2008-ci il Ermənistan üçün
çox acınacaqlı
il kimi yadda
qaldı
Yerli ekspertlər də bu qənaətdədir
Ermənistanda sonuncu
prezident seçkilərinin keçirilməsindən bir ilə
yaxın vaxt ötsə də, ölkə
başçısının legitimliliyi hələ də xalq
tərəfindən qəbul edilməyib. Prezident Serj
Sarkisyanın fəaliyyətində hər hansı bir yeniliyin
hiss olunmadığını, xalqın mənafeyi, ölkənin
beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində
heç bir iş görülmədiyini iddia edən əhali
yeni ildə mitinqlərin, etiraz aksiyalarının daha da
intensivləşəcəyini bildirib.
Yerli politoloqlar ötən
ilin Ermənistan vətəndaşlarının
yaddaşında işsizliyin, aclıq və səfalətin,
yoluxucu xəstəliklərin, xüsusilə vərəmin
baş alıb getməsi ilə yadda qalacağını
bildiriblər. Yayılan məlumatlarda bildirilir ki, 2008-ci ildə
1825 nəfərin vərəm xəstəsi kimi qeydiyyatdan
keçdiyi bildirilir. Bu, rəsmi məlumatdır. Qeyri-rəsmi
məlumatlarda isə belə xəstələrin
sayının daha çox olduğu bildirilir. Onların dərman
almağa imkanları olmadığından, dövlətin
pulsuz tibbi yardım göstərmək üçün vəsait
tapmaması bu qorxulu xəstəliyin sürətlə
yayılmasına səbəb olub. Yerli kütləvi informasiya
vasitələrinin məlumatlarında bildirilir ki, vərəm
xəstəliyinin yayılması orduda da kütləvi surətdə
yayılmağa başlayıb. Çünki hərbi xidmətdə
olanlara tibbi xidmətin səviyyəsi olduqca
aşağıdır.Onların ərzaq təminatı, həmçinin
geyimləri çox pis vəziyyətdədir. Məlumatda həmçinin
bildirilir ki, Ermənistan ordusunun indiki vəziyyəti cəzaçəkmə
düşərgələrini xatırladır. Bu səbəbdən
də ötən il 1750 valideyn uşaqlarının hərbi
xidmətə göndərilməsinə açıq şəkildə
etirazlarını bildiriblər. Onlar ölkə vətəndaşlığından
imtina edərək uşaqlarını gözləri görə-görə
ölümə — hərbi xidmətə getməyə
qoymayıblar. 970 nəfərə yaxın gənc isə hərbi
xidmətdən imtina edərək müxtəlif yollarla xarici
ölkələrə qaçıb.
Yerli ekspertlər 2008-ci ili Ermənistanın xarici siyasətdə iflası, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir irəliləyişə nail ola bilməməsi ili kimi yaddaşlarda qalacağını bildiriblər. Ekspertlərin fikrincə, ötən illərlə müqayisədə 2008-ci il Ermənistan üçün daha uğursuz olmuşdur. Onlar hesab edirlər ki, beynəlxalq təşkilatlar, həmçinin dünyanın super dövlətləri artıq Ermənistandan üz döndərərək Azərbaycanın mövqeyini dəstəkləyirlər. Bu isə Ermənistanın məğlubiyyəti deməkdir. Ekspertlərin, həmçinin ictimai-siyasi xadimlərin fikrincə, 2008-ci ilin noyabrında Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları birgə bəyannamə Ermənistanın xarici siyasətdəki iflasını bir daha təsdiqlədi. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ prezidentinin danışıqlardan kənarlaşdırılması Azərbaycan tərəfinin ortaya qoyduğu iddialardan biri idi. Bu iddia artıq rəsmiləşdi. Ermənistan Prezidenti Serj Sarkisyanın da imzaladığı Moskva Bəyannaməsinin müddəalarının birində qeyd edilmişdir ki, münaqişənin nizamlanması ilə əlaqədar aparılan danışıqlarda yalnız Azərbaycan və Ermənistan prezidentləri iştirak etməlidir. Bununla da Dağlıq Qarabağın gələcəkdə müstəqil respublika kimi tanınması məsələsi birdəfəlik qapadıldı. Bəyannamənin digər maddələrinin də Azərbaycan tərəfinin mənafeyinin müdafiə olunmasına yönəldiyini bildirən yerli ekspertlər Ermənistan prezidenti Serj Sarkisyanı qeyri - ciddi şəxs hesab ediblər. Çünki o, imzaladığı sənədi bir gün sonra danıb.
Ötən il Ermənistanda insan hüquq və azadlıqlarının müdafiəsi, kütləvi informasiya vasitələrinə qarşı təzyiqlər, insanların sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət daha acınacaqlı olmuşdur. 2008-ci ilin martın 1-də və 2-də ölkədəki ədalətsizliyə, seçki zorakılığına etirazlarını bildirərək mitinq keçirən əhalinin gülləbaran edilməsi və nəticədə 139 nəfərin vəhşicəsinə qətlə yetirilməsi, çoxlu sayda dinc əhalinin ağır bədən xəsarəti alması dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Vandal aktının hakimiyyət rəhbərlərinin sifarişi ilə törədilməsi və günahkarların hələ də müəyyənləşdirilməməsi, onların qanun qarşısında cavab verməməsi də ötən ilin ən acınacaqlı hadisələrindən hesab edilir. Həbs olunanlar isə haqq-ədalət tərəfdarları, demokratik və şəffaf seçki tələb edənlər oldu. Onlar hələ də həbsdədirlər. Məlumatda bildirilir ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində ədalətsizliyə, qeyri-obyektivliyə etiraz edənlər arasında hakimiyyətdə əsas vəzifə tutan dövlət məmurları da olmuşdur. Onlar tutduqları vəzifələrindən istefa verərək etiraz edənlərə qoşulmuşlar. Bu da onlara çox baha başa gəlmiş və dövlət başçısının göstərişi ilə həbs olunmuşlar. Həbs olunanlar hələ də azadlığa buraxılmayıblar. Bunlarla yanaşı, ötən il Ermənistan üçün siyasi məhbusların sayının dəfələrlə artması ili kimi də yadda qalacaq. Qeyd olunur ki, siyasi əqidəsinə görə həbs olunanların sayı getdikcə artır. İnsanlara öz fikirlərini sərbəst ifadə etmək qəti qadağan olunub. Hakimiyyətin nöqsanlarını açıq bəyan edənlər gecə ikən evlərindən aparılır. Bir müddət sonra onların cibindən ya narkotik maddə, ya da silah “çıxdığına” görə həbs olunduqları bildirilir.
Ekspertlər hesab edirlər ki, 2008-ci il iqtisadi tənəzzül ili kimi də yaddaşlarda qalacaq. Ermənistanın dövlət büdcəsi parlamentdə müzakirə olunan zaman məlum olub ki, növbəti il heç bir sahədə artım olmayacaq. Maliyyə naziri açıq şəkildə bəyan edib ki, minimum əmək haqqını belə qaldırmağa imkan yoxdur. Sosial pensiyaların, müavinətlərin, təqaüdlərin artırılmasından söhbət gedə bilməz. Çünki ümumi daxili məhsul istehsalının artırılmasından danışmağa dəyməz. Ona görə ki, ötən il Ermənistanda belə hal baş verməyib. Əksinə, xarici şirkətlər, bir sıra iri özəl istehsal müəssisələri də fəaliyyətlərini dayandırıblar. Həmin müəssisələrin rəhbərləri bunu dövlət məmurlarının onlardan həddindən artıq vergi tələb etmələri ilə əlaqələndirirlər. Onsuz da baş alıb gedən işsizlik daha da kütləviləşib.
Ekspertlər hesab edirlər ki, Ermənistan nə vaxta qədər bölgədə reallaşan iri layihələrdən kənarda qalıb, iqtisadi sahədə vəziyyət daha da ağır olacaq, işsizlik problemi aradan qaldırılmayacaq, əhalinin sosial-rifah halının yaxşılaşması sahəsində hər hansı bir irəliləyiş olmayacaq, yoxsulların sayı getdikcə artacaq.
Bütün bunlar barəsində hesabatlar və məlumatlar yayan kütləvi informasiya vasitələrinin
təqib olunması, onlara müxtəlif təzyiqlər göstərilməsi
son vaxtlar daha da artıb.
Hakimiyyət həqiqəti
yazan kütləvi informasia vasitələrinin
susdurulmasını qanuniləşdirmək
üçün mətbuata
senzura qoyulmasını
rəsmiləşdirməyi qərara alıb. Xəbər verilir ki, Ermənistan Ədliyyə Nazirliyi “Məlumat əldə etmə azadlığı
haqqında” yeni qanun layihəsi hazırlayır. Bu sənəd “İnformasiya
azadlığı haqqında”
qanunu əvəzləyəcək.
Kütləvi informasiya vasitələri
və ictimai təşkilatların yaydıqları
məlumatda bildirilir ki, bu qanunun
qəbul olunması senzuranı rəsmiləşdirəcək.
İnformasiya Azadlığı
Mərkəzinin yaydığı
məlumatda qeyd olunur ki, bu
qanun layihəsində
çoxlu sayda sərt müddəalar var. Mərkəzin səlahiyyətli nümayəndəsi
Anait Koçaryanın
dediyinə görə,
yeni qanun layihəsi məlumat əldə etmə azadlığını tamamilə
məhdudlaşdıracaq. Hakimiyyət
nümayəndələri bununla
da öz əməllərini ört-basdır etməyə çalışır, siyasi,
iqtisadi və digər sahələrdəki
uğursuzluğun əhali
arasında yayılmasının
qarşısını almağa
cəhd göstərir.
Yeni qanuna görə, Ermənistanda
“İctimai Əlaqə
və İnformasiya Mərkəzi” adlı dövlət qurumu yaradılacaq. Bu Mərkəz kütləvi
informasiya vasitələrində
dərc olunacaq analitik məqalələrin,
şərhlərin monitorinqlərini
keçirəcək və
dövlətin qarşıya
qoyduğu tələblərdən
kənara çıxan
kütləvi informasiya
vasitələri ciddi cəzalandırılacaq, hətta,
onların fəaliyyətlərinin dayandırılması
məsləsinə baxılacaq.
Bunu azad fikrin, müstəqil
mətbuatın boğulması
kimi dəyərləndirən
ekspertlər 2009-cu ilin
Ermənistan üçün
heç bir irəliləyişin vəd
etmədiyi kimi səciyyələndirirlər. Ümumiyyətlə,
hadisələrin gedişi
göstərir ki, bu il də
ölkədə hər
hansı bir sahədə irəliləyişin
əldə olunması
mümkün olmayacaq.
Dünyanı bürüyən
maliyyə böhranının
Ermənistanda daha acınacaqlı fəsadlar
törədəcəyindən xəbər verir. Bunun acı nəticələri indidən
özünü göstərməkdədir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-8 yanvar.- S.6.