Azərbaycan dövlətinin
konstitusiya əsaslarının
daha da möhkəmləndirilməsi vacib məsələdir
Müsahibimiz Azad
Respublikaçılar Partiyasının sədri Kamil Seyidovdur.
— Kamil müəllim,
siyasi partiya rəhbəri olaraq ötən ilin ictimai-siyasi
proseslərini necə qiymətləndirərdiniz?
— Son illər Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hər şeydən əvvəl ona görə ki, ölkəmiz müstəqillik yoluna qədəm qoymuş gənc dövlətlərdəndir. Lakin, buna baxmayaraq, beynəlxalq aləmdə nüfuz sahibidir. SSRİ-nin süqutundan sonra hakimiyyətə rəhbərlik edən naşı, idarəetmədə təcrübəsi olmayan, cəsarətsiz, qorxaq və qətiyyətsizlər yenicə əldə edilmiş müstəqilliyi uçuruma doğru aparırdılar. Daxili didişmə, hakimiyyətdə birincilik davası torpaqlarımızın hissə-hissə zəbt olunmasına şərait yaratdı. Xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə qayıdan müdrik şəxsiyyət Heydər Əliyevin gərgin fəaliyyəti, uzaqgörənliyi və dövlət idarəçiliyində zəngin təcrübəsi, biliyi, dühası nəticəsində Azərbaycan müstəqil bir dövlət kimi bərqərar oldu, möhkəmləndi və beynəlxalq aləmdə tədricən tanınmağa başladı. Ulu öndərin məntiqli daxili və xarici siyasəti sayəsində ölkədə davamlı ictimai-siyasi sabitlik yaradıldı. Azərbaycanın müstəqilliyi daha da möhkəmləndi. Azərbaycan 150-dən artıq ölkə ilə diplomatik əlaqə qurdu.
Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmaq, mövqelərini möhkəmləndirmək üçün bütün bilik və bacarığından istifadə etdi. Ölkəmizin diplomatik əlaqələri daha da genişləndi. Son beş il ərzində xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanı sülhsevər, Ermənistanı isə işğalçı dövlət kimi tanıdıb. Avropa Şurası, BMT və digər nüfuzlu qurumlar artıq Ermənistanın işğalçı dövlət olmasını rəsmən qəbul ediblər.
Azərbaycan üçün il-ildən uğurlu gəlir. Təkcə 2008-ci ildə baş vermiş ictimai-siyasi hadisələri gözlərimiz önünə gətirəndə bir daha şahidi oluruq ki, ölkəmiz dünya birliyində sayılıb-seçilən dövlətlərdəndir. Bakıda keçirilən çoxlu nüfuzlu beynəlxalq tədbirlər də təsdiqləyir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin davamlılığı qorunub saxlanılır, demokratiyanın inkişafı daim diqqət mərkəzində olur, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Ötən il Azərbaycan Prezidentinin imzaladığı Amnistiya aktı ilə minlərlə məhbus cəzalarının çəkilməmiş hissəsindən azad edilərək ailələrinə qovuşmuşlar. Ötən ilin ən böyük siyasi hadisəsini isə Azərbaycanda şəffaf, demokratik, azad və ədalətli şəraitdə keçirilən prezident seçkilərini hesab edirəm. Bu seçkilər bütün seçkilərdən qat-qat fərqlənirdi, həm demokratikliyinə, həm də şəffaflığına görə. Təsadüfi deyildir ki, seçkilərin gedişini izləmiş 50 mindən artıq müşahidəçi seçkinin nəticəsinə təsir edən nöqsanla rastlaşmadıqlarını bildirdilər. Xalq böyük ruh yüksəkliyi ilə seçkilərə qatılaraq Heydər Əliyev siyasi kursuna sadiqliyini bir daha nümayiş etdirdi və demək olar ki, yekdilliklə cənab İlham Əliyevi yenidən dövlətimizin başçısı seçdi. Ötən il Azərbaycan Prezidentinin iş qrafiki çox gərgin olmuşdur. Belə ki, dövlət başçısı 2008-ci ildə 17 xarici ölkədə səfərdə olmuş, 13 regional səfər etmiş, 167 təməlqoyma və açılış mərasimlərində iştirak etmiş, 252 qəbul keçirmiş, 363 sərəncam və 150 fərman imzalamışdır. Bunlarla yanaşı, ötən ilin sonlarında Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin hazırlanması və bu sənədə Konstitusiya Məhkəməsinin Plenumunda müsbət rəy verilməsi də yadda qalan hadisələrdəndir.
— Bir halda ki, söhbət Konstitusiyaya əlavə və dəyişikliklərdən düşdü, bu məsələyə münasibətinizi bilmək maraqlı olardı. Fikrinizcə, əlavə və dəyişikliklər üçün tarixi zərurət yetişibmi?
— Konstitusiyaya əlavə və dəyişikliklər bütün ölkələrdə həyata keçirilir. Tarixi inkişafla bağlı islahatların həyata keçirilməsi labüddür. Ölkəmizdə də belə bir tarixi inkişaf artıq mövcuddur. Məlum olduğu kimi, böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyanın müddəaları beynəlxalq hüququn normalarına və xalqımızın mənəvi dəyərlərinə əsaslanır. Ölkənin siyasi-iqtisadi, sosial-mədəni həyatında baş verən keyfiyyət dəyişiklikləri bu Konstitusiyada tam əks olunmuşdur. Buna baxmayaraq, ölkəmiz inkişaf etdikcə, əlaqələri daha da genişlənmiş, qəbul olunan qanunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ona görə də Konstitusiyaya dəyişikliklər zərurəti meydana çıxmışdır. 2002-ci ildə referendum keçirilmiş, Əsas Qanuna bir sıra dəyişikliklər edilmişdir.
Son illər ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması, bütün sahələr üzrə aparılan uğurlu islahatlar, demokratik inkişaf, qazanılan uğurlar və yeni konvensiyalara qoşulmarımız müstəqil dövlətimizin Konstitusiya əsaslarının daha da möhkəmləndirilməsini günün vacib məsələsinə çevirmişdir. Ölkə ziyalıları, siyasi partiya rəhbərləri, politoloqlar da Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi zərurətinin yaranması barədə fikirlər səsləndirdilər.
— Əlavə və dəyişikliklər arasında əsasən hansı maddə daha çox diqqəti cəlb edir?
— Mən Referendum Aktı
layihəsi ilə yaxından
— Həmin maddənin yeni
redaksiyada verilməsini necə qiymətləndirirsiniz?
— Hesab edirəm ki, çox
demokratik bir dəyişiklikdir. Biz, ölkəmizdə
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunmasını, seçkilərin demokratik, azad və ədalətli
keçirilməsini, hər bir Azərbaycan vətəndaşı
üçün seçmək və seçilməyə hər
cür şərait yaradıldığını yüksək
qiymətləndiririk. Bu həqiqət
nüfuzlu beynəlxalq təşkilatların yüksək
tribunalarından da tez-tez səslənir. Əgər
belədirsə, onda niyə 101-ci maddənin V hissəsi yeni
redaksiyada verilməsin? Axı həmin hissə
insanların seçmək və seçilmək hüququnu məhdudlaşdırır.
Mən Konstitusiyanın 101-ci maddəsinin V hissəsini
bir daha xatırlatmaq istərdim. Həmin bənddə
deyilir: “Heç kəs iki dəfədən artıq təkrarən
Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz”.
Mən bu maddənin yeni redaksiyada verilməsini
çox mütərəqqi və vaxtı çatmış
addım hesab edirəm. Xalqa istədiyi
şəxsi bir neçə dəfə prezident seçmək
üçün şərait yaradılmalıdır. Necə olur ki, Milli Məclisə seçkilər
keçirilən zaman bir şəxsin 3-4 dəfə deputat
seçilməsinə məhdudiyyət qoyulmur, amma prezident
seçkilərində bir şəxsin iki dəfədən
artıq prezident seçilməsi qadağan olunur? Hesab edirəm ki, bu məhdudiyyətin aradan
qaldırılması çox vacibdir. Çünki
Azərbaycanda hüquqi, sivil, demokratik dövlət qurulur.
Dünyanın inkişaf etmiş demokratik
ölkələrində də belə bir hadisənin
şahidi olmuşuq. Əgər hər
hansı bir dövlət başçısı ölkəni
iqtisadi böhrandan xilas edibsə, insanların həyat səviyyəsinin
yüksəldilməsi üçün şərait
yaradıbsa, beynəlxalq əlaqələri genişləndiribsə,
ölkənin nüfuzunu dünya birliyində
qaldırıbsa, niyə onun yenidən prezident seçilməsinə
şərait yaradılmamalıdır? Əgər
xalq öz Konstitusiyasında dəyişiklik edilməsini tələb
edirsə, referendumu yüksək səviyyədə
keçirirsə, bunu insan hüquqlarının müdafiəsi
kimi qiymətləndirmək lazımdır.
Onu da qeyd edim
ki, 101-ci maddənin V hissəsinin ləğv edilməsi
ayrılıqda kiməsə xidmət etmir. Hər bir Azərbaycan
vətəndaşı prezident seçkilərinə
qatıla və prezident seçilə bilər. Bu onun konstitusion hüququdur. Həmin
şəxs Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikdən
yararlanaraq gələcəkdə bir neçə dəfə
də prezident seçilə bilər. Bir
şərtlə ki, əgər xalqın etimadını qazana
bilərsə. 1990-1992-ci illəri
xatırlatmaq istəyirəm. Hakimiyyətdə
olanlar dövləti idarə edə bilmədiklərindən
ölkədə başıpozuqluq, anarxiya,
özbaşınalıq baş alıb gedirdi. Nəticədə vətəndaş müharibəsi,
qardaşın-qardaşla üz- üzə dayanması
yetişdi. Belə bir şəraitdə dövlətdə
təmsil olunanlar vəziyyətdən çıxış
yolu tapmaq əvəzinə gecə ikən hərəsi bir yana qaçdı. Elə
götürək AXC — Müsavat cütlüyünün
hakimiyyətdə olduğu dövrü. Ölkədə
hegemonluq edən qeyri-qanuni silahlı qruplaşmaların
öhdəsindən gələ bilməyən özündən
razı dövlət məmurları son anda öz
canlarını qurtarmaq üçün ümummilli lider Heydər
Əliyevə yalvarıb-yaxardılar ki, hakimiyyətə rəhbərlik
etməyə razılıq versin. Halbuki, həmin
qüvvələr bir vaxtlar prezident seçkiləri zamanı
yaş senzinin tətbiq olunmasını, 65 yaşdan yuxarı
şəxslərin Azərbaycan Prezidenti seçilməsinə
qadağa qoyulmasını qanuniləşdirmək
üçün canfəşanlıq edirdilər. Bütün bunlar ulu öndər Heydər Əliyevin
hakimiyyətə gələn yoluna süni əngəllər
yaratmaq məqsədi güdürdü. Lakin,
sonradan Heydər Əliyev onları və xalqı
uçurumdan xilas edəndə başa düşdülər
ki, o vaxt çox yanlış fikirdə olublar. Gec də olsa, səhvlərini dərk etdilər.
İndi həmin qüvvələr Konstitusiyaya əlavə
və dəyişikliyə etiraz edirlər. Qətiyyətlə deyirəm ki, bir müddət
sonra yenə də səhv yolda olduqlarını dərk edəcəklər.
Bu əlavə və dəyişikliklərin
faydasını xeyli vaxtdan sonra anlayacaqlar. Yəqin xalq
1992- 1993-cü il hadisələrini
unutmayıb. Heydər Əliyev xalqın təkidli
xahişindən sonra yenidən siyasi hakimiyyətə rəhbərliyə
qayıtdıqdan sonra AXC — Müsavat rəhbərliyində təmsil
olunanlar hara qaçdılarsa, bir müddət üzə
çıxmadılar. Bu, danılmaz bir həqiqətdir
ki, Azərbaycanın, bu gün yüksək nüfuz sahibi
olmasında, insanların həyat səviyyəsinin getdikcə
yaxşılaşmasında Heydər Əliyev siyasətinin əvəzsiz
rolu olub. Son beş ilə nəzər
saldıqda müstəqil dövlətimizin bütün sahələr
üzrə yüksək nailiyyətlər
qazandığının şahidi oluruq. Azərbaycan
tanınmaz dərəcədə dəyişib. Bütün bunlar Prezident İlham Əliyevin
düşünülmüş daxili və xarici siyasəti nəticəsində
əldə olunub. Xalq bunları
görür və çox yaxşı dərk edir. Xalq onu da yaxşı bilir ki, bu gün Prezident
İlham Əliyevdən başqa digər bir şəxs
ölkəni sürətli inkişaf yoluna çıxara bilməyəcəkdir.
Ona görə də yenidən İlham Əliyevi
prezident kürsüsündə görmək istəyirsə,
bunun qarşısı niyə alınmalıdır? Hesab edirəm ki, Konstitusiyaya təklif olunan əlavə
və dəyişikliklər çox demokratik, ədalətlidir.
İnanıram ki, xalq martın 18-də
keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə
və dəyişiklikləri reallaşdıracaq.
— Bu məsələ rəhbərlik
etdiyiniz partiyanın toplantılarında müzakirə
olunubmu? Partiyanızın digər üzvlərinin
münasibəti necədir?
— Referendum Aktı layihəsi
partiyamızın idarə heyətinin
yığıncağında geniş müzakirə olunub və
təşəbbüs qrupu yaradılması haqqında qərar
qəbul etmişik. Yaxın vaxtlarda Ali Məclisin
yığıncağında da bu məsələ geniş
müzakirə olunacaq. Rayon təşkilatlarının
nümayəndələrinin də iştirak edəcəyi həmin
iclasda referendumda fəal iştirak etmək, bu barədə əhali
arasında təbliğat, maarifləndirmə işi
aparılması üçün konkret tədbirlər
planı hazırlayacağıq. Partiyamızın
bütün üzvləri referendumda fəal iştirak edəcək,
təklif olunan əlavə və dəyişikliklərin təsdiqi
üçün bütün imkanlardan istifadə edəcəyik.
Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti .-2009.-8 yanvar.- S.2.