Müasir Azərbaycanın reallıqları

 

Müasir dünyada “qloballaşma” sözü bütün dövlətlərin, ən böyük beynəlxalq təşkilatların və əsas siyasətçilərin leksikonunda özünə möhkəm yer tutmuşdur. Hamı qloballaşmadan danışır və bu prosesin dönməz xarakter alması dönə-dönə qeyd edilir. Bu zaman başqa bir ifadə – “milli maraqlar” sözü də “qloballaşma” termini ilə yanaşı dövri olaraq gündəliyə gətirilir. Yəni qloballaşma prosesi dönməz xarakter alsa da, milli maraqlar, dövlət mənafeləri hamı üçün daha əhəmiyyətli, daha önəmlidir. Həmin prizmadan yanaşanda Azərbaycanın həm qloballaşma prosesində fəal iştirakının, həm də öz milli maraqlarının, dövlət mənafelərini yüksək səviyyədə təmin etməsinin şahidi oluruq.

Azərbaycan cəmiyyətdə demokratik dəyərlərin daha dərindən tətbiq edilməsində, tolerantlığın yüksək səviyyədə qorunmasında, əsas insan hüquq və azadlıqlarının müdafiəsində mühüm nümunələr göstərir. Dövlətimiz hətta, öz ərazi bütövlüyünün bərpası kimi mühüm ümumxalq əhəmiyyətli məsələnin həllində də sivil dünya təcrübəsindən, sülh və danışıqlar yolundan, siyasi-diplomatik həll variantından istifadə etməyi vacib sayır. Bütün bunlar gənc müstəqil Azərbaycanın beynəlxalq aləmdə gedən qloballaşma prosesinə verdiyi töhfələrdir. Ancaq dövlətimiz və dövlət başçımız üçün daha önəmli olanı milli maraqlarımızın qorunması, dövlət mənafelərimizin təmin edilməsidir.

Bu gün Azərbaycan xalqının böyük səmimiyyətlə etiraf etdiyi, dünya ictimaiyyətinin isə maraq və ehtiramla qarşıladığı bir həqiqət mövcuddur: Azərbaycanın indiki zirvələrə qalxmasının əsas səbəbi, tərəqqi və inkişafa gedən yolumuzun banisi Heydər Əliyev siyasi kursudur. Bəzən politoloq və siyasətçilər bunu deyərkən konkret olaraq bir şəxsin nəzərdə tutulduğunu israr edirlər. Ancaq Heydər Əliyev elə bir siyasət dahisi idi ki, təkcə onun özü deyil, eləcə də işləyib hazırladığı mükəmməl siyasi kurs da ayrılıqda müəyyən məsələlərin və ya fəaliyyət sahəsinin banisi kimi qəbul edilir. Elə 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi üçün Azərbaycan xalqının etdiyi seçim də həmin iradənin təsdiqi kimi qəbul edilir. Bu gün həm 2008-ci təqvim ilinin başa çatması, həm də cənab Prezident İlham Əliyevin birinci müddətə prezident seçilməsindən sonra ölkədə həyata keçirilmiş genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri, sosial-iqtisadi inkişaf, hərtərəfli islahatların daha da dərinləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətlər barədə söz açarkən ən tez yuxarıda qeyd etdiyimiz amil xatırlanır: Heydər Əliyev siyasi kursunun Azərbaycana gətirdiyi baş ucalığı və xalqın bu kursa ehtiramın nəticəsi olaraq etdiyi seçim. Həmin seçimin nəticələri barədə bir qədər söz açdıqdan sonra bu kursun davam etdirilməsi barədə ümumxalq istəyindən danışacağıq.

Prezident İlham Əliyevin Azərbaycanın rəhbəri kimi beşillik dövlətçilik və idarəçilik fəaliyyəti bütün cəhətlərinə görə, pozitiv meyarlarla şərtlənir. Bu fəaliyyət orijinallığı və özünəməxsusluğu ilə seçilir. Dövlət başçısının rəhbərlik üslubu yüksək səviyyədə müasirlik, novatorluq, təşəbbüskarlıq, qətiyyətlilik, mübarizliklə, elmi və intellektual yanaşma ilə tamamlanır. Bu, milli dövlətçiliyə, siyasi idarəçiliyə ən mütərəqqi, ən müasir yanaşma üsuludur və sivil dünya ölkələri tərəfindən birmənalı şəkildə qəbul olunaraq təqdir edilir. Bu, cənab İlham Əliyevin beşillik prezidentlik fəaliyyəti dönəmində öz parlaq ifadəsini, əyani təzahürünü tapan özünəməxsus idarəçilik, liderlik, rəhbərlik üslubudur. Dövlət başçısının Prezident seçilərkən verdiyi vədlər və əməli işində əldə etdiyi daha böyük nailiyyətlər göz qarşısındadır. Bu səbəbdən o, xalq tərəfindən birmənalı olaraq alternativsiz siyasi lider və nüfuzlu dövlət xadimi kimi yüksək dəyərləndirilir.

İlham Əliyevin həm dövlət başçısı, həm də populyar ictimai-siyasi xadim kimi reytinqi, nüfuzu çox yüksəkdir. Bunu bir sıra tanınmış, obyektivliyi ilə seçilən sosioloji araşdırma mərkəzlərinin müxtəlif vaxtlarda həyata keçirdikləri tədqiqatlar və sorğular əyani şəkildə təsdiq edir. Belə sorğuların, tədqiqatların nəticələrini müqayisəli şəkildə təhlil etdikdə bu nüfuzun, populyarlığın son beş il ərzində yalnız yüksələn xətlə inkişaf etdiyi aydın görünür. Bu, onunla izah edilir ki, Prezident İlham Əliyev hər zaman vətəndaşların sosial mənafeyini əsas götürür, əhalinin bütün təbəqələrinin sosial rifahını şərtləndirən çeşidli dövlət proqramlarının həyata keçirilməsinə xüsusi önəm verir.

Müasir dövrdə hər bir dövlətin demokratik inkişaf yoluna sadiqliyi bəzi mühüm meyarlarla yanaşı, həm də hakimiyyətin xalqa xidmət göstəricisi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə hansı səviyyədə əməl etməsilə ölçülür.

Hər xalqı, hər dövləti ilk növbədə onun rəhbəri, lideri ilə tanıyıb qəbul edirlər. Bu, bütün dünya xalqlarının qəbul etdiyi və dərin tarixi kökləri olan bir ənənədir. Bu mənada dövlət başçısı olmaq, siyasi liderlik hakimiyyətlə yanaşı, böyük məsuliyyət yükünün daşıyıcısı olmaq deməkdir. Bu mövqeyə iddialı olanların sayı kifayət qədər olsa da, siyasi hakimiyyət məsuliyyətini daşımağa heç də hər bir insan qadir deyil. Bundan ötrü yüksək pozitiv siyasi göstəricilər, başqa sözlə, xalqın böyük dəstəyinə və siyasi xarizmaya söykənən əsl siyasi liderlik tələb olunur. Bəllidir ki, cəmiyyətlə onun siyasi təsisatları arasında üzvi bağlılıq, harmoniya mövcuddur. Burada siyasi novatorluq və uzaqgörənlik həlledici rol oynayır. Nüfuzlu siyasətçinin uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya, bütövlükdə fitri istedada malik olması başlıca şərtdir. Bu mənada ümummilli lider Heydər Əliyevin simasında cəmləşən bu müsbət keyfiyyətlər Prezident İlham Əliyevin praktik fəaliyyətində öz əksini tapır.

Azərbaycan Prezidenti dövlətin, ölkə vətəndaşlarının bütün sosial-iqtisadi fəaliyyət sahələrində müasir texnologiyalara yiyələnməsinə xüsusi önəm verir. Əldə edilən nailiyyətlər, uğurlar isə kifayət qədər ürəkaçan, sevindiricidir. Bu, Prezident İlham Əliyevin ölkənin strateji inkişaf perspektivinə konseptual baxışının göstəricisidir.

Müasir şəraitdə yeni elmi nailiyyətlərə, qabaqcıl informasiya texnologiyalarına yiyələnmədən hər hansı ölkənin ciddi uğurlara nail olması qeyri-mümkündür. Bu, bir aksiomadır. Bu mənada dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf etməli, təkcə neft amilindən asılı olmamalıdır. Ölkədə qeyri-neft sektorunun inkişafına yönələn investisiyaların getdikcə artması və stimullaşdırılması Prezidentin ölkənin hərtərəfli inkişafına xüsusi önəm verdiyini təsdiqləyir.

Azərbaycanın sürətli tərəqqisi bu gün dünya, Avropa və Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumdaxili məhsulda çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri Prezident İlham Əliyevin iqtisadi siyasətinin mahiyyətini təşkil edir. Dinamik inkişafda olan iqtisadiyyat sabitlik, əmin-amanlıq, sosial rifah, demokratiya və vətəndaş cəmiyyəti, milli təhlükəsizlik və səmərəli xarici siyasət anlayışları ilə qiymətləndirilir.

Əgər son beş ildə Azərbaycanda cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində ən öncül dünya dövlətlərinin təcrübəsinə əsaslanan qanunlar qəbul edilibsə, xüsusən, Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün 10 dəfə müvafiq dəyişikliklər edilibsə, bu, ölkədəki sabitliyin əsas səbəblərindən biridir. Son beş ildə insanların sosial-rifah halının yaxşılaşdırılması üçün mühüm dövlət proqramları həyata keçirilibsə, 740 mindən çox yeni iş yeri yaradılıbsa, yoxsulluq həddi 49 faizdən 14 faizə endirilibsə, ümumi daxili məhsul istehsalındakı artıma görə respublikamız bütün dünyada lider dövlətə çevrilibsə, deməli bu xalqın 2003-cü ilin oktyabrında etdiyi seçim sözün həqiqi mənasında ədalətli seçim olmuşdur. Son beş ildə Azərbaycan kimi ərazicə o qədər də böyük olmayan bir ölkədə 1600-dən çox yeni məktəb binası tikilibsə və mövcud məktəblərin 90 faizə qədəri əsaslı şəkildə təmir və bərpa edilibsə, deməli xalq bu iqtidara, bu siyasi kursa etimad göstərərkən, Prezident İlham Əliyevi böyük səs çoxluğu ilə dəstəkləyərkən sözün əsl mənasında qədirşünaslıq nümunəsi göstərmişdir.

Yeri gəlmişkən, Azərbaycan xalqı həmin xidmətləri zərgər dəqiqliyi ilə qiymətləndirərək 2008-ci ilin oktyabrında yenidən cənab İlham Əliyevi dövlət başçısı vəzifəsinə seçərkən artıq ölkənin bütün vətəndaşlarında bir yəqinlik var idi: “Artıq dövlətin qüdrətli Prezidentinin simasında xalqın müdrik lideri də vardır”. Doğrudur, hələ 2003-cü il seçkiləri ərəfəsində xalq ona səriştəli siyasətçi, təcrübəli idarəetmə ustası, dünya iqtisadiyyatını dərindən bilən iqtisadçı və eləcə də bir çox gedişləri əvvəlcədən görən diplomat kimi inanır, etimad göstərirdi. Hakimiyyətdə olduğu beş ildə İlham Əliyev sübut etdi ki, (əslində o, bu faktı sübut etməyə çalışmadı, həyata keçirdiyi tədbirlər və 50 milyonluq xalq qarşısındakı xidmətləri bu faktı sübut etdi) o, artıq həm də siyasi liderdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev ötən ilin noyabrında ölkənin rəsmi dövlət mətbuatında verilmiş “Azərbaycan — 2003-2008: Reallığa çevrilən qeyri-adi zaman” (Zaman və sürətə qısa fəlsəfi baxış) adlı fəlsəfi – analitik materialda lider anlayışının bugünkü izahını böyük ustalıqla vermişdir: “Bu gün lider nə inzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə həmişəkindən daha çox mənəvi, milli ideal simvoludur. Liderin malik olduğu ən böyük kapital xalqın etimadıdır, milli konsolidasiyadır”. Yeni əsrin Azərbaycan reallıqlarını özündə əks etdirən, elmi-siyasi və milli-mənəvi qiymətləndirmədir. Məhz Azərbaycan xalqının konsolidasiya edilməsinə görə 50 milyonluq soydaşlarımızın hamısı cənab İlham Əliyevə minnətdarlıq edir. Bu minnətdarlığın ən böyük nümunəsini ötən il oktyabrın 15-də səsvermə qutusuna yaxınlaşan ölkə vətəndaşları etdilər.

Bu məqamda mən bir məsələni də qeyd etmək istəyirəm. Cənab İlham Əliyev ölkə həyatının bütün sahələri kimi bizim cəmiyyətin fəaliyyətini də daim diqqət mərkəzində saxlamış, bizə dövlət qayğısını əsirgəməmişdir. Təməli 1994-cü ildə ulu öndərimiz tərəfindən qoyulmuş dövlətin Qızıl Aypara Cəmiyyətinə qayğı göstərməsi tendensiyasını daha da genişləndirən cənab İlham Əliyev 2004-cü ilin yanvarında “Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” sərəncam imzalayaraq faktiki olaraq bizim fəaliyyətimizin genişləndirilməsinə zəmin yaratmışdır. Dövlət başçımız bu sərəncamla kifayətlənməmiş, 2007-ci ildə məhz onun təşəbbüsü ilə Milli Məclis “Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul etmişdir. Ancaq Milli Məclisin qəbul etdiyi qanundan hələ xeyli əvvəl – 2005-ci ilin fevralında möhtərəm Prezident cəmiyyətimizin fəallarından 7 nəfərini “Tərəqqi” medalıyla təltif etmişdi. Bu qiymətlər təşkilatımızın fəaliyyətinə növbəti bir stimul vermiş oldu.

Yola saldığımız 2008-ci il isə bizim üçün xüsusilə önəm kəsb edən hadisələrlə yadda qaldı. Əvvəla, aprel ayının 7-də cənab İlham Əliyev “Qızıl Aypara Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu, o deməkdir ki, təxminən iki ay sonra – martın 10-da bütövlükdə xalqımız Qızıl Aypara Gününü qeyd edəcəkdir. Daha sonra – elə həmin ayın 8-də dövlət başçımız Qızıl Aypara Cəmiyyətinin XXII Baş Məclisinə məktub göndərdi. 230 min nəfər üzvü, 16 min könüllüsü olan cəmiyyətimizin bütün təəssübkeşləri hələ də həmin məktubun təəssüratları ilə yaşayırlar: “Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasında təmsil olunması, müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin üzləşdiyi humanitar problemlərin miqyası barədə daha dolğun təsəvvürün yaranmasına kömək edir”.

Bizim üçün fəxrdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə əhalisinin bütün arzu və istəklərini reallaşdıran, xalqın və dövlətin problemlərini ustalıqla həll edən dövlət başçısının yenidən bu vəzifəyə seçilməsini ilk dəfə təklif edənlər sırasında olmuşdur. Biz cəmiyyətimizin aprel ayında keçirilən XXII Baş Məclisində cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdük və oktyabrın 15-də xalqın böyük əksəriyyəti ilə birlikdə Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə, yəni cənab İlham Əliyevin yenidən ölkə Prezidenti seçilməsinə səs verdik.

Ancaq Heydər Əliyev siyasi kursu Azərbaycan xalqı üçün elə bir ictimai-siyasi və milli-mənəvi əhəmiyyət kəsb edir ki, xalqımız həmin kursun uzaq perspektivdə də davam etdirilməsi üçün böyük mütəşəkkilliklə təşəbbüskarlıq göstərir. Mən Milli Məclisin deputatı kimi ötən il dekabrın 19-da Azərbaycan Respublikasının Konstitusiyasına bəzi əlavə və dəyişikliklər edilməsi haqqında məsələnin müzakirəsində iştirak etmişəm. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə gündəliyə gətirilən bu məsələ ümumxalq mənafeyini elə yüksək səviyyədə təmin edir ki, parlamentdə müxtəlif partiyaları təmsil edən və bitərəf deputatlar da bu məsələni sanki özlərinin gündəliyə gətirdikləri məsələ kimi müzakirə edirdilər. Arqumentlər əsaslı, təkliflər məntiqli olduğuna görə böyük səs çoxluğu ilə dəyərli bir qərar qəbul edildi. Cəmi beş gündən sonra bizim qərarımıza Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu rəy vermək üçün toplantı keçirdi. Dekabrın 24-də verilən rəyin bir neçə cümləsini yada salmaq istəyirəm: “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-III QR saylı qərarı ilə təqdim olunmuş Referendum Aktının layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə – referenduma çıxarıla bilər”.

Əsas Qanunumuzun 29 maddəsinə təklif edilən 41 dəyişiklik və əlavə layihəsinin hər biri ölkə Konstitusiyasının daha da təkmilləşdirilməsi, əsas insan hüquq və azadlıqlarının qorunması istiqamətində növbəti addımlar atılması kimi qiymətləndirilir. Mənim yadımdadır, 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyamıza 2002-ci ilin avqustunda müxtəlif dəyişiklik və əlavələr edilərkən xarici kütləvi informasiya vasitələri geniş və əhatəli təqdiredici fikirlər söyləmişdilər. Əsas arqumentləri belə idi ki, parlament seçkiləri zamanı proporsional seçki sisteminin tamamilə ləğv edilərək bütün dairələrdən mojaritar qaydada deputat seçilməsi insan hüquqlarının qorunmasını daha yüksək səviyyədə təmin edir. Yəni tutaq ki, hansısa partiya seçkidə daha çox səs topladı və partiyanın seçki siyahısındakı əvvəlki adamlar deputat seçildilər. Bəs bu siyahını kim tərtib etmişdi. Əlbəttə, iki-üç nəfərlik partiya rəhbərliyi. Deməli, həmin iki-üç nəfər minlərlə seçicinin rəyinin üstündən xətt çəkərək deputatı birbaşa özləri seçmiş olurdular. Ona görə də Azərbaycan dövlətinin referendum yolu ilə həmin qaydanı ləğv etməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilmişdir.

İndi – 2009-cu il martın 18-də keçiriləcək ümumxalq səsverməsi – referendum ərəfəsində də əcnəbi ekspertlərin müsbət rəyləri eşidilməkdədir. Məsələn, türkiyəli və rusiyalı politoloqlar yazırlar: “Azərbaycan Konstitusiyasının bir maddəsində göstərilir ki, hər kəsin seçmək və seçilmək hüququ vardır. Bu ölkənin Əsas Qanununun digər maddəsi isə hər kəsin seçmək və seçilmək hüququ barədə maddəsini açıq şəkildə pozur. Belə ki, başqa bir maddədə göstərilir: ”Bir nəfər iki dəfədən artıq prezident seçilə bilməz”. Bu isə o deməkdir ki, ölkə, xalq və dövlət üçün kifayət qədər xidmətləri olmuş bir insanı üçüncü dəfə dövlət başçısı seçmək istəyənlərin hüquqları əlindən alınır. Yəni, “hamının seçmək hüququ” faktiki olaraq məhdudlaşdırılır. Eləcə də Əsas Qanuna təklif edilən digər dəyişiklik və əlavələrin mahiyyətinə diqqət yetirdikdə istənilən yeniliyin daha mütərəqqi, daha humanist, insan hüquq və azadlıqlarının daha dərindən qorunmasına xidmət etdiyinin şahidi oluruq.

Mən bu dəyişikliklərin referenduma çıxarılmasına hələ Milli Məclisdəki müzakirələr zamanı səs vermişəm. Təxminən 250 min nəfərə yaxın Qızıl Aypara fəalları və könüllülərimiz isə bu dəyişikliklərə martın 18-də səs verəcəklər. Məqsəd Azərbaycan xalqının səsinə səs vermək, Heydər Əliyev siyasi kursunun gələcəkdə də davam etdirilməsi üçün vətəndaş qətiyyəti, təşəbbüskarlığı göstərməkdir. İnanırıq ki, 1993-cü ilin yayından bəri bütün ictimai-siyasi proseslərdə möhtəşəm bir mütəşəkkillik və yekdillik nümayiş etdirən xalqımız martın 18-də də öz iradəsini özü istədiyi kimi ifadə edəcəkdir.

 

 

Novruz ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara

Cəmiyyətinin prezidenti

 

Xalq qəzeti.-2009.-10 yanvar.-S.3.