Səməd Vurğunun zəmanəti ilə

 

Müasir Azərbaycan poeziyası səmasında şölə saçan parlaq ulduzlardan biri də xalqımızın görkəmli şairi Nəriman Həsənzadədir. Həssas qəlbli söz ustasının yaradıcılığını səciyyələndirən əsas cəhət əsərlərində insanpərvərlik, gözəllik, Vətənə və dünyaya məhəbbətlə dolu həyat fəlsəfəsinin təcəssümüdür. Şairin şeirləri də özü kimi sadə və səmimidir. Ömrünün uşaqlıq illəri Qazax rayonunda keçmiş, sübh tezdən Günəş doğarkən üfiqin çöhrəsinin neçə rəng aldığını heyranlıqla müşahidə etmiş, anası Nabat xalanın ətirli və halal çörəyi ilə böyüyüb boya-başa çatmış, qəlbi el-oba, vətən məhəbbəti ilə dolu olan bu gənci şair olmağa həyat özü sövq etmişdi. Gənc şairin ilk qələm təcrübələrindən Vaqif, Vidadi və Səməd Vurğun lirikasının ətri duyulurdu.

Xalqımızın unudulmaz şairi Məmməd Araz Nəriman Həsənzadə poeziyasının vurğunu idi. Yaxşı yadımdadır. 2004-cü il avqust ayının sonları idi. Yaşadıqları binanın həyətindəki yaşıllıqlara qərq olmuş sərin bağda Məmməd Araz ömür-gün yoldaşı Gülxanım bacı ilə skamyada əyləşib istirahət edirdi. Yaxınlaşıb şairlə görüşdüm. Gülümsəyib yanında əyləşməyi xahiş etdi. Bərk həyəcanlı idi. Cib dəsmalını çıxarıb gözlərinin yaşını sildi. Bir xeyli susduqdan sonra, nəhayət, özünəməxsus həzin və sakit səslə danışmağa başladı. Bir neçə il əvvəl ağır əsəb xəstəliyi məni haldan salmışdı. Sanki ömrümün son günlərini yaşayırdım. Milli liderimiz Heydər Əliyevin qayğısı sayəsində Almaniyaya müalicəyə göndəriləndən sonra ömrüm uzandı. Uzun müddətli müalicədən sonra Bakıya qayıdan günü məni aeroportdan evə aparan avtomobilin radiosu ilə şair Nəriman Həsənzadənin sözlərinə yazılmış “Mənim dünyam” mahnısı səslənirdi. Mahnı məni bərk kövrəltdi. Heç vaxt belə olmamışdım. Sanki dünyaya ikinci dəfə gəlmişdim. Bir qədər əvvəl yenə həmin mahnını eşitdim. Evdə otura bilmədim, ev mənə darısqal gəldi. Nəriman istedadlı şairdir. Onun yaradıcılığı tərifə layiqdir.

Azərbaycanın görkəmli şairlərindən Bəxtiyar Vahabzadə və Nəbi Xəzri də müasir milli poeziyamızdan söhbət açarkən şairin istedadını yüksək qiymətləndirirdilər.

Tale mənə otuz beş il əvvəl Azərbaycan Dövlət Universitetində müəllim işləyən görkəmli şairin tələbəsi olmaq, onun maraqlı mühazirələrini, müdrik söhbətlərini dinləmək səadəti bəxş etmişdir. O illər Azərbaycanın ən nüfuzlu təhsil ocağının bir çox fakültələri Kommunist (indiki İstiqlaliyyət) küçəsindəki binada yerləşirdi. Burada respublikanın ən nüfuzlu ziyalıları, alimləri, şair və yazıçıları, müəllim və professorları dərs deyirdilər. Belə bir ali məktəbdə təhsil almaqdan qürur və məsuliyyət hissi duyurduq. Ömrümüzün bahar çağına, gənclik dövrünə təsadüf edən tələbəlik illərinin xatirələri də şirin və unudulmazdır.

1972-ci il sentyabr ayının əvvəlləri idi. Həmin gün dekan müavini Şamil Məmmədbəyli bizim qrupun tələbələrinə şad xəbər verib demişdi ki, sizə dünya ədəbiyyatı fənnindən tanınmış şairimiz Nəriman Həsənzadə dərs deyəcəkdir. Bir azdan tələbələr auditoriyaya daxil olan ucaboy, şux, səliqəli geyimli, qara saçları arxaya daranmış, nurani simalı şairi görüb ayağa qalxdılar. Nəzakətlə tələbələrlə salamlaşdıqdan sonra, digər müəllimlərdən fərqli olaraq özünü təqdim etmədi. Təmiz və sərrast ifadələr işlətməklə danışmağa başladı. Mühazirələrində konspektlərdən, demək olar ki, istifadə etmirdi. Ədəbiyyatın xalqların dünyagörüşünün, ümumbəşəri və milli əxlaqi-mənəvi normaların formalaşmasındakı rolundan danışır, yeri gəldikcə Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Mircəlalın, Şekspirin, Belinskinin, Lev Tolstoyun və digər klassiklərin əsərlərindən misallar çəkirdi. Biz tələbələr Nəriman müəllimin dərslərini səbirsizliklə gözləyirdik, həm də ondan nümunə götürməyə çalışırdıq. O, bütün tələbələrlə hörmət və nəzakətlə davranır, geniş auditoriyada mühazirələrini asta və mülayim səslə söyləyirdi. Buna görə də ən şıltaq və şuluq tələbələr də digər tələbə yoldaşlarının qınağından ehtiyat edərək səslərini çıxarmağa cürət etmirdilər. Dərsdən sonra tələbələr onu dövrəyə alır, suallar verirdilər. Bir dəfə çox maraqlı bir hadisə baş verdi. Mirzə Ələkbər Sabir yaradıcılığından danışan Nəriman müəllim tələbələrə diqqətlə baxıb soruşdu: “Siz M.Ə.Sabirin səsini eşitmək istəyirsizmi?” Əlbəttə, bunu bütün tələbələr istəyirdi.Növbəti dərsə Nəriman müəllim böyük satirik şairimiz M.Ə.Sabirin yaşı səksənə yaxın olan kiçik oğlu Məmməd Səlim Tahirlini dəvət etmişdi. O, atası barədə maraqlı xatirələr söylədi. Görüşün sonunda mənim xahişimlə atasının məşhur “Fəhlə” şeirini əzbər dedi.

Nəriman müəllim isə izah etdi ki, XX əsrin əvvəllərində zülm və cəhalətin baş alıb getdiyi bir dövrdə M.Ə.Sabirin yaradıcılıq fəaliyyəti onun həyatı üçün təhlükəli olan böyük bir fədakarlıq idi. Sabirin ifşa edib satira atəşinə tutduğu tiplər - insanların dini inamlarından sui-istifadə edən cadugərlər, fala baxanlar, fırıldaqçı “din xadimləri”, əslində bütpərəst kimi pula, var-dövlətə sitaiş dünyagörüşünü təbliğ edirdilər. Kasıb və binəsib insanları adam yerinə qoyan yox idi. Bu mənada “Fəhlə” şeiri yüz il əvvəl yazılsa da öz aktuallığını heç vaxt itirmir.

Nəriman müəllim söyləyirdi ki, ömrü boyu tale onu çətin həyat imtahanlarına çəkmişdir. Hələ uşaq yaşlarında ikən atasını itirmiş, həyat uğrunda mübarizələrdə xarakteri mətinləşmiş, özündə əməksevərlik, elmə, təhsilə həvəs, humanistlik və həmişə haqqın tərəfində olmaq kimi keyfiyyətlər formalaşdırmışdır. O dövrdə ölkənin paytaxtı Moskva şəhərinə gedib Qorki adına Ədəbiyyat İnstitutuna daxil olması, orada təhsil alıb tanınmış yazıçı və şairlərlə, onların yaradıcılığı ilə yaxından tanış olması həyatında yeni işıqlı səhifə açmışdır.

Sevimli Mir Cəlal müəllim kimi saf niyyətli xeyirxah insanla tanışlıq isə onun həyatda fərəhli uğurlar qazanmasına yol açmışdır. Moskvada təhsilini başa vurub 1961-ci ildə Vətənə qayıtdıqdan sonra uzun müddət işsiz qalmış şair sərt həyat gerçəkliyi ilə üzləşmişdi. Mir Cəlal müəllim xalqını, yurdunu, onun istedadlı övladlarını sevən geniş ürəkli insan kimi ona müraciət edən gənc şairə işə düzəlməyə kömək etmişdi. Yazıçılar İttifaqında məsələ qaldıraraq öz ev növbəsini yenicə ailə həyatı qurmuş, kirayədə qalan gəncə vermişdir. Halbuki, uzun illər ev növbəsində dayanmış Mir Cəlal müəllimin özünün İçərişəhərdə yaşayan böyük ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var idi. O dövrdə ən adi şeir və hekayə kitablarını nəşr etdirmək gənc yazarlar üçün son dərəcə çətin bir problem idi. Bunu nəzərə alaraq Mir Cəlal müəllimin Yazıçılar İttifaqının rəhbərliyinə müraciət edərək öz kitablarının tirajlarının azaldılması hesabına gənc şairin kitablarının nəşr edilməsinə nail olmuşdu. Xoşrəftar, mədəni və xeyirxah ziyalı olan Mir Cəlal müəllim etdiyi yaxşılıqlar barədə danışmağı xoşlamazdı. Bir dəfə Nəriman müəllim xəstələndiyindən onun tədris etdiyi fəndən bir dərsi bizə Mir Cəlal müəllim demişdi. Dərsdən sonra söhbət əsnasında o söylədi ki, Nəriman Həsənzadə böyük gələcəyi olan istedadlı alimdir. Azərbaycan-Ukrayna ədəbi əlaqələrinə aid Moskvada dissertasiya müdafiə edib alimlik dərəcəsi almışdır. Mir Cəlal müəllimin irəlicədən söylədiyi sözlər həyatda öz təsdiqini tapdı. 1976-1990-cı illərdə Nəriman müəllim respublikamızda ən nüfuzlu mətbuat orqanlarından biri olan “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru olmaqla yanaşı, poeziya yaradıcılığı ilə də uğurla məşğul olurdu.

Həyatının ən xoş, fərəhli illərini birgə xoşbəxt yaşadığı, ömrünün yelkəni, ilham pərisi adlandırdığı gözəl, gülərüz, mehriban, qayğıkeş ömür-gün yoldaşı Sara xanımın 1986-cı ildə vaxtsız vəfatına şairin kövrək qəlbi davam gətirmədi, iki dəfə infarkt keçirdi, ürəyində mürəkkəb cərrahiyyə əməliyyatı aparıldı.

Yaxşı xatırlayıram. Sara xanım dünyasını dəyişəndən bir neçə gün sonra “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasına getmişdim. Ağır depressiya vəziyyətində olan şair tənha əyləşib Sara xanıma həsr etdiyi şerini yazırdı. Könlündən qopan bu yanıqlı misraları uzun illər ötməsinə baxmayaraq hələ də unuda bilmirəm:

 

Bir ana bənd imiş bu “əbədiyyət”,

Gördüm buza dönmüş gözlərini də.

Anamı əlimdən alan təbiət

Gözü götürmədi, aldı səni də.

 

Ümummilli liderimiz Heydər Əliyev şairin yaradıcılığını ürəkdən bəyənmiş, onun əməyini yüksək qiymətləndirmişdir. 1981-ci ildə şairin 50 illik yubileyi münasibətilə “Şərəf nişanı” ordeni təltif edilməklə ona əməkdar incəsənət xadimi adı verilmişdir. 1991-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olmuşdur. Həmin illər respublika mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasında kafedra müdiri vəzifəsində işləyir.

2005-ci ildə ümummilli liderimizin layiqli davamçısı İlham Əliyevin sərəncamı ilə o, xalq şairi kimi yüksək fəxri ada layiq görülmüş şairin böyük qəlbi bahar təravətli həyat arzuları ilə, yazıb-yaratmaq eşqi ilə döyünür.

Xalqımızın böyük şairi Səməd Vurğun 1952-ci ildə gənc şair Nəriman Həsənzadənin yaradıcılığı ilə tanış olduqdan sonra onun istedadını yüksək qiymətləndirmiş, Yazıçılar İttifaqına daxil olması üçün ona şəxsən özü yazılı zəmanət vermiş, əlini sıxaraq ədəbi yaradıcılıqda uğurlu yol arzulamışdır.

Biz də yarım əsrlik yaradıcılığı dövründə yaratdığı qiymətli sənət əsərləri ilə şöhrət qazanmış sevimli şairimiz Nəriman Həsənzadəyə yeni-yeni fərəhli uğurlar, səadət və uzun ömür diləyirik.

 

Vaqif ƏSƏDOV,

Azərbaycan Tarix və Mədəniyyət

 Abidələrini Mühafizə

Cəmiyyətinin sədr müavini

 

Xalq qəzeti.-2009.- 8 yanvar.-S.7.