Fəxrəddin Gülmirzə oğlu Cavadov
Azərbaycan səhiyyəsinə
ağır itki üz vermişdir. Nəcib insan, yüksək
təşkilatçı - mütəxəssis və alim Fəxrəddin
Gülmirzə oğlu Cavadov 2009-cu il yanvar ayının 9-da 57
yaşında vəfat etmişdir.
F. Cavadov 21 iyun 1951-ci ildə
Bakı şəhərində anadan olmuşdur. 1968-1974-cü
illərdə N. Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun müalicə işi fakültəsində təhsil
almış, institutu bitirdikdən sonra 1975-1977-ci illərdə
Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasında səyyar həkim, 1977-1979-cu illərdə 5
saylı Şəhər poliklinikasında həkim-cərrah vəzifələrində
işləmişdir. 1978-1986-ci illərdə N. Nərimanov
adına Azərbaycan Tibb İnstitutunun urologiya kafedrasında
baş laborant, assistent və eyni zamanda institutun Tələbə
Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində
çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin
M. Vladimirskiy adına Elmi-Tədqiqat Kliniki İnstitutunda namizədlik
dissertasiyası müdafiə etmişdir. 2008-ci ildə tibb
elmləri doktoru ali dərəcəsi almışdır.
1986-cı ildən Azərbaycan
Respublikası KP MK-nın elm və təhsil müəssisələri
şöbəsinin, 1989-cu ildən isə ictimai-iqtisadiyyat
şöbəsinin təlimatçısı vəzifələrində
çalışmışdır. 1990-cı ildə Azərbaycan
Respublikası səhiyyə nazirinin I müavini vəzifəsinə
irəli çəkilmiş və 1996-cı ilədək bu vəzifədə
çalışmışdır. 1998-ci ildə Ə. Əliyev
adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun tibb fakültəsi üzrə prorektoru, daha
sonra isə I prorektoru vəzifələrində işləmişdir.
F. Cavadov bu müddət ərzində Ə. Əliyev adına
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun urologiya və operativ nevrologiya kafedrası
üzrə dosent vəzifəsinə də
seçilmişdir. 2000-ci ilin fevral ayından isə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Mərkəzi
Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsinə
təyin olunmuşdur.
Hansı vəzifədə
çalışmasından asılı olmayaraq o, hər zaman
yeniliyə, elmi axtarışa can atmışdır. Onun rəhbərliyi
dövründə Mərkəzi Neftçilər Xəstəxanasında
kardinal dəyişikliklər baş vermişdir. F. Cavadovun
xidmətləri yüksək qiymətləndirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə o,
2004-cü ildə “Tərəqqi” medalı ilə təltif
edilmiş, 2006-cı ildə isə “Azərbaycan
Respublikasının əməkdar həkimi” adına layiq
görülmüşdür.
F. Cavadov işlədiyi
bütün sahələrdə öz əməksevərliyi,
səmimiliyi və yüksək nizam-intizamı ilə
seçilirdi. Amansız ölüm Fəxrəddin Cavadovu
ömrünün məhsuldar dövründə aramızdan
aparsa da əziz xatirəsi onu tanıyanların, eləcə də
səhiyyə və neft sənayesi işçilərinin qəlbində
daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi və
Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
rəhbərliyi
Xalq qəzeti.-2009.-10 yanvar.-S.6.