Rusiya Ukrayna razılığa gələ bilmir

 

Xarici informasiya agentliklərinin yaydığı xəbərə görə Ukrayna ilə Rusiya arasında yaranmış qaz mübahisəsi davam edir. Ötən gün hər iki ölkənin nümayəndələri Brüsseldə bir araya gəliblər. Lakin tərəflər yenə də ümumi razılığa gələ bilməyiblər. Belə ki, rusların qazın hər min kubmetrinə görə 450 dollar istəməsi Ukraynanı qane etməyib.

Qeyd edək ki, artıq yanvarın 6-dan etibarən Ukrayna ərazisindən Bolqarıstan, Türkiyə, Makedoniya və Yunanıstana Rusiya qazının nəqli dayandırılıb. Bundan başqa, Avstriya və Rumıniyanın Rusiyadan aldığı mavi yanacağın həcmi də kəskin şəkildə azalıb.

Ukrayna hakimiyyəti Rusiya qazının Avropaya axınının bərpası üçün heç nə edə bilmədiklərini bildirir. Bu arada Ukraynanın baş nazirinin müavini Q.Nemirya Avropanın əksər ölkələrini qazsız qoyan bu enerji qalmaqalında rəsmi Moskvanın günahkar olduğunu bildirib. O deyib ki, Ukrayna hökuməti qaz məsələsinin mümkün qədər tez bir zamanda həll olunmasını istəyir. Dövlət rəsmisi onu da vurğulayıb ki, Avropaya qaz təchizatının bərpası Ukraynanın əlində olmayan bir məsələdir. “Tranzit etməyə bir şey olsa idi, əlbəttə ki Ukrayna qaz axınını təmin edərdi. Lakin bu gün məlum olduğu kimi mavi yanacaq yoxdur, təchizat tam dayandırılıb”. Moskva isə öz növbəsində yaranmış vəziyyətə görə Kiyevi günahlandırır. Rusların fikrincə, Ukrayna qazı qərbə ötürən boru kəmərlərini bağlayıb və qazı özü üçün buradan sovurur. Maraqlıdır ki, Avropa İttifaqı yaranmış mübahisəyə görə heç kimi təqsirləndirməsə də tərəfləri təcili olaraq ümumi dil tapmağa çağırıb.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında mavi yanacaqla bağlı münaqişə ötən ilin dekabrındaNaftoqazınQazproma olan borcunu geri qaytarmaq istəməməsindən sonra yaranmışdı. Baxmayaraq ki, rəsmi Kiyev bir neçə gün öncə 2 milyard dollar həcmində olan borcunuQazproma ödəyib. Lakin ruslar Ukraynadan daha 600 milyon dollar ödənilməsini tələb edir. Rusiya tərəfi bunun ödənişin uzadılmasına görə olduğunu vurğulayır. Həmçinin Moskvanın təklif etdiyi yeni qiymətlər Kiyevi qane etmir. Bu səbəbdən iki ölkə arasında 2009-cu ildə qaz nəqli ilə bağlı rəsmi müqavilə imzalanmayıb.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2009.-10 yanvar.-S.6.