Şərq-Qərb informasiya magistralının yaradılması məsələsi BMT-də müzakirəyə çıxarıla bilər

 

Azərbaycan təşəbbüskarı olan Şərq-Qərb superinformasiya magistralının yaradılması layihəsi BMT-nin Baş Assambleyasında müzakirəyə çıxarıla bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, bu il, həmin məsələnin BMT-nin Baş Assambleyasının 2009-cu ilin sentyabr ayında keçiriləcək sessiyasında müzakirəyə çıxarılması üçün bütün səylər göstəriləcək. “Həmçinin layihənin texniki-iqtisadi əsaslanması istiqamətində işlər görüləcək” – deyə Ə.Abbasov bildirib. Xatırladaq ki, transmilli Avropa-Asiya superinformasiya magistralı haqqında Bakı bəyannaməsi 11 noyabr 2008-ci il tarixində MDB, Avropa və Asiyanın 17 ölkəsinin rabitə nazirliklərinin, eləcə də üç beynəlxalq təşkilat nümayəndələrinin görüşündə imzalanıb. Həmin görüşdə ABŞ-ın Booz Allen Hamilton şirkəti layihənin eskizini təqdim etmişdir ki, həmin sənəd gözlənildiyi kimi, region ölkələrində internetə ucuz çıxışı, yüksək texnologiyaların daha da geniş inkişafını və regional elektron bazarın yaradılmasını təmin edəcək. İşçi görüşündə Ukrayna, Belarus Respublikası, Sloveniya, Estoniya, Rusiya, Moldova, Litva, Qazaxıstan, Gürcüstan, İran, Hindistan və digər ölkələrin rabitə nazirliklərinin nümayəndələri iştirak edirdi.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-10 yanvar.-S.7.