BMT Qəzzadakı
vəziyyətlə bağlı
qətnamə qəbul
edib
BMT Təhlükəsizlik
Şurası Qəzza sektorunda dekabrın 27-dən bəri
davam edən müharibənin dayandırılması barədə
qətnamə qəbul edib. Təhlükəsizlik
Şurası eyni zamanda İsraildən qoşunlarını
işğal etdiyi ərazilərdən
çıxarmasını, sektorla sərhəddəki nəzarət-buraxılış
məntəqələrini açmasını və daimi
sülh müqaviləsi imzalamasını tələb edib. Bu
barədə Rusiyanın RİA “Novosti” agentliyi xəbər
verib.
Qətnamə 14 ölkənin
səs verməsi və ABŞ-ın bitərəf qalması
şəraitində qəbul edilib. Təhlükəsizlik
Şurası ərazidə humanitar böhranın dərinləşməsindən,
zorakılığın artmasından və dinc əhali
arasında çoxsaylı insan itkisindən ciddi narahat
olduğunu bildirib. Qətnamədə dinc əhaliyə
qarşı zorakılıq və qəddarlığın
bütün halları, eləcə də terrorizm
aktlarının bütün formaları pislənilir.
Bununla belə,
yanvarın 9-na keçən gecə, qətnamənin qəbulundan
cəmi bir neçə saat sonra İsrail aviasiyası Qəzza
ərazisinə yeni hücumlar edib. Hərbi təyyarələr
havadan azı 30 zərbə endirib, nəticədə 6 fələstinli
həlak olub.
BMT qətnaməsində
HƏMAS-ın adı birbaşa çəkilmir, ancaq bu,
İsrail və ABŞ-ın əsas tələbi olub. Rusiyanın
BMT-dəki nümayəndəliyində isə hesab edirlər
ki, qətnamə vaxtında qəbul edilib, vacib sənəddir
və kifayət qədər balanslıdır. “Vacib cəhətlərdən
biri budur ki, qətnamə regionda dramatik hadisələrin cərəyan
etdiyi bir vaxtda qəbul edilib” - deyə Rusiya XİN
başçısının müavini Aleksandr Yakovenko
bildirib. ”Son saatlar ərzində hadisələrin
inkişafı Təhlükəsizlik Şurası üzvlərinin
təcili reaksiya verməsini tələb edirdi. Tərəfləri
Təhlükəsizlik Şurasının rəyinə qulaq
asmağa çağırırıq. Problemin müzakirəsi
üç gün ərzində davam etdirildi. Bu, Təhlükəsizlik
Şurası üçün qeyri-adi bir haldır. Prinsipial məqam
ondan ibarətdir ki, hər iki tərəfdən təcili surətdə
atəşin dayandırılması tələb olunur. Bu isə
İsrail ordusunun Qəzza sektorundan
çıxarılmasına gətirib
çıxarmalıdır. Humanitar məsələlərə,
onların çatdırılması üçün
keçid yollarının açılmasına da
böyük diqqət yetirildi” - deyə Rusiya diplomatı
bildirib. Onun sözlərinə görə, sənəddə
Yaxın Şərq üzrə Moskva
görüşünün keçirilməsi məsələsinə
də toxunulub. Ancaq Yakovenko hesab edir ki, atəşin təcili
surətdə dayandırılmasına heç kim təminat
verə bilməz.
Qətnamənin səsə
qoyulması zamanı ABŞ nümayəndələri bitərəf
qalsalar da, dövlət katibi Kondoliza Rays ümid etdiyini bildirib
ki, sənəd regionda vəziyyətin nizamlanmasına gətirib
çıxaracaq. BMT TŞ-nin iclasında
çıxış edən Rays deyib ki, İsrail Qəzzada
apardığı əməliyyat zamanı itkilərin minimuma
endirilməsinə çalışmalıdır. Onun sözlərinə
görə, ABŞ Fələstin mili administrasiyasının
rəhbəri Mahmud Abbasın Fələstin dövlətini
yaratmaq uğrundakı səylərini dəstəkləyir.
Bütün bunlarla yanaşı, İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində Qəzzada həlak olanların sayı durmadan artır. Dünən Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Müaviyyə Həsənenin verdiyi məlumata görə, artıq ölənlərin sayı 766-ya çatıb, 3 mindən artıq insan isə yaralanıb. İsrail tərəfdən ölənlərin sayı isə 11-dir, onların 8-i hərbçidir.
Dünən İsrail Fələstin ərazilərinin tam izolyasiyası rejimini tətbiq edib. Şənbə gününün sonuna qədər İordan çayının qərb sahilindəki bütün keçid məntəqələri və blokpostlar bağlı olacaq. Yalnız təcili humanitar yardımların keçməsinə icazə veriləcək. Artıq müvafiq sahələrdə polis və sərhədçilərin sayı artırılıb.
Qəzza sektorunda da vəziyyətin gərginləşəcəyindən ehtiyat edirlər. Ərazidə tez-tez İsrail hərbçiləri ilə Fələstin silahlıları arasında toqquşmalar baş verir.
Qeyd edək ki, dünən HƏMAS qruplaşmasının nümayəndələri bəyan ediblər ki, BMT-nin Fələstin xalqının maraqlarına cavab verməyən qətnaməsini rədd edirlər. Bunun ardınca İsrail hökuməti də qətnaməyə baxmayaraq, Qəzzada hərbi əməliyyatları davam etdirəcəyini bəyan edib.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2009.-10 yanvar.-S.6.