Əsas Qanunumuzun möhkəmləndirilməsində əlavə və dəyişikliklərin rolu
böyük olacaq
Azərbaycanın
sürətli inkişaf yoluna qədəm qoyması ölkəmizi
təkcə regionda yox, dünyada qabaqcıl dövlətə
çevirib. Qəbul olunan qanunların beynəlxalq standartlara
uyğunlaşdırılması, müstəqil dövlətimizin
beynəlxalq konvensiyalara qoşulması, inkişaf etmiş
dövlətlərlə əlaqələri genişləndirmək
naminə müxtəlif sahələr üzrə sazişlər
imzalanması ölkəmizin dünya birliyindəki nüfuzunu
daha da yüksəltmişdir. Demokratik proseslərin inkişafına
diqqəti artırdıqca, hüquqi, sivil dövlət
quruculuğu yolunda qətiyyətli addımlar atıldıqca,
insan hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində mühüm əhəmiyyətli tədbirlər
həyata keçirildikcə Konstitusiyaya əlavə və dəyişikliklər
edilməsi zərurəti də özünü büruzə
verdi.
Konstitusiyaya əlavə
və dəyişikliklər edilməsi barədə son vaxtlar
cəmiyyətin müxtəlif təbəqələri tərəfindən
fikirlər səsləndirilmiş və nəhayət, bu məsələ
Milli Məclisin müzakirəsinə
çıxarılmışdır. Məlum olduğu kimi,
artıq Konstitusiya Məhkəməsinin Plenumu ötən ilin
sonlarında “Konstitusiyaya əlavə və dəyişikliklər
haqqında” Referendum Aktına rəy vermiş və bu il
martın 18-də referendum keçirilməsi barədə qərar
qəbul olunmuşdur.
Hazırda Referendum
Aktı layihəsi müxtəlif siyasi partiya və
qurumların yığıncaqlarında geniş müzakirə
olunur, təşəbbüs qrupları yaradılır. Milli Vəhdət
Partiyasında da bu əhəmiyyətli sənədin
müzakirəsi keçirilmiş, təşəbbüs qrupu
yaradılmışdır. Partiyanın sədri Yunus Əliyevlə
söhbətimiz də bu barədə oldu.
Partiya sədri dedi:
— 2008-ci il bir çox siyasi hadisələr ili kimi uzun müddət xalqın yaddaşında qalacaq. Hər şeydən əvvəl ona görə ki, məhz həmin il oktyabrın 15-də ölkəmizdə prezident seçkiləri keçirilmiş və möhtərəm Prezidentimiz İlham Əliyev parlaq qələbə qazanaraq, yenidən dövlətimizin başçısı seçilmişdir. Fəxr edirəm ki, prezident seçkiləri ərəfəsində möhtərəm Prezidentimizin təbliğat qrupunda mən də var idim. Yerlərdə seçicilərlə keçirdiyimiz görüşlər zamanı bir daha şahidi olduq ki, xalq yekdilliklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevi dəstəkləyir, onun ətrafında sıx birləşib və yalnız onun dövlətə rəhbərliyini istəyir. Bu, həm də xalqın ümummilli lider Heydər Əliyev siyasi kursuna olan inamı, sədaqəti idi. Biz prezident seçkilərində də bunun şahidi olduq. Xalq böyük həvəslə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verdi və onu yenidən Azərbaycanın Prezidenti seçdi. Hesab edirəm ki, bu çox böyük siyasi hadisə idi. Ötən ilin sonunda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi barədə Konstitusiya Məhkəməsi tərəfindən müsbət rəy verilməsi və referendum keçirilməsi barədə qərar qəbul edilməsi də zənnimcə uzun müddət yaddaşlarda qalan siyasi hadisələrdəndir. Mən deyərdim ki, bu prosesi tarixi şərait yetişdirib. 2003-cü ildən ölkədə başlayan uğurlu islahatlar, sürətli inkişaf dövlət başçımızın nüfuzunu getdikcə artırmış, müxalifət nümayəndələrini isə bir küncə sıxışdırmışdır. Möhtərəm Prezidentimizin iş qrafikinin çox dolğun olması və görülən işlərin öz bəhrəsini göstərməsi müxalifəti tədricən siyasi səhnədən kənarlaşdırmışdır. Yeni iş yerlərinin açılması, vətəndaşların sosial rifah halının getdikcə yaxşılaşması, yoxsulluğun səviyyəsinin azaldılması xalqın Prezidentə olan inamını daha da artırıb. Bütün bunlardan sonra Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi barədə fikirlər səslənməyə başlandı. Nəhayət, bu məsələ artıq reallaşdı və bu il martın 18-də Referendum Aktı layihəsi ümumxalq səsverməsinə çıxarılacaq. Mən bu hadisələri çox yüksək qiymətləndirirəm.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci ilin noyabrında qəbul olunub. O vaxtdan 13 il keçib. Bu illər ərzində ölkəmizdə bütün sahələr üzrə xeyli dəyişikliklər, inkişaf olub. Yalnız 2002-ci ildə Konstitusiyada referendum yolu ilə dəyişiklik olub. Bu da seçki sisteminin daha da təkmilləşdirilməsi məqsədi ilə edilib. Xatırladım ki, həmin vaxt proporsional seçki sistemi ləğv edilmiş və mojaritar seçki sisteminə üstünlük verilmişdi. O vaxtdan indiyə qədər heç bir əlavə və dəyişiklik olmayıb. Ancaq hadisələrin gedişi göstərir ki, bunu artıq tarixi şərait yetişdirib. Heç bir sənəd əbədi ola bilməz. O cümlədən, Əsas Qanun da. Söz yox ki, Konstitusiya vacib və əhəmiyyətli bir sənəddir. Zaman keçdikcə, illər ötdükcə bu sənədə də əlavə və dəyişikliklər zərurəti meydana çıxır. İndi qloballaşma dövrüdür. Azərbaycan Avropaya və dünyaya inteqrasiya edir. Dünyanın əhəmiyyətli bir ölkəsinə çevrilir, söz sahibi olur. Ona görə də Konstitusiyanın daha da möhkəmləndirilməsi vacib məsələ kimi özünü büruzə verir. Təəssüf edirəm ki, bəzi siyasi partiya rəhbərləri bu inkişafı görmək istəmir, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasından nədənsə sevinmirlər. Onlar əsil həqiqəti – Azərbaycanda hüquqi, sivil, demokratik dövlət quruculuğu yolunda qazanılan uğurları görməməzliyə vuraraq yalnız boykot barəsində fikirləşirlər. Ancaq düşünmürlər ki, bu gün boykota heç bir ehtiyac yoxdur. Boykot yolunu seçməklə nəyəsə nail olacaqlarmı? Bir faktı diqqətə çatdırım ki, heç bir siyasi partiya, heç bir siyasi qurum xalqın adından danışa bilməz. Xalqın adından yalnız onun seçdiyi prezident danışa bilər. Ona görə də bəzi siyasi partiya funksionerlərinin “xalq bu əlavə və dəyişiklikləri istəmir” – demələri absurddur. Hələ referendum keçirilməyib. Ona görə də belə fikirlər səsləndirmək düzgün deyil. Yalnız qeyri-ciddi adamlar bu fikri söyləyə bilərlər.
Əminəm ki, xalq martın 18-də keçiriləcək referendumda mütəşəkkilliklə iştirak edəcək və Referendum Aktı layihəsini dəstəkləyəcək. Çünki xalq çox yaxşı bilir ki, bu əlavə və dəyişikliklər Əsas Qanunumuzu daha da möhkəmləndirəcək, insanların hüquq və azadlıqlarının daha geniş şəraitdə qorunmasına şərait yaradacaq, digər mühüm əhəmiyyətli məsələlərin həllinə zəmin yaradacaq. Qaldı ki, bəzi qüvvələri narahat edən 101-ci maddənin V hissəsinin yeni redaksiyada verilməsinə, burada heç bir qeyri-adilik görmürəm. Beş nəfərin narazı qalması fəlakət deyil. Bu, gözlənilən haldır və Azərbaycanda demokratiyanın inkişafından irəli gəlir. Demək, ölkəmiz demokratik proseslərin inkişafına xüsusi önəm verir və bunun nəticəsi olaraq insanlar öz fikirlərini sərbəst söyləyə bilir, bəzi məqamlarda etirazlarını açıq ifadə edirlər. Bundan ötrü onlara hər hansı bir təzyiq göstərilmir, təqib olunmurlar. İnkişaf etmiş demokratik ölkələrdə belə halların baş verməsi gözləniləndir. Ancaq həlledici səs xalqındır. Xalq “hə” deyəcəksə, əlavə və dəyişikliklər qəbul olunacaq, “yox” deyəcəksə, qəbul olunmayacaq. Unutmamalıyıq ki, xalq beş-on nəfərdən ibarət deyil. Mən Konstitusiyanın I maddəsini xatırlatmaq istərdim. Həmin maddədə deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır”. Ona görə də Referendum Aktı layihəsi xalqın müzakirəsinə çıxarılacaq. Son sözü də xalq deyəcək. Bəzi qüvvələr indidən çaşqınlıq yaratmaq istəyirlər ki, guya bu əlavə və dəyişikliklər Azərbaycanda kimlərinsə əbədi prezident seçilməsi məqsədinə xidmət edir. Belə düşünənlər tamamilə yanlış fikirdədirlər. Azərbaycan gənc müstəqil dövlətdir. Tez-tez hakimiyyəti dəyişmək, hakimiyyət uğrundakı mübarizələri gücləndirmək müstəqilliyimizə, dövlətçiliyimizə güclü zərbə vurar. Biz çalışmalıyıq ki, güclü, oturuşmuş, davamlı dövlət quraq, bu sahədə başlanan prosesi başa vuraq və tam əmin olaq ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq dövlətin inkişafı sabit gedəcək. Ancaq, bu gün biz çox yaxşı başa düşürük ki, hakimiyyətə başqa bir adam gəlsə, o, ümummilli liderin yarımçıq qalmış işlərini, ideyalarını davam etdirə bilməyəcək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başladığı iri layihələri başa çatdıra bilməyəcək. Əksinə, qurulan işlər dağıla , müstəqilliyimiz zərbə altında qala bilər. Bu gün hər bir azərbaycanlını milli dövlətçiliyimizin inkişafı, müstəqilliyimizin əbədiliyi maraqlandırır. Ona görə də əlavə və dəyişikliyin edilməsi çox vacibdir. Partiyamızın hər bir üzvü bu sənədi bəyənir və dəstəkləyir. Biz artıq təşəbbüs qrupu yaratmışıq və Mərkəzi Seçki Komissiyasına da müraciət etmişik. Əhali arasında təbliğat aparacaq, Referendum Aktı layihəsinin əhəmiyyətindən, dövlətçiliyə, inkişafımıza faydası barədə ətraflı məlumat verəcəyik. Ümid edirəm ki, xalq elə indidən Referendum Aktı layihəsinin əhəmiyyətini dərk edir və martın 18-də böyük fəallıq göstərərək obyektiv münasibət nümayiş etdirəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-10 yanvar.-S.4.