Azərbaycanın neft strategiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

Yeni əsrin daha bir ili tarixə qovuşdu. Yola saldığımız 2008-ci il ölkəmizin sosial-iqtisadi həyatı üçün son dərəcə uğurlu olmuşdur. İl ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində əvvəlki dövrlərdə əldə olunmuş iqtisadi artım daha da sürətlənmiş, Azərbaycanın iqtisadi inkişafın dinamikasına görə regionda liderlik mövqeyi bir qədər də möhkəmlənmişdir. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ötən il xeyli sürətlənmiş, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.

Bütövlükdə isə əsaslı yüksəliş və tərəqqi dövrü kimi xarakterizə olunan son beş ildə Azərbaycan iqtisadiyyatının həcmi iki dəfədən də çox artmışdır ki, bu da dünya üzrə analoqu olmayan bir göstəricidir. Son illər sosial-iqtisadi inkişafı təsdiqləyən mühüm amillərdən sayılan məşğulluq strategiyasının həlli istiqamətində ölkəmizdə böyük uğurlar əldə edilmişdir. Təkcə onu demək kifayətdir ki, ötən beş il ərzində Azərbaycanda 750 min yeni iş yeri açılmışdır ki, bunun da əksəriyyəti daimi olmaqla ölkənin qeyri-neft sektorunun payına düşür. Artıq ölkənin regional, tarazlı inkişafı da, demək olar ki, təmin edilmişdir. Elə yeni iş yerlərinin 85 faizindən çoxunun regionlarda yaradılması da bu faktı təsdiqləyir.

Ölkə üzrə əldə olunmuş yüksək iqtisadi artım, neft strategiyasının uğurları, büdcə imkanlarının genişlənməsi abadlıq-quruculuq işlərinə böyük təkan vermişdir. İndi respublikamızın elə bir guşəsi yoxdur ki, orada genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmasın. İl ərzində yeni inftrastruktur layihələrinin əksəriyyəti uğurla reallaşdırılmış, ölkədə çoxsaylı sosial obyektlər tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, 2008-ci ildə dövlət başçısı İlham Əliyev 160-dan çox obyektin açılışında və təməlqoyma mərasimində iştirak etmişdir.

Yola saldığımız 2008-ci il ölkə iqtisadiyyatının lokomotivi sayılan neft sənayesi üçün xüsusilə uğurlu olmuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. Elə 2008-ci ildə sənayedə qeydə alınmış yüksək artım da, əsasən, ölkədə neft istehsalının çoxalması hesabına baş vermişdir. Ötən il Azərbaycanda neft hasilatının həcmi 45 milyon tonu ötüb keçmişdir ki, bu da ölkəmizin neft sənayesi üçün rekord göstərici hesab olunur. Xatırladaq ki, Azərbaycanda neft hasilatının ən yüksək göstəricisi 1941-ci ildə qeydə alınmışdı (23 milyon 482 min ton). Ölkəmizin yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində hasilat sahəsində qeydə alınan rekord nəticə isə qarşıdan gələn növbəti hər bir ildə təzələnərək 60-65 milyon tona çatacaq. Bu da ölkəmizin iqtisadi qüdrətinin artmasında, xalqımızın rifah halının yaxşılaşmasında əvəzsiz rol oynayacaq.

Hazırda özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası Avropa ölkələrinin də enerji təminatına mühüm töhfələr verir. Buna isə ölkəmizin zəngin karbohidrogen ehtiyatları imkan yaradır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Azərbaycan 2008-ci ildə öz enerji siyasətini uğurla davam etdirmişdir. Biz enerji təhlükəsizliyi məsələlərinə nail olduq və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstəririk. Bu bizə həm siyasi, həm iqtisadi dividendlər gətirir, bizim üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Azərbaycan, demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edibdir, ixracın şaxələnməsinə nail olubdur... Bu bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir”. Təsadüfi deyil ki, Xəzərin enerji resurslarına, Azərbaycanın karbohidrogen ehtiyatlarına beynəlxalq maraq getdikcə güclənir. İndi ölkəmiz bir çox enerji layihələrinin mərkəzinə çevrilməklə, həm də regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verir. Elə 2008-ci ilin noyabr ayının ortalarında Bakıda keçirilmiş IV enerji sammiti də bunun bariz nümunəsidir. Xatırladaq ki, həmin tədbirdə Azərbaycan, Türkiyə, Litva, Gürcüstan və Polşa prezidentləri, Bolqarıstanın vitse-prezidenti, Macarıstanın və Estoniyanın baş nazirləri, ABŞ-ın energetika naziri, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı, eləcə də 21 ölkənin nümayəndələri və diplomatlar iştirak etmişdilər. Enerji sammitində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu neft siyasətinin bütün regionun inkişafına, eləcə də regional əməkdaşlığa mühüm töhfələr verdiyi vurğulanmışdır. Ölkəmizin yeritdiyi enerji təhlükəsizliyi siyasətini təsdiq edən tədbir iştirakçıları 13 bənddən ibarət mühüm bəyannamə imzalamışlar. Azərbaycan Prezidenti İlham Əliyev xalqımıza ünvanladığı yeni il təbrikində bir daha Bakıda keçirilmiş enerji sammitinin əhəmiyyətinə toxunaraq demişdir: “Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcəkdir. Biz bu imkanlardan uğurla istifadə edirik və mən şübhə etmirəm ki, növbəti illərdə Azərbaycanın uğurlu neft strategiyası davam etdiriləcəkdir”.

2008-ci ildə ölkəmizin yeni neft strategiyası çərçivəsində əldə edilmiş ən böyük uğurlardan biri “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismara daxil edilməsi ilə bağlı olmuşdur. Məhz aprel ayında “Dərinsulu Günəşli” platformasından neft hasilatına başlanması ilə “Əsrin müqaviləsi” çərçivəsində yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi mərhələsi sona çatdırılmışdır. Bundan əlavə, xam nefti qəbul edib onu texnoloji emal prosesindən keçirdikdən sonra ixrac sisteminə vurmaq məqsədilə Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmiş, lazımi qurğu və obyektlərin inşası uğurla tamamlanmışdır. Bütövlükdə isə son 3-4 ildə “Azəri” və “Günəşli” yataqlarının tam istismara daxil edilməsi, burada quraşdırılmış platformalardan yeni quyuların qazılması, eləcə də 11 il əvvəl istismara verilmiş “Çıraq” yatağındakı quyuların neft veriminin artırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı ilbəil artır. Təkcə onu demək kifayətdir ki, 1997-ci ilin noyabr ayından indiyədək “Azəri-Günəşli-Çıraq” layihəsi çərçivəsində 155 milyon tondan çox neft hasil edilmişdir.

Ötən il Azərbaycan neftini dünya bazarına çıxaran ixrac marşrutları da uğurla fəaliyyət göstərmişdir. 2006-cı ilin iyun ayında istismara daxil edilən Heydər Əliyev adına Bakı —Tbilisi—Ceyhan boru kəməri ilə indiyədək təqribən 70 milyon ton xam neft nəql olunmuşdur. Ötən müddətdə Azərbaycan nefti yüklənmiş 650 tanker Ceyhan limanından dünya bazarına çıxarılmışdır.

Azərbaycanın yeni neft strategiyasının ən uğurlu layihələrindən sayılan “Şahdəniz” qaz-kondensat yatağının istismarı da müvəffəqiyyətlə həyata keçirilir. Qeyd edək ki, Azərbaycanda böyük qaz hasilatının əsasını qoymuş “Şahdəniz” yatağının istismara verilməsi, həm də ölkəmizi “mavi yanacaq” ixrac edən dövlətə çevirmişdir. Məlum olduğu kimi, hazırda “Şahdəniz” qazı Gürcüstan, Türkiyə və Yunanıstana ixrac olunur. Göründüyü kimi, neft strategiyasının icrası və Azərbaycanda böyük qaz yataqlarının kəşfi və işlənilməsi nəticəsində ölkəmiz artıq qaz idxal etmir, əksinə öz qazını başqa dövlətlərə ixrac edir. Artıq ölkəmiz Avropa ölkələrinin qaza artan tələbatın ödənilməsinə mühüm töhfələr verir. Elə tikintisi nəzərdə tutulan “Nabukko” kəmərinin doldurulması üçün əsas mənbələrdən biri də məhz Azərbaycan qazının olacağı artıq təsdiqlənmişdir.

Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması neftlə yanaşı, qaz hasilatının da kəskin şəkildə artmasına səbəb olmuşdur. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 2008-ci ildə ölkəmizdə 15 milyard kubmetrdən çox əmtəəlik qaz hasil edilmişdir ki, bu da son illər üçün rekord göstəricidir.

Göründüyü kimi, ölkəmizin yeni neft strategiyasının uğurları ilbəil artır. Artıq Azərbaycanın neft gəlirləri getdikcə çoxalır və ölkəmizə böyük həcmdə valyuta daxil olur. Bu gəlirlər isə mənfəət neftinin satışı, tranzit haqları, akr hesablar, bonusları və s. ödənişlər hesabına formalaşır. Bundan əlavə, Azərbaycandakı iri neft layihələrinin iştirakçısı olan xarici şirkətlər ölkəmizə böyük məbləğdə vergilər ödəyirlər. Təqribi hesablamalara görə, Azərbaycan təkcə, “Əsrin müqaviləsi”ndən 200 milyard dollardan çox gəlir əldə edəcəkdir. Bu gəlirlər isə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, indiki və gələcək nəsillərin firavanlığının təmin olunmasına yönəldiləcək. Eyni zamanda, Azərbaycanın yeni neft strategiyasının uğurları, əldə olunmuş valyuta ehtiyatları gələcək nailiyyətlərə geniş yollar açır. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə demişdir: “...Bizim indi gözəl təcrübəmiz var... Eyni zamanda, artıq bizim maliyyə imkanlarımız var. Bu maliyyə imkanlarından istifadə etməliyik və Azərbaycanda bütün neft-qaz sənayesini müasirləşdirməliyik... Uzun illər bundan sonra da bu sahə Azərbaycan iqtisadiyyatı üçün böyük uğurlar gətirəcəkdir”. İndi, demək olar ki, Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilməkdədir. Artıq Azərbaycan Dövlət Neft Şirkətinin bir çox xarici ölkələrdə nümayəndəliklərinin açılması, həmin dövlətlərin iqtisadiyyatına investisiya yönəltməsi məhz ölkəmizin neft strategiyasının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasından xəbər verir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.-2009.-10 yanvar.-S.1.