonu ilə, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni məsul vəzifələrə Azərbaycanlıların əvəzinə erməniləri yerləşdirdikdən sonra bəzi rayonları yenidən ayırmışdılar.

Ermənistanda köçürmə aksiyasını həyata keçirdikdən sonra türkdilli əhalinin azalmasını əsas götürərək rayon və respublika səviyyəli türkdilli kadrları ermənilərlə əvəz etməyə başladılar. Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselsk rayonlarının partiya komitələrinin birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katiblər dəyişdirilərək, yerlərinə erməniləri təyin etdilər.

Sonralar isə Ermənistan KP MK-nın katibi Məmməd İsgəndərov, kənd-təsərrüfatı şöbəsinin müdir müavini Rəhim Allahverdiyev, MK-nın məsul təşkilatçisı Cümşüd Sultanov, kənd təsərrüfatı nazirinin müavini Hüseyn Məmmədov vəzifələrindən azad edilmişdilər. Ermənistan SSR Ali Sovetinin sədr müavini Mirzə Bəşirov isə Ali Sovetin 9 aprel 1949-cu il tarixli sesiyasının qərarı ilə tutduğu vəzifədən azad edilmişdi. Məsul vəzifələrdə işləmiş soydaşlarımızın Azərbaycana axını getdikcə sürətlənirdi. Bütün bunlarla yanaşı Amasiya, Basarkeçər və Krasnoselsk rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər bağlanmışdı.

Köçürmə illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, Azərbaycan teatr sənətinə görkəmli sənətkarlar bəxş edən C. Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrı 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli və Məcnun”, “Eşq və İntiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara baxmayaraq, 1949-cu ildə teatrı azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürmüş, sonra isə bağlamışdılar.

Ermənistanda azəri türklərini başsız qoymaq, ali təhsilli kadrların çoxalmasına imkan verməmək məqsədilə ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun təhsil Azərbaycan dilində olan fakültələri–dil-ədəbiyyat, tarix, coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji İnstitutunun eyniadlı fakültələri bağlanaraq Azərbaycandakı müvafiq institutlara köçürüldülər. Ermənistandan köçürülən əhalinin Xanlar rayonunda məskunlaşmasina hər cür maneçilik törədildiyi halda, Azərbaycan elminə görkəmli xadimlər bəxş etmiş İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu Xanlar rayonuna köçürüldü.

Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi ilə Naxçıvanla İrəvan arasında əvvəllər tamamilə azərbaycanlılar yaşayan ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə nail oldular. İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı kəndlərində erməniləri məskunlaşdırdilar. Köçürülmə nəticəsində İrəvanın ətrafındakı Əştərək, Qarabağlar, Qəmərli, Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin rayonlarinın və Arpa-Sevan xətti ətrafında yerləşən rayonların azərbaycanlılar yaşayan münbit torpaqları ermənilərin əlinə keçdi. Ermənilər Türkiyə ilə sərhəd boyunca yerləşən Vedi, Zəngibasar, Hoktemberyan rayonlarının azərbaycanlı əhalisini köçürməklə, özləri üçün “etibarlı sərhəd zolağı” təmin etdilər.

Əgər 1915-1920-ci illərdə azərbaycanlı əhali Ermənistanda soyqırıma, 1930-37-ci illərdə repressiyaya məruz qalmasaydı, 1948-1953-cü illərdə 150 minə yaxın əhali deportasiya edilərək, Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı mədəni-maarif ocaqları bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı əhalinin yüksək təbii artımı nəticəsində 80-ci illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına nisbətən çoxluq təşkil edəcəkdi.

Hələ 1930-cu ildə Ermənistanda yeni inzibati-ərazi bölgüsünə keçirilərkən 25 inzibati rayon yaradılmışdı. Həmin vaxt bu rayonların üçdə birində rəhbər vəzifələrdə (raykomun birinci katibləri, icraiyyə komitələrinin sədrləri, prokurorlar, məhkəmə sədrləri və s.) azərbaycanlılar işləyirdilər. 1937-ci ildə Ermənistanın inzibati-ərazi bölgüsünə dəyişiklik edilmiş, əlavə olaraq, daha 7 rayon yaradılmışdı. Rayonlar bölünən zaman azərbaycanlı rəhbər kadrlar ermənilərlə əvəz edilmişdi. Daha sonralar yeni 5 rayon da yaradılaraq rayonların sayı 37-yə çatdırılmışdı. Lakin cəmisi üç rayonda (Amasiya, Basarkeçər və Krasnoselsk) birinci katib və yaxud icraiyyə komitəsinin sədri vəzifəsində azərbaycanlılar işləyirdilər.

Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar olaraq Ermənistan mətbuatı, xüsusən də “Sovet Ermənistanı” qəzeti heç bir iz buraxmamışdır. “Sovet Ermənistanı” qəzetinin 1948-1953-cü illər səhifələrindən yalnız onu müşahidə etmək olur ki, kəndlərdə əhalinin milli tərkibi tədricən dəyişir, rəhbər kadrlar ermənilərlə əvəz olunur, azərbaycanlı kəndləri tədricən erməni kəndlərinə çevrilir.

Ümumiyyətlə, Sovet təbliğatı nəticəsində 1946-1950-ci illərdə 15 xarici ölkədən Ermənistana təqribən 150 min erməni köçürülüb gətirilmişdi. Xaricdən gələn ermənilərə Ermənistanda ikinci dərəcəli vətəndaşlar kimi baxırdılar. “Qaxdağan” (yəni köçgün - N. M.) adlandırılan xaricdən gələn ermənilərlə yerli ermənilər qohum olmaq istəmirdilər. “Qaxdağan”lara yüksək vəzifələr etibar edilmirdi. Onlar İkinci Dünya müharibəsindən ac-yalavac çıxan SSRİ kimi bir ölkəyə köçmələrinə peşman olmuşdular. Yağlı vədlərlə xaricdən gətirilən ermənilər Ermənistanda quru çörək üçün saatlarla növbə gözləyirdilər. Aldandıqlarını görən “qaxdağan” ermənilər gəldikləri ölkələrə qayıtmaq istəyirdilər. Lakin onların qayıtmalarına icazə verilmirdi. Keçmiş SSRİ ərazisində ilk dəfə olaraq 1956-cı il mayın 24-də etiraz mitinqləri keçirilmişdi. Fransadan gətirilən ermənilər həmin gün Fransanın xarici işlər nazirinin İrəvana gəlməsi münasibətilə İrəvanda etiraz mitinqləri keçirmiş, yenidən Fransaya qaytarılmalarını tələb etmişdilər. 1958-ci ildə Fransa prezidentinin SSRİ-yə gəlməsi zamanı da İrəvanda nümayişlər təşkil edilmişdi. Bundan sonra Fransa ermənilərinə geri qayıtmağa icazə verilmişdi. 50-ci illərin sonlarında xaricdən gələn ermənilər kütləvi surətdə geri qayıtmağa başlamışdılar.

Ermənistan rəhbərlərinin deportasiya edilmiş azərbaycanlı kəndlərində xaricdən gətirilən ermənilərin məskunlaşdırılması planı baş tutmadı. Xaricdən gələn ermənilər bir qayda olaraq, şəhərlərdə və yaxud xüsusi olaraq onlar üçün salınmış şəhər tipli qəsəbələrdə məskunlaşırdilar. Nəinki 1948-53-cü illərdə və bundan sonrakı illərdə Ermənistandan deportasiya olunmuş azərbaycanlı kəndləri, üstəlik Ermənistanın dağlıq rayonlarının bir çox erməni yaşayış məntəqələri də boşalmışdı. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda 476 kəndin boş qaldığı qeyd edilmişdi. Bu, Ermənistanda mövcud yaşayış məntəqələrinin üçdə birindən çoxunun xaraba qalması demək idi. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, Sovet hakimiyyəti illərində Ermənistan rəhbərləri Azərbaycanlılar yaşamaqdansa, kəndlərin xaraba qalmasını üstün tutmuşlar.

XX əsrin 40-50-ci illərində Ermənistandan azərbaycanlıların respressiyaya məruz qoyularaq deportasiya edilməsi prosesi ilə bağlı materiallar “məxfi” qrifi altında saxlandığı üçün SSRİ dövründə tədqiq edilməmişdir. SSRİ Ali Soveti 1989-cu il noyabrın 14-də “Zorla köçürülmüş xalqlara qarşı repressiya tədbirlərinin qanunsuz və cinayətkar tədbirlər hesab edilməsi və onların hüquqlarının təmin olunması haqqında” bəyannamə və SSRİ Nazirlər Soveti buna müvafiq olaraq xüsusi qərar qəbul etmişdir. Həmin bəyannamədə bütöv xalqları zorla köçürmək praktikası beynəlxalq hüququn əsaslarına, sosializm quruluşunun humanist təbiətinə zidd olan ən ağır cinayət kimi qətiyyətlə pislənmiş, repressiyaya məruz qalmış bütün Sovet xalqlarının hüquqlarının bərpası üçün müvafiq qanunvericilik tədbirlərinin görülməsi zəruri hesab edilmişdi. SSRİ Ali Sovetinin 1991-ci il 14 mart tarixli qərarı ilə repressiya olunmuş xalqların qanuni hüquqlarının bərpa edilməsi haqqında qərar qəbul etmişdir. Lakin adları çəkilən sənədlərdə deportasiya olunmuş xalqların sırasında Ermənistandan deportasiya olunan azərbaycanlıların adı çəkilməmişdir. Ona görə də indiki Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızın öz tarixi vətənlərinə qayıtmaq hüququ tanınmadı və xalqımıza qarşı edilən tarixi ədalətsizlik bərpa olunmadı. Bu, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı qərəzli münasibətindən irəli gəlirdi.

Tədqiqatçılardan Ataxan Paşayev, Bəxtiyar Nəcəfov, Cəmil Həsənli, Lətifə Həsənova, Əsəd Qurbanlı və başqaları azərbaycanlıların Ermənistandan deportasiyasının səbəblərini, faciənin miqyasını və onun nəticələrini xronoloji çərçivədə araşdırmışlar.

Bu məqalənin yazılmasında adıçəkilən tarixçilərin araşdırmalarından da istifadə edilmişdir.

Prezident Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-dəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman xalqımıza qarşı siyasi qərarla həyata keçirilən bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması məqsədini daşıyırdı. Cəmisi iki bənddən ibarət olan bu fərmanın 1-ci bəndinə əsasən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə dövlət komissiyası yaradılmışdır. Sənədin 2-ci bəndində isə Nazirlər Kabinetinə tapşırılır ki, fərmanın icrası ilə bağlı məsələləri həll etsin. Çox təəssüf ki, indiyədək bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi məsələsi həll edilməmişdir. Beynəlxalq ictimaiyyət hələ də Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Sovet hakimiyyəti illərində repressiyaya məruz qalan xalqlar haqqında son dövrlərdə Rusiyada çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası faktı hələ də rusiyalı tədqiqatçıların əsərlərində özünə yer tapmamışdır. Sovet hakimiyyəti illərində xalqların repressiyası və deportasiyaları tarixini ən xırda detallarına qədər araşdıran demoqraf, professor Pavel Polyan (milliyyətcə erməni deyil - N.M.) müəyyən etmişdir ki, SSRİ məkanında 110 deportasiya əməliyyatı həyata keçirilmişdir. O, həmin əməliyyatlardan miqyasına görə seçilən 47-sinin siyahısını təqdim etmişdir. Həmin siyahıya 1938-ci ildə Cənubi Azərbaycandan olan soydaşlarımızın (siyahıda “iranlılar” kimi təsnif edilir - N.M.), İran inqilabı yatırıldıqdan sonra öz dəstəsi ilə bir müddət Azərbaycanda yerləşən Mustafa Bərzaninin kürd silahlı dəstəsinin 1948-ci ildə deportasiyası faktı daxil edilsə də, Ermənistandan soydaşlarımızın 1948-1953-cü illər deportasiyası faktı daxil edilməyib. Bu, o deməkdir ki, biz hələ də öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıra bilməmişik. Ermənilərin yalanları isə hər yerdə ayaq açıb yeriyir.

Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu tarixi cinayətə, etnik təmizləmə aksiyasına hüquqi-siyasi qiymət verilməsi üçün o vaxt qəbul edilmiş normativ sənədlər (Ümumittifaq əhəmiyyətli normativ və qanunvericilik aktları, Sovet hökumətinin, Kommunist Partiyasının qərarları, Respublika KP MK-nın və Nazirlər Sovetinin və digər icra orqanlarının qərarları, SSRİ Nazirlər Soveti Yanında Baş Köçürmə İdarəsinin və Azərbaycan SSR Köçürmə İdarəsinin arxivlərində saxlanılan fondların materialları, hesabatlar və s.), deportasiya olunanların əhval-ruhiyyəsi ilə bağlı “NKVD” və “KQB”-yə daxil olan məlumatlar, müraciətlər, yazışmalar və s., rayon arxivlərində saxlanılan sənədlər, deportasiya olunanların yazdıqları şikayət ərizələri və s. diqqətlə saf-çürük edilməli, sistemləşdirilərək sənədlər topluları şəklində çap edilməlidir. Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan materiallar və canlı şahidlərin ifadələri əsasında sənədli filmlər serialları çəkib dünyaya nümayiş etdirilməlidir. Yeni məskunlaşma yerlərində soydaşlarımızın üzləşdikləri humanitar fəlakət ayrı-ayrı aspektlər üzrə elmi-tədqiqat dövriyyəsinə daxil edilməlidir.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının imzalanmasından sonra 31 mart 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş, azərbaycanlılara qarşı soyqırımların cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq beynqəlxalq təşkilatlara müraciət etmişdir ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini tanısınlar. Analoji addım “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı ilə bağlı da atılmalıdır.

Azərbaycan tarixinin qara hərflərlə yazılan bu səhifəsi də kompleks şəkildə tədqiq edilməli və araşdırmaların nəticələri müxtəlif dillərə tərcümə edilərək dünya ictimaiyyətinin nəzərinə çatdırılmalıdır.

 

 

Nazim MUSTAFA,

AMEA-nın A.Bakıxanov adına

 Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.-2009.-7 yanvar.-S.6.