2008-ci il həm də xarici siyasət sahəsində
qazandığımız uğurlarla yadda qaldı
Prezident İlham Əliyev:
Bizim xarici siyasətimiz ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi kursdan, xalqımızın və
dövlətimizin mənafelərinin təmin edilməsindən
ibarətdir
Yola saldığımız ildə Azərbaycan Respublikası sosial-iqtisadi və ictimai-siyasi həyatın bütün sahələrində olduğu kimi xarici siyasətdə də böyük uğurlar əldə etdi. Bəzi ekspertlər həmin sahədəki çoxsaylı uğurlarımızın zirvəsində Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağlı xüsusilə önəmli bir qətnamə qəbul edilməsinin dayandığını söyləyirlər. Ancaq başqa cür düşünən politoloq və ekspertlər də vardır. İkincilərin fikrincə, Azərbaycan xarici siyasətinin 2008-ci ildə qazandığı ən böyük nailiyyət Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları “Moskva Bəyannaməsi”dir. Üçüncü bir tərəf isə Türkiyənin Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsə yiyələnməsini daha önəmli hadisə adlandırır. Hər halda qeyd edilən məqamların hər biri müstəqil respublikamızın xarici siyasətinin cəmi bir ildə əldə etdiyi onlarla uğurun əsas tərkib hissələrindəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İtaliyaya səfəri çərçivəsində bu ölkənin “RAİ İnternational” telekanalına verdiyi müsahibədə “Moskva Bəyannaməsi”nin xarakterini və əhəmiyyətini əks etdirən maraqlı fikirlər söyləmişdir:
“— İlk növbədə onu demək istəyirəm ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları sənəd saziş deyil, siyasi bəyannamə idi. Burada münaqişənin necə həll olunmasına dair ölkələrin mövqelərini əks etdirən bəyannamədən söhbət gedir. Həmin bəyannamənin üç vacib elementini vurğulamaq istərdim. İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu belə deyildi. Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıb.
İkincisi, bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdır. Bu, o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır. Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu, o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi isə münaqişənin paket şəklində həlli olubdur".
Sitatın bu qədər əhatəli şəkildə seçilməsi bizim əlavə şərh verməyimizə ehtiyac qoymadı. Amma onu qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev hələ 10 il əvvəl təxminən bugünkü mənzərəni özündə əks etdirən fikirlər söyləmişdi: “Münaqişənin ədalətli şəkildə həll edilməsi üçün vaxta, zamana ehtiyac vardır. Zaman sübut edəcəkdir ki, biz Xankəndi ilə deyil, məhz Yerevanla danışıqlar aparmalı, müzakirələr etməliyik. Bunu Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində etiraf edəcəkdir”.
2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının qeyd edilən məsələ ilə bağlı qəbul etdiyi qətnamə barədə söz açarkən də bilavasitə dövlət başçımızın ifadələrindən sitat gətirmək istəyirik. Prezident İlham Əliyev dekabrın 31-də, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bu məsələyə xüsusilə toxunmuşdur: “— Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün biz öz səylərimizi göstəririk. 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağlı çox önəmli qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü — Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çıxmışdı, qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bir tərəfdən bu, Azərbaycanın gücünü göstərir, Azərbaycanın artan nüfuzunu göstərir, digər tərəfdən, onu göstərir ki, haqq-ədalət öz yerini tutmalıdır”.
Dövlət başçısının təbrikində deyildiyi kimi bütün dünya ictimaiyyəti artıq Azərbaycanı dəstəkləyir. Çünki artıq hamı inanır ki, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Nə üçün? Əvvəla ona görə ki, Azərbaycanın həqiqət üzərində, beynəlxalq hüququn prinsipləri əsasında yürütdüyü xarici siyasət yüz illərdən bəri dünya ictimaiyyətini çaşdıran erməni riyakarlığını ifşa etmişdir. İkinci, Azərbaycanın artan iqtisadi qüdrəti, dünyanın inkişaf etmiş dövlətlərinin demokratiya təcrübəsindən maksimum bəhrələnməsi, Ermənistanın isə heç bir beynəlxalq dəyərlərə məhəl qoymaması dünya ölkələri ailəsində kimin kim olduğunu bir daha sübut edir.
2008-ci ilin yayında Qafqazda baş verən ictimai-siyasi və hərbi proseslər dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən Xəzər hövzəsində o qədər də möhkəm olmayan sabitliyinin pozulması ilə nəticələnə bilərdi. Ona görə də Azərbaycanın tutduğu mövqe regionda marağı olan bütün ölkələr tərəfindən təqdir olundu və maraqla qarşılandı. Türkiyə dövləti “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması” adlı təşəbbüslə çıxış etdi. Bakı, Tbilisi və Moskva ilə yanaşı Yerevanın da bu təşəbbüsü təqdir etməsi artıq erməni siyasətçilərinin həqiqəti dərk etməsinin nəticəsi kimi qəbul edilirdi. Eyni zamanda erməni siyasətçiləri və türk dünyasının bədxahları 2008-ci ildə daha bir möhtəşəm hadisədən dərs götürməli oldular. Belə ki, Türkmənbaşı şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan dövlət başçılarının görüşərək regionla bağlı bütün məsələləri müzakirə etməsi dünya ictimaiyyəti üçün anlaşılan bir mesaj idi. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin noyabrın son günlərində reallaşdırdığı Türkmənistan səfəri eyni zamanda Bakı — Aşqabad əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində çox mühüm addım idi.
Rəsmi Bakı neft diplomatiyasından 2008-ci ildə də ustalıqla istifadə edərək öz dövlətini qüdrətləndirməyi, işğalçı Ermənistanın beynəlxalq aləmdə təklənməsi istiqamətində həyata keçirilən tədbirləri intensivləşdirməyi bacardı. BMT, ATƏT, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı, GUAM, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bütün beynəlxalq təşkilatlar artıq nəinki Azərbaycanın yeritdiyi siyasəti təqdir edirlər, eləcə də ölkəmizin ərazi bütövlüyünün bərpasını vacib bir məsələ kimi gündəliyə gətirirlər. 2008-ci ildə adı çəkilən beynəlxalq təşkilatların hamısının rəsmi nümayəndə heyəti Azərbaycanda olmuş, bir çox beynəlxalq təşkilatların Azərbaycanda geniş miqyaslı tədbirləri keçirilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan artıq təkcə sosial-iqtisadi inkişafın deyil, eləcə də regiondakı diplomatik proseslərin mərkəzinə çevrilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-8 yanvar.- S.1.