Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüquq və
ədalət prinsiplərinə uyğun həlli üçün
bütün vasitələrdən istifadə olunur
Dünyanın qüdrətli dövlətləri və
nüfuzlu beynəlxalq qurumları bu məsələdə Azərbaycanın
mövqeyini dəstəkləyir
Azərbaycanın
diplomatik mövqelərinin getdikcə güclənməsi,
iqtisadi cəhətdən sürətli inkişaf yoluna qədəm
qoyması beynəlxalq aləmdə diqqət mərkəzindədir.
Hazırda müstəqil dövlətimiz təkcə Cənubi
Qafqazda deyil, həm də regionda liderdir. Bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət
kəsb edən dövlətdir. Son illər bir sıra iri layihələrin
reallaşdırılması ölkəmizin dünya
miqyasında mövqelərini daha da möhkəmləndirmiş,
inkişaf etmiş qüdrətli dövlətlərlə əlaqələrini
genişləndirmişdir. Dünyanın fövqəldövlətləri
Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığa
marağı artırıblar.
Bir çox ölkələrlə
qarşılıqlı münasibətlər yeni pilləyə,
strateji tərəfdaşlıq pilləsinə yüksəlib.
Azərbaycanın xarici siyasəti sülhsevər siyasətidir.
Dövlət başçımızın daxili və xarici
siyasətində ana xətti bölgədə sülh, sabitlik
təşkil edir. Dövlətimizin amalı iqtisadi əməkdaşlığın
sürətlənməsi, bölgədə yerləşən
bütün ölkələrin sülh, sabitlik, dostluq şəraitində
yaşamasıdır. Münaqişələrin həllində
sülh siyasətinə, beynəlxalq hüququn norma və
prinsiplərinə üstünlük verilməsi Azərbaycanı
dünyada sülhsevər dövlət kimi tanıdıb. Məhz
bunun nəticəsidir ki, dünyanın əksər ölkələri,
həmçinin tanınmış beynəlxalq qurumları
ölkəmizin mövqeyini dəstəkləyir, Azərbaycanın
ərazi bütövlüyünü tanıdıqlarını
bildirirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər uzanmasının əsl səbəbləri artıq dünya ictimaiyyətinə də bəllidir. İndi beynəlxalq qurumlar da həqiqəti, reallığı etiraf edərək problemin aradan qaldırılmamasında Ermənistan tərəfini qınayır, bu dövlətin işğalçılıq missiyasından hələ də əl çəkə bilməməsini kəskin pisləyirlər. Artıq BMT kimi nüfuzlu bir qurum da münaqişənin bu vaxta qədər uzanmasında Ermənistan tərəfinin günahkar olduğunu açıq şəkildə bəyan edib. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. BMT-nin Baş Məclisi bu yaxınlarda yenidən Dağlıq Qarabağ münaqişəsini müzakirəyə çıxarmış, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmiş, Ermənistan tərəfi bu dəfə də qınaq hədəfinə çevrilmişdir. Digər beynəlxalq təşkilatlar da müxtəlif vaxtlarda qəbul etdikləri qərarlarla Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirmişlər. Onu da qeyd edək ki, artıq beynəlxalq təşkilatlar öz mövqelərini açıq şəkildə bəyan edirlər: Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır.
Dövlət başçımızın uğurlu xarici siyasəti nəticəsində Avropa Şurası kimi mötəbər qurum da Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqləmişdir. Artıq 2005-ci ilin yanvarında bu qurum Ermənistanı işğalçı dövlət, Dağlıq Qarabağı isə separatçı rejim kimi tanıdığını bəyan etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin gərgin fəaliyyətinin, diplomatik nüfuzunun nəticəsi olan bu və ya digər təkzibedilməz faktlar, əldə olunan nailiyyətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində dönüş yarandığını, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə getdikcə daha artıq müdafiə olunduğunu göstərir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılacağı günün getdikcə yaxınlaşmasından xəbər verir. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylər əvvəlki illərlə müqayisədə xeyli güclənmiş, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların konkret həll formatına salınması da Azərbaycan tərəfinin açıq-aydın hiss olunan siyasi üstünlüyüdür. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin mümkünlüyünü, sülh danışıqlarının bu formatda aparıla biləcəyini qətiyyətlə bildirən Prezident İlham Əliyevin bu mövqeyi həm beynəlxalq təşkilatlar, həm də dünyanın fövqəldövlətləri tərəfindən birmənalı şəkildə müdafiə olunur. Dövlət başçımız aydın və qətiyyətli mövqeyini ortaya qoyaraq demişdir: “Bir daha bəyan edirəm ki, nə beş ildən sonra, nə on ildən sonra, nə on beş ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm”.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyünün əsas prinsip kimi götürülməsini ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzə də vacib hesab edərək demişdir: “Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü əsas prinsipdən biri olmalı və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli variantı barədə düşünmək lazımdır”. Amerikalı diplomatın bu açıqlamasından sonra Ermənistan rəhbərliyinin münaqişənin həllində kompromis variantlar təklifi, güzəşt istəməsi birdəfəlik qapadıldı. Buna qədər də Azərbaycan Prezidenti ölkəmizdən güzəşt umanlara sərt mesaj göndərmiş, xalqın heç zaman ərazi itkisi ilə barışmayacağını, doğma torpağından bir qarış da güzəştə getməyəcəyini bildirmişdir. Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas mahiyyəti yenə də Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirmək, qəsbkar ölkəni bölgədə dinamik inkişaf prosesindən, iri layihələrə qoşulmaqdan, qlobal enerji kommunikasiya layihələrindən təcrid etməkdir. Eyni zamanda, Azərbaycanın gündən-günə artan iqtisadi, hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarətdir. Biz ötən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar Bakıda keçirilən hərbi parad zamanı da bunun şahidi olduq. Bütün dünyanın diqqət mərkəzində olan hərbi parad zamanı bir daha məlum oldu ki, Azərbaycanın işğal altında olan ərazilərini hər an azad etməyə qadir qüdrətli ordusu var. İşğalçı dövlət bundan daha çox qorxuya düşdü. Dövlət başçımızın Ermənistanla aparılan danışıqların nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret hərb yolundan istifadə olunması məsələsinin ictimai müzakirəyə çıxarılacağını bəyan etməsi qarşı tərəfi daha da qorxutdu. Artıq qəsbkar Ermənistan dövləti açıq-aydın hiss etməyə başladı ki, Azərbaycanda çox güclü ordu potensialı formalaşmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşmaqdadır. Bunu görən mənfur qonşu sülh danışıqlarında iştirakdan yayınmağa son qoydu. Hətta münaqişənin nizamlanması ilə əlaqədar ATƏT-in Minsk qrupu həmsədrlərindən biri Rusiya Federasiyası tərəfindən təklif olunan sənədi imzalamaq məcburiyyətində qaldı. Keçən ilin noyabrında Moskvada üç ölkə – Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli formatda danışıqlar aparmasını və ilk dəfə olaraq birgə sənəd imzalamalarını diqqətə çatdırmaq istəyirik.
Siyasi ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həllində Moskva Bəyannaməsinin imzalanmasını yeni mərhələ hesab edirlər. Ümumilikdə, Moskva Bəyannaməsi Azərbaycan Prezidentinin münaqişənin nizamlanmasında bu vaxta qədər nümayiş etdirdiyi mövqelərini bir növ təsdiq edir. Çünki dövlət başçımız bu vaxta qədər keçirdiyi çoxsaylı görüşlərində birmənalı olaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu zaman beynəlxalq hüququn norma və prinsipləri əsas götürülməlidir. Bu məsələ Moskva Bəyannaməsində də birmənalı olaraq öz əksini tapıb. Sənəddə deyilir ki, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, bu çərçivədə əvvəllər də qəbul olunmuş qərarlar və sənədlər əsasında həll olunması məqsədə müvafiqdir. Digər tərəfdən, möhtərəm Prezidentimiz danışıqlarda yalnız Azərbaycan və Ermənistan rəhbərliyinin təmsil olunmasını təklif edib və buna da nail olub. Moskva Bəyannaməsi də danışıqlarda iki ölkə – Azərbaycan və Ermənistan dövlət başçılarının iştirakına üstünlük verib. Dövlət başçımız keçirdiyi çoxsaylı görüşlərdə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasını düzgün variant hesab edib. Moskva Bəyannaməsi də bunu düzgün variant hesab edib. Beləliklə, Moskva Bəyannaməsi qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidentini danışıqlarda iştirakdan rəsmən uzaqlaşdırdı. Bu, belə də olmalı idi. Çünki bu vaxta qədər Dağlıq Qarabağ hər hansı bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən müstəqil respublika kimi tanınmayıb. Hətta, buna cəhd də göstərilməyib. Üstəlik, Ermənistan tərəfi də Dağlıq Qarabağı müstəqil respublika kimi tanımağa cürət etməyib. Xarici ölkələrdə fəaliyyət göstərən güclü erməni lobbiləri bu istiqamətdə müəyyən fəaliyyət göstərsələr də Azərbaycan Prezidentinin uzaqgörənliyi sayəsində bu cəhdlərin qarşısı alınmışdır.
2006-cı il avqustun 14-də diplomatik xidmət orqanlarının iştirakı ilə Bakıda keçirilmiş müşavirədə möhtərəm Prezidentimiz erməni lobbisinin apardığı çirkin təbliğata qarşı əks-hücumun gücləndirilməsi ilə əlaqədar ciddi tapşırıqlar vermiş və bu işi diplomatik korpus nümayəndələrinin qarşısında prioritet vəzifə kimi qoyaraq demişdir: “Erməni lobbisi bizim əleyhimizə çox fəal kampaniya aparır və bunu hiss edirik, görürük. Bəzi hallarda müxtəlif xarici mətbuat orqanlarında Azərbaycana qarşı qərəzli məqalələrin arxasında da məhz erməni lobbisi dayanır. Biz bunu bilirik, öz mübarizəmizi aparmalıyıq və daha da fəal olmalıyıq. Bu istiqamətdə siyasətimizi daha da güclü aparmalıyıq. Mən bir neçə dəfə demişəm, bir də demək istəyirəm, biz informasiya hücumuna keçməliyik. Biz Ermənistanın işğalçı siyasətini ifşa etməliyik”.
Təcavüzkar Ermənistan dövlətinin düşünülməmiş addımlar atması onu daha da çıxılmaz vəziyyətə salıb. Bunun nəticəsi olaraq işğalçı dövlətin ifşası üçün kifayət qədər yeni imkanlar tapılmışdır. Dövlət başçımızın davamlı uğurlu siyasəti nəticəsində hazırda dünyanın əksər ölkələri və tanınmış beynəlxalq qurumları Azərbaycanın mövqeyini dəstəklədiklərini açıq şəkildə bəyan edir, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırlar. Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə bir daha öz mövqeyini bildirmiş və qətiyyətlə bəyan etmişdir: “Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-10
yanvar.-S.2.