Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət demokratiyanın tələbidir

 

Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik dövlət quruculuğunu inkişaf yolu seçmişdir. 12 noyabr 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasını ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai-siyasi həyatımızın bütün sahələrində əsaslı sosial-iqtisadi, həmçinin, hüquqi islahatlar, o cümlədən, məhkəmə-hüquq islahatları həyata keçirilmişdir. Hazırda bu xətt möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ulu öndər Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı, onun müdrik, uzaqgörən, çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş Prezident İlham Əliyevin 15 oktyabr 2008-ci ildə seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə yenidən ölkə başçısı vəzifəsinə seçilməsi xalqın gələcəyə inamını daha da artırmışdır.

Ölkəmizdə bələdiyyə quruculuğu xalqımızın dövlət müstəqilliyini bərpa etdiyi dövrünə təsadüf edir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 2 iyul 1999-cu il tarixdə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmiş, sonradan bu sənədə bir sıra əlavə və dəyişikliklər edilmişdir.

Beləliklə, bələdiyyələr institutunun hüquqi statusu ilk dəfə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilsə də (de-yure), bələdiyyələr faktiki olaraq (de-fakto) 1999-cu ilin dekabr ayında keçirilmiş seçkilər nəticəsində formalaşmışdır. İkinci dəfə isə respublikamızda bələdiyyələr 17 dekabr 2004-cü ildə keçirilmiş seçkilər zamanı formalaşmışdır.

Hazırda respublikamızda 2700-dən artıq bələdiyyə fəaliyyət göstərir. Bu isə onun ən kütləvi təşkilat olmasına dəlalət edir. Hər hansı bir dövlətin Avropa Şurasına üzv olması üçün ilkin şərtlərdən biri onun hüquq sisteminin, qanunlarının və hüquqi təsisatlarının beynəlxalq normaya, Avropa standartlarına uyğunlaşdırılmasıdır.

Avropa Şurasının 15 oktyabr 1985-ci il tarixli “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının 8-ci maddəsində göstərilir ki, yerli özünüidarə orqanları üzərində hər hansı inzibati nəzarət yalnız Konstitusiya ilə və ya inzibati qanunla nəzərdə tutulmuş forma və hallarda həyata keçirilə bilər. Həmin maddədə daha sonra göstərilir ki, yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati nəzarət, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət, həmçinin, yerli özünüidarə orqanlarının onlara verilmiş səlahiyyətləri necə yerinə yetirmələrinə yuxarıda duran hakimiyyət orqanlarının nəzarətini də əhatə edir.

Yerli özünüidarəetmə haqqında beynəlxalq normanın bu müddəası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasınn Qanununda öz əksini tapmışdır. Qanunun 52-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bələdiyyə, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi barədə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasınn Qanununun 52-ci maddəsinin bu tələbi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanununda daha da konkretləşdirilmiş və nəticə etibarilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsasları müəyyən edilmişdir.

Qanunun 1-ci maddəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışının mahiyyəti açıqlanır. Həmin maddəyə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 937 nömrəli fərmanının 2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Bələdiyyələr müstəqil yerli özünüidarə qurumlarıdır, bir yandan isə deyirik ki, onların fəaliyyətinə dövlət tərəfindən inzibati nəzarət həyata keçirilir. Elə görünə bilər ki, burada bir ziddiyyət var. Əslində isə, bu belə deyildir.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən respublikamız hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu inkişaf yolu seçmişdir. Demokratik dövlət isə heç də özbaşınalıq demək deyildir. Bu cəmiyyətdə hüquqi anlayış və təsisatların sərhədləri vardır. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışını əsassız olaraq genişləndirici mənada təfsir və tətbiq etmək olmaz. Belə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və qanunçuluğa əməl olunması baxımından həyata keçirilir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanununun 13-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunvericilk və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.

Yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda, yerli büdcə kəsirini ödəmək üçün, dövlət büdcəsinin imkanlarını nəzərə alaraq, əlavə gəlir mənbələrinin müəyyən edilməsi və ya dövlət büdcəsindən dotasiya və subvensiyalar ayrıla bilər. Həmçinin, qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə əsasən, qanunvericilik və icra hakimiyyətləri tərəfindən, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin qurumlar inzibati nəzarəti həyata keçirən orqana həvalə edə bilərlər.

Qanunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin icraatının başlanmasının iki əsası nəzərdə tutulmuşdur: bələdiyyələrin normativ aktlarının və həmin qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlarının bu qanunun 1-ci maddəsində göstərilən normativ-hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda; hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti daxil olduqda.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini, həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq, inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: bələdiyyələrin normativ aktları; dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktlar; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar.

Hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti ərizəçinin hüquqlarının və ya mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gundən 6 ay ərzində onlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana müraciət edə bilərlər. İnzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu andan 15 gün müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 gün müddətində baxır. Bu müddətin uzadılması barədə ərizəçiyə dərhal məlumat verilməlidir.

İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir: bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş icraata başlayır; müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış cavab göndərir.

İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən orada göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edə bilər. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 15 gün ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. İnzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar apara bilər və bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın həmin müraciəti müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində bələdiyyənin olduğu yerin məhkəməsinə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə əgər ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Belə təklif isə 3 gün müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir.

Bələdiyyənin fəaliyyətində cinayət aşkar edildikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər. Burada “səlahiyyətli dövlət orqanı” dedikdə isə təbii ki, müvafiq hüquq-mühafizə orqanları nəzərdə tutulur.

Aparılmış yoxlamalar zamanı bir sıra hallarda cinayət faktlarına da rast gəlinir. Belə ki, 2007-ci ildə bələdiyyənin fəaliyyəti inzibati qaydada yoxlanarkən 25 cinayət faktı aşkar olunaraq, materiallar cinayət işi başlanması üçün prokurorluq orqanlarına göndərilmişdir. Təəssüf ki, bələdiyyələrin fəaliyyətində aşkar olunan cinayət faktlarının sayında əvvəlki illərə nisbətən artım meylləri hiss olunur. Belə ki, 2006-cı ildə 17 bələdiyyənin fəaliyyətində cinayət faktları aşkar olunmuşdur.

İnzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı ümumiləşdirmələr apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edə bilər, hansı ki, həmin təklif və tövsiyələr bələdiyyələrin iclasında müzakirə olunur və müvafiq qərar qəbul olunur.

Qanunun 11-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin qanuna zidd qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə qanunla müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli fərmanının 2-ci maddəsinə əsasən Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Bir məsələni də qeyd etmək yerinə düşər ki, 24 avqust 2002-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərdən biri də bələdiyyələrlə bağlı olmuşdur. Belə ki, 24 avqust 2002-ci il referendumuna qədər Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ nəzərdə tutulmamışdı. Lakin hazırda Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla və müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Burada “hər kəs” dedikdə həm vətəndaşlar, həm də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də başa düşülməlidir.

Beləliklə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi bələdiyyələrin qanuni səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilməz. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi bu orqanların daha səmərəli fəaliyyət göstərmələrinə, başlıcası isə, bələdiyyə ərazisində yaşayan insanların hüquq və azadlıqlarının daha etibarlı qorunması işinə xidmət edəcəkdir.

 

 

İlham ABBASOV,

Ədliyyə Nazirliyi Ədliyyə

 Akademiyasının prorektoru,

baş ədliyyə müşaviri,

prokurorluğun fəxri işçisi

 

Xalq qəzeti.-2009.-10 yanvar.-S.4.