Azərbaycanın qlobal iqtisadiyyata
inteqrasiyası prosesində xarici təcrübənin
rolu
XXI əsrin
astanasında Azərbaycan Respublikasının müstəqil
inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək
sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi
oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin
meydana gəlib genişlənməsi üçün zəmin
yaratdı. Dünyada gedən irimiqyaslı qloballaşma
prosesi, iqtisadi həyatın getdikcə daha çox beynəlmiləlləşməsi
bu və ya digər ölkənin ictimai inkışafında
xarici amillərin rolunun sürətlə artmasına səbəb
olmuşdur. Hazırkı şəraitdə ölkələrin
zənginliyi onların təbii sərvətlərinin
bolluğu ilə deyil, bu sərvətlərdən beynəlxalq
əmək bölgüsünün üstünlükləri
nəzərə alınmaqla, bacarıqla istifadə edilməsindən
əhəmiyyətli dərəcədə
asılıdır.
70 il ərzində Azərbaycanı
SSRİ xalq təsərrüfat kompleksinə bağlayan siyasi
və iqtisadi dayaqların ləğvi ölkəmizin
şimala yönəlmiş birtərəfli iqtisadi əlaqələrınə
son qoymuş, bu əlaqələrin istər iqtisadi-coğrafi,
istərsə də məzmun baxımından yeni istıqamət
və mahiyyət kəsb etməsinə imkan vermişdir. Mübaliğəsiz
demək mümkündür ki, inkişaf etmiş və
mürəkkəb dünya bazarı ilə iqtisadi
inteqrasıyasının və qarşılıqlı təsərrüfat
əlaqələrinin formalaşan yeni mexanizmi
respublikamızın gələcək inkişaf perspektivini
müəyyən edən başlıca amillərdəndir. Ona
görə də ölkəmizin beynəlxalq iqtisadi
inteqrasiyasının strateji istiqamətləri mövcud
dünya təcrübəsi nəzərə alınmaqla
müəyyənləşdirilməli və bu sahədə
ciddi dövlət tənzimlənməsi həyata keçirilməli,
iqtisadi proseslərə məqsədyönlü istiqamət
verilməlidir.
Dünya bazarına nəzarət
edən nəhəng transmilli şirkətlər (TMŞ)
şəbəkəsınə qoşulma yolları
ümumdünya iqtisad tarixindən yaxşı məlumdur. Bu
yollar son nətıcədə iki istiqamətdə
özünü göstərir və şərti olaraq
Latın Amerikası və yapon yolları adlanır.
Birinci yol TMŞ-lə sıx bağlı olan komprador kapitalının inkişafı və ölkənin iqtısadi inkişaf mexanizmi sükanının xarici kapitalın əlinə verilməsi yoludur. Latın Amerikası ölkələrinin dünya iqtisadi ədəbiyyatında çox vaxt “banan respublikaları” adlandırılması heç də bu ölkələrdə banan istehsalının geniş yayılması ilə əlaqədar deyildir. Bu, ilk növbədə, həmin ölkələrin iqtisadiyyatının əsasını təşkil edən banan istehsalına və onunla əlaqədar olan təsərrüfat sahələrinin TMŞ-lərin əlınə keçməsi və bu ölkələrin bütün iqtisadi mexanizmi üzərində nəzarətin onlar tərəfindən həyata keçirilməsi ilə əlaqədardır. Bu acı təcrübənin nəticələri dünya ictımaiyyətinə yaxşı məlumdur.
İkinci yol Yaponiyanın inkişafı yoludur. Məlum olduğu kimi, ikinci dünya müharibəsindən sonra yapon hakim dairələri Qərbin yardımından və Qərbdə onlara yönəldilmiş əlverişli “açıq qapı” siyasətindən faydalanmaqla yanaşı, özlərinin spesifik inkişaf yolunu seçdilər. Bu spesifik inkişaf yolunun əsas xəttini istehsalın min illərlə sınaqdan çıxmış milli yapon dəyərlərinə əsaslanması, Qərbin müsbət iqtisadi təcrübəsindən bu dəyərlərə uyğun surətdə maksimum istifadə edilməsi və iqtisadi potensialın, ilk növbədə, daxili bazarın tələblərinin ödənilməsinə yönəldilməsi təşkil edirdi. İstehsal imkanlarının daxili bazarın ehtiyaclarına istiqamətləndirilməsi isə bu bazarın formalaşdırılması və əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi üçün əmək haqqının ciddi olaraq artırılmasını zəruri etmişdir.
Dünya bazarı ilə iqtisadi inteqrasiya strategiyası müəyyənləşdirilərkən dünyada iqtisadi proseslərin inkişaf təmayüllərinin müasir xüsusiyyətləri diqqətlə öyrənilib nəzərə alınmalıdır. Məlum olduğu kimi, elmi-texniki tərəqqi inkişaf edib dərinləşdikcə Qərbdə istehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi, kapitalın inhisarlaşması yüksək həddə çatmışdır. Dünya iqtisadiyyatı üzərində nəzarət nəhəng transmilli şirkətlərin əlində cəmləşmişdir. Beynəlxalq iqtisadi əlaqələrdə də onlar həlledici rol oynayır. Respublikamızda özəlləşdirmə siyasəti ardıcıl keçirildiyi bir şəraitdə dünya iqtisadiyyatının göstərilən cəhəti nəzərə alınmalıdır. Heç kəs üçün sirr deyildir ki, respublikamızda iri kapital yığımının həyata keçmədiyi bir şəraitdə təsərrüfat obyektlərinin həddən artıq “xırdalanması” TMŞ-lərin ölkəmizdə şəriksiz hökmranlığına gətirib çıxara bilər. Ona görə də respublikamızda vaxtilə sahə prinsipi üzrə yaradılmış şirkətlərin özəlləşdirmə prosesində “xırdalanmasına” yol vermək olmaz. Bu baxımdan bankların birləşdirilərək BUSBankın yaradılması özünü doğruldur.
Ümumiyyətlə, istər daxili, istərsə də beynəlxalq iqtisadi problemlərin həllində milli kapitalın milli sahibkarlığın formalaşması və inkişaf etdirilməsi respublikanın strateji məqsədlərindən biri hesab edilir. Yalnız bir tarixi faktı yada salmaq kifayət edər ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində ölkəmizdə tikilən iqtisadi və dıgər obyektlərin böyük əksəriyyəti milli kapital tərəfindən həyata keçirilmişdir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi və respublikamızda ardıcıl olaraq “açıq qapı” siyasətinin həyata keçirilməsi istər xaricdə, istərsə də ölkə daxilində məhsulların yüksək rəqabətqabiliyyətli olmasını tələb edir. Respublika daxilində demək olar ki, artıq bütün məhsul növləri üzrə – yerli və əcnəbi məhsullar üzrə yüksək rəqabət gedir. Yerli istehsalçılara istehsalı təşkil etmək və onu inkişaf etdirmək sahəsində tədbirlər sistemi həyata keçirilir. İdxalata tarif və qeyri-tarif tənzimləmələri vasitəsilə daha çox məhdudiyyət qoyula bilər. Lakin bu, uzun müddət davam edə bilməz və bu tədbirdən beynəlxalq müqavilələrə uyğun olaraq artıq istifadə etmək mümkün deyildir.
Ona görə də yerli istehsalın dirçəldilməsi üçün emal olunan məhsulların keyfiyyətinin və müvafiq olaraq onların rəqabət qabiliyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının strateji məqsədlərindəndir. Daxili bazar da, xarici bazar da bunu tələb edir.
Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə etməklə iqtisadi tərəqqinin təmin edilməsi əhəmiyyətli dərəcədə idxal və ixracın strukturundan asılıdır. Məhz bu cəhət ölkəmizin iqtisadi inteqrasiyasının dünya birliyi ilə bərabərhüquqlu və qarşılıqlı fayda prinsipi əsasında aparıldığını və ya onun dünya bazarının xammal əlavəsinə çevrilmiş olub-olmadığını müəyyən edir. İxrac potensialının hərtərəfli inkişaf etdirilməsi, onun çoxçeşidliliyinin artırılması, istehsalın hazır məhsul emalına doğru istiqamətləndirilməsi, satışa çıxarılan malların əmtəə görkəminin yaxşılaşdırılması ölkəmizə lazım olan valyuta ehtiyatlarının yaradılması üçün həlledici əhəmiyyət kəsb edir. Bu məqsədlə xarici tıcarətdə liberallaşma siyasətinin ardıcıl yeridilməsi və təsərrüfat obyektlərinin bilavasıtə xaricə çıxmasının təmin edilməsi olduqca vacibdir.
Qlobal proseslərə səmərəli şəkildə inteqrasiya olunmaqda Çin təcrübəsi çox əhəmiyyətlidir. Son 30 ildən artıq bir dövrdə Çin iqtisadiyyatı yüksələn xətlə tərəqqi edir. Həmin dövr Çinin xarici dünyaya açılması dövrü kimi xarakterizə edilir. Bu müddət ərzində Çinin universallaşması və qloballaşması sürətlə genişlənmişdir. Bu genişlənmə prosesində ənənəvilik və bəşəri universallığın (qloballaşmanın) optimal sintezi mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Çin bir çox baxımdan dünya təsərrüfatının dinamik inkişaf edən liderləri sırasına daxil olmuş və iqtisadi qloballaşmanın ən uğurlu iştirakçılarından biri hesab edilir .
Çin iqtisadi möcüzəsinin mahiyyəti və əsas istiqamətləri akademik Ziyad Səmədzadənin “Dünya iqtisadiyyatı. Çin iqtisadi möcüzəsi” (Bakı, 2001) adlı monoqrafiyasında hərtərəfli şərh edilmişdir. Araşdırmalar göstərir ki, Çin sənayesinin, elm və texnikasının nailiyyətləri onun qlobal proseslərə uğurlu inteqrasiyasının vacib şərtidir. Bununla yanaşı, ölkə sivilizasiyasının nailiyyətləri bir çox baxımdan aqrar bölmə ilə əlaqədardır. Amerika sosioloqu R. Merfinin göstərdiyi kimi, Çində şəhər və kənd dünyası arasında “Qərbdə formalaşmış dərin fərq yoxdur... orada kənd ənənə və dəyərləri ləkələnməyibdir, əksinə, şəhərlilərin çoxu kəndlər üçün darıxır və qocalığını qayıdıb orada keçirirlər”.
Çin islahatlarının mahiyyəti ondan ibarətdir ki, iqtisadi struktur unifikasiya edilərək vahid şəkilə salınmamışdır. Çin dövləti ictimai kollektiv mülkiyyətlə yanaşı, yeni təsərrüfat formalarını (fərdi, ailə, özəl, qarışıq təsərrüfatları) stimullaşdıraraq ukladlar, siniflər və təbəqələr, müxtəlif regionlar, maraqlar qrupu arasında münasibətlərdə arbitr və tənzimləyici funksiyasını öz üzərinə götürmüşdür. Onun mühüm funksiyalarından biri də ənənəvi və müasir “iki sivilizasiyanın” sintezini təmin etməkdir. Köhnə dəyərlərdən, tarixi təcrübədən maksimum istifadə edilməsi müasir Çin sivilizasiyasının mühüm fərqləndirici cəhətlərindən biridir. Lakin mütəxəssislərin fikrinə görə, ənənəvilik və müasirlik müqayisə edildikdə ənənəviliklə sintez edilmiş müasirliyin aparıcı xətt təşkil etdiyi məlum olur.
Çinin informasiya erasına adaptasiyasını kompyuterləşmə çox asanlaşdırır. Çin mədəniyyəti üçün ənənəvi olan biliyə yiyələnmə ənənəsi kompyuter kimi yeni alət əldə etmişdir. Ölkə çox yüksək səviyyəli informasiya – analitik bazaya malikdir, kütləvi şəkildə tərcümə işləri aparılır.
Çinin inkişaf mexanizmində xarici dünya ilə bütöv qarşılıqlı əlaqə sistemi yaradılmışdır. Bu ölkə adətən “regional derjava” adlandırılır. Onun siyasətində regionallaşma qloballaşmaya nisbətən açıq-aşkar üstünlük təşkil edir. Çin rəhbərliyi coğrafi cəhətdən uzaq ölkələrdən çox, yaxın qonşularına daha böyük əhəmiyyət verir.
ÜTT və Çin təcrübəsi. ÇXR-nin Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesi 15 il davam etmişdir. Bu müddət ərzində milli qanunvericilik həmin təşkilatın çoxsaylı qaydalarına uyğunlaşdırılmışdır. ÜTT-yə daxil olduqdan sonra danışıqlar xarici şirkətlərin xidmət (maliyyə, bank, sığorta, distrübitor fəaliyyəti, informasiya texnologiyası, nəqliyyat xidməti və s. ) sahəsində fəaliyyətinin liberallaşdırılmasını da əhatə etmişdir. Çin qarşısında milli maraqların ÜTT-nin və ayrı-ayrı iştirakçı ölkələrin tələbləri ilə uyğunlaşdırılması kimi taleyüklü məsələ dururdu. Çoxsaylı danışıqlardan, ikitərəfli və çoxtərəfli razılaşmalardan sonra ÇXR 2001-ci ilin noyabrından ÜTT-nin tam hüquqlu üzvü oldu. Bu zaman ÇXR ona müvafiq üstünlüklər verən “inkişaf etməkdə olan ölkə statusu” almağa müvəffəq oldu və bu, ona imkan verir ki, xarici iqtisadi fəaliyyəti mərhələ-mərhələ liberallaşdırsın, milli qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılmasında vaxt qazansın, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsində, subsidiyalar verilməsində müəyyən güzəştlər əldə etsin.
ÇXR hakimiyyətin və əhalinin ÜTT-nin prinsip və vəzifələri haqqında geniş məlumatlar almasına şərait yaradır. KİV onun fəaliyyətini daim geniş işıqlandırır. Minlərlə hüquqşünas və iqtisadçı ÜTT-nin qaydaları və proseduraları üzrə xüsusi hazırlıq keçirlər. Çin tərəfi ÜTT qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə həmin təşkilatın verdiyi hüquq və üstünlüklərdən geniş istifadə etməyə çalışır. Əsas diqqət Çin malları üçün yeni bazarların açılmasına, onların mallarının ixracının genişləndirilməsinə və keyfiyyətinin artırılmasına yönəldilir. Xarici kapitalın cəlb edilməsi sahəsində isə əsas diqqət həmin kapitalın strukturunun optimallaşdırılmasına (qabaqcıl texnologiya axınının artırılmasına) verilir.
Qloballaşmanın verdiyi üstünlüklərdən uğurla istifadə olunmasında Cənub-Şərqi Asiyanın yeni sənaye ölkələrinin (YSÖ) təcrübəsi keçid iqtisadiyyatı ölkələri üçün əhəmiyyətlidir. Qloballaşma inkişaf etməkdə olan ölkələrin (İEOÖ) ümumi strukturunda da köklü dəyişikliklərə yol açdı. YSÖ həmin qrup ölkələrin tərkibindən bir çox parametrlərə görə ayrılaraq, İEÖ-lər qrupuna yaxınlaşdılar. Bir sıra cəhətlər YSÖ-ni həm İEOÖ-dən, həm də İEÖ-dən əhəmiyyətli dərəcədə fərqləndirir. Bu xarakterik xüsusiyyətlər yeni sənayeləşmə modelinin yarandığını söyləməyə imkan verir, həm iqtisadiyyatın daxili dinamikası, həm də xarici iqtisadi fəaliyyət baxımından həmin ölkələrin təcrübəsi üçüncü dünya ölkələrində bir nümunə rolunu oynayır. YSÖ qrupuna daxil edilmək üçün BMT-nin müəyyən etdiyi metodikaya əsasən aşağıdakı meyarlar daxildir:
– adambaşına ÜDM-un miqdarı;
– onun orta illik sürəti;
– ÜDM-da emaledici sənayenin xüsusi çəkisi 20 faizdən az olmamalıdır;
– sənaye məhsullarının ixracına həcmi və ümumi ixracatda xüsusi çəkisi;
– xaricə birbaşa kapital qoyuluşlarının həcmi .
Həmin göstəricilərə görə YSÖ İEOÖ qrupundan yüksəkdə durur. XX əsrin 70–80-ci illərində bu ölkələrdə sənayenin köklü surətdə yenidənqurulması nəticəsində məhsuldar qüvvələrin formalaşması və inkişafı iqtisadi tərəqqinin dinamikasını əhəmiyyətli dərəcədə sürətləndirmiş, yığım kütləsi və normasının artırılmasına, investisiyaların və məşğulluğun strukturunun transformasiyasına səbəb olmuşdur. Resurs-xammal və inventisiya bazasının məhdudluğu və qloballaşmanın genişləndiyi bir şəraitdə həmin ölkələr iqtisadi inkişafın xarici ticarət və maliyyə aspektlərinə xüsusi əhəmiyyət verməyə başladılar. İxracat potensialının genişləndirilməsi iqtisadi inkişaf strategiyasının aparıcı xəttini təşkil etdi. Nəticədə Cənub-Şərqi Asiya ölkələrinin ümumdünya təsarrüfat əlaqələrində rolu durmadan artır, həmin ölkələr beynəlxalq təsarrüfat subyektləri üçün intensiv sənaye, ticarət, texnoloji və valyuta-maliyyə fəaliyyəti üçün əlverişli zonaya çevrilmişdir. Həmin ölkələr qısa tarixi dövr ərzində, yalnız özlərinin sənaye məhsulları üzrə ixracatını durmadan artırmaqla kifayətlənməmiş, eyni zamanda, beynəlxalq əmək bölgüsü sistemində ixtisaslaşmanı dəyişmiş, beynəlxalq səviyyədə yeni istehsal strukturlarının formalaşması prosesinə inteqrasiya etməyə başlamışlar. Onların sənaye cəhətdən inkişafının əsas təmayülü beynəlxalq əmək bölgüsü sistemində baş verən dəyişikliklərə uyğunlaşma prosesidir. Onların inkişafına Sakit okean regionunda, ilk növbədə,onun iki mərkəzi — ABŞ və Yaponiyada gedən proseslərin təsiri kifayət qədər yüksək olmuşdur.
Elmi-texniki tərəqqinin sürətlənməsi və istehsalda elmin rolunun artması, əmək məhsuldarlığının kəskin şəkildə yüksəlməsini, yeni tipli texnologiyaya keçilməsini şərtləndirdi, istehsalın strukturunun keyfiyyətcə dəyişməsinə səbəb oldu. Bunun əsas təzahürü istehsal və istehlak təyinatlı yeni məhsulların və yeni sahələrin yaranmasında özünü göstərdi. Onlara olan tələbin sürətlə artması ictimai istehsalın strukturunda xidmət sahələrinin xüsusi çəkisinin çoxalması və müvafiq olaraq digər sahələrin, o cümlədən emaledici sənayenin xüsusi çəkisinin azalması və sonuncunun keyfiyyətcə yenidən qurulması ilə nəticələndi. İstehsalın optimallaşdırılması, onun tərkibində elmtutumlu, material və resurslara qənaət edən sahələrin xüsusi çəkısinin çoxalması bu ölkələrdən ixracat axının kəmiyyət və keyfiyyətcə artırılmasına gətirib çıxardı. TMŞ-lər həmin proseslərin fəal iştirakçıları idi. Onların fəaliyyəti beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən təşviq edilirdi. Təsadüfi deyildir ki, Cənub-Şərqi Asiya ölkələrinin qlobal əmək bölgüsü sisteminə yüksək dərəcədə inteqrasiya etməsində, məhz TMŞ-in rolu olduqca yüksəkdir. Daxili və xarici kapital qoyuluşlarının ciddi surətdə artırılması YSÖ-nin iqtisadi dinamizminin əsasını təşkil edir. Təcrübədə YSÖ-nin iki modeli mövcuddur: birinci model milli iqtisadiyyatın, əsas etibarilə, xarici bazarlara, ixracata istiqamətlənməsinə, ikinci model isə idxalın əvəzolunması siyasətinə əsaslanır. İkinci modeldən ən çox Latın Amerikası ölkələri istifadə etmişlər.
Türkiyədə beynəlxalq iqtisadi inteqrasiya proseslərinin maliyyə-kredit mexanizmi vasitəsilə intensivləşdirilməsi təcrübəsinin də öyrənilməsi vacibdir. T.Özal dövründə ixracatın təşviq olunması sahəsində həyata keçirilmiş və olduqca müsbət nəticələr vermiş tədbirlər sistemi keçid iqtisadiyyatı ölkələri üçün örnək ola bilər. Bu tədbirləri dörd qrupa bölmək olar:
– ixracat miqdarı və ya məbləğindən asılı olaraq birbaşa subsidiyalar vasitəsilə təşviqlər: məhsullar ixrac olunarkən ödənilmiş daxili vergilərin geri qaytarılması, dəstəkləmə və qiyməti sabitləşdirmə fondu üzrə verilən subsidiyalar;
– ucuz maliyyə mənbəyinin təmin edilməsi yolu ilə təşviq (ucuz ixracat diskont krediti);
– vergi üstünlüyü verilməsi yolu ilə ixracatçıların təşviqi (bu bir çox vergilər üzrə təşviq edilirdi);
– digər dolayı imkanlar yaradan və üstünlük verən təşviqlər (ixracat məhsulları istehsal etmək üçün mal idxalında gömrük istisnaları, idxalat üçün valyuta toplanması, valyutaların ölkə xaricində saxlanılmasına icazə verilməsi və s. )
Bu tədbirlər arasında məhsul ixrac edilərkən daxildə ödənilmiş vergilərin geri qaytarılması sistemi xüsusən təsirli idi. İxracatın yarısına qədəri bu sistemdən faydalanırdı. 1980–1990-cı illərdə ixracatçılara bu yol ilə 4, 3 milyard dollar məbləğində vergi geri qaytarılmışdır. İnflyasiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində qəribə bir təzad özünü göstərirdi. Bir tərəfdən, mövcud izafi tələbi məhdudlaşdırmaq, digər tərəfdən isə büdcə kəsirlərini “adi” (inflyasiya yaratmayan) mənbələr hesabına ödəmək üçün vergi gəlirlərinin artırılması istər-istəməz işgüzar fəallığın müəyyən dərəcədə sönməsi ilə nəticələnir. Həyata keçirilən iqtisadi strategiyanın məntiqi isə əks vəziyyəti – işgüzar fəaliyyətin ciddi olaraq canlandırılmasını tələb edirdi.
T.Özal ona görə də özünün iqtisadi siyasətində pul-dəyər amillərindən ölkədə işgüzar fəallığı canlandırmaq üçün geniş istifadə etməyə başladı. Məsələn, vergi mexanizmində ciddi güzəştlərdən istifadə edilərək təşəbbüsçülər təşviq edilir, onların investisiya fəaliyyəti istiqamətləndirilməyə çalışılırdı. Xalq təsərrüfatının inkişafı üçün birinci dərəcəli əhəmiyyət kəsb edən sahələrin inkişafı, sosial-iqtisadi tərəqqi baxımından geri qalmış Şərq regionlarının canlandırılmasına cəlb etmək üçün də təşəbbüsçülərə böyük güzəştlər nəzərdə tutulurdu. Ölkədə “əsas” vergi olan gəlir vergisinin yüksək həddi 1985-ci ildə 63 faizə (1963-cü ildə 68 faiz və 1981-ci ildə 75 faizdən) endirildi. Xəzinənin maliyyə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş ən aşağı həddi 10 faizdən 25 faizə qaldırıldı. Son nəticədə milli gəlirdə vergilərin xüsusi çəkisi 80-ci illər boyu 20-23 faiz səviyyəsində qalmışdır.T.Özalın iqtisadi siyasəti xarici kapitala münasibətdə qarşılıqlı mənfəət balansını əsas tutur, xarici mənbələrdən geniş miqyasda faydalanmağa yönəldilir. Əcnəbi kapital qoyuluşlarını hər vasitə ilə təşviq edir.
“Açıq qapı” siyasəti çərçivəsində Türkiyədə 80-ci illərdə istehsal edilən malların ixracını sürətləndirmək üçün birbaşa maliyyə dəstəyi mexanizmindən də geniş istifadə edildi. Müəyyən olunmuş malların ixracında mükafat sistemi tətbiq edilməyə başlandı. Bu sistemdən yararlanan ixrac mallarının vahidinə və ya fiziki həcminə görə (1 ton ixracat üçün 1-100 dollar arasında) mükafat verilirdi. Bu sistem türk mallarının xarici bazarlarda rəqabət gücünü artırmaq məqsədini güdürdü. Həmin sistem təxminən 120 məhsul növünə şamil edilmişdi. Ödəmə məbləğləri 1987-ci ildə 19,5 milyard türk lirəsindən 1990-cı ildə 1290 milyard lirəyə çatmışdır.
İxracatın təşviqində kredit mexanizmi təsirli bir vasitəyə çevrildi. İnflyasiya ilə monetarist mübarizə üsulu kimi sərt pul-kredit siyasətinin həyata keçirilməsi kredit faizlərinin ciddi şəkildə yüksəlməsinə gətirib çıxarmışdır. Belə bir şəraitdə “kredit subsidiyaları” adını daşıyan mexanizm ixracatın təşviq olunmasında təsirli bir vasitə kimi istifadə edildi. Subsidiyalar xəzinə və qismən də mərkəzi kanallar vasitəsilə ödənilirdi. Bunlar aşağıdakılardan ibarət idi:
– ixracatçılara aşağı faizlə “ixracata hazırlıq” kreditləri;
– ixrac malları gömrükdən çıxdıqdan sonra onların pula çevrilməsinə imkan verən “vəsiqəli sənəd” kreditləri;
– tütünün istehsalçıdan alınaraq emal edilməsi və ixracata hazır hala gətirilməsi üçün tütün ixracatçılarına banklar vasitəsilə Mərkəzi Bank mənbələrindən “tütünü” maliyyələşdirmə kreditləri;
– ixracatçılara möhkəm valyuta ilə ixrac edilməsi öhdəliyi altında banklar vasitəsilə “ixracat diskont kreditləri”;
– xaricdə podrat tikinti xidmətləri göstərənlərə bu xidmət müqabilində valyuta təmin etmək məqsədilə “xaricdə podrat tikinti xidmətləri diskont” krediti;
– ildə 100 milyon dollardan çox məhsul ixrac edən xarici ticarət sərmayə şirkətlərinə lözəl ixracat diskont krediti”.
Bunlardan başqa ixracatı təşviq proqramı çərçivəsində ixrac olunan mallardan əldə edilən valyutanın hökmən ölkəyə qaytarılması məcburiyyəti də ləğv edildi. Türkiyənin dünya bazarlarında rəqabət gücünün artırılmasının yalnız iri ixracat şirkətləri vasitəsi ilə mümkün olduğu nəzərə alınaraq, xarici ticarət şirkətlərinin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi.
Dövlət siyasətinin aparıcı istiqamətinə çevrilmiş “açıq qapı” siyasəti 1990-cı ildən sonra da dönmədən həyata keçirilmiş, beynəlxalq inteqrasıya proseslərinin sürətləndirilməsi yolunda ciddi addımlar atılmışdır.
Sovet imperiyası 1990-cı ildə süqut etdikdən sonra, Türkiyə keçmiş sosialist bloku ölkələri ilə iqtisadi əlaqələri hər vasitə ilə genişləndirməyə başlamışdır. Xarici ticarətin liberallaşdırılması mexanizmi təkmilləşdirilmiş, ÜTT-nin yaradıcısı olan və beynəlxalq ticarətə yeni normalar gətirən Uruqvay Round Nihai Sazişinə imza atmışdır. Bu ölkə Avropa Birliyinə daxil olmaq üçün qarşıya çıxan hər cür maneələrin dəf edilməsi və 2002-ci il Kopenhagen zirvəsində qoyulan tələblərin yerinə yetirilməsi yolunda qətiyyətli və tarixi addımlar atır. İstər ÜTT-nin, istərsə də AB-nin şərtləri daxilində xarici ticarət rejimi köklü sürətdə yenidən qurulmuşdur.
1980–1990-cı illərdə ixracatın təşviqi sahəsində həyata keçirilmiş geniş miqyaslı tədbirlərdə radikal dəyişikliklər aparılmışdır. Beynəlxalq normalara uyğun olaraq daxildə və xaricdə İşləmə Rejimi təsdiq edilmiş, 1995-ci ildən sonra yeni dövlət yardımları tətbiq edilməyə başlanmışdır.
İxracat üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat, rabitə və digər infrastruktur sahələrinə investisiya qoyuluşları artırılmış, ixracat nüfuzlu məşğuliyyət sahəsinə çevrilmişdir. İxracat sahəsində mövcud olan bürokratik əngəllər qətiyyətlə ləğv olunmaqla davam etmişdir. Valyuta nəzarəti təkmilləşdirilmiş, hər növ valyuta idxalı tam sərbəstləşdirilmişdir. 1990-cı ildə qəbul edilmiş qərarla türk lirəsinin dönərliliyi artırılmış, sonralar isə milli valyuta ilə idxal və ixrac sərbəstləşdirilmişdir;
80-ci illərdə irimiqyaslı “xarici ticarət şirkətləri” təşviq edilmişdir. Bu iş 90-cı illərdə daha da genişləndirilmiş, xırda və orta şirkətlərin ixracat sahəsində qüvvələrinin birləşdirilməsi istiqamətində də aparılmışdır. İxracatçı firmalar sərbəst ixracat apara bildikdən sonra 80-ci illərdə onlara edılən birbaşa maliyyə dəstəyi dayandırılmış və ixracat kredit və sığorta mexanizmi vasitəsilə təşviq edilmişdir.
“Açıq qapı” siyasəti çərçivəsində aparılan islahatlar mərkəzdən idarəçilik sistemi getdikcə daha çox bazar mexanizmi vasitəsilə əvəz olunmağa başladı. 1981-ci ildə kapital bazarı haqqında qanun qəbul edildi. Qanunun əsas məqsədi yığımın daha çox qiymətli kağızlara qoyulmasını təmin etmək yolu ilə xalqın iqtisadi inkişafda iştirakına şərait yaratmaq idi. Bir az sonra Türkiyənin kapital bazarında tənzimləyici və nəzarətedici bir orqan yaradıldı. 1986-cı ildə isə İstanbul Qiymətli Kağızlar Birjası (İQKB) işə başladı və ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Birjanın rolunun artmasında vergilərin sadələşdirilməsi, xarici investorların kapital bazarında iştirakının sərbəstləşdirilməsi mühüm rol oynadı. Həmin birjada 4 bazar fəaliyyət göstərir. Bunlara pay sənədləri bazarı, istiqraz və bon bazarı, beynəlxalq bazar və müddətli əməliyyatlar bazarı daxildir.
Türkiyədə hazırda ən liberal valyuta rejimi fəaliyyət göstərir. Türk lirəsınə tam dönərlilik statusu verilməklə yanaşı, 1989-cu ildən sonra xarici fiziki və hüquqi şəxslər İstanbul Birjasında tam sərbəst əməliyyat apara bilərlər. Həmin birja dünyanın aparıcı maliyyə birjalarının tamhüquqlu üzvüdür. Hazırda İstanbulun dünya maliyyə mərkəzlərindən birinə çevrilməsi üçün ciddi iş aparılır. Ölkənin nəhəng maliyyə institutları, o cümlədən, Mərkəzi Bank həmin şəhərə köçürülür.
Türkiyədə mövcud olan liberal valyuta rejiminin əsasları aşağıdakılardır:
– Türkiyədə yerləşmiş fiziki və hüquqi şəxslər istədikləri qədər valyuta saxlaya bilər, banklar, müəssisə və özəl maliyyə təşkilatlarından istədikləri qədər valyuta satın ala bilərlər, onların xaricə valyuta transferləri və xarici banklarda valyuta hesabı açmaları sərbəstdir;
– müəssisələr maliyyə ehtiyaclarının ödənilməsi üçün xaricdən istədikləri qədər kredit ala bilərlər.
– Türkiyədə yerləşən fiziki və hüquqi şəxslərin xaricdə ticarət əməliyyatları aparmaları üçün kapital ixrac etmələri sərbəstdir. Yalnız müəyyən məbləğdən çox olduqda səlahiyyətli orqandan icazə almalıdırlar.
Xarici ticarətin liberallaşdırılması və ixracatın hərtərəfli təşviq olunması ölkənin xarici ticarət əlaqələrinə böyük dinamizm gətirmişdir. Xarici ticarət dövriyyəsi 1990–2001-ci illər ərzində iki dəfə artmışdır. İxracat 22,3 milyard dollardan 30 milyard dollara çatmışdır. 2002–2005-ci illərdə isə ixracat 2,5 dəfə artaraq 36 milyard dollardan 85 milyard dollara yüksəlmişdir. Hazırda ölkənin ixracatı 120 milyard dolları keçmişdir. Türkiyə bu dövrdə xarici ticarətin dinamizmi göstəricisinə görə dünyanın ilk 10 ölkəsi sırasına daxil olmuşdur.
Xarici kapitalın və yeni texnologiyanın ölkəyə daha intensiv daxil olmasını, ixracat üçün kapital qoyuluşlarının artırılmasını, xarici maliyyə və ticarət imkanlarından daha geniş istifadə edilməsini təmin etmək məqsədilə ölkədə “azad zonalar” yaradılmasına və inkişaf etdirilməsinə ciddi fikir verilir. 1985-ci ildə “Sərbəst bölgələr Qanunu” qüvvəyə minmişdir. 1987-ci ildə Mersin və Antalya azad iqtisadi zonaları açılmışdır. 2002-ci ilə qədər 21 sərbəst zona açılmış və fəaliyyət göstərir. Həmin zonalarda aparılan ticarətin həcmi 11,5 milyard dollara çatmışdır.
Beləliklə, Türkiyə Cümhuriyyətinin və digər inkişaf etməkdə olan ölkələrin iqtisadi quruculuq təcrübəsi olduqca əhəmiyyətlidir. Cənub-Şərqi Asiyanın yeni sənayesi ölkələri beynəlxalq iqtisadi inteqrasiya sahəsində böyük uğurlar əldə etmişlər. Çin Xalq Respublikası ÜTT ilə əməkdaşlıq sahəsində öz mənafeyinə uyğun şərtləri qəbul etdirməyə nail olmuşdur. Azərbaycan dövləti də bütün bu müsbət təcrübələrdən yararlanmalı, dünya iqtisadiyyatına inteqrasiya sahəsində daha ciddi uğurlara nail olmağa çalışmalıdır.
Dünyamalı VƏLİYEV,
Azərbaycan Universitetinin
kafedra müdiri, iqtisad elmləri
namizədi, dosent
Xalq qəzeti.-2009.- 9 yanvar.- S.3.