Xalqın seçmək və vətəndaşların seçilmək hüququnun məhdudlaşdırılması aradan qaldırılmalıdır

 

Artıq bir neçə gündür ki, Azərbaycan xalqı yeni ilə qədəm qoyub. Yola saldığımız 2008-ci il bir çox siyasi hadisələr ili kimi uzun müddət yaddaşlarda qalacaq. Hər şeydən əvvəl məhz bu ildə, oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalq mütəşəkkil surətdə seçki məntəqələrinə gedərək tərəddüd etmədən yenidən cənab İlham Əliyevə etimad göstərdi və böyük səs çoxluğu ilə onu Azərbaycan Prezidenti seçdi.

2008-ci ildə keçirilmiş prezident seçkiləri obyektivliyinə, şəffaflığına və demokratikliyinə görə nüfuzlu beynəlxalq qurumların nümayəndələri, həmçinin beynəlxalq müşahidəçilər tərəfindən çox yüksək qiymətləndirildi. Seçkiləri müşahidə etmiş xarici ölkə nümayəndələrindən bəziləri, hətta, öz ölkələrində belə bir şəffaf seçki keçirilməsini arzulamışlar. Seçki ərəfəsində Azərbaycan Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər demokratik, azad və ədalətli seçki keçirilməsi üçün mükəmməl olan qanunvericilik bazasını daha da möhkəmləndirmişdir.

Xalq İlham Əliyevi yenidən Prezident seçməklə ümummilli lider Heydər Əliyev siyasətinə öz sadiqliyini bir daha nümayiş etdirdi. Ulu öndərin siyasətinin, bu siyasi kursun ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin alternativi olmadığı yenidən təsdiqləndi. Xalq bir daha təsdiqlədi ki, möhtərəm Prezidentimizə inanır, güvənir və arxalanır. Ona görə də Azərbaycanı bu qədər qüdrətləndirə biləcək ikinci namizəd görmür. Biz ötən beş ilə ani nəzər saldıqda, bütün sahələr üzrə qazanılan uğurlara diqqət yetirdikdə xalqın öz seçimində çox obyektiv və düzgün yol tutduğunun şahidi oluruq. Artıq dünyanın inkişaf etmiş ən qüdrətli dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Müstəqil dövlətimizin bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoyması, beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi, demokratik proseslərin inkişafına xüsusi önəm yetirilməsi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsi Azərbaycan Konstitusiyasına bir sıra əlavələr və dəyişikliklər edilməsi zərurətini yaradıb. Konstitusiyaya dəyişikliklər edilməsi ilə əlaqədar son vaxtlar cəmiyyətimizdə də fikirlər səsləndirilir, müzakirələr aparılırdı. Tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, siyasi partiya rəhbərləri və funksionerləri, parlamentin deputatları da bu məsələ barəsində müzakirələr aparırdılar. Bunu həm də tarixi zərurət yaradırdı.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Dünya standartlarına uyğun hazırlanmış Konstitusiyanın qəbulu ilə Azərbaycanda hakimiyyət bölgüsünün qanuni-hüquqi əsasları bəyan olundu və bu işin həyata keçirilməsinə başlanıldı. Konstitusiyanın qəbul olunduğu gün həm də müstəqil Azərbaycan parlamentinə çoxpartiyalılıq əsasında və tam demokratik şəraitdə keçirilmiş ilk seçkilər kimi tarixə düşdü. Respublikanın aparıcı siyasi partiyalarına seçkilərdə bərabər hüquqla iştirak etmək üçün şərait yaradıldı.

Məhkəmə hakimiyyəti tam müstəqil bərqərar olunmuş, onun ali instansiyası — Konstitusiya Məhəkəməsi təşkil edilmiş və formalaşdırılmışdır. Xüsusilə qeyd olunmalıdır ki, müstəqil və suveren Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən biridir. Milli dövlətin formalaşmasında, hüquq sisteminin və milli qanunvericiliyin inkişafında Konstitusiyanın əhəmiyyəti əvəzsizdir.

Konstitusiyanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri insan və vətəndaş hüquqlarına və azadlıqlarına geniş yer ayrılmasıdır. İnsan hüquqlarına və azadlıqlarına belə əhəmiyyət verilməsi cəmiyyətimizdə, o cümlədən dünyada yeni siyasi şəraitin formalaşması sayəsində mümkün olmuşdur. Bu Konstitusiya quruluşuna və məzmununa görə inkişaf etmiş demokratik dövlətlərin konstitusiyalarına çox oxşardır. Lakin unutmamalıyıq ki, həyat inkişaf edir, Azərbaycanın beynəlxalq aləmdəki əlaqələri genişlənir, müstəqil dövlətimiz beynəlxalq konvensiyalara qoşulur, qəbul olunan qanunlar beynəlxalq standartlara uyğunlaşdırılır, Konstitusiyanın qəbulundan ötən dövr ərzində ölkəmiz demokratik proseslərin inkişafına xüsusi önəm yetirmiş, insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar beynəlxalq konvensiyalara qoşulmuş, bu sahədə çoxlu sayda qanunvericilik aktları qəbul olunmuş, müstəqil dövlətimiz bir sıra nüfuzlu beynəlxalq qurumlara üzv seçilmişdir. Xatırlatmaq istərdim ki, 2001-ci il yanvarın 26-da müstəqil Azərbaycan Respublikası Avropanın və bütövlükdə dünyanın ən mötəbər təşkilatlarından biri olan Avropa Şurasına üzv qəbul edildi. Bununla Azərbaycan dünyanın inkişaf etmiş aparıcı demokratik dövlətləri ailəsinin bərabər hüquqlu üzvü oldu. Bu, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda demokratiya və hüquqi dövlət quruculuğu istiqamətində atdığı ardıcıl addımların sayəsində mümkün oldu.

Ölkəmizin beynəlxalq əlaqələri genişləndikcə, demokratik proseslər sürətlə inkişaf etdikcə Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi zərurəti də yaranmışdır. Belə dəyişikliklər ilk dəfə 2002-ci ildə edildi. Həmin vaxt referendum yolu ilə ölkəmizin inkişaf səviyyəsinə uyğun olaraq Konstitusiyaya bir sıra dəyişikliklər edildi. Son illər ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuş, iqtisadiyyatın artım tempinə görə təkcə regionda deyil, dünyada lider dövlətə çevrilmişdir. Təsadüfi deyildir ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı dünyada birinci islahatçı dövlət elan etmişdir. Digər sahələrdəki tərəqqi, yüksəliş və əldə olunan nailiyyətlər də Konstitusiyada bir sıra əlavələr və dəyişikliklər edilməsi zərurətini yaratdı. Bu dəfə təklif olunan əlavə və dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının təminatını daha da genişləndirmək, milli qanunvericiliyi möhkəmləndirmək, onların etibarlı qorunması mexanizminin yaranmasına xidmət edəcək.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi ilə Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər təklif olunub. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi rəy verilmək üçün Milli Məclis tərəfindən Konstitusiya Məhkəməsinə göndərilmişdi. Konstitusiya Məhkəməsinin Plenumu ötən il dekabrın 24-də keçirdiyi iclasda layihənin ümumxalq səsverməsinə — referenduma çıxarılmasına razılıq verilməsi barədə qərar qəbul etmişdir.

Layihədə diqqət çəkən əsas məqamlardan biri Konstitusiyanın 101-ci maddəsinin V hissəsinin çıxarılması və ora başqa bir bəndin əlavə olunması təklifidir. 101-ci maddənin V hissəsində deyilir ki: “Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz”. Azərbaycan xalıqının istədiyi şəxsi, hər hansı məhdudiyyət olmadan istədiyi qədər prezident seçmək haqqı var. Ona görə də xalqın seçmək və vətəndaşların seçilmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması çox vacibdir. Bu, həm də insan hüquq və azadlıqlarının daha geniş şəkildə qorunmasına təminat verir.

Dünya ölkələrində prezidentlər müxtəlif qaydada seçilirlər. Bəzi dövlətlərdə onlar vətəndaşların birbaşa səsverməsi yolu ilə, bəzilərində isə parlament yolu ilə seçilirlər. Prezidentlərin səlahiyyət müddəti də müxtəlif olur. Məsələn, İtaliya, AFR, Türkiyədə 7 il, Avstriya və Finlandiyada bu müddət 6 il müəyyənləşdirilib. Yaxın vaxtlarda Rusiyanın Dövlət Duması prezidentin səlahityyət müddətinin 4 ildən 6 ilədək uzadılması barədə qərar qəbul etdi. Bütün ölkələrin konstitusiyalarında tarixi inkişafla bağlı islahatlar həyata keçirilir.

Azərbaycan da belə inkişaf etmiş ölkələrdəndir. Bir şəxsin iki dəfədən artıq prezident seçilməsi demokratiyaya zidd ola bilməz. Əksinə, bu demokratiyanın bəxş etdiyi bir zərurətdir. Məsələn, dünyada inkişaf etmiş demokratik dövlət kimi tanınan Amerika Birləşmiş Ştatlarında belə bir hal baş vermiş və bu, həmin ölkə üçün çox yaxşı nəticələnmişdir. Bildiyiniz kimi, ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt xalqın seçimi ilə dörd dəfə dalbadal bu ölkəyə ali rəhbər seçilmişdir. Fransa kimi demokratik bir ölkədə də prezident seçicilərin iradəsinə uyğun olaraq dəfələrlə seçilə bilər. Bu ölkədə də prezident seçkilərində hər hansı bir məhdudiyyət yoxdur.

Bəs niyə bizim Konstitusiyamızda belə bir məhdudiyyət qoyulmalıdır? Məgər Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada deyilmi? Son illərin sosial, iqtisadi, siyasi və mədəni inkişafı müstəqil dövlətimizi dünyanın inkişaf etmiş qüdrətli ölkələri sırasına qaldırmaqdadır. Ölkəmiz demokratik, şəffaf, azad və ədalətli seçkilər keçirilməsində, hətta Avropanın inkişaf etmiş bir sıra ölkələrini də geridə qoyub. Bunu seçkiləri izləmiş beynəlxalq müşahidəçilərin rəyləri də təsdiqləyir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilən daxili və xarici siyasət sayəsində müstəqil dövlətimiz beynəlxalq aləmdə böyük nüfuz sahibi olub. İndi dünyanın əksər ölkələri bəzi qlobal məsələlərin həllində bizim dövlət başçımızla məsləhətləşir və onunla razılaşırlar. Son illərin uğurlu xarici siyasəti Azərbaycanı dünyanın yüksək tribunalarında söz sahibi edib. Möhtərəm Prezidentimizin son beş ildəki fəaliyyəti ölkənin sürətli inkişafı ilə yanaşı, əhalinin sosial rifah halını da xeyli yaxşılaşdırıb.

Bütün sahələrdə olduğu kimi, təhsilin inkişafında da sıçrayış yaranıb. Son beş ildə ölkəmizin müxtəlif regionlarında beynəlxalq standartlara uyğun, hər cür ləvazimatla təchiz olunmuş 1600 məktəb tikilərək şagirdlərin ixtiyarına verilib. Yetişən gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin əmək haqları vaxtaşırı artırılır, onların həyat səviyyəsinin getdikcə yüksəldilməsi üçün bütün imkanlardan istifadə olunur. Bu uğurlar təkcə təhsil sahəsində deyil, bütün sahələrdə qazanılıb. Bütün bunların təminatçısı böyük tarixi şəxsiyyət Heydər Əliyev siyasətidir, onun siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevdir. Xalq belə bir şəxsiyyətin iki dəfə yox, 4–5 dəfə, daha uzun müddətə prezident seçilməsini təbii ki, qəlbən istəyir. Ona görə də xalqın öz iradəsini ifada etməsinə məhdudiyyət qoyula bilməz.

Adlarını müxaliət qoyan bəzi araqarışdıranların belə bir demokratik təklifin əleyhinə çıxmaları başa düşüləndir. Onlar hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. Ancaq bu vaxta qədər səhv yolda olduqlarını dərk edə bilmirlər. Xalq artıq onlara öz qətiyyətli “yox” sözünü birdəfəlik deyib. Ona görə də hesab edirəm ki, Azərbaycanın gələcək inkişaf strategiyasının uzunmüddətli olacağını nəzərə alaraq dövlətin idarə olunmasında səriştəsi, təcrübəsi, bacarığı olan, dövlətin beynəlxalq aləmdəki nüfuzunu artıra bilən, mövqelərini möhkəmləndirməyə qadir olan prezidentin iki dəfədən artıq seçilməsinə məhdudiyyət qoyulmamalıdır.

İnanıram ki, martın 18-də keçirilməsi planlaşdırılan referendumda xalq böyük mütəşəkkillik nümayiş etdirərək Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcək, bu məhdudiyyətlərin aradan qaldırılmasına nail olacaq.

 

 

Şamil NURƏLİYEV,

 Saatlı Rayon Təhsil Şöbəsinin

 müdiri, YAP rayon təşkilatı

Siyasi Şurasının üzvü

 

Xalq qəzeti.-2009.- 9 yanvar.- S.4.