Sabirabad dinamik inkişaf
yolundadır
Bu gün
sabirabadlılar Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bölgəyə səfərinin təəssüratları
altında yaşayırlar. Dövlət
başçısı rayonda olarkən Heydər Əliyev
adına mədəniyyət və istirahət parkında ulu
öndərin abidəsini ziyarət etmiş, Alkapon və lift
zavodları, “Aqrolizinq” müəssisəsi, Gənclər evi
ilə tanış olmuş, Olimpiya İdman Kompleksinin
açılış mərasimində iştirak etmişdir. Ölkə
başçısı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşündə rayonda görülən
işləri yüksək qiymətləndirərək
demişdir: “Sabirabad yeni dövrünü yaşayır. Üç
il ərzində çox böyük dəyişikliklər
olub, çox böyük quruculuq, abadlıq işləri
aparılır, sosial obyektlər, yeni müəssisələr
tikilir, iş yerləri açılır, şəhər
abadlaşır”.
Azərbaycan Prezidentinin verdiyi bu yüksək qiymət sabirabadlıların böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Muğanın baş şəhərinə çevrilən Sabirabadda bu gün işlər əvvəlki ahənglə davam etdirilir. Onlar ili uğurlu göstəricilərlə yola salmışdır. Ötən il rayonda görülən işlər bunu bir daha təsdiq edir. İqtisadiyyatın bütün sahələrində sevindirici uğurlar əldə edilmişdir. İstehsal olunan ümumi məhsulun həcmi 141 milyon 751 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 50,9 faiz çoxdur. Sənaye məhsulu istehsalı 58,5 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 49,9 faiz, nəqliyyat xidməti 46,3 faiz, rabitə xidməti 10,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 32,1 faiz artmışdır. Tikinti-quraşdırma işlərinin həcmi 15 milyon 365 min manat olmuşdur. Adam başına düşən məhsul istehsalı 49,5 faiz pul gəlirləri 69,7 faiz orta aylıq əmək haqqı 22,1 faiz çoxalmışdır.
Yoxsulluğun azaldılması və aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən əsas tədbirlərdən biri də dövlət tərəfindən əhaliyə sosial yardımların göstərilməsidir. Ötən il ƏSMM və DSMF tərəfindən rayonda 1248 nəfərə pensiya təyinatı aparılmışdır. Hazırda pensiyaçıların sayı 23832 nəfərə çatmışdır. Həmin dövrdə onlara 14 milyon 561,6 min manat məbləğində pensiya verilmiş, 2298 ailəyə (12325 nəfərə) isə ünvanlı sosial yardım təyin edilmişdir. Onlara 552 min 579 manat məbləğində ünvanlı sosial yardım edilmişdir ki, bu da həmin ailələrin rifah halının yaxşılaşdırılmasında böyük əhəmiyyət kəsb etmişdir. Pensiya ödənişləri bankomatlar vasitəsilə aparılmışdır.
Yeni istehsal sahələrinin yaradılması istiqamətində də xeyli işlər görülmüşdür. 2008-ci ilin 9 ayında rayonda sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələrdə 23 yeni müəssisə yaradılmışdır. İş adamlarının və sahibkarların səyləri nəticəsində yeni alkapon istehsal edən “Qafqaz AKP” MMC, “Muğan Sement”MMC, plitə istehsal edən “Muğan-2” MMC, sərnişin və yük liftləri buraxan ”Qafqaz MTZ” MMC, müxtəlif növ kisə hazırlayan “Qafqaz Yumşaq Tara fabriki” MMC və konserv məhsulları istehsal edən “Cavad” MMC yaradılmışdır.
Yeni müəssisələrin yaradılması eyni zamanda iş yerlərinin açılmasına da öz müsbət təsirini göstərmişdir. Son 5 ildə 14059 iş yeri açılmışdır. 2008-ci ildə isə 1833 iş yeri açılmışdır ki, bundan 379-u yeni, 568-i müvəqqəti, 886-sı isə mövsümidir. Müntəzəm keçirilən əmək yarmarkaları iş axtaranların işlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Avqustun 23-də keçirilən “Əmək yarmarkası”nda 20 idarə, müəssisə və təşkilat iştirak etmiş, 215 boş iş yeri təklif edilmiş, 81 nəfər iş axtaran işlə təmin olunmuşdur.
Əhalinin elektrik enerjisinə olan tələbatını tam ödəmək məqsədilə rayon mərkəzində və bəzi kənd yaşayış məntəqələrində müxtəlif gücə malik sıradan çıxmış transformatorlar əsaslı təmir olunmuşdur. Şəhərin bəzi küçələrində, o cümlədən, rayonun Əhmədabad, Şəhriyar, Cəngən, Çiçəkli, Muğan Gəncəli, Qaratəpə, Xəlfəli, Güdəcühür, Həşimxanlı, Yaxadəllək, Surra, Axısxa, Qəzli və Cavad kəndlərində saygaclar həyətdən küçəyə çıxarılmışdır. Heydər Əliyev prospektində küçə işıqlanmasının açıq tipli naqilləri kabellə əvəz olunmuşdur. Rayon mərkəzində Qalaqayın, Kürkəndi və Əsədli kəndlərində sayğacların konturlu sayğaclarla əvəz olunması işlərinə başlanılmışdır.
Ötən il təbii qaz alan abonentlərin sayı 4 mini ötmüşdür. 9 beşmərtəbəli yaşayış binasında qazlaşdırma işləri başa çatdırılaraq istismara verilmişdir. Şəhərin H.Həmidov küçəsində 1500 metr məsafəyə yeni qaz xətti çəkilmişdir. “Muğan” prospektinə, S.Vurğun və A.Sultanova küçələrinə qaz xətlərinin çəkilişinə başlanılmışdır. Kürkəndi, Qalaqayın, Şəhriyar və Azadakənd kəndlərinə təbii qazın verilməsi üçün daşıyıcı kəmər çəkilmiş, yaxın günlərdə həmin kəndlərə təbii qazın verilməsi təmin olunacaqdır.
“Su-kanal” idarəsi tərəfindən daxili imkanlar hesabına hidrotexniki qurğularda, su və kanalizasiya xətlərində cari təmir işləri aparılmışdır. Fasiləsiz iş rejimini təmin etmək məqsədilə ehtiyatda olan nasoslar təmir olunaraq işlək vəziyyətə gətirilmişdir. Kürkəndi və “Beşçətvər” adlanan kanallar üzərində olan nasosxanalarda payız-qış mövsümü ilə bağlı təmir işləri davam edir və həmin nasosxanaların iki tərəfli elektrik enercisi ilə təmin olunması üçün tədbirlər görülür. Su kanalı üzərində quraşdırılmış 2 ədəd su nasosu təmir olunmuşdur. Zəngilan rayonundan olan məcburi köçkünlər üçün Rüstəmli kəndində salınmış qəsəbədə içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə saatda 45 kubmetr su ötürə bilən yeni nasos stansiyası istifadəyə verilmişdir.
Əhaliyə göstərilən rabitə və poçt xidməti də yaxşılaşdırılmışdır. Qaratəpə və Həşimxanlı kəndlərində 256 tutumlu, Qalaqayın, Cavad, Ulacalı, Quruzma və Moranlı kəndlərində 160 tutumlu, Xəlfəli, Əhmədabad, Şıxsalahlı və Mürsəlli kəndlərində isə 128 tutumlu elektron tipli ATS quraşdırılmışdır. Mərkəzi elektron tipli ATS-dən Kürkəndi istiqamətinə kabel çəkilməklə kənd ATS-i ləğv olunmuşdur. Kənd ATS abunəçilərinin şəhər nömrələri ilə təmin olunması üçün lazımi işlər görülmüşdür. Telefon rabitəsi olmayan digər kəndlərdə də elektron tipli ATS-lərin quraşdırılması üçün tədbirlər görülür. Qaralar, Yolçubəyli və Zəngənə kənd ATS-lərinin daxili xətt şəbəkəsində də təmir işləri aparılmışdır. Tutumu 200 nömrəyə malik olan kənd ATS-lərinin enerjidən asılılığını ləğv etmək məqsədilə akkumlyator batareyalar quraşdırılmışdır. Rüstəmli qəsəbəsində, Məmişlər, Muradbəyli, Bala Həşimxanlı və Xəlfəli kəndlərində yeni poçt binaları tikilərək əhalinin istifadəsinə verilmişdir.
Ötən dövrdə rayonda geniş abadlıq, tikinti-quruculuq işləri də aparılmışdır. Heydər Əliyev Muzeyi yenidən qurulmuş, Heydər Əliyev adına parkda əsaslı tikinti işləri aparılmışdır. Gənclər evi yaradılmış, şəhərin prospekt və küçələri asfaltlaşdırılmış, yeni səkilər çəkilərək daşlarla üzlənmişdir. Şəhərdə ən müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ümumiyyətlə, cari ildə şəhərin 22 küçəsinə və 8 dalanına asfalt örtük vurulmuşdur. Çoxmərtəbəli yaşayış binalarının həyətləri asfaltlaşdırılmış və digər abadlıq işləri görülmüşdür. Yerli əhəmiyyətli kənd yollarının əksər hissəsinə çınqıl döşənməklə avtoqreyderlə hamarlanaraq profilə salınmışdır.
Rayon Təhsil Şöbəsi üçün yeni inzibati bina inşa olunur. Təhsil sisteminin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə 180 şagird yerlik Çöl-Ağammədli kənd əsas məktəb binası istifadəyə verilmişdir. Daxili imkanlar hesabına Qaralar kənd əsas məktəbində, büdcə vəsaiti hesabına N.Nərimanov adına şəhər 2 saylı orta, Əliləmbəyli, Xankeçən kənd əsas, Dadaşbəyli kənd orta, Qəfərli kənd ibtidai məktəblərində, şəhər 5 saylı uşaq bağçasında və İdman məktəbinin binasında əsaslı təmir işləri başa çatdırılmışdır Qəza vəziyyətində olan M.Müşfiq adına şəhər 4 saylı orta məktəbdə əsaslı təmir işləri aparılır. Təhsil müəssisələrində cari təmir işlərinin aparılması üçün müxtəlif materiallar məktəblərə paylanılmışdır. Şəhərin birtipli 6 məktəbində istilik sistemləri və qazanxanalar əsaslı təmir olunmuşdur. Bundan əlavə məktəblər parta, stol, stul, şkaf, lövhə və digər avadanlıqlarla təchiz edilmişdir.
Əhaliyə göstərilən səhiyyə xidmətini yaxşılaşdırmaq məqsədilə AzKİL xətti ilə rayonun Osmanlı kəndində yeni feldşer-mama məntəqəsi tikilib istifadəyə verilmişdir. Rayon mərkəzində “Şam” sağlamlıq və istirahət mərkəzi yaradılmışdır. Burada müxtəlif xəstəliklərin müalicəsi aparılacaqdır. Ulacalı kənd sahə xəstəxanasında, Yolçubəyli və Həşimxanlı həkim ambulatoriyalarında, Mərkəzi Rayon Xəstəxanasının inzibati korpusunun rentgen kabinetində, əməliyyat otağında, cərrahiyyə, reanimasiya və nevrolgiya şöbələrində əsaslı təmir işləri görülmüşdür. Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanasının ön hissəsindəki meydan və yol asfalt örtüyü ilə üzlənmiş, səkiqırağı məhəccərlər və bardyurlar daxili imkanlar hesabına rənglənmiş və əhənglənmişdir.
Əlil və şəhid ailələrinə göstərilən diqqət daha da artırılmışdır. 24 və 16 mənzilli yaşayış binaları onların istifadəsinə verilmişdir. Hazırda bu qrupdan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırmasının davamı olaraq rayon mərkəzində ikimərtəbəli 16 mənzilli yaşayış binasında tamamlama işləri aparılır. Kənd yerlərində yaşayan Qarabağ əlillərinə və şəhid ailələrinə fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı sahələr ayrılmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalına da diqqət artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar üçün 40 manat yardım verilməsi təmin edilmişdir. 18,4 min nəfər ayrılan 2 milyon vəsaiti plastik kartlarla almışdır ki, bu da rayonda kənd təsərrüfatı məhsulları istehsalına ciddi təkan vermişdir. 2008-ci ildə 54094 hektar sahədə əkin aparılmışdır. Bu da əvvəlki illə müqayisədə 799 hektar artıqdır. Taxıl, pambıq, kartof, tərəvəz bostan və yem bitkiləri əkin strukturunda daha üstünlük təşkil etmişdir. Dövlət tərəfindən taxıl əkininin hər hektarı üçün 40 manat vəsaitin verilməsi kəndlilərin taxıl əkininə maraqlarını daha da artırmışdır. 2008-ci ilin məhsulu üçün 2007-ci ildə 25325 hektar taxıl əkilmişdi ki, əvvəlki illə müqayisədə 2129 hektar çoxdur. 92437 ton taxıl istehsal edilmişdir ki, bu da ötən illə müqayisədə 9 min ton çox olmuşdur. Hər hektardan məhsuldarlıq 36,5 sentner olmuşdur ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən biridir.
Heyvandarlıq sahəsində də inkişaf vardır. Ötən dövrdə malın sayı 1871 baş artaraq 102 min 833-ə çatdırılmışdır. Xırda malın sayı isə 3 min 363 baş artmış və 157 min 618 olmuşdur. Moranlı, Muğan Gəncəli, Nizami, Quruzma, Qaralar ərazi nümayəndəlikləri iri heyvandarlıq ərazilərinə çevrilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 414 ton, süd 2 min 833 ton, yun 18 ton, yumurta isə 3 milyon 4 min ədəd artmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalında əkin sahələrinin suvarması mühüm əhəmiyyət kəsb edir. Mexaniki Suvarma İdarəsi tərəfindən suvarılmanın səmərəliliyini artırmaq məqsədilə 189 kilometr uzunluqda su kanalları lildən təmizlənmişdir. 75 ədəd nasos aqreqatı, 13 ədəd elektrik mühərriki, 31 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Suvarma Sistemləri İdarəsi tərəfindən müxtəlif markalı 10 ədəd su nasosu, 12 ədəd elektrik mühərriki, suvarma kanallarının üzərində olan 92 hidrotexniki qurğu əsaslı təmir olunmuşdur. 319 kilometr uzunluqda su kanalı lildən təmizlənmiş, 30500 hektar sahənin suvarılması təşkil edilmişdir. Ümumilikdə, su idarələri tərəfindən 508 kilometr uzunluğunda su kanalları, Meliorasiya İdarəsi tərəfindən isə 157,2 km uzunluğunda dren-kollektorlar lildən təmizlənmişdir.
Bütün
bunların nəticəsində də Sabirabad rayonu 2008-ci ili
bütün sahələrdə yüksək göstəricilərlə
başa vurmuşdur.
Səməd HÜSEYNOĞLU
Xalq qəzeti.-2009.- 9
yanvar.- S.5.