Xarici iqtisadi əlaqələr dinamik inkişaf edir
Ötən il
Azərbaycanın sosial-iqtisadi həyatının bütün
sahələrində — istər dövlət quruculuğunun
möhkəmləndirilməsində, istərsə də
sosial-iqtisadi həyatın əsas istiqamətlərinin, o
cümlədən qeyri-neft sektorunun dirçəlməsində,
regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın
artmasında, yeni iş yerlərinin açılmasında, əhalinin
məşğulluğunun artırılmasında,
yoxsulluğun səviyyəsinin azaldılmasında müsbət
nəticələr əldə edilmişdir.
Bu gün qeyri-neft
sahələrinin inkişafı, neft sektorundan əldə edilən
gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində
saxlanılan ən mühüm məsələlərdən
biridir.
Ölkə Prezidentinin fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə ötən
il idarəetmə orqanlarının, yerli və xarici
investorların diqqəti regionların inkişafına yönəldilmiş,
regional problemlərin həlli ön plana çəkilmişdir.
Məhz elə buna görə də
sözügedən dövrdə yerlərdə infrastruktur təminatı
yaxşılaşdırılmış, sosial obyektlərin
inşasının sürətləndirilməsi ilə əlaqədar
nəzərdə tutulan layihələr yüksək səviyyədə
həyata keçirilmişdir.
2008-ci ildə
ölkə Prezidentinin rəhbərliyi və daimi diqqəti
altında Azərbaycanın büdcə siyasətində də
mühüm uğurlar əldə edilmişdir. Belə ki,
büdcədə tətbiq edilən makroiqtisadi göstəricilər
mövcud maliyyə-kredit siyasətinin daha sürətlə
davam etdirilməsini, iqtisadiyyatın idarə olunmasında
büdcənin iştirakını, istehsalın həcminin və
səmərəliliyinin artırılmasını,
inflyasiyanın sabit saxlanılmasını, maliyyə
intizamının gücləndirilməsini və xərclərin
şəffaflığının təmin edilməsini
özündə əks etdirir.
Yeri gəlmişkən,
hazırda ölkədə effektiv maliyyə sektoru
mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi,
uğurlu büdcə siyasəti ilə bağlıdır.
Belə halda vətəndaşlar maddi resurslardan
səmərəli istifadə edə bilirlər. Bu zaman
maddi resurslar siyasi məqsədlərdən çox iş
adamlarının əlində cəmləşdirilir, ya da sərmayə
layihələrinə istiqamətləndirilir.
İqtisadi
inkişafımızın dinamikası son illər Azərbaycanda
həyata keçirilən siyasətin alternativsizliyindən xəbər
verir. Bu barədə
Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycanda
Heydər Əliyev siyasəti yaşayır. Bu
siyasət davam etdirilir və ona alternativ siyasət yoxdur.
Alternativ siyasət aparmaq istəyənlər
iflasa uğradılar. Həm özlərini,
həm də ölkəmizi uçurum kənarına gətirib
çıxardılar. Biz buna yol verə
bilmərik. Azərbaycanın qarşısında gözəl
perspektivlər var. Çox aydın üfüqlər var...”
Ötən il
iqtisadi uğurlarımız sırasında Azərbaycanın
xarici iqtisadi əlaqələrinin dinamikası da mühüm
yer tutur. Xatırladaq ki, cözügedən dövrdə beynəlxalq
maliyyə institutları ilə, o cümlədən Dünya
Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz
Ticarət və İnkişaf Bankı, İslam İnkişaf
Bankı və digər təşkilatlarla əməkdaşlıq
davam etdirilmiş, bir çox mühüm layihələrin
icrasına başlanılmışdır.
Sözügedən
dövrdə xarici investisiyaların da həcmi
artmışdır. Statistik məlumatlara görə, ötən ilin doqquz
ayında ölkə iqtisadiyyatında xarici investisiyaların həcmi
əvvəlki ilin eyni dövrü ilə müqayisədə
4,8 faiz artaraq 5407,3 milyon ABŞ dolları təşkil
etmişdir. Sərmayələrin 54,7 faizi
iqtisadiyyata birbaşa investisiyalar, 39,5 faizi isə maliyyə
kreditləri şəklində daxil olmuşdur. Bu dövrdə
neft-qaz sektorunda istifadə edilmiş birbaşa xarici
investisiyaların məbləği əvvəlki ildəkinə
nisbətən 20,1 faiz azalmış, onun
investisiya qoyuluşunun ümumi həcmində xüsusi çəkisi
isə 45,6 faiz təşkil etmişdir.
Avropa
İttifaqı ilə əlaqələr xüsusi əhəmiyyət
qazanmışdır. Azərbaycanın Avropa Qonşuluq Siyasəti
ilə bağlı fəaliyyəti davam etdirilmişdir. Belə ki, Azərbaycan ilə Avropa Komissiyası
arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində
hazırlanan fəaliyyət planına dair danışıqlar
davam etdirilmişdir. İqtisadi
İnkişaf Nazirliyi ticarət və iqtisadi məsələlər
üzrə işçi qrupuna rəhbərlik etmiş, bununla
bağlı müvafiq təşkilati işlər
aparılmışdır.
Avropa İttifaqı ilə
imzalanmış “Yeni qonşuluq” siyasəti çərçivəsində
əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə
ölkə başçısının müvafiq fərmanına
uyğun olaraq Avropa İttifaqına ixrac olunan bir sıra məhsulların
ixrac mexanizmlərinin tənzimlənməsinə, onların
keyfiyyətinə nəzarətin həyata keçirilməsinə
və digər məsələlərə dair normativ sənədlər
hazırlanmışdır. Eyni zamanda, Avropa
İttifaqının texniki yardım proqramları çərçivəsində
bir sıra layihələrin həyata keçirilməsi davam
etdirilmişdir. Bununla yanaşı, BMT-nin
ixtisaslaşmış qurumları ilə də əməkdaşlıq
prioritet istiqamətlərdən biri olmuş, bir sıra layihələr
və birgə strategiyalar üzrə işlər
aparılmış, müvafiq sənədlər
imzalanmışdır.
Beynəlxalq
qurumlarla əməkdaşlığın bu cür yüksək
səviyyədə qurulması xarici ticarətin
inkişafına, əmtəə bazarının təkmilləşməsinə
müsbət təsir göstərir. Başqa sözlə,
bu cür bazarın mövcudluğu Azərbaycanda əmtəənin
səmərəli şəkildə reallaşmasını
sürətləndirir. Bu,
respublikamızın xarici ticarət əlaqələrinin
inkişafına da müsbət təsir göstərir. Belə ki, 2008-ci ilin doqquz ayında Azərbaycanda fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər
dünyanın 135 dövləti ilə ticarət əlaqələri
qurmuşdur. Bu dövr ərzində xarici ticarət
dövriyyəsinin ümumi həcmi 44201,5 milyon ABŞ
dolları, o cümlədən ixrac 38970,8 milyon, idxal 5230,7
milyon dollar təşkil etmiş, ölkə üzrə
33740,1 milyon dollarlıq müsbət saldo
yaranmışdır. 2007-ci ilin yanvar–sentyabr ayları ilə
müqayisədə xarici ticarət dövriyyəsinin
ümumi həcmi 5,4 dəfə, o cümlədən
idxal 33,8 faiz, ixrac 9 dəfə artmışdır.
Dövriyyənin 53 faizi, o cümlədən
idxalın 28,7 faizi, ixracın 56,2 faizi
Avropa Birliyi ölkələrinin hesabına
formalaşmışdır. Bu ölkələrdə ticarət
dövriyyəsi 2007-ci ilin yanvar–sentyabr aylarına nisbətən
10,1 dəfə, o cümlədən idxal 473,8 milyon dollar təşkil
etmiş, 2007-ci ilin uyğun dövrünə nisbətən
xarici ticarət dövriyyəsi 48,3 faiz, o cümlədən
idxal 22 faiz, ixrac isə 1,8 dəfə artmışdır.
Ölkəmizdən göndərilmiş
malların 97 faizi uzaq xarici dövlətlərə, 3 faizi isə
MDB üzvü ölkələrinə ixrac olunmuş,
müvafiq şəkildə 11,4 dəfə və 54 faiz
artmışdır. İxracın əsas hissəsini
mineral məhsullar, ərzaq məhsulları, azqiymətli
metallar və onlardan hazırlanmış məmulatlar, quru,
hava və su nəqliyyatı vasitələri, kimya və
neft-kimya sənayesi məhsulları təşkil etmişdir.
Ölkəmizə idxal
olunmuş məhsulların çox hissəsi (66,7 faizi) uzaq xarici ölkələrdən daxil
olmuşdur. Ötən illə müqayisədə uzaq xarici
ölkələrdən daxil olmuş malların məbləği
33,9 faiz, MDB üzvü dövlətlərindən
gətirilmiş malların həcmi 31,7 faiz
artmışdır. Maşın və mexanizmlər,
elektrotexniki avadanlıqlar, ərzaq məhsulları, quru, hava və
su nəqliyyatı vasitələri, azqiymətli metallar,
onlardan hazırlanmış məmulatlar, kimya sənayesi məhsulları
təşkil etmişdir.
Azərbaycanda
maliyyə bazarının təkmilləşdirilməsi də
uğurla davam etdirilir. Burada əsas diqqət maddi resursların iş
adamlarının əlində cəmləşməsinə
yönəldilir. Bu isə özünü daha
çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli
inkişafını təmin etmək üçün bir
sıra mühüm tədbirlərin həyata keçirilməsində
göstərir. Prezident İlham Əliyev bununla əlaqədar
demişdir: “...Məqsəd ondan ibarətdir ki, bir neçə
ildən sonra iqtisadi imkanlarımızın neft amilindən
asılılığını tamamilə aradan qaldıraq.
Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun
inkişafı həm dövlət tərəfindən verilən
dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti
nəticəsində daha da genişlənəcəkdir... Biz
bir neçə il ərzində sahibkarlara
kreditlər veririk, bu kreditlər də yaxşı işləyir.
Bu kreditlərin hesabına yeni müəssisələr
— fabriklər, emal müəssisələri yaradılır,
özəl biznes inkişaf edir. İqtisadiyyatımızın
ümumi çəkisində özəl biznesin kifayət qədər
böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən
yuxarı özəl sektorun əsasında qurulubdur”.
Maddi
resursların investisiya layihələrinə istiqamətləndirilməsi
baxımından Azərbaycan dünyada və MDB məkanında
üstün mövqeyə malikdir. Belə ki, bu, son illər
dövlət büdcə xərclərinin bir neçə dəfə
artması hesabına iqtisadiyyata sərmayələrin
qoyulmasına diqqətin artırılmasında
özünü qabarıq büruzə verir. Məsələn,
2003-cü ilə nisbətən bu il
dövlət büdcəsindən dövlət əsaslı vəsait
qoyuluşuna 20 dəfədən çox vəsait yönəldilmişdir.
Bu artım hesabına ölkəmizin prioritet
sosial yönümlü infrastrukturunun yaradılması və
yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət,
idman təyinatlı layihələrin maliyyələşdirilməsi
mümkün olmuşdur.
Ölkəmizdə
sahibkarlığın təkmilləşdirilməsi əmtəə
və xidmətlərin səviyyəsinə müsbət təsir
göstərir. Bu da öz növbəsində məhsuldarlığın,
ölkənin rəqabətə
davamlılığının artmasına təsir edir. Sahibkarlığın təkmilləşdirilməsi
ölkədə sahibkarlar şəbəkəsinin güclənməsinə,
ayrı-ayrı sahibkarların səmərəli fəaliyyət
göstərməsinə əlverişli şərait
yaradır. Məhz bu amilə görə də
Azərbaycan dünya ölkələri arasında
öncül yer tutur.
Son illər Azərbaycan
Respublikası Prezidentinin rəhbərliyi ilə həyata
keçirilən radikal iqtisadi islahatların əsas istiqaməti
olan bazar iqtisadiyyatının formalaşmasının əsasında
da sahibkarlıq bölməsinin inkişafı əsas amil kimi
durur. Buna görə də Azərbaycan Respublikası XXI əsrə
bazar iqtisadiyyatının formalaşdırılması və
sahibkarlığın inkişafı sahəsində
böyük irəliləyişlərlə qədəm
qoymuşdur.
İqtisadi və dövlət
idarəetmə aparatında aparılan islahatlar ölkədə
iqtisadiyyatın bütün sahələrinin, o cümlədən
bazar iqtisadiyyatı mexanizmlərinin bərqərar olmasına
şərait yaratmış, yerli və xarici investisiyalar,
müasir texnologiyalar və idarəetmə təcrübəsi
cəlb etməklə rəqabət qabiliyyətli məhsul
istehsal edən müəssisələrin yaradılmasına,
mövcud müəssisələrin yenidən qurulmasına,
yeni iş yerlərinin və nəticə etibarilə
xalqın maddi rifahının yüksəldilməsinə
yönəldilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-
9 yanvar.-S.1.