Azərbaycan son illər insan hüquqlarının təminatı məsələsində böyük uğurlara imza atmışdır

 

Seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsi bu təminata mühüm zəmin yaradır

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində elmi-kütləvi ədəbiyyatda və dövri mətbuatda “insan hüquqlarının qorunması” ifadəsinə rast gələndə bir çox soydaşlarımız soyuq bir laqeydliklə dodaq büzürdülər: “O, bizlik deyil”. Bu gün, Azərbaycanda əsas insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunun — hətta, artıq söhbət insan hüquqlarının qorunmasından deyil, bilavasitə təminatından gedir — şahidi olan həmin dodaqbüzənlər açıq şəkildə etiraf edirlər: “Biz güman edirdik ki, 70 illik sovet dönəmində və ondan da qabaqkı çar üsul-idarəsi illərində kobud şəkildə pozulan hüquqlarımızın bərpası və haqqımızın qorunması heç zaman mümkün olmayacaqdır. Sadəcə, bəxtimiz gətirdi”.

Elə buradaca qeyd edək ki, böyük bir totalitar dövlətdən ayrılıb müstəqillik əldə etmiş respublikada əsas insan hüquq və azadlıqlarının indiki səviyyədə qorunmasını “sadəcə bəxt gətirməsi” kimi qiymətləndirmək məsələnin əsas mahiyyətinə vara bilməməklikdən irəli gəlir. Bütün dünya ictimaiyyəti, xüsusən, beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarının qorunması ilə məşğul olan ekspertləri Azərbaycandakı analoji durumu yüksək qiymətləndirirlər. Politoloqlar ölkəmizdəki uğurları dövlətin səyləri, dövlət başçısının qətiyyəti nəticəsində ərsəyə gələn siyasi inkişaf adlandırırlar. Bu, bizim son 15 ildə əldə etdiyimiz ən böyük nailiyyətlərdəndir. Burada xüsusilə qeyd edilməli bir məqam da var. Məsələn, tutaq ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Nəticədə konkret olaraq hansısa bölgədə yaşayan insanların iş yeri tapmaq, təhsil almaq, pulsuz müayinə və müalicə olunmaq, idman və bədən tərbiyəsi ilə məşğul olmaq və digər bütün hüquqları təmin edilir. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında bu hüquqların hər biri ayrılıqda təsbit olunur. Yaxud Seçki Məcəlləsinin daha da təkmilləşdirilməsi istiqamətində addımlar atılır, insanların istədiyi şəxsə səs verə bilməsi üçün qanunla tənzimlənən hüquqi baza yaradılır. Bu, ilk baxışda məcəllənin təkmilləşdirilməsi kimi qəbul edilir. Amma, əslində bu addımlar nəticə etibarilə insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Ulu öndər Heydər Əliyev hələ ilk Konstitusiyamızın layihəsinin hazırlanması prosesində hüquqşünasları və dövlət məmurlarını xəbərdar edirdi ki, biz insanların uzun on illərdən bəri pozulmuş hüquq və azadlıqlarını bərpa edə bilən, müasir dünya təcrübəsindəki ən yüksək dəyərləri özündə ehtiva edən əsas qanun yaratmalıyıq. Məhz o zaman həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin bizə inamı, etimadı artacaqdır. Budur, artıq əsrin ilk onilliyi başa çatmamış dünya ictimaiyyəti müstəqil Azərbaycan həqiqətlərini “regionun ən demokratik ölkələrindən biri”, “Avropa standartları səviyyəsində Seçki Məcəlləsi yaratmış dövlət” və ya “dünyanın ən islahatçı ölkəsi” kimi xüsusi ifadələrlə qiymətləndirir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun mükəmməlliyindən və Prezident İlham Əliyevin dövləti böyük məharətlə idarə etməsindən qaynaqlanır. 2003-cü ilin oktyabrında Baş nazir İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi zamanı beynəlxalq ictimaiyyət “Azərbaycanda keçirilən seçkilərdə Heydər Əliyev siyasi kursu qalib gəldi” – deyə münasibət bildirmişdi. 2008-ci ildə isə məhz həmin beynəlxalq təşkilatlar seçkidən sonra bəyan etdilər: “İlham Əliyev yenə də öz xalqının etimadını qazandı”. Fikrimizcə, Azərbaycan həqiqətlərini yüksək şəkildə qiymətləndirən bu ifadələrin hər ikisi hörmətə layiqdir. Ancaq cənab İlham Əliyevin yenidən öz xalqının etimadını qazanması barədə söylənilən fikirlər bizim üçün daha böyük fəxr və iftixar gətirir. Yəni Azərbaycan xalqı öz hüquq və azadlıqlarının təminatçısına çevrilən yeni liderini müəyyən etmişdir. Ölkə əhalisini daha çox məmnun edən məsələlərdən biri də cənab İlham Əliyevin son beş ildə Seçki Məcəlləsinin və seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdir.

Demokratik inkişaf yolu seçmiş bütün dövlətlərdə hakimiyyətin təşkili və həyata keçirilməsinin ən ümumi və mühüm prinsipləri sırasında xalqın dövlət hakimiyyəti orqanlarını formalaşdırmaq məqsədilə öz seçki hüquqlarından azad şəkildə istifadə etməsi prinsipi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Konstitusiyasının 56-cı maddəsində vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit olunmuşdur. Son 10 ildə həyata keçirilən demokratik islahatların bir istiqaməti də cəmiyyətdə azad və ədalətli seçkilərin keçirilməsinə xidmət edən təkmil qanunvericilik bazasının yaradılmasıdır. 1993-cü ildən bəri Azərbaycanda keçirilmiş hər seçkinin əvvəlki ilə müqayisədə irəliyə doğru atılmış addım olduğunu beynəlxalq təşkilatların seçkilərə dair verdikləri rəylərin təhlili də sübuta yetirir. 1997-ci ildən Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, ölkədə müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədi ilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri xüsusilə diqqəti çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərməyə başlamışdır.

Avropa Şurası Venesiya Komissiyasının yekun qiymətləndirilməsinə əsasən, Azərbaycanda hazırda qüvvədə olan Seçki Məcəlləsi beynəlxalq standartlara uyğun seçki keçirməyə imkan verir. 2005-ci ilin mayında Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında bir sıra mütərəqqi təklifləri məcəlləyə daxil edilmişdir. 2005-ci ilin 6 noyabr seçkilərinin beynəlxalq standartlara və normalara uyğun keçirilməsi üçün bütün mexanizmlər yaradılmış, demokratik siyasi mübarizə üçün zəruri olan bütün faktorlar sivil seçki qanunları və praktikası, sərbəst təbliğat mühiti və s. təmin edilmişdir. Prezident İlham Əliyevin 2005-ci il 11 may tarixli “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və 2005-ci il 25 oktyabr tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamları davamlı demokratik inkişafın təmin olunmasına əlverişli zəmin yaratmışdır.

“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” sərəncamda seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədilə müvafiq proqramlar hazırlanması və bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlğın həyata keçirilməsi, seçki prosesinə qanuna zidd olaraq müdaxilə edən mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, digər dövlət məmurlarının qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi, seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verilməməsi, televiziya kanallarında deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ olunması və siyasi platformların müzakirəsini təmin edən proqramların hazırlanması, deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələri və onlar üçün bərabər təbliğ imkanlarının yaradılması, ixtisaslaşmış ictimai rəyçilər tərəfindən “exit poll” prosesinin aparılması, vətəndaşlarının sərbəst toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və seçkilərdən sonra ictimai sabitliyin təmin edilməsi, seçici vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq tərtib edilməsi və açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlərin görülməsi kimi məsələlər əksini tapmışdır.

Sərəncamdan sonra seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, Seçki Məcəlləsinin müddəalarının seçkilərə hazırlıq dövründə və səsvermə günü tam və şərtsiz həyata keçirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 25-də “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” növbəti sərəncam imzalamışdır. Mərkəzi Seçki Komissiyasına seçici vəsiqələrinin paylanması və seçici siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar yaranmış problemləri nəzərə alaraq, seçicilərin səsvermə günü seçki bülletenlərini aldıqları zaman barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi qaydalarını hazırlamaq, seçicilərin ünvanlarının tam göstərildiyi seçici siyahıları ilə bütün maraqlı şəxslərin tanış olmaları üçün müvafiq şərait yaradılmasını təmin emək tövsiyə olunmuşdur.

Müvafiq dövlət orqanlarına şəxsiyyəti təsdiq edən heç bir sənədi olmayan vətəndaşlara seçki gününədək şəxsiyyət vəsiqələrinin verilməsinin təmin edilməsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə kütləvi tədbirlər və seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri şəraitin yaradılması, seçki günü vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar Mərkəzi Seçki Komissiyasından daxil olan, cinayət tərkibli olması ehtimal edilən məlumatların təcili araşdırılması və cinayət əməlləri törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması tapşırılmışdır.

Görülmüş tədbirlərin nəticəsdir ki, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qalmış, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy vermişlər. Bununla belə, unutmaq olmaz ki, ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində gedən islahatlar durmadan dərinləşir, cəmiyyətin həyatı yeniləşir və beynəlxalq aləmə sıx inteqrasiya olunur. Bu isə vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini ön plana çəkir.

Seçkilər vətəndaşların yaşadığı cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır. Seçkilərin demokratik, şəffaf şəkildə keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Respublikamızın seçki sistemi durmadan təkmilləşir, inkişaf edir və beynəlxalq standartlara uyğunlaşdırılır. 2008-ci ilin may-iyun aylarında Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər də mütərəqqi xarakteri ilə diqqəti çəkmiş, 15 oktyabr 2008-ci il tarixli prezident seçkilərinin tamamilə azad, demokratik, şəffaf şəraitdə keçməsinə əsaslı təminat yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı ildə imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamda ölkə həyatının bir çox sahələrində islahatların aparılması və hüquqi maarifləndirmə işinin genişləndirilməsi xüsusi vurğulanır. Milli Fəaliyyət Planının IV bölməsində – “Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi sahəsində tədbirlər” bölməsində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzərinə konkret vəzifələr qoyulmuşdur. Seçki komissiyalarının üzvləri üçün mütəmadi olaraq seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi və seçkilərin aparılmasına dair maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası geniş müzakirələr aparmış, bir sıra konkret tədbirlər həyata keçirilərək həmin sənədin tələblərinə uyğun olaraq bu barədə respublika işçi qrupuna və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq hesabatlar verilmişdir.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ən böyük nəticəsi 2008-ci ilin oktyabr ayında qeydə alındı. Beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilmiş həmin seçkini dünya təcrübəsinə əsaslanan, bütün beynəlxalq prinsiplərə cavab verən şəkildə keçirilmiş bir seçki adlandırırlar. Eyni zamanda, dünya ictimaiyyəti əmin olduğunu bildirir ki, 2009-cu ilin mart ayında keçiriləcək referendum da məhz bu şəkildə – xalqın mütəşəkkilliyi, qanunların aliliyi çərçivəsində başa çatacaqdır. Buna Azərbaycan xalqının iradəsi və qətiyyəti də əminlik yaradır.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2009.-11 yanvar.- S.2.