Dünya maliyyə böhranının ciddi fəsadları Azərbaycanda
gözlənilmir
Dünya maliyyə
böhranı ən böyük, inkişaf etmiş dövlətlərin
iqtisadiyyatına getdikcə öz mənfi təsirini göstərir.
ABŞ, Avropa İttifaqının üzvü olan ölkələr,
Yaponiya və digər dövlətlərdə bu
böhranın mənfi meyillərindən yaxa qurtarmaq
üçün ciddi tədbirlər həyata keçirilir,
özəl sektora yardım göstərilir, bank və
sığorta sahələrinə kreditlər ayrılır, nəhəng
konsernlər milliləşdirilir. Ölkəmizdə də
maliyyə böhranı ilə bağlı müxtəlif
fikirlər səslənir. Müxalifət mətbuatında
onun ölkəmizin iqtisadiyyatına ciddi təsir edəcəyi
vurğulanır, bununla əlaqədar bir sıra sənaye sahələrində
iş yerlərinin bağlanacağı, iqtisadiyyatın zəifləyəcəyi
önə çəkilir.
Əslində uzun illər maliyyə-kredit siyasəti məsələləri ilə məşğul olan ekspertlər bildirirlər ki, bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycanda dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi düzgün sosial-iqtisadi siyasət nəticəsində maliyyə böhranının elə bir təhlükəsi gözlənilmir. Bunun səbəblərini açıqlayan mütəxəssislər bir neçə məqamı önə çəkirlər. Bildirirlər ki, Azərbaycan dünya fond birjalarında iştirak etmir. Digər tərəfdən, ölkə iqtisadiyyatında aparıcı rol oynayan neft sənayesi dövlətin mülkiyyətidir. Azərbaycan Dövlət Neft Şirkəti səhmləşdirilməmişdir, buna görə də birja hərraclarında iştirak etmir. Lakin ölkəmiz beynəlxalq maliyyə sisteminin kifayət qədər fəal iştirakçısıdır. Biz məhsul satır, ondan əldə edilən valyuta ehtiyatlarını beynəlxalq banklarda yerləşdiririk. Son illərdə dünyanın aparıcı şirkətlərinin səhmlərini almağa başlamışıq, hərçənd buna o qədər də çox vəsait xərcləməmişik...
Azərbaycan hökuməti və Milli Bank tərəfindən böhranın təsirini azaltmaq üçün müvafiq tədbirlər həyata keçirilir. Məsələn, Milli Bank faiz dərəcələrini iki dəfə azaltmışdır. Bu, ona görə edilmişdir ki, kommersiya bankları riskə getməyə qorxmasınlar və Azərbaycan müəssisələrinin normal fəaliyyəti üçün onlara kredit versinlər.
Maliyyə böhranının tikinti sektoruna da elə bir ciddi təsiri gözlənilmir. Bununla əlaqədar Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayevin fikrincə, ölkəmizin həm makroiqtisadi, həm də sahə iqtisadiyyatı baxımından gələcək perspektivlərinin müəyyənləşdirilməsində dünyada mövcud iqtisadi vəziyyətə, siyasi münasibətlərə bu və ya digər dərəcədə diqqət yetirilməlidir. Ən başlıcası isə nəzərə almaq lazımdır ki, son vaxtlar dünyanı bürüyən maliyyə böhranı klassik bazar iqtisadiyyatı üzərində öz təsərrüfatını quran ölkələrdə daha qabarıq nəzərə çarpır. Gizlətməyək, bunun bizim respublikamıza da müəyyən təsiri olmuşdur. Amma bu təsir Azərbaycanı, belə demək mümkündürsə, əsas istiqamətdən, yəni tutduğumuz yoldan, müəyyənləşdirilmiş iqtisadi kursdan sapındıra bilməmişdir. Bəzən sual verirlər ki, bunun hansı yolla qarşısı alınır? Əvvəla , biz bazar münasibətlərinə yeni qoşulan və iqtisadiyyatı daha çox real sektor üzərində qurulan bir ölkəyik. Digər tərəfdən, həyata keçirilən iqtisadi kurs və onun təminatı olan maliyyə siyasəti bir-birini tamamlayır. Bütün bunlar isə təkrar edirəm, ölkəmizi dünyada dolaşan maliyyə böhranının təsirindən müəyyən qədər uzaqlaşdırır.
C.Qocayev bir mühüm məqamı da xatırlatdı ki, Azərbaycan qanunvericiliyi (burada investisiya fəaliyyəti haqqında qanun daha çox mühüm əhəmiyyət kəsb edir) bir sıra xüsusiyyətlərinə görə diqqəti çəkir. Belə ki, həmin sənədlərdə açıq-aydın göstərilir ki, ölkədə sosial-iqtisadi inkişaf xətti məqsədli proqramlar üzrə reallaşdırılır. Heç kimə sirr deyil ki, son beş ildə bizim regionların, o cümlədən Bakının sosial-iqtisadi inkişafı cənab İlham Əliyev tərəfindən təsdiqlənən müvafiq proqramlara əsaslanır. Məhz belə proqramların mövcudluğu da maliyyə böhranının təsirini, şübhəsiz ki, azaldır.
C.Qocayev daha sonra dedi: — Sözügedən böhranın konkret olaraq tikintiyə təsiri barədə onu qeyd edə
bilərəm ki, bu sahə çox
böyük kapital tutumludur. Ölkədə
həyata keçirilən
tikinti fəaliyyətinin
bir qisminə, məsələn, infrastruktur
layihələrinə yönəldilən
kapital, həmin sahədə istehsal olunan əlavə dəyər dövriyyəyə
daxil olmur. Bu, bütün dünyada belədir. Düzdür, gələcəkdə
hansısa yoldan, körpüdən, yol qovşağından istifadəyə
görə büdcəyə
müəyyən vəsait
daxil olması barədə qərar qəbul edilə bilər. Hələlik isə həmin infrastruktur layihələri
neft gəlirlərindən
də istifadə olunmaqla reallaşdırılır.
Bu, böhran davam edən dövrdə azacıq da olsa problem yarada bilər. Amma nəzərə alaq ki, bu
gün həyata keçirilən infrastruktur
layihələri gələcəkdə
investisiya fəaliyyəti
üçün səmərəli
bir mühit yaradacaq. Eyni zamanda, o, kapitalın
təmərgüzləşməsinin qarşısının alınmasında
böyük əhəmiyyətə
malikdir, investisiyanın
rayonlara, bölgələrə
səpələnməsi üçün
mühüm önəm
daşıyır. Başqa
sözlə, regionlarda
iş yerlərinin açılmasına, bununla
da yoxsulluğun azaldılmasına öz müsbət təsirini göstərir.
Onu da yaddan çıxarmayaq
ki, tikinti-investisiya fəaliyyətini təsadüfi
yerə inkişafın
lakmus kağızı
adlandırmırlar. Hansı dövlətdə,
ölkədə güclü
tikinti-quraşdırma işləri
aparırlarsa, deməli,
onlarda, şübhəsiz
ki, inkişaf, tərəqqi var. Bu, Azərbaycanda
da belədir. Hazırda ölkədə
geniş həcmli inşaat işlərinin reallaşdırılması həm
bu gün respublikamızın inkişafının,
həm də sabah onun
daha da qüdrətlənməsinin
bariz göstəricisidir.
Yeri gəlmişkən, bir mühüm məqamı da unutmayaq. Bu gün paytaxtda, bölgələrdə sosial
yönümlü tikintilər
aparılır. Məsələn, xəstəxanalar, diaqnostika
mərkəzləri, idman
kompleksləri inşa
olunur, istifadəyə
verilir. Bütün bunlar insan kapitlalının inkişafına,
əhalinin sağlamlığına,
sosial şəraitin yaxşılaşdırılmasına, ən başlıcası isə Azərbaycanın gələcək tərəqqisinə,
qüdrətlənməsinə hesablanmışdır.
Göründüyü kimi, tikintidə, eləcə də digər sahələrdə
dinamik inkişaf davam edir. Ümumi daxili
məhsul istehsalının
həcmi ildən-ilə
artır. Bu gün ölkənin qızıl-valyuta ehtiyatlarının
həcmi 17 milyard dollardan çoxdur. Bu və ya digər amillər əmin olmağa əsas verir ki, indiki böhranın
Azərbaycana elə bir ciddi təsiri
gözlənilmir. Hökumətin və Milli Bankın
pul-kredit və büdcə siyasəti də bunu açıq-aydın
göstərir.
Azərbaycanın iqtisadi inkişafı dövlət büdcəsinin
dinamikasında da öz ifadəsini tapmışdır. Hər şeydən əvvəl
qeyd edək ki, ötən illərdə olduğu kimi, bu ilin
dövlət büdcəsi
də Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən iqtisadi
strategiyanın məntiqi
nəticəsidir. Bununla
yanaşı, “iqtisadiyyatın
güzgüsü” adlandırılan
bu mühüm sənəd ölkə iqtisadiyyatının yeniləşməsini,
dinamik xarakter daşıyan sosial-iqtisadi
inkişaf meyillərini,
geniş vüsət alan struktur
dəyişikliklərini özündə
əks etdirir. Beynəlxalq Valyuta Fondunun açıqlamalarına
əsasən, bu il Azərbaycanda
iqtisadi artım 12 faiz təşkil edəcəkdir və bu da MDB-də
ən yüksək göstəricilərdən biridir.
Bu rəqəm, eyni zamanda, ölkə
iqtisadiyyatının yeni
keyfiyyət mərhələsinə
qədəm qoyduğunu
göstərir. Bir çox
xarici dövlətlərlə,
hətta inkişaf etmiş qabaqcıl ölkələrlə müqayisədə
respublikamızın qlobal
iqtisadi böhrana qarşı ciddi mübarizə tədbirləri
görməsi nüfuzlu
beynəlxalq qurumlar tərəfindən də
etiraf olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi
Valeriya Fikera tərəfindən Azərbaycanın
qlobal maliyyə böhranı fonunda 2009-cu
ili də
uğurla başa vuracağı, bu böhranın yarada biləcəyi çətinliklərə
hazır olduğu bildirilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-2009.-9 yanvar.-S.4.