Arzusu dünya çempionu olmaqdır
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan “Kyokuşinkaykan” Kontak Karate Federasiyasının təşkil etdiyi respublika birinciliyi keçirilmişdir. Müxtəlif çəki dərəcələrində keçirilən yarışlarda qaliblər müəyyən edilmiş, onlara mükafatlar təqdim olunmuşdur. Qaliblər arasınba Maştağadakı Cəfər Cabbarlı adına 187 saylı orta məktəbin rus bölməsinin 5"r" sinfinin şagirdi Mirikram İntiqam oğlu Fəttahov da var idi. O, 1997-ci ildə anadan olub. Uşaq vaxtlarından idmana böyük həvəsini nəzərə alan valideynləri onu 2002-ci ildə Maştağa Olimpiya Kompleksində fəaliyyət göstərən şotakan karate bölməsinə yazdırırlar. Karate ilə bir neçə il müntəzəm məşğul olan Mirikram müxtəlif yarışlarda iştirak edib, diplom və medallarla təltif olunur. 2008-ci ildən isə kyokuşinkaykan kontak karate bölməsində məşqlərini davam etdirir.
Maştağa Olimpiya Kompleksinin məşqçisi, İKKO-nun Bakı federasiyasının direktoru Elçin Həşimov yetirməsi haqqında bunları dedi:
—Mirikram Fəttahov bir ilə yaxındır kyokuşinkaykan kontak karate bölməsinə yazılıb. Həmişə məşqlərdə verilən tapşırıqlara ciddi əməl edir, yoldaşları arasında nizam-intizamı ilə seçilir. Mirikramda əsas xoşagələn cəhət ondan ibarətdir ki, döyüş vaxtı özünü idarə etməyi bacarır. Respublika birinciliyində keçirdiyi görüşlərə gəldikdə bütün döyüşlərini yüksək səviyyədə , soyuqqanlılıqla keçirərək 40 kiloqram çəki dərəcəsində birinci yerə layiq görüldü. İndi qarşıda keçiriləcək yarışlara hazırlaşırıq. Federasiyamızın tədbirlər planında cari ilin mart ayında respublika çempionatı, apreldə isə Bakı birinciliyinin keçirilməsi nəzərdə tutulur. İnanıram ki, məşqlərə ardıcıl davam eləsə Mirikramdan yaxşı idmançı çıxacaq.
Bu gun dövlət başçısının idmana qayğısı ölkəmizdə bu sahənin inkişafına təkan vermişdir. Hazırda respublikamızın elə bir ucqar rayonu olmaz ki, orada idman kompleksləri inşa olunmasın. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurla çıxış etmələrini bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndiririk.
M.Fəttahov isə ən böyük arzusunun dünya çempionu olduğunu, bunun üçün məşqçilərin tapşırıqlarını böyük həvəslə yerinə yetirdiyini bildirdi.
İdmandakı uğurları
ilə yanaşı Mirikram 187 saylı orta məktəbdə də təhsilini “əla” və “yaxşı” qiymətlərlə
davam etdirir. Gənc idmançıya qarşıdakı yarışlarda
uğurlar, təhsilində
müvəffəqiyyətlər arzulayırıq.
Qabil YUSİFOĞLU
Xalq qəzeti.-2009.-10 yanvar.-S.8.