Peşə məktəbi:
problemlərin həlli
gərgin zəhmət
tələb edir
Gəncə,
sözün əsl mənasında, özünün sürətli
inkişaf, tərəqqi dövrünü yaşayır. Hara
baxırsan geniş tikinti, abadlıq, yenidənqurma işləri
ilə rastlaşırsan. Park və xiyabanlar, yollar, yeni
salınan sosial obyektlər, çoxmərtəbəli
yaşayış binaları və digər tikililər diqqəti
cəlb edir. Təbii ki, bütün bu işlər yerli
mütəxəssislərin, sənətkarların əli ilə
görülür, ortaya-ərsəyə gəlir. Yəqin ki,
bənna, dülgər, qaynaqçı, daşyonan və sair
peşə sahibləri olmasaydı, şəhərin
bugünkü gözəlliyi də olmayacaqdı.
Bəs gəlin görək
həmin kadrlar, sənətkarlar bu gün kifayət qədərdirmi?
Onların davamçıları kimlərdir, harada
hazırlanır?
Araşdırmalar
göstərir ki, yaxın vaxtlarda nəinki təkcə Gəncədə,
eləcə də respublikanın hər yerində belə
mütəxəssislərə daha çox ehtiyac olacaqdır.
Bu baxımdan mütəxəssis hazırlığına
münasibət yəqin ki, kökündən dəyişəcəkdir.
Məsələnin
ciddiliyini nəzərə alan Gəncənin icra orqanları
kadr potensialını artırmaq üçün bütün
imkanlardan, o cümlədən texniki peşə məktəblərinin
gücündən maksimum istifadə etməyə
çalışırlar. Doğrudur, hələlik bu məktəblərin
saysız-hesabsız problemləri var və onların həlli
vaxt, zaman tələb edir.
Hazırda Gəncədə
yeniyetmə gənclərə müxtəlif peşələr
öyrədən 3 məktəb və 3 lisey fəaliyyət
göstərir. Redaksiyamızın Gəncədəki
müxbir məntəqəsinin qonaqları bu peşə
ocaqlarının rəhbərləridir.
Alı Əliyev, 3
nömrəli peşə liseyinin direktoru:
– Texniki peşə məktəblərinin problemləri həmişə olub. Danılmaz faktdır ki, əksəriyyət peşə təhsili ocaqlarına birmənalı yanaşmayıb. Valideyn öz övladını peşə məktəbinə vermək istəməyib. Yaxud, bir sıra hallarda şagirdin yalnız jurnalda adı olub. Peşəyə bu cür münasibət uzun illər dəyişməyib.
Amma zaman keçdikcə nəinki müvafiq təşkilatların, həmçinin valideynlərin, şagirdlərin, əmək kollektivlərinin texniki peşə məktəbinə yanaşma tərzi dəyişib. İndi hətta elə texniki peşə məktəbləri, liseylər var ki, ora şagirdlər müsabiqə yolu ilə qəbul olunurlar. Təvazökarlıqdan uzaq olsa da, elə götürək bizim liseyi. İstənilən vaxt gəlib baxa bilərsiniz. Dərsə davamiyyət 90-95 faizdir. Şagirdlər üçün hər cür şərait yaradılıb. Hazırda 6 ixtisas üzrə 25 qrup fəaliyyət göstərir. Bu il 9 qrupdan ibarət 135 nəfər şagird qəbul etmişik. İstəyənlər isə qat-qat çox idi. Ən müxtəlif peşələr öyrədirik. “Modelçi dərzi”, “əməliyyatçı mühasib”, “radioelektron aparat və cihazların quraşdırıcısı, tənzimləyicisi və nəzarətçisi”, “qənnadçı və şirniyyatçı” və sair peşələr üzrə mütəxəssislər hazırlayırıq.
Doğrudur, liseyin konkret baza müəssisəsi yoxdur. Lakin Gəncə
“Gözəllik - 1" ASC,
”Gəncə-qənnadı” ASC, Tikiş İstehsalat Birliyi, rabitə sənaye zavodu ilə müqavilə bağlamışıq və
həmin müəssisələr
üçün kadrlar
hazırlayırıq.
Dövlət proqramına uyğun olaraq tədris binası və emalatxanalarımız əsaslı
təmir olunub. Bir sıra
humanitar təşkilatların
köməyi ilə kompyuterlər alıb şagirdlərin istifadəsinə
vermişik. Kitabxanamız günü- gündən zənginləşir. Burada
latın qrafikası ilə yazılmış çoxlu
bədii ədəbiyyat
və dərslik var.
Təbii ki, problemlərimiz də var. Uzun müddətdir ki, yataqxanamızda qaçqın
və məcburi köçkünlər yaşayırlar. Halbuki, bizim
şagirdlərin əksəriyyətinin
bu yataqxanaya ehtiyacı var.
Müasir avadanlıqlara, əyani texniki vəsaitlərə
ehtiyacımız var. Bir
də ki, ən müasir texnologiyaları özündə
əks etdirən ixtisaslar üzrə lazımi dərsliklərin
olmaması işimizi bir qədər çətinləşdirir.
Amma bütün bunlara baxmayaraq inanıram ki, tezliklə Gəncədəki 3 nömrəli
peşə liseyinin məzunlarını hər
yerdə nümunə
göstərəcəklər.
İbrahim Qurbanov,
1 nömrəli peşə
liseyinin direktoru:
– Məktəbimizin
tarixi qədimdir. Vaxtilə şəhərin dəmiryolu
idarəsi üçün
saysız-hesabsız kadrlar
vermişik. Bu gün də belə kadrlar hazırlayırıq. Hazırda teplovoz
maşinistinin köməkçisi
peşəsi uzrə
15 nəfər şagird
təhsil alır.
Bir o qədər də elektrovoz maşinisti köməkçisi peşəsi
üzrə şagird təhsil alır.
Ümumiyyətlə, peşələrimiz çoxşaxəlidir. Məsələn, soyuducu qurğuları maşinisti, dülgər-xarrat,
təmirçi, çilingər-
qaynaqçı, mühasib,
elektrik sayğaclarının
istismarı üzrə
elektrik montyoru və enerji nəzarətçisi, qadın
bərbəri və
s.
Bizim də problemlər az
deyil. Əvvəla, liseyin özünün
baza müəssisəsi
yoxdur. Əsasən, ayrı-ayrı müəssisələrin
sifarişi ilə şagird qəbul edirik. Bu isə
müəyyən çətinliklər
yaradır. Bəzən məzun
həmin müəssisəyə
qəbul olunmur.
Emalatxanalarımızın, tədris ocaqlarımızın
təmirə böyük
ehtiyacı var. Müasir
avadanlıqlara böyük
ehtiyac duyulur. Kompyuterlərin olmaması da təssüf doğurur.
Fəxrəddin Adıgözəlov,
2 nömrəli peşə
liseyinin direktoru:
– Liseyimiz
27 nömrəli texniki
peşə məktəbinin
bazası əsasında
yaradılıb. Hazırda məktəbimizdə
14 qrup fəaliyyət
göstərir. Şagirdlərimizin sayı 200 nəfəri keçib. Biz əsasən uzun illərdir Gəncə gil-torpaq istehsalat sahəsi üçün
ixtisaslı kadrlar hazırlayırıq.
Doğrusu, problemlərimiz çoxdur
və onlar uzun illərdir yığılıb qalıb. Əvvəla emalatxanamızın vəziyyəti
ürəkaçan deyil.
Buranın ciddi təmirə
ehtiyacı var. Avadanlıq
köhnədir, təzəsi
isə yoxdur. Kompyuterdən danışmağa belə dəyməz.
Kitabxanamızda olan ədəbiyyatı
güc- bəla ilə saxlayırıq.
Çünki dam örtüyündən yağış damır.
Ümumiyyətlə, məktəb binalarının
təmirə çox
ciddi ehtiyacı var. Təzə avadanlıq, tədris vəsaitləri hava-su kimi lazımdır.
Amma bütün bunlara baxmayaraq dərsə davamiyyət yaxşıdır.
Hiss olunur ki, son vaxtlar yeniyetmə gənclər peşələrə
daha çox üstünlük verirlər.
Şəhərdəki avtomobil zavodu
ilə də sıx əlaqə yarada bilmişik. Əminik ki, yaxın gələcəkdə bu nəhəng müəssisənin
bizim kadrlara böyük ehtiyacı olacaq.
Vaqif Hüseynov,
1 nömrəli peşə
məktəbinin direktoru:
– Biz əvvəllər
3 nömrəli Tikinti
Tresti üçün
kadrlar hazırlayırdıq.
Sonralar bu trest öz
fəaliyyətini, demək
olar ki, dayandırdı. Təbii ki,
yeni ixtisaslar açmaq, gəncləri bu peşələrə həvəsləndirmək, cəlb
etmək barədə
fikirləşməyə başladıq.
Hazırda Gəncə avtomobil
zavodunun, Tikiş İstehsalat Birliyinin, “Elşən” Məhdud Məsuliyyətli Cəmiyyətin
və digər müəssisələrin sifarişləri
əsasında kadrlar hazırlayırıq. Məktəbdə inşaatçı-dülgər, xarrat, avtomobil çilingəri təmiri
üzrə emalanatxanalarımız
fəaliyyət göstərir.
Müasir dəzgah və avadanlıqlara böyük
ehtiyacımız var. Təhsil
Nazirliyi tərəfindən
tezliklə kompyuterlə
təchiz olunacağıq
ki, bu da
tədrisin keyfiyyətinə,
daha bacarıqlı peşə sahibləri yetişdirməyə imkan
yaradacaqdır.
Təmirə böyük ehtiyacımız
var. Xüsusilə dam örtüyünün
təmiri çox vacibdir. Çünki əldə olan
az-çox vəsaitlərimiz
də sıradan çıxır.
Özümüzdən asılı olan nöqsanları da danmırıq. Şagirdlər arasında dərsburaxma
hallarını aradan qaldıra bilməmişik.
Davamiyyətin qaydaya salınması
üçün tədbirlər
görürük.
Cəmil Yusifov,
2 nömrəli peşə
məktəbinin direktoru
– Biz daim
şəhərin ticarət,
ictimai iaşə müəssisələri üçün
kadrlar hazırlamışıq.
Bu gün də
həmin sahə və digər yaxın ixtisaslar üzrə kadrlar yetişdiririk.
Məktəbimizin maddi-texniki bazası köhnəlmiş və təbii ki, müasir tələblərə
cavab vermir. Nə kompyuterimiz var, nə də ki, latın
əlifbası ilə
olan kitablarımız.
Məktəbimizdə 8 qrup fəaliyyət göstərir
ki, onların da 6-sı bu il yaradılıb.
Ərzaq
malları satıcısı,
nəzarətçi kassir,
qeyri-ərzaq malları
satıcısı, aşpaz
və sair peşələr üzrə
hazırladığımız kadrlar şəhərin müxtəlif ticarət şəbəkələrində çalışırlar.
Təmirə, yeni avadanlıq alınmasına,
latın əlifbası ilə dərsliklə təmin olunmasına ehtiyacımız
var.
Yusif Məmmədov,
3 nömrəli peşə
məktəbinin direktoru:
– Məktəbimizin
bu il
40 yaşı tamam olur. Amma belə getsə
yubileyimizi köhnə,
təmirsiz binada qeyd etməli olacağıq. Kitab fondumuz
yalnız kiril əlifbasından ibarətdir.
Kompyuterimiz yoxdur.
Çalışırıq ki, problemlərimizi tezliklə həll edək. Layiqli kadrlar yetişdirmək üçün
hələ çox iş görməliyik.
Müəllifdən: Peşə
kadrları hazırlayan
məktəb direktorlarını
“dəyirmi stol”a
dəvət etməzdən
əvvəl onların
rəhbərlik etdikləri
məktəblərə baş
çəkmişdik. Xoşumuza gələni
də var idi, gəlməyəni də. Amma bir daha əmin
olduq ki, hansı məktəbdə
təşkilatçılıq güclüdürsə, rəhbərlik
nizam-intizama üstünlük
verirsə, orada müsbət nəticə
də var. Bir sıra məktəblər
daxili imkanlardan istifadə edərək cari təmir işləri aparmış,
avadanlıq tapıb gətirmiş, səliqə-sahman
yaratmış, bəziləri
isə elə gözləmə mövqeyində
dayanaraq əllərini
ağdan-qaraya vurmurlar.
Təbii
ki, məktəb və liseylərə müvafiq nazirlik və ayrı-ayrı strukturlar tərəfindən
kömək almalıdırlar.
Amma təşəbbüs, fəallıq,
ilk növbədə məktəb
kollektivinin özündən
gəlməlidir. Mövzuya qayıdacağıq.
Hamlet QASIMOV
Xalq qəzeti.-2009.-8 yanvar.- S.3.